Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə
(telefonlar: 496-34-82; 496-37-61; e-mail
ünvanı:
qaynar-xett@edu.gov.az) 2010-cu ilin
iyun ayında 4200 müraciət daxil olub.
Müraciətlərin 3911-i telefonla, 289-u elektron
poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər
qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Bu
iş Təhsil Nazirliyinin müvafiq strukturları
tərəfindən həyata keçirilib.
İyun ayında "Qaynar xətt" xidmətinə daxil olan
müraciətlərin böyük əksəriyyəti sorğu
xarakterlidir. Sorğuların 4000-ə qədəri
ümumtəhsil məktəblərinin IX və XI siniflərində
mərkəzləşdirilmiş və eksternat qaydada keçirilən
imtahanlar, onların nəticələrinin öyrənilməsi,
apelyasiya şikayətlərinin qəbulu və onun yekunu
barədə məlumatın əldə edilməsi, imtahanların
keçirildiyi zaman şagirdlərin üzləşdikləri
problemlər, eyni zamanda ümumi orta və tam orta
təhsil haqqında sənədlərin (şəhadətnamə və
attestatların) verilməsi ilə əlaqədardır.
Digər sorğularda müəllimlərin işə qəbulu,
istedadlı uşaqlar arasında keçirilmiş
olimpiadanın nəticələri və beynəlxalq olimpiada
qaliblərinə verilən güzəştlər, xaricdə təhsil,
xarici ölkə təhsil müəssisələrindən verilmiş
təhsil sənədlərinin tanınması, xaricdə təhsil
alan azərbaycanlı tələbələrin ölkəmizin təhsil
müəssisələrinə köçürülməsi qaydaları ilə bağlı
olub. Eyni zamanda şagirdlərin məktəbli geyimi
ilə təmin olunması, müəllimlərin əməkhaqqının
hesablanması qaydaları və digər məsələlərə dair
sorğularla da müraciət olunub.
Şikayət xarakterli müraciətlərdə məktəbəqədər,
ümumtəhsil, texniki peşə, orta ixtisas və ali
təhsil müəssisələrindəki problemlərdən bəhs
olunur. Bu müraciətlər əsasında araşdırmalar
aparılıb, problemlərin aradan qaldırılması
istiqamətində müvafiq tədbirlər həyata
keçirilib.
Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil
müəssisələri ilə bağlı müraciətlərin böyük
əksəriyyəti Bakı, Gəncə, Sumqayıt
şəhərlərindən, Abşeron, Şabran, Tərtər, Qazax,
Quba, Lənkəran və digər rayonlardan olub.
Müraciətlərdə ümumtəhsil məktəblərində
şagirdlərin illik qiymətlərinin çıxarılması,
təhsil sənədlərinin doldurulması, onların
məzunlara verilməsi sahəsindəki çatışmazlıqlar,
məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və
başqa məsələlər öz əksini tapıb.
Bakıdakı 2, 3, 5, 11, 12, 18 saylı peşə
liseylərindən və Saatlı Peşə Liseyindən daxil
olan müraciətlərdə bu təhsil müəssisələrində
aidiyyəti olmayan kitab satışının təşkili,
şagird qəbulu qaydalarının pozulması, təhsil
sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi
məsələlərdən bəhs olunur.
Məlumat üçün qeyd edək ki, təhsil nazirinin "Ali
və orta ixtisas təhsili müəssisələrində
2009-2010-cu tədris ilinin yay imtahan
sessiyasının təşkili və keçirilməsi haqqında"
21.05.2010-cu il tarixli, 632 saylı əmrinin
icrası ilə bağlı "Qaynar xətt" xidmətinə ali və
orta ixtisas təhsili müəssisələrindən daxil olan
müraciətlərin operativ şəkildə araşdırılması
təmin edilib. Bu da öz növbəsində ali və orta
ixtisas təhsili müəssisələrində yay imtahan
sessiyasında tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı və obyektivliyi
təmin etməyə, yarana biləcək neqativ halları
aradan qaldırmağa və digər müvafiq tədbirlərin
həyata keçirilməsinə kömək edib. 2009-2010-cu
dərs ilinin yay imtahan sessiyası dövründə
"Qaynar xətt" xidmətinə ali və orta ixtisas
təhsili müəssisələrindən 41 müraciət daxil olub,
onlardan 23-ü dövlət, 11-i özəl ali təhsil, 7-si
orta ixtisas təhsil müəssisələrindən qəbul
edilib.
Ali təhsil müəssisələrindən daxil olan
müraciətlər semestr imtahanlarının test üsulu
ilə keçirilməsi, Boloniya prosesinin tətbiqi,
pedaqoji və istehsalat təcrübələrinin təşkili,
magistratura təhsili, tələbələrin imtahanlara
buraxılması, təhsil haqqının ödənilməsi
qaydaları və s. ilə bağlı olub.
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə
Dövlət Universiteti, Bakı Dövlət Universiteti,
Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət
Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti
və digər ali təhsil müəssisələrindən daxil olan
müraciətlərdə tələbələr daha çox aldıqları
qiymətlərdən narazılıqlarını bildirərək,
qiymətlərinin yüksəldilməsinə apelyasiya
qaydasında kömək göstərilməsini xahiş ediblər.
Təhsil Nazirliyinin müvafiq şöbələrinin
əməkdaşları müraciət daxil olmuş ali təhsil
müəssisələrinin nümayəndələri ilə birgə
araşdırmalar aparıb və buna əsasən tələbələrin
biliyinin imtahanda göstərdikləri nəticələrə
uyğun obyektiv qiymətləndirilməsi təmin olunub.
Özəl ali təhsil müəssisələrindən daxil olan 11
müraciətdən 8-i Azərbaycan Beynəlxalq
Universiteti ilə bağlıdır. Bu müraciətlərdə
tələbələrin imtahanlara buraxılmaması, imtahanın
keçirilməsi qaydalarının pozulması və məzunlara
diplomların verilməməsi ilə bağlı məsələlər öz
əksini tapıb. Eyni zamanda Odlar Yurdu
Universiteti, Bakı Avrasiya Universiteti, Bakı
Biznes Universitetindən də imtahan sessiyası
dövründə şikayət xarakterli müraciətlər daxil
olub. Bununla əlaqədar bütün müraciətlər yerində
araşdırılıb və müəlliflərə cavab verilib.
Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Rabitə
və Nəqliyyat Kolleci, Gəncə Humanitar Kolleci və
Odlar Yurdu Universiteti nəzdində Orta İxtisas
Kolleci, Azərbaycan Dəniz Balıq Sənayesi
Texnikumu və Bakı Sənaye Pedaqoji Texnikumundan
müraciətlər daxil olub. Həmin müraciətlərdə
tələbələrin təqaüdlərinin vaxtında ödənilməməsi,
imtahanda verilmiş qiymətlərdən narazılıq,
təhsil sənədlərinin gecikdirilməsi barədə
şikayətlər əks olunub.
"Qaynar xətt" xidmətinə daxil olmuş müraciətlərə
əsasən aparılmış araşdırmalarla bağlı müvafiq
tədbirlərin həyata keçirilməsi üçün Təhsil
Nazirliyinin struktur bölmələrinə məlumat
verilib. Eyni zamanda adıçəkilən təhsil
müəssisələrinə gələcək fəaliyyətlərində yol
verilmiş nöqsanların aradan qaldırılması tövsiyə
olunub. |