Lənkəran Dövlət Universitetində "Fəal təlim
üsulları və kredit sistemində biliyin
qiymətləndirilməsi" mövzusunda "dəyirmi masa"
keçirildi.
LDU-nun rektoru, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor Asəf
İsgəndərov tədbiri açaraq təhsil sistemində fəal
təlim üsullarını və kredit sistemində biliyin
qiymətləndirilməsinin rolunu iştirakçıların
nəzərinə çatdırdı. Boloniya prosesinə uyğun
olaraq kredit təhsil formasının Lənkəran Dövlət
Universitetində də tətbiq olunduğundan və bunun
səmərəli nəticələr verməsindən söhbət açan
rektor bildirdi ki, yeni üsul ilk dəfə
"Azərbaycan dili və ədəbiyyatı" və "Coğrafiya"
ixtisaslarının birinci kurslarında tətbiq
olunub. Qeyd edildi ki, 2009-2010-cu tədris
ilindən universitetdə bütün ixtisaslar üzrə
tədris kredit sisteminə keçirilib.
Təhsildə fəal təlim üsulları, kredit sisteminin
mahiyyəti və əsas şərtlər "dəyirmi masa"da
müzakirə edildi. Müzakirədə universitetin
kimya-biologiya kafedrasının müdiri, dosent
Məmmədhüseyn Hüseynov, riyaziyyat-informatika
kafedrasının dosenti, fizika-riyaziyyat elmləri
namizədi Mirnamiq Bəşirov, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin dosenti İlham Əhmədov,
İxtisasartırma və kadrların yenidən hazırlanması
fakültəsinin metodistləri Bəxtiyar Muradxanlı,
Şahvələd Rzayev və başqaları iştirak edirdilər.
"Dəyirmi masa"da təhsildə fəal təlim
metodlarının tətbiqinin zərurəti, tətbiqi
üsulları, əlaqədar olaraq tələbə ilə müəllimin
bu təlimdə yeri, rolu, əldə etdiyi nəticələrin
tədrisin nəticəsinə təsiri, universitetin
özünütəhsil metodologiyası, təhsil proqramları
məzmununun keyfiyyətcə qiymətləndirilməsi və s.
məsələlərdən geniş danışıldı. Qeyd edildi ki,
universitetdə 2 ildir "Fəal təlim üsulları"
kabineti fəaliyyət göstərir.
Müzakirədə tələbələr və magistrantlarla yanaşı,
ictimaiyyətin nümayəndələri də iştirak
edirdilər. Müzakirə olunan məsələyə
iştirakçıların da münasibəti dinlənildi, onları
maraqlandıran suallara cavablar verildi.
Universitetin rektoru, professor Asəf İsgəndərov
"dəyirmi masa"da yekun sözü söylədi. Bildirdi
ki, universitetdə kredit sisteminə keçid milli
və bəşəri mənəvi dəyərlərə uyğun qurulub.
Hacı Etibar ƏHƏDOV |