|
Yerləşir: |
Böyük Britaniya, Edinburq şəhəri |
|
|
Yaranma tarixi: |
1582-ci il |
Tipi: |
Dövlət |
İllik gəlirləri: |
592 milyon funt-sterlinq
(1 funt-sterlinq 1,6 ABŞ dollarına
bərabərdir) |
İşçi heyəti: |
6983 nəfər |
Tələbələrin sayı: |
26138 nəfər |
Rəsmi saytı: |
www.ed.ac.uk. |
Edinburq Universiteti (University of Edinburgh)
Avropanın ən nüfuzlu və tanınmış dövlət ali
məktəblərindən biridir. Universitet Böyük
Britaniyada, Şotlandiyanın paytaxtı Edinburq
şəhərində yerləşir. Böyük Britaniyanın ən gədim
təhsil ocaqlarından olan bu universitet
Şotlandiyada yaradılan dördüncü universitetdir.
Edinburq Universiteti Britaniyanın tədqiqat
universitetlərini birləşdirən "Russell Qrupu"na,
eləcə də, "21 universitet" adlı beynəlxalq
elmi-tədqiqat assosiasiyasına daxildir. Böyük
Britaniyanın "Times Higher Education Supplement
- QS World Universities Rankings" jurnalının
2009-cu ildə apardığı dünya universitetlərinin
reytinqinə əsasən, Edinburq Universiteti 100 ən
yaxşı ali məktəb arasında 21-ci yerdə sıralanıb.
Tarixi
Edinburq Universitetinin yaranması şotlandiyalı
yepiskop Robert Reydin adı ilə bağlıdır.
1558-ci ildə R. Reyd vəfat edir. O,
vəsiyyətnaməsində universitet yaratmaq məqsədilə
fond təchiz edilməsini qeyd edir və bütün
var-dövlətini fonda bağışlayır. 1582-ci ildə
kral VI Ceyms universitet yaradılması haqqında
hazırlanmış xartiyanı imzalayır. Həmin dövrdə
insanların daha çox məskunlaşdığı zəngin
İngiltərədə cəmi iki universitet olduğu halda,
Edinburq Universiteti Şotlandiyada yaradılan
dördüncü ali məktəb olur. 1708-ci ilədək burada
bir rəhbər və dörd müəllim çalışır. İlk vaxtlar
ali məktəbdə incəsənət, məntiq, etika,
metafizika, riyaziyyat və astronomiya
elementləri daxil olmaqla fizika elmləri
öyrədilir, Aristotelin ideyaları izah edilir.
Artıq XVIII əsrdə Edinburq Universiteti Avropa
maarifçiliyinin mərkəzinə çevrilir.
Universitetin ən qədim binalarından biri hazırda
Hüquq Məktəbinin yerləşdiyi Old (qədim)
Kollecdir. Əvvəllər bu binada anatomiya və
cərrahiyyə elmləri öyrədilib. XIX əsrin
sonlarında Old Kollecdə təhsil alan tələbələrin
çoxluğunu nəzərə alaraq, 1875-ci ildə yeni tibb
məktəblərinin tikintisinə başlanılır. 1840-cı
ildə burada Müstəqil Kilsə Kolleci inşa edilir.
1920-ci ildən universitetin İlahiyyat Məktəbi
kimi fəaliyyət göstərən bu təhsil müəssisəsi
hazırda Yeni Kollec adı ilə tanınır. 1884-cü
ildə Robert Bell Edinburq Universitetində Tələbə
Assosiasiyası yaradır. 1889-cu ildə Tələbə
İttifaqı rəhbərliyi tərəfindən Edinburq
Universiteti Təşkilatının təməli qoyulur.
2002-ci ildən universitet 3 kollec və 22 məktəbə
bölünür. Hazırda məktəblərin əksəriyyəti yüksək
dərəcəli muxtariyyət və daxili təşkilatçılıq
hüququna malikdir. 12 avqust 2002-ci ildə
Edinburq hersoqu Şahzadə Filip ən müasir
xəstəxana, baytarlıq klinikaları, elmi-tədqiqat
institutları açmaq üçün universitetə 40 milyon
funt vəsait ayırır. Beləcə, iki böyük teatr, bir
tibb kitabxanası, xəstəxanalar, məktəb, fakültə
və institutlar, tədqiqat mərkəzlərindən ibarət
olan və Kiçik Fransa adlanan ərazidə yerləşən
Edinburq Kral Xəstəxana kompleksi yaradılır.
Büdcə xərcləri və təhsil haqqı
ötən il Edinburq Universitetinin illik
dövriyyəsi 592 milyon funt-sterlinq təşkil edib.
2009-cu ildə universitetə edilən yardımların
məbləği 249 milyon funt-sterlinq olub.
2009-2010-cu tədris ilində Edinburq
Universitetində əyani təhsil almaq üçün təhsil
haqqı orta hesabla 3225 funt-sterlinq təşkil
edib. 2010-2011-ci tədris ilində isə bu rəqəmin
3290 funt olacağı müəyyənləşdirilib. ümumiyyətlə,
bu məbləğ tələbənin oxuduğu kollecdən, məktəbdən,
seçdiyi ixtisasdan asılı olaraq dəyişir. Təhsil
haqqını ödəmək üçün tələbəyə kredit təklif
olunur. Kreditin məbləği tələbənin ailə
büdcəsindən asılıdır. Tələbə kredit borclarını
universitetdə təhsil alarkən tədricən ödəyir.
Tələbəyə kredit verildiyi gündən hər sentyabr
ayı borcun uzərinə faiz əlavə olunur. Bundan
irəli gələrək, tələbə borcunu nə qədər tez
qaytararsa, o qədər ona sərfəlidir. Əyani və
yarımçıq təhsil haqqı isə yenə də tələbənin
oxuduğu kollec və məktəbdən asılıdır.
Universitet bu gün
Edinburq Universitetinin hazırkı kampusu yeddi
hissədən ibarətdir: Mərkəzi rayon, Kral Binaları,
Kiçik Fransa, Əsas Qərbi, Pasxa Buş, Summerhall,
Kral Mili. Kampusun ən qədim hissəsi Mərkəzi
rayondur. Bu ərazidə Corctaun meydanı, 2008-ci
ildə yaradılmış İnformatika Forumu (İnstitutu),
Duqald Stüart binası, Old Kollec, Humanitar və
sosial elmlər kolleci, İnformatika və Hüquq
məktəbləri, kitabxana və s. yerləşir. Summerhall
adlanan ərazidə Royal Dik baytarlıq tədqiqatları
məktəbi və məktəbə aid geniş təsərrüfat sahəsi
mövcuddur. Kral Mili yaxınlığında 1998-ci ildə
universitetə birləşdirilən Mori Təhsil Evi
yerləşir.
Edinburq yaşamaq və oxumaq üçün təhkükəsiz
şəhərdir. Burada təhsil alan tələbələr üçün,
demək olar ki, bütün şərait yaradılıb. Tələbələr,
magistrantlar, doktorantlar yataqxanalar,
restoranlar, idman, müxtəlif əyləncə mərkəzləri,
media-oxu zalları, rahat nəqliyyat, hətta iş
yerlərilə də təmin olunurlar.
Edinburq Universitetinin akademik strukturuna 22
məktəbdən ibarət olan 3 kollec daxildir:
Humanitar və sosial elmlər kollecinə İncəsənət,
mədəniyyət və ətraf mühit, İlahiyyat, Biznes,
Sosial elmlərdə səhiyyə, Tarix, klassika və
arxeologiya, Hüquq, Ədəbiyyatlar, dillər və
mədəniyyətlər, Mori Təhsil Evi, Fəlsəfə,
psixologiya və dil elmləri, İctimai və siyasi
elmlər, Fasiləsiz təhsil məktəbləri aiddir.
Tibb və baytarlıq kolleci Biotibbi elmlər,
Kliniki elmlər və səhiyyə, Molekulyar və kliniki
tibb, Royal Dik baytarlıq tədqiqatları
məktəblərindən ibarətdir.
Elmlər və mühəndislik kollecinə Biologiya
elmləri, Kimya, Geoelmlər, Mühəndislik,
İnformatika, Riyaziyyat, Fizika və astronomiya
məktəbləri daxildir.
Edinburq Universiteti müxtəlif proqramlar üzrə
onlayn distant təhsil təklif edir. Dünyanın
istənilən İnternet şəbəkəsinə qoşulan
nöqtəsindən informasiya texnologiyaları və hüquq,
innovasiyalar, intellektual mülkiyyət, tibbi
etika, memarlıq, elektron tədris, anesteziya
təcrübəsi, kliniki təhsil, tibbi informatika,
cərrahiyyə, beynəlxalq baytarlıq və s.
ixtisaslar üzrə universitetin magistratura
pilləsində təhsil almaq mümkündür.
Edinburq Universitetinin kitabxanası hələ
universitet yaradılmamışdan əvvəl ayrıca
kitabxana kimi fəaliyyət göstərib və hazırda
Şotlandiyanın ən böyük universitet kitabxanası
hesab olunur. Onun təməli 1580-ci ildə qoyulub
və hazırda Əsas Kitabxana adlanır. Burada 2
milyondan çox kitab, əlyazma, dissertasiya işi,
mikroforma və s. mövcuddur. Onların əksəriyyəti
Corctaun meydanında səkkizmərtəbəli binada
yerləşən Əsas Kitabxanada - Avropanın ən böyük
akademik kitabxanasında toplanıb. Artıq XVII
əsrdə universitet kitabxanasının ehtiyatı 2400
cild kitaba bərabər idi. Hazırda kitabxanada
1200-dən çox əlyazma (inkunabula), XVI əsrə aid
9000, XVII və XVIII əsrlərə aid 35000, XIX əsrə
aid 60000 çap edilmiş kitab saxlanılır.
Kitabxanada reformasiya dövrünə (XVI əsrdə Qərbi
Avropada katolik kilsəsinə və papa hakimiyyətinə
qarşı dini mübarizə şəklində cərəyan edən
feodalizmə qarşı ictimai-siyasi hərəkat) aid
zəngin kolleksiya toplanıb. Şekspirin
yaradıcılığına aid 1872-1889 və 1964-cü illərdə
əldə edilmiş kolleksiyalar da kitabxananın ən
dəyərli sərvətlərindəndir. Universitetdə
fəaliyyət göstərən digər kitabxanalardan Darvin,
Pasxa Buş baytarlıq, Ceyms Klerk Maksvell, Hüquq
və Avropa, Mori evi, Yeni kollec, Robertson
mühəndislik və elmlər, Roslin İnstitutu, Royal
Xəstəxana, Şotland tədqiqatları, Baytarlıq,
Qərbi ümumi hospital kitabxanalarını qeyd etmək
olar.
Edinburq Universitetinin muzeyində 200000-dən
çox incəsənət əsəri, qədim tapıntılar, modellər,
musiqi alətləri, elmi-texniki avadanlıq və s.
mövcuddur. Portret Kolleksiyası adlanan
incəsənət nümunələri universitet yarandığı
gündən toplanıb və hazırda təhsil müəssisəsinin
divarlarını bəzəyir. Universitetin Qədim musiqi
alətləri muzeyi beynəlxalq mahiyyətə malikdir.
İki binada yerləşən bu muzey hər zaman cəmiyyət
üçün açıqdır. Universitetin elmi nailiyyətlərinə,
inkişaf yoluna aid kolleksiyalar Təbii tarix
muzeyində, DNK kitabxanasında nümayiş olunur.
Universitetin nəzdində Talbot Rays qalereyası,
Təsviri incəsənət, Polşa tibb məktəbi, Kimya,
anatomiya, resurs mərkəzi kolleksiyaları,
Cokburn Geologiya, Şotland tədqiqatları, arxiv
muzeyləri fəaliyyət göstərir.
Hazırda Edinburq Universitetində 6983
professor-müəllim heyəti çalışır. 1953-cü ildən
universitetin kansleri Edinburq hersoqu
Əlahəzrət Şahzadə Filipdir. Onun təşəbbüsü ilə
2002-ci ildə universitetin Tibb korpusu tikilib.
Universitetin tədrisinə və tədqiqatlara verdiyi
mühüm nailiyyətlərə görə 2003-cü ildə Şahzadə
Filip Kansler Mükafatı ilə təltif edilib.
Edinburq Universitetində kanslerdən əlavə rektor
fəaliyyət göstərir. 2009-cu ilin martından
universitetin rektoru Yan Makvirterdir. Kansler
olmadıqda rektor Baş Şuraya rəhbərlik edir.
Universitetdə təhsil alan tələbələrin ümumi
sayı 26138 nəfərdir. 2009-2010-cu tədris ilində
universitetə qəbul ücün 37791 müraciət daxil
olub. Edinburq Universitetində "Erasmus"
proqramı çərçivəsində Avropa ölkələrilə tələbə
mübadiləsi üçün 350, Şimali, Cənubi Amerika,
Asiya, Avstraliya ölkələri universitetləri üçün
isə 170 yer ayrılıb.
2009-2010-cu tədris ilində "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində bir
azərbaycanlı gənc - Əli Roman oğlu Əmircanov
Edinburq Universitetinin iqtisadiyyat ixtisası
üzrə bakalavr pilləsində təhsil alır. Həmin
universitetin magistratura pilləsində maliyyə və
investisiyalar ixtisası üzrə təhsil almış Elvin
Əhliman oğlu Şükürlü isə ötən il məzun olub.
Gələcəkdə Edinburq Universitetində azərbaycanlı
gənclərin sayının artmasına və onların adlarının
universitetin məşhur məzunları sırasında
olmasına böyük ümid bəsləyirik.
Edinburq Universitetinin məşhur məzunları
|
Culius Nyerere |
Tanzaniyanın sabiq prezidenti |
|
|
Yun Po Sun |
Cənubi Koreyanın sabiq prezidenti |
|
|
Uiliyam Uolker |
Nikaraqua Respublikasının sabiq
prezidenti |
|
|
Qordon Braun |
Böyük Britaniyanın sabiq Baş naziri |
|
|
Con Rassel |
Böyük Britaniyanın sabiq Baş naziri |
|
|
Henri Templ |
Böyük Britaniyanın sabiq Baş naziri |
|
|
Çarlz
Tupper |
Kanadanın sabiq Baş naziri |
|
|
Maykl Cullen |
Yeni Zellandiyanın maliyyə naziri |
|
|
Devid Yum |
məşhur Şotland filosofu |
|
|
Adam Smit |
Şotland iqtisadçısı, müasir iqtisadi
nəzəriyyənin banisi |
|
|
Artur Konan Doyl |
məşhur yazıçı, Şerlok Holms haqqında
detektiv romanların müəllifi |
|
|
Valter Skott |
dünya şöhrətli yazıçı |
|
|
Robert Stivenson |
məşhur macəra romanlarının müəllifi |
|
|
Edvard Appleton |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Çarlz
Barkla |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Maks Born |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
İqor Tamm |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Piter Doherti |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Ceyms Mirrlees |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Piter Mitçell |
kimya üzrə Nobel mükafatı laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |