Azərbaycan Respublikasının Nazirlər Kabineti
ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran
məzunların qızıl və gümüş medallarla təltif
olunması qaydalarını təsdiq etmişdir.
Qaydalara əsasən, ümumtəhsil məktəbində oxuduğu
müddətdə təhsildə xüsusi nəticələri və nümunəvi
davranışı ilə fərqlənən tam orta təhsilli
məzunların qızıl və ya gümüş medalla təltif
olunmaq üçün namizədliyi təqdim edilə bilər.
Namizədlik verilən zaman respublika fənn
olimpiadalarında, rayon, ölkə və beynəlxalq
səviyyəli bilik yarışlarında, müsabiqə və
layihələrdə qazanılan mükafatlar da nəzərə
alınmalıdır.
Məzunların qızıl və gümüş medallarla təltifi
üçün namizədliyinin verilməsi məsələsinə sinif
rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji
şurasında baxıldıqdan sonra müvafiq qərar qəbul
edilməlidir. Qərara əsasən, ümumi orta təhsil
səviyyəsini 75 faiz "əla" qiymətlərlə
bitirənlərin, tam orta təhsil səviyyəsində
oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin
ən azı 75 faizi "əla" olanların, bütün fənlərdən
illik qiymətləri "əla" olanların qızıl və gümüş
medalla təltifi üçün namizədliyi verilə bilər.
Pedaqoji şuranın qərarı və həmin məzunların
fərdi siyahısı Təhsil Nazirliyinin müəyyən
etdiyi formada hər il mayın 20-dən gec olmayaraq
yerli təhsil orqanları tərəfindən nazirliyə
təqdim edilməlidir.
Namizədlərdən attestata yazılan yekun qiymətləri
yalnız "əla" olanlar qızıl medala, attestata
yazılan yekun qiymətlərindən ən çoxu ikisi -
tədris dili və riyaziyyat istisna edilməklə,
"yaxşı" olanlar isə gümüş medala layiq
görülürlər. Məzunların qızıl və ya gümüş medalla
təltifi Təhsil Nazirliyinin əmri ilə
rəsmiləşdirilir.
Medala layiq görülənlərin adları oxuduqları
məktəbin "Şərəf kitabı"na yazılır. Qərara
əsasən, medal sahiblərinə təntənəli şəraitdə
təqdim edilməlidir.
AzərTAc |