Gintaras Steponaviçius 1967-ci ildə anadan olub.
İxtisasca hüquqşünasdır. Ali təhsilini Litvada
alıb, eyni zamanda Qərbin 4 universitetində
təhsilini davam etdirmək imkanı olub. Nazir
vəzifəsinə təyin olunanadək son 10 ildə Vilnüsdə
öz dairəsi üzrə 3 dəfə parlamentə seçilib. 10 il
Vilnüs Universitetinin professoru kimi pedaqoji
fəaliyyət göstərib. Sonra siyasətlə məşğul
olmağa başlayıb. Şəhər sovetinin üzvü olub. Bir
ildən çoxdur ki, Litva Respublikasının təhsil və
elm naziri vəzifəsində çalışır. Nazir olmaqla,
eyni zamanda Litva Respublikası parlamentinin
üzvüdür. Ailəlidir, iki övladı var. Oğlu 7-ci
sinifdə oxuyur. Qızının 3 yaşı var.
- Tələbələrin sayına görə Litva Aİ ölkələri
arasında liderdir
- Tələbələrin yarıdan çoxu dövlət hesabına
təhsil alır
- ötən il 5 kollec birləşib
- Ali məktəb müəllimi 2000, orta məktəbdə dərs
deyənlər isə 1000 ABŞ dolları məvacib alırlar
- Müəllim hazırlığı üçün xüsusi test keçirilir
- Litvada 13 azərbaycanlı gənc təhsil alır
- Hər 10 şagirdə 1 kompüter düşür
- ötən il 50 məktəb yeniləşdirilib
- Uşaqların 80 faizi bağçaya gedir
- Litvalı gənclər iqtisadiyyat, hüquq, tibb
ixtisaslarına üstünlük verirlər
- Dövlət büdcəsində təhsilin payı 20%-dən
yüksəkdir
Xəbər verdiyimiz kimi, Litva Respublikasının
təhsil və elm naziri, professor Gintaras
Steponaviçiusun rəhbərlik etdiyi bir qrup ali
təhsil işçisindən ibarət nümayəndə heyəti ötən
həftə ölkəmizdə səfərdə olub. Dünya Bankının
dəstəyi ilə yanvarın 14-də Bakıda keçirilmiş ali
təhsildə maliyyələşmə mexanizmlərinə dair
seminarda iştirak edən litvalı nazir qəzetimizə
müsahibə verib. Həmin müsahibəni oxuculara
təqdim edirik.
- Cənab nazir, istərdik öncə Litvanın təhsil
sistemi haqqında məlumat verəsiniz.
- Bizdə ümumi təhsil 12 il davam edir. İbtidai
təhsil 7 yaşdan başlanır və 4-illikdir. Ondan
sonra gələn 5-8-ci siniflər əsas təlim adlanır.
Orta təhsil 9-12-ci sinifləri əhatə edir.
Konstitusiyamıza görə, 16 yaşa qədər təhsil
ümumi və icbaridir.
Litvada hazırda 3,5 milyon əhali yaşayır.
ümumtəhsil məktəblərimizin sayı təxminən
1300-dür. Onlardan təxminən 100-dən bir qədər
artığı ibtidai təhsil, 500-dən çoxu əsas,
350-dən artığı isə orta məktəblərdir. Bunlardan
başqa, bizdə məktəb-bağçalar, gimnaziyalar,
xüsusi məktəblər və s. də vardır. Bu
müəssisələrdə 400 mindən çox şagird oxuyur,
təxminən 40 min müəllim çalışır. Məktəblərimiz
birnövbəlidir.
Orta məktəbləri bitirdikdən sonra gənclər
universitetlərə və onların nəzdində fəaliyyət
göstərən kolleclərə daxil ola bilərlər. ölkədə
48 ali təhsil müəssisəsi mövcuddur. Onların 24-ü
universitet, bir o qədəri isə kollecdir.
Universitetlərimizin 17-si dövlət, 7-si isə
özəldir. Kolleclərin isə 13-ü dövlətə, 11-i
xüsusi mülkiyyətə məxsusdur. Bizdə ali təhsil
alanların sayı çoxdur. Ali məktəblərimizdə
hazırda 200 mindən yuxarı tələbə təhsil alır. Bu
göstəriciyə görə Litva Avropa İttifaqı ölkələri
arasında liderdir.
Litvalı uşaq və gənclərin oxuduqları orta
məktəblərdə və universitetlərdə təhsilin
keyfiyyətini yüksəltmək hazırda qarşımızda duran
əsas məqsəddir. çalışırıq ki, verilən təhsil
keyfiyyətli olsun, insana şəxsi həyatında kömək
etsin, eyni zamanda dövlətin rifahına xidmət
göstərsin.
Məhz buna görə də ölkənizə indiki səfərimizin
əsas məqsədlərindən biri təcrübə mübadiləsi
aparmaq, sizin təhsil sisteminizi öyrənməkdir.
- Sizin dövlət universitetlərində ödənişli
təhsil forması varmı?
- Bizdə də sizin ölkənizdə olduğu kimi,
tələbələrin bir hissəsi pulsuz təhsil alır, bir
hissəsi isə aldığı təhsilə görə haqq ödəyir. O
cümlədən Litvanın dövlət universitetlərində
ödənişli yerlər vardır. Məsələn, bu il
universitetlərdə oxuyanların 50 faizindən çoxu
pulsuz təhsil alır. Bizdə özəl universitetlərə
yaxşı qiymətlərlə daxil olmuş tələbələr də
dövlət hesabına oxuya bilərlər.
- Bəs dövlət ali məktəbləri üçün ayrılmış
ödənişli yerlərdə təhsil haqqı nə qədərdir?
- Bu, ali məktəblərdən və ixtisaslardan
asılıdır. Məsələn, iqtisadiyyat, menecment,
siyasi, humanitar və sosial elmlər üzrə illik,
yəni 2 semestr üçün təhsil haqqı, təxminən, 1200
avrodur. Tibb ixtisaslarında və texniki elmlərdə
isə bu, ildə iki-üç min avro arasında dəyişir.
Yeri gəlmişkən deyim ki, hazırda ölkəmizin ali
təhsil sistemində tətbiq olunan yeni
maliyyələşdirmə mexanizminə görə tələbələrin
böyük hissəsi pulsuz təhsil almaq imkanına
malikdir.
Bildiyiniz kimi, bizdə ali təhsilin adambaşına
maliyyələşdirilməsi mexanizmi tətbiq olunur.
Bakalavr təhsili üçün dövlət maliyyələşməsi
tələbə vauçeri formasında tərtib edilib. Həmin
vauçerlər imtahanlarda ən yaxşı nəticə
göstərənlərə verilir. Abituriyentlər təhsil
müəssisəsini özləri sərbəst seçirlər. Ona görə
də ali məktəblərin maliyyələşməsi onların hansı
təhsil müəssisəsini seçməsindən asılı olur. Bu
halda, ola bilər, tələbələrin böyük hissəsi
təhsilin keyfiyyəti dövlət ali təhsil
müəssisələrindəkindən heç də aşağı olmayan özəl
ali məktəbləri də seçsinlər. Bu, bizi narahat
etmir. Bizim üçün əsas məsələ ölkədə təhsilin
keyfiyyətini yüksəltməkdir. Vacib deyil ki, o,
dövlət müəssisəsi olsun və ya qeyri-dövlət. Ən
vacibi təhsilin səviyyəsidir.
Dövlət maliyyələşdirilməsi üçün əmək bazarının
tələbləri, ixtisaslara və mütəxəssislərə olan
ehtiyac nəzərə alınmaqla təhsilin 11 sahəsi
müəyyənləşdirilib. Keçən il universitetlərdəki
hər tələbə yerinə dövlət maliyyəsi 2 dəfə artıb.
Dövlət 2009-cu ildə universitetlərdə 11 min,
kolleclərdə 10 min olmaqla 21 minlik I kurs
tələbələrinin təhsilini tam olaraq ödəyib ki, bu
da, təxminən, orta məktəb məzunlarının 50 faizi
qədərdir.
- Dediklərinizdən belə çıxır ki, dövlət
maliyyələşməsinə nail olmaq üçün ali təhsil
müəssisələri daha çox tələbə yığmağa
çalışmalıdırlar?
- Elədir. Yeni maliyyələşmə mexanizminə görə
dövlət tərəfindən ali təhsilin
maliyyələşdirilməsinə yönəldilən vəsait, dediyim
kimi vauçer formasında tələbələrə ünvanlanır.
Tələbə isə ali məktəbi könüllü olaraq özü seçir.
Həm də onlar dövlət müəssisələri ilə yanaşı özəl
ali təhsil müəssisələrinə də üz tuturlar. Belədə
istər dövlət, istərsə də qeyri-dövlət ali təhsil
müəssisələri arasında rəqabət yaranır. Düşünürəm
ki, belə rəqabət yaxşıdır. Xüsusən o cəhətdən
ki, bu cür rəqabət dövlət ali təhsil
müəssisələrini daha yaxşı fəaliyyət göstərməyə,
təhsilin keyfiyyətini artırmağa təhrik edir.
Onlar hiss edirlər ki, yanlarında kimsə var və
hər an onları keçə bilər.
Hər hansı bir ali təhsil müəssisəsinin keyfiyyət
uğrunda mübarizəsi isə son nəticədə bütövlükdə
ölkədə ali təhsil inkişafını təmin edir.
- Bu rəqabətdə uduzanlar olurmu?
- Əlbəttə, olur. Güclü ali məktəblərlə yanaşı
zəiflər də vardır. özü də həm dövlət, həm də
özəl ali təhsil müəssisələri arasında. Bir
tərəfdən akkreditasiya, digər tərəfdən isə
tələbələrə seçim imkanının verilməsi, necə
deyərlər, onların bir-birindən fərqlənməsinə
gətirib çıxarır. Kim vauçer vasitəsilə
maliyyələşən az yer yığırsa, özünün gücsüz
olduğunu görür. Bu halda onlar uğurlu fəaliyyət
göstərmək üçün kimlərləsə birləşməyə can
atırlar. Yeri gəlmişkən deyim ki, artıq iki
universitet birləşmək fikrində olduğunu
bildirib. ötən il 5 kollec də birləşib. Kimləsə
birləşməyib, bir fakültəni bağlamaq,
kafedraların sayını azaltmaq da olar. Bütün
hallarda qərarlar yaxşı nəticə əldə olunmasına
yönəldilir.
- Dövlət və özəl ali məktəblərinin ödənişləri
arasında fərq varmı?
- Bəli, var. Bəzi özəl universitetlərdə təhsil
haqqı nisbətən yüksəkdir.
- Müstəqillik dövründə Litvanın təhsil
sistemində Sovet təhsil sistemindən fərqli
olaraq nə dəyişib?
- Təhsilə yanaşmada müəyyən dəyişiklik hiss
olunur. İndi gənc insanlar məktəbdən başlayaraq
müstəqil, təşəbbüskar şəxsiyyət kimi
formalaşdırılır. Sovet dönəmində isə bu yox idi.
ümumi bir sistem var idi. öz başınla
fikirləşməyə imkan verilmirdi. Təhsil alanların
başını çoxlu informasiya ilə, formulalarla,
familiyalarla doldururdular. Bunları yadda
saxlamalı idin. İndi biz güclü şəkildə gənc
insanlara təkcə bilikləri deyil, həm də
vərdişləri qazanmaq üçün imkan vermək istiqaməti
götürmüşük. çalışırıq ki, onlar orta məktəbi,
xüsusən də ali təhsil müəssisəsini bitirəndə elə
sosial və peşə vərdişlərinə yiyələnsinlər ki,
bunlardan istifadə etməklə praktik həyatda
özləri qərarlar qəbul edə bilsinlər, təşəbbüskar
olsunlar. Xüsusən də peşəkarlıq kontekstində. Və
nəticədə sosial baxımdan öz rifah halını yaradan
xoşbəxt, müvəffəqiyyətli insana çevrilə
bilsinlər.
Bu, eyni zamanda cəmiyyət üçün də pozitiv
nəticələr vermək baxımından əhəmiyyətlidir. Ona
görə ki, əgər güclü şəxsiyyət, onun yaxşı
nəticələri varsa bu, cəmiyyət və dövlət
səviyyəsində istər iqtisadi, istərsə
şəxsiyyətlərarası münasibətlərə müsbət təsir
göstərir. Fikrimcə, insanlar təhsilli və
tərbiyəli olarlarsa, onda cəmiyyət də tərəqqi
edər. Təhsil sistemi nə qədər güclüdürsə, ölkə
və cəmiyyətlər bir o qədər varlı və rifah
halında yaşayırlar. Dünyada bunun çoxlu yaxşı
nümunələrini görürük.
- Təhsil müəssisələrində, xüsusilə də ali və
orta məktəblərdə kadr məsələləri necə həyata
keçirilir?
- Orta məktəb müəllimləri işə xüsusi testlər
tətbiq olunmaqla müsabiqə əsasında qəbul
olunurlar. Ali məktəb müəllimlərinə gəldikdə isə
bizim universitetlər muxtariyyət hüququna malik
olduqlarından dövlət onların işinə qarışmır.
Lakin istənilən halda iddiaçı elmi işçilər,
doktor və professorlar müsabiqə əsasında işə
qəbul olunurlar.
- Cənab nazir, sirr deyilsə, Litvada
müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?
- Qeyd etdiyim kimi, hazırda bizdə
universitetlərin maliyyələşməsində dəyişikliklər
edilir. Hansı universitet daha çox dövlət
tərəfindən vauçerlərlə təmin olunmuş və ya
ödənişli tələbə yığırsa, onun vəziyyəti daha
yaxşı olur. Universitet müəllimlərinin nə qədər
əməkhaqqı alması da bundan asılıdır. Deyə
bilərəm ki, bir il bundan öncə tələbələrin
seçimi əsasında vauçerlə maliyyələşmə
nəticəsində daha çox tələbə yeri qazanan və
tələbəsi olan universitetlər hətta böhran
dövründə müəllimlərə yüksək əməkhaqqı vermişlər.
Məsələn, dövlət ali müəssisəsi olan Kaunas
Texniki Universitetində müəllimlərin orta aylıq
əməkhaqqı ötən il 2000 ABŞ dolları olub. Həmin
universitetin büdcəsi ötən il 100 milyon dollar
təşkil edib və bunun yarıdan çoxunu universitet
dövlətdən deyil, xüsusi mənbələrdən əldə edib.
Orta məktəb müəllimlərinə gəldikdə isə onların
əməkhaqqı birbaşa dövlət tərəfindən tənzimlənir.
2008-ci ildə biz orta məktəb müəllimlərinin
əməkhaqqını 56 faiz həcmində artırmışıq. Lakin
ötən il böhranla əlaqədar məcbur olub artımı
saxladıq. Prinsipcə, müəllimlərin əməkhaqqı 10
faiz həcmində azaldıldı. Bununla belə, qeyd edim
ki, orta məktəb müəllimlərinin əməkhaqqı
cəmiyyətdəki orta əməkhaqqından çoxdur və
hazırda 1000 ABŞ dolları təşkil edir. Əlbəttə,
gənc mütəxəssislər bundan az alır. çünki bizdə
müəllimlərin əməkhaqqı ixtisas dərəcəsindən,
stajdan asılıdır.
- Ölkənizdə müəllim hazırlığı necə həyata
keçirilir?
- Biz müəllimlərin hazırlanması sistemində bir
qədər dəyişikliklər aparmışıq. Gələn il
sentyabrın 1-dən birprofilli pedaqoqun
hazırlanmasını daha çox maliyyələşdirəcəyik.
Lakin dövlət tərəfindən maliyyələşdirilən yer az
olacaq. Ona görə ki, gələcəkdə bizə nə qədər
müəllim lazım olacağını hesablamışıq. Eyni
zamanda biz hazırda pedaqoji ali təhsil
müəssisələrinə daxil olanlar üçün testlər tətbiq
edirik ki, bunun da nəticəsində onların təkcə
diplom almaq yox, həqiqətən müəllim olmaq
istəməsi aydınlaşır. Düşünürəm ki, bu, müəllim
hazırlığının keyfiyyətinə və nəticədə məktəblərə
normal, stimullaşdırılmış, habelə kreativ
müəllimlərin gəlməsinə xidmət edəcək. Bu isə
gənc nəslin təbiyəsi üçün olduqca vacibdir.
- Litvanın ali məktəblərində təhsil neçə
pilləlidir?
- Azərbaycandakı kimidir. Bakalavr, magistr və
doktor dərəcələri var. Universitetlərdə
bakalavratura pilləsinin davametmə müddəti 4,
magistraturada 1,5-2, doktoranturada isə 3-4
ildir. Kolleclərdə bakalavr təhsili 3 ildir. Bu
yaxınlaradək bizdə professura da var idi. Lakin
biz bu səviyyədən imtina edib, ancaq doktorla
kifayətləndik.
- Bizdə ali məktəblərə tələbə qəbulu
mərkəzləşdirilmiş qaydada aparılır. Bəs sizdə
necə?
- Bizdə də belədir. Bütün ali təhsil
müəssisələri ümumi qəbul sistemində iştirak
edir. Qəbul və ya yerləşdirmə, yəni tələbənin
hara daxil olması isə orta məktəbin buraxılış
imtahanlarının nəticələrindən asılıdır.
- Siz də, yəqin ki, Boloniya prosesinə
qoşulmusunuz?
- Əlbəttə, biz lap əvvəldən Boloniya prosesində
iştirak edirik. Bildiyiniz kimi, bu prosesin bir
sıra müsbət aspektləri vardır. O, ali
məktəblərin tələbə və müəllimlərinin mobilliyini
təmin edir. Bu isə çox vacibdir. Fürsətdən
istifadə edərək deyim ki, bu baxımdan mən Litva
ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün
gözəl imkanlar görürəm. Ona görə ki, həm sizdə,
həm də bizdə güclü ali məktəblər, vacib
ixtisaslar var. Bizim nümayəndə heyətində üç
universitetin rektoru iştirak edir. Onlar
yaranmış imkanlardan istifadə edərək ali
məktəblər səviyyəsində ikitərəfli münasibətlərin
qurulmasında maraqlıdırlar. Fikrimcə, bu,
azərbaycanlı gənclərə də Avropa təhsil məkanına
və sisteminə daxil olmağa imkan verər. O
cümlədən düşünürəm ki, sizdə də bizim üçün
əhəmiyyətli ixtisaslar az deyil. 13
azərbaycanlı gəncin keçən il Litvanın ali
məktəblərinə daxil olması barədə məlumat alanda
çox sevindim. ümid edirəm ki, bu anlaşma və
əlaqələr gələcəkdə daha da genişlənəcək.
Nəticədə hətta birgə proqramların həyata
keçirilməsi mümkün olacaq.
- Sizin universitetlər TEMPUS, TASİS kimi
beynəlxalq proqramlarda iştirak edirlərmi?
- Biz Avropa İttifaqının üzvü kimi 2004-cü ildən
Erazmus tələbə mübadiləsi proqramında iştirak
edirik. Tələbə mübadiləsi çərçivəsində bizdən
digər Avropa ölkələrinə gedən və bizə təhsil
almağa gələnlərin balansı 1-in 1,3-ə nisbəti
kimidir. özü də bizə təkcə Avropa İttifaqı
ölkələrindən gəlmirlər. Xaricdən bizə gələn
tələbələr təkcə Erazmus kimi Avropa
proqramlarının maliyyə dəstəyi ilə təhsil
almırlar. Bizim özümüzün də xarici ölkələrdən
tələbələr cəlb etmək məqsədi güdən xüsusi təqaüd
proqramlarımız mövcuddür. ümid edirəm ki,
azərbaycanlılar arasından da belə təqaüdçülər
olacaq. Bizdə Litva dilində ali təhsillə bağlı
proqramlar mövcuddur. İngilis dilində də az
deyil. Mənim bildiyimə görə, Azərbaycanda da bu
təcrübə var. Əgər təqaüd ala bilməsən, kifayət
qədər aşağı təhsil haqqı ödəməklə ingilis
dilində oxuya bilərsən. Belə imkanlar Litvada
kifayət qədər genişdir. üstəlik bizdə, deyək
ki, tibb və ya texnoloji universitetlərdə digər
dillərdə oxuyan və sonra təhsillərini Litva
dilində davam etdirən tələbələr də az deyil.
- Litva məktəblərinin kompüterləşməsi,
İnternetlə təminatın vəziyyəti necədir?
- Təhsil sistemimizin texniki, texnoloji
cəhətdən silahlandırılması çox vacib məsələdir.
Bu məsələnin həllinə bir neçə ildir ki,
başlamışıq. İnternetlə təminata daha çox
investisiya ayrılır. Bütün məktəblərə
İnternetdən keyfiyyətlə istifadə etmək imkanı
verilib. Məhz bunun nəticəsidir ki, Litvanın
təhsil müəssisələri, o cümlədən kənd məktəbləri
İnternetdən geniş istifadə edirlər. Hazırda
Litva məktəblərində 10 şagirdə 1 kompüter düşür.
Bizim müəllimlərin 95 faizi kompüterdən
istifadə edir. Müəllimlərin 67 faizi isə
dərslərini İKT-nin tətbiqi ilə aparır.
- Litvada yeni məktəblərin tikintisinə ehtiyac
varmı? Ötən il neçə məktəb tikilib?
- Bizdə məktəb tikintisi məsələsi kəskin şəkildə
qarşıda durmur. Əsas diqqət məktəblərin
yeniləşdirilməsinə yönəldilir. Ona görə ki,
məktəblərin çoxu 20-30 il əvvəl tikilib. ötən il
50 məktəb tam yeniləşdirilib, pəncərələri, dam
örtükləri dəyişdirilib. Əksər məktəblərin
qızdırıcı sistemləri yeniləşib. Bu il isə 100
məktəbin yeniləşdirilməsi nəzərdə tutulub.
Demoqrafik baxımdan ölkəmizdə azalma gedir. Buna
görə də şagirdlərin sayı getdikcə azalır. Bu
səbəbdən kənd yerlərində hətta məktəblər
bağlanır. ötən il, təxminən, 100 məktəb öz
fəaliyyətini dayandırıb.
- Məktəbəqədər təhsildə vəziyyət necədir?
Uşaqların təxminən neçə faizini bu müəssisələrə
cəlb edə bilirsiniz?
- ölkəmizdə uşaqların məktəbəqədər təhsil
müəssisələri ilə əhatə göstəricisi 80 faizdir.
Bu baxımdan biz Avropa İttifaqı ölkələri
arasında ən öncül mövqe tuturuq. Şəhərlərdə
uşaqların ictimai tərbiyəyə cəlbi daha yüksək
olub 92,5 faiz təşkil edir. Kənd yerlərində isə
bu göstərici aşağıdır, cəmi 24,6 faiz. Lakin biz
kənd yerlərində uşaqların məktəbəqədər
müəssisələrlə əhatə faizini yüksəltməyi
qarşımıza məqsəd qoymuşuq və bu istiqamətdə iş
aparılır.
Əlbəttə, biz hesab edirik ki, 2 yaşınadək
uşaqların evdə böyüməsi daha normaldır. Lakin
sonra onlar hökmən ictimai tərbiyə ilə əhatə
edilməli, öz yaşıdları ilə ünsiyyətdə olmalı,
artıq bu yaşdan zəruri həyati vərdişlər
qazanmalıdırlar. üstəlik valideynlər üçün də
şərait yaratmaq lazımdır ki, onlar təkcə öz
uşaqlarının tərbiyəsi ilə məşğul olmayıb, həm də
kompetensiyalarını, xüsusən də vərdişlərini
itirməmək üçün işləyə bilsinlər.
- Ölkənizdə texniki peşə təhsili sahəsində nə
kimi işlər görülüb?
- 8-10 il əvvəl Litvada texniki peşə təhsili
sistemində struktur islahatları aparılıb, bir
çox texniki-peşə məktəbləri birləşdirilib.
Hazırda ölkəmizdə 70 peşə təhsili mərkəzi
fəaliyyət göstərir. Onlarda 40 mindən çox şagird
oxuyur. Onlar bu müəssisələrdə bir neçə modul
üzrə təhsil ala bilirlər. Bir modul üzrə
şagirdlər 8-ci sinifdən sonra peşə mərkəzlərinə
gedir və burada peşəyə yiyələnməklə yanaşı,
ümumi təhsil də alırlar. Digər modula görə,
gənclər orta təhsili bitirdikdən sonra bu
müəssisələrə üz tutur və burada istədikləri
peşəni öyrənirlər. Deyim ki, belələri az deyil.
ötən il peşə təhsili mərkəzlərinə xeyli şagird
qəbul olunub ki, bu da Litva cəmiyyətində həmin
sektorun nüfuzunun artdığını göstərir. ötən
illər ərzində bu müəssisələrin yeniləşdirilməsi
sahəsində xeyli iş görülüb və bu işləri bu il
davam etdirmək fikrindəyik. Bütün bunların
nəticəsində peşə təhsili mərkəzlərinin yarısı ən
yeni texnika ilə təmin olunacaq, yatanxanalar,
maddi baza yeniləşdiriləcək.
- Litvalı gənclər ali məktəblərdə hansı
ixtisaslarda təhsil almağa üstünlük verirlər?
- Bu, gənclərin Litvada və xaricdə oxumaq
arzuları ilə üst-üstə düşür. Deyərdim ki, ən
populyar ixtisaslar iqtisadiyyat, hüquq, tibb və
siyasi elmlərdir. Bunlarla yanaşı, informasiya
texnologiyaları, mühəndis elmləri də gənclər
arasında güclü mövqeyə malikdir. Əgər xarici
ölkələrin ali məktəblərinə daxil olanlardan
danışsaq, öncə deyə bilərəm ki, onların 2-3
faizi ən yaxşı ali məktəblərə çox müxtəlif
ixtisaslara daxil olurlar. Bu baxımdan biz
Azərbaycanla oxşar vəziyyətdəyik. Buna görə də
biz Litvanın ali təhsil müəssisələrində təhsilin
keyfiyyətini yüksəltməyi qarşımıza məqsəd
qoymuşuq.
- Sizdə xarici tələbələr varmı?
- Bəli.
- Təxminən nə qədər?
- Xarici ölkələrdən bizdə təxminən, 2-3 min
tələbə təhsil alır. Bizdən xaricdə oxuyanların
sayı isə 5 minə qədərdir. Lakin onları dövlət
maliyyələşdirmir. Onlar orada təqaüd alırlar.
ölkəmiz Avropa İttifaqına daxil olduqdan sonra
litvalı gənclər Avropa ölkələrində ya pulsuz, ya
da İngiltərədə olduğu kimi, az miqdarda təhsil
haqqı ödəməklə təhsil ala bilirlər.
Xarici tələbələrə gəldikdə isə, onlar, xüsusən
də Avropa İttifaqına üzv dövlətlərdən gələnlər
xarici fondlardan təqaüd alır və bizim
tələbələrin oxuduğu şəraitdə təhsil alırlar.
üçüncü ölkələrdən gələnlər də əgər
müvəffəqiyyətlə oxuyarlarsa, təqaüd ala
bilərlər. Universitetlərin özlərində belə
imkanlar nəzərdə tutulur. Mən misal da gətirə
bilərəm ki, son illər hətta Erazmus proqramından
kənar, İsveçdən də tələbələr bizim
universitetlərə daxil olurlar. Ona görə ki,
onlar bizdə bir sıra proqramların yüksək
keyfiyyətdə olduğunu görürlər.
- Bəs sizdə ali məktəbdən sonrakı təhsil
necədir?
- Burada bizim mövqeyimiz belədir ki, insan
aldığı təhsillə kifayətlənib bir yerdə
dayanmamalı,daim özünü təkmilləşdirməlidir. Bu
məqsədlə ölkəmizin təhsil sistemində ömürboyu
təhsil konsepsiyası həyata keçirilir. Ali təhsil
müəssisələrində insanların daha yaşlı nəsilləri
üçün kurs keçmək imkanları yaradılır. Belə
kurslara bir diplomu olub ikinci diplom almaq,
magistr dərəcəsinə yiyələnmək istəyənlər gedir.
Əlavə kompetensiyalar verən kurslar da təşkil
olunur ki, bunlarda oxumaq insanlara öz şəxsi
karyeralarını qurmaqda kömək edir. Ali məktəblər
belə kurslardan az əlavə gəlir əldə etmirlər.
- Ölkənizdə müəllimlərin ixtisasının artırılması
və təkmilləşdirilməsi ilə məşğul olan ayrıca
təhsil müəssisələri varmı?
- Biz istəyirik ki, bu iş universitetlərdə
cəmlənsin. Düzdür, yaxın vaxtlaradək belə bir
təhsil mərkəzi var idi, lakin o artıq ötən
ildən fəaliyyət göstərmir. Biz düşünürük ki, bu
xidməti ali təhsil müəssisələri göstərə bilər.
Əlbəttə, bələdiyyələr də var və onlar bu məqsəd
üçün özlərinin infrastrukturlarını yaratmaq
hüququna malikdirlər. Belə strukturlarda
müxtəlif kiçik ixtisasartırma kursları təşkil
olunur.
Lakin biz çox istəyirik ki, bu xidməti
müəllimlər daha keyfiyyətli və ixtisaslı şəkildə
ala bilsinlər. Həm müəllim, həm də gələcək
direktor üçünsə ən yüksək səviyyə əlbəttə, ali
təhsil müəssisəsidir.
- Litvada dövlət büdcəsindən təhsilə ayrılan
vəsait nə qədərdir?
- Bizdə təhsilə ayrılan vəsaitlər ümumi daxili
məhsulun (UDM) 6,9 faizini təşkil edir. Dövlət
büdcəsində təhsilin payı isə 20 faizdən
artıqdır. Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının tövsiyəsinə görə bu göstərici 6
faiz təşkil edir. Göründüyü kimi, bizdə büdcədən
təhsilə ayrılan vəsait həmin rəqəmdən üç dəfədən
də artıqdır. ümumiyyətlə, Litvada təhsilin
dövlət maliyyələşdirilməsi inkişaf etmiş
ölkələrdəki orta göstəricidən yüksəkdir.
ölkəmizdə bir təhsil alana düşən maliyyə
vəsaitinin həcmi də kifayət qədər yüksək olub,
təxminən, 4 min ABŞ dolları təşkil edir.
- Bildiyimizə görə, siz bir neçə dəfə ölkəmizdə
olmusunuz. ölkəmiz, təhsilimiz, insanlarımız
haqqında təəssüratınız necədir?
- Əvvələn, mən artıq 4-cü dəfədir ki,
Azərbaycandayam. Və elə alınıb ki, son dörd il
ərzində ildə bir dəfə ölkənizə gəlmişəm. İlk
dəfə gördüyümə nisbətən Bakı çox dəyişib. Hətta
deyərdim tanınmaz dərəcədə. ölkənizin xoşuma
gəlməsini təkcə bu fakt göstərir ki, mən bura
ancaq öz işimlə bağlı deyil, həm də ailəmlə
birlikdə məzuniyyətə gəlirəm.
Təhsil sisteminizdə aparılan islahatlardan,
xüsusən son illər məktəb tikintisi sahəsində
görülən böyük işlərdən, təhsil sisteminin
kompüterləşdirilməsi və təhsilin məzmununun
yeniləşdirilməsi istiqamətində atılmış
addımlardan xəbərdaram və bunları yüksək
qiymətləndirirəm. Düşünürəm ki, indi Litva kimi
Azərbaycanın da əsas məqsədi təhsilin yüksək
keyfiyyətinə nail olmaqdır.
Bura mənim çox xoşuma gəlir. Mən hər dəfə
Azərbaycana gəlməyimə şad oluram. Xüsusən də
burada mənim artıq çoxları ilə yaxşı insani
münasibətlərim var. Hiss edirəm ki, Litvaya
münasibət də çox yaxşıdır. Baxmayaraq ki,
bir-birimizdən bir neçə min kilometr aralıdayıq.
İnsanlarınızın açıqürəkliliyi, səmimiliyi,
mehribanlığı və bütün bunlarla yanaşı, həm də
deyərdim ki, mətbəxiniz xoşuma gəlir.
- Cənab nazir, geniş və maraqlı müsahibəyə görə
təşəkkür edirik.
Müsahibəni apardılar:
Yusif ƏLİYEV,
Lamiyə ƏLİYEVA |