Yanvarın 21-də Təhsil Nazirliyində Türkiyənin
Bakıda işgüzar səfərdə olan milli təhsil naziri
xanım Nimet çubukçunun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdən
öncə qonaqlar Fəxri xiyabana gələrək ümummilli
lider Heydər Əliyevin məzarını ziyarət etdilər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi dərin ehtiramla yad
edildi. Sonra qonaqlar azadlıq mücahidlərinin
uyuduğu Şəhidlər xiyabanını və Türk Şəhidliyi
abidəsini ziyarət etdilər.
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov nazirliyin rəhbər işçilərinin, çoxsaylı
kütləvi informasiya vasitələri nümayəndələrinin
iştirak etdiyi tədbiri açaraq qonaqları
salamladı və onları Təhsil
Nazirliyində gördüyündən məmnunluğunu ifadə
etdi.
Nimet çubukçunun nazir kimi ilk dəfə məhz
Azərbaycana səfərə gəldiyini vurğulayan Misir
Mərdanov bu görüşün çoxdan gözlənildiyini dedi
və dəvəti qəbul etdiyinə görə hörmətli qonağa,
onun başçılıq etdiyi nümayəndə heyətinə
təşəkkürünü bildirdi.
Nazir daha sonra Azərbaycan və Türkiyə arasında
başqa heç bir ölkə ilə müqayisə edilməyəcək
səmimi, dost və qardaş münasibətlərinin
mövcudluğundan söz açdı. ölkələrimiz arasında
yaradılan mənəvi körpünün daha da
möhkəmlənməsinin zəruriliyi haqqında danışan
Misir Mərdanov təhsil sahəsində qarşılıqlı
əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində
bu səfərin mühüm əhəmiyyət kəsb edəcəyinə
inandığını söylədi.
Təhsil naziri türkiyəli qonaqların bu gəlişinin
tanışlıq xarakteri daşıdığını və səfər zamanı
onların bir neçə təhsil müəssisəsinə
gedəcəklərini bildirdi.
Sonra çıxış edən Türkiyənin milli təhsil naziri
Nimet çubukçu tədbir iştirakçılarını
salamlayaraq Azərbaycana gəlişi ilə çox böyük
sevinc hissləri yaşadığını bildirdi. Xanım Nimet
çubukçu qeyd etdi ki, ölkələrimiz arasındakı
tarixin dərinliklərindən gələn mədəni bağlar
təhsil sahəsindəki əlaqələrimizin möhkəm
təməllər üzərində qurulmasına zəmin yaradır.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal
Atatürkün "Azərbaycanın sevinci sevincimiz,
kədəri kədərimizdir" və Azərbaycanın ümummilli
lideri Heydər Əliyevin "İki dövlət, bir millət"
ifadələri bu təməli ən gözəl şəkildə
anlatmaqdadır.
Türkiyənin 18 oktyabr 1991-ci ildə
müstəqilliyini elan etmiş Azərbaycan
Respublikasını tanıyan ilk dövlət olduğunu
xatırladan Nimet çubukçu daha sonra iki ölkə
arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq
əlaqələrinin qurulması istiqamətində görülən
işlər haqqında ətraflı məlumat verdi və bununla
bağlı tarixi faktları diqqətə çatdırdı.
Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycan
Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında
təhsildə çoxsahəli və inkişaf etmiş əlaqələr
mövcuddur. Bu ölkələrin Təhsil nazirlikləri
arasında əməkdaşlıq haqqında 2 vacib sənəd
imzalanıb. Bunlardan biri 1998-ci ilin
noyabrında təhsil naziri Misir Mərdanovun
Türkiyəyə rəsmi səfəri zamanı imzalanmış
Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Türkiyə Respublikası Milli Təhsil Nazirliyi, Ali
Təhsil Şurası (YöK) rəhbərliyi arasında təhsil
və elm sahələrində əməkdaşlıq Protokolu, digəri
isə 2000-ci ildə Türkiyənin milli təhsil naziri
Mətin Bostançıoğlunun Bakıya səfəri zamanı
imzalanan Azərbaycan Respublikası Təhsil və
Türkiyə Respublikası Milli Təhsil nazirlikləri
arasında təhsil və elm sahələrində əməkdaşlıq
Protokoludur.
Hazırda Türkiyənin ali məktəblərində dövlət
xətti ilə 209 nəfər bakalavr, 96 nəfər
magistratura, 117 nəfər doktorantura pilləsində
və 95 nəfər tibbdə uzmanlıq proqramları üzrə
olmaqla 517 nəfər azərbaycanlı gənc təhsil alır.
öz hesabına təhsil alanların sayı isə bundan bir
neçə dəfə çoxdur. 2007-ci ildən başlayaraq
Türkiyənin ali məktəblərində təhsil alan bir
qrup tələbənin adı ölkə Prezidenti tərəfindən
təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"na daxil edilib. 2009-2010-cu tədris
ilində belə tələbələrin sayı 75 nəfərə
çatdırılıb ki, onların da əksəriyyəti (54 nəfər)
tibbdə uzmanlıq proqramları üzrə təhsil alır.
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin də
böyük əksəriyyətini məhz bu qardaş ölkədən
gəlmiş gənclər təşkil edir. Belə ki, ümumilikdə
21 ali məktəbdə 4073 nəfər Türkiyə vətəndaşı
təhsil alır. Xanım Nimet çubukçu ölkələrimizdə
elm və təhsilin inkişaf etdirilməsində qabaqcıl
təcrübəni paylaşmağın, bu məqsədlə dilimizin
yaratdığı imkanlardan daha səmərəli istifadə
etməyin vacib olduğunu vurğuladı.
Türkiyə Cümhuriyyətinin milli təhsil naziri
Nimet çubukçu çıxışının sonunda Azərbaycanda
onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür
etdi və bu səfərin təhsil sahəsindəki əlaqələrin
daha da möhkəmlənməsinə təkan verəcəyinə
inandığını bildirdi.
Görüşün sonunda jurnalistlərin sualları
cavablandırıldı.
Türkiyənin milli təhsil naziri xanım Nimet
çubukçu və nümayəndə heyətinin üzvləri sonra
Azərbaycan Diplomatik Akademiyasına və Bakı
Dövlət Universitetinə gedib, bu ali təhsil
müəssisələri ilə tanış oldular. Hörmətli
qonaqlara akademiya və universitetin fəaliyyəti
haqqında geniş məlumat verildi.
Türkiyənin milli təhsil naziri xanım Nimet
çubukçu və onun başçılıq etdiyi nümayəndə heyəti
həmin gün Qafqaz Universitetində də olmuş,
professor-müəllim heyəti və tələbələrlə
görüşmüşdür.
Qonaqlar universitetin tədris korpusunun
binasında bu təhsil ocağının uğurlarından bəhs
edən sərgiyə baxmışlar.
Akt zalında keçirilən görüşdə öncə "çağ" öyrətim
Şirkətinin fəaliyyətindən bəhs edən film nümayiş
etdirilmişdir. Sonra Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç Türkiyənin təhsil
nazirini və onunla gəlmiş qonaqları salamlamış,
universitet haqqında onlara məlumat vermişdir.
Görüşdə Azərbaycan Respublikası təhsil nazirinin
müavini Elmar Qasımov çıxış edərək hörmətli
qonağa xoş gəldin etmiş, onun nazir vəzifəsində
ilk xarici səfərini Azərbaycana etməsini
xalqlarımız arasında qardaşlıq əlaqələri və
münasibətlərinin möhkəmliyinə və sarsılmazlığına
daha bir sübut kimi dəyərləndirərək, xalqımızın
bu qardaşlığa həmişə sədaqətli olduğunu
vurğulamışdır.
Türkiyənin milli təhsil naziri xanım Nimet
çubukçu səmimi görüş üçün minnətdarlığını
bildirmiş, "çağ" öyrətim Şirkətinin
fəaliyyətini, onun liseylərinin və Qafqaz
Universitetinin xalqımıza göstərdiyi təhsil
xidmətlərini yüksək qiymətləndirmiş, xalqların,
dövlətlərin inkişafında təhsilin böyük rol
oynadığını qeyd etmişdir.
Görüşdə "çağ" öyrətim Şirkətinin Türk-Azərbaycan
liseylərinin müxtəlif bilik yarışlarında,
beynəlxalq olimpiadalarda fərqlənən
şagirdlərinə, həmin liseyləri və "Araz" hazırlıq
kurslarını bitirən və qəbul imtahanlarında
yüksək bal toplayaraq müxtəlif ali məktəblərə
daxil olmuş tələbələrə mükafatlar təqdim olundu.
Mükafatları Türkiyənin milli təhsil naziri xanım
Nimet çubukçu və Azərbaycan Respublikası təhsil
nazirinin müavini Elmar Qasımov təqdim etdilər.
Görüşün sonunda "çağ" öyrətim Şirkətinin
prezidenti Ənvər özərən hörmətli qonağa "Heydər
Əliyev və "çağ" öyrətim" kitabını hədiyyə etdi.
Hicran ƏKBƏROVA,
Yusif ƏLİYEV |