1994-cü ilin 24 aprelindən indiyə kimi bir kitab
üzərində işləyirəm. Az qala bir ömür olan bu
müddətdə necə olub ki, yazıb başa çatdıra
bilməmişəm... Səbəblər çoxdur. çoxəsrlik
Azərbaycan və türk xalqları folkloru və
poeziyasının, aşıq yaradıcılığının, etnoqrafiya
və müsiqi yatırımızın bilicisi, hafizi,
sələflərini dərin sevgi ilə təbliğ və təhlil
edən, müdrik tədqiqatçısı olan, qüdrətli şair və
alovlu vətənpərvər, türk dünyasının tanınmış
sənətkar oğlu... haqqında yazmaq heç də asan
deyil, ağır, məsuliyyətli bir işdir. El
məhəbbəti qazanmış sənətkar, vətəndaş, ictimai
xadim haqqında qeydləri Zəlimxan Yaqubun 60
illik yubileyi ərəfəsində nəzərdən keçirirəm.
Xalq adamıdır Zəlimxan Yaqub. Neçə il əvvəl
Başkeçidin dolayından aşmış maşında neçə-neçə
yurddaşımız vardı və onların neçəsi bu hadisə
zamanı dünyasını dəyişmişdi. Bu kədərli xəbərin
Azərbaycan mətbuatında dərc olunduğu günlərdə
Zəlimxan dolmuş buluda dönmüşdü. Təsadüfən
rastlaşdıq və o, həmin mərhumların qırxında
iştirak eləmək üçün rayona gedirdi. Borçalının
ağrılı, acılı günləri idi və ermənilərin, gürcü
familiyası altında maskalanmış rəzillərin, bir
də onların xaç qardaşları olan millətçi
ünsürlərin təklədiyi Borçalı çalxanırdı. Bir
şair dönürdü doğma yurda. İçəridə köz-köz olan
bir ürək yanırdı, odlu misralar söylənməsəydi
soyumayacaqdı bu ürək: "Nəymiş Allah bu Borçalı
deyilən" şeiri yarandı.
Çağdaş poeziyamızın tanınmış nümayəndələrindən
olan Zəlimxan Yaqub yaradıcılığı bədii-estetik
dəyəri, forma və məzmun zənginliyi, mövzu və
fikir müxtəlifliyi ilə yanaşı, oxucunun tarixi
yaddaşını təzələməsi, klassik irsin qüdrətli
ənənəsini yaşatmasına - "didaktik obrazlarla
insanların zehninə və qəlbinə" təsir etməsinə
görə haqlı olaraq XX əsrin qüdrətli ədəbi
tənqidçilərinin diqqətini cəlb edib:
...Zəlimxan Yaqubun ata və baba ocağı - ana
Borçalıdır, saz və söz ocağı - müqəddəs
Göyçədir, ayrılmaz zərrəsi, qəlpəsi olduğu
xalqın, millətin ocağı - Azərbaycandır. Bu
şeirlərdən yayılan işıqda və ahəngdə hər üç
ocağın üçünün də odunu və nəğməsini tanımaq
olar.
...Sazı Qorqud kökləyib, Ələsgər çalıb, Kərəm
yandırıb, Xəstə Qasım və Qul Abbas toza
döndərib, Araza səpələyib. Saz Koroğlunun
üsyanı, Qurbaninin qəmi, Alının öyüdü, Dədə
Şəmşirin bizə vəsiyyəti olub. Onun ən müxtəlif
mahnılarını bir yerə yığmaq, bədii sahmana
salmaq və saza poema yazmaq isə ilk dəfə
Zəlimxan Yaquba nəsib olub..." (Yaşar Qarayev).
Hər bir sənətkar, hər şeydən əvvəl, öz dövrünün,
öz mühitinin oğludur və o, özü ilə bir zaman
kəsiyində yaşayan söz ustaları ilə istər
mənəvi-milli, istərsə də bədii-estetik qayə
baxımından əlaqəlidir. Bu əlaqə, ilk növbədə,
onların tarixi hadisə və fakta, xalqın
sosial-siyasi durumuna münasibətlərindəki
tipoloji-bədii-estetik baxışlarda üzə çıxır,
təsdiqlənir. Bu baxımdan Z.Yaqubun
yaradıcılığının təsadüf etdiyi zaman
X.R.Ulutürk, H.Arif, B.Vahabzadə, M.Araz,
V.Səmədoğlu, Qabil, N.Xəzri və b. sənətkarların
yazıb-yaratdıqları dövrlə üst-üstə düşür. Z.
Yaqubun əsərlərində millilik, türkçülük,
islamçılıq, istiqlal mövzuları xüsusi yer tutur.
Bunlar "Vətən" nəşriyyatının 2009-cu ildə çapdan
buraxdığı "Zəlimxan Yaqub ədəbi düşüncədə" adlı
ikicildlik kitabda (ümumilikdə 730 səhifəlik)
toplanmış məqalələrdə təsvir, təhlil və təqdir
olunmuşdur.
Zəlimxan Yaqub orta məktəb dərsliklərində
əsərləri keçilən, ali məktəblərin filologiya
fakültələrində tələbə auditoriyasının daimi
mövzusu olan şairlərdəndir.
Bu maraq və diqqət, mütaliəyə olan tükənməz
meyil bir sıra amillərlə bağlıdır: xalq şairinin
əsərlərində dilimizin şirinliyi, tariximizin
zənginliyi, folklorumuzun ölməzliyi, sazımızın
möcüzəsi, muğamın sehri, insanlığın dəyəri,
təbiət gözəlliyi, sazın-sözün qüdrəti öz
bədii-fəlsəfi, tarixi-estetik əksini tapmışdır.
Şairlik İlahi nemətidir. Allahın müqəddəs
kitabında "Şairlər" surəsi qəlbi İlahi nuru ilə
dolu olanlara çox böyük bir həqiqəti
bildirmirmi? Şairlik bəşəriyyətə xidmətdir.
Z.Yaqubun poetik anlamında bu, belə
mənalandırılır:
Ətəklərin genişi, zirvələrin ucası,
çinarların nəhəngi, palıdların qocası,
Qartalların uçuşu, qayaların haçası,
Yerin, göyün ləngəri məni şair elədi!
...Min illik kədər yatır hər havanın bəmində,
Könüllərin ahı var kirpiklərin nəmində.
Hönkürüb ağlamışam yasında, matəmində,
Xalqın dərdi, kədəri məni şair elədi!
Kökü göylərdən gəlir qəlbə daman səslərin,
Qarşısına haqq çıxar haqq axtaran kəslərin.
Ruhu Allaha bağlı əsl müqəddəslərin
Haqdan gələn xəbəri məni şair elədi!
Dərdi tükənməz olar sinəsi dağlı xalqın,
Əli haqdan üzülməz torpağa bağlı xalqın.
Alaçıqlı-dəyəli, aranlı-dağlı xalqın
Min-min sinədəftəri məni şair elədi!
Ərənlər haqq yolunda çarpışan şirə döndü,
Qəbirlər ziyarətə, ocaqlar pirə döndü.
Ozan haqq aşığına, şaman şairə döndü,
Eşqin gücü, təpəri məni şair elədi!!!
Zəlimxan Yaqub yaradıcılığının başlıca
qaynaqlarından biri el yaradıcılığı,
ədəbi-estetik dəyərlərinin əsası üzvi
folklorizmdir.
Z.Yaqubun şeir və poemalarında atalar sözü və
məsəllər, dastanlarımızdan alınmış beyt, misra
və ifadələr ümumi mətnlərlə poetik vəhdət təşkil
edir. El hikməti, el həqiqəti, el tərbiyəvi
fikri ilə Z.Yaqub fikri arasındakı mənəvi
bağlılıq, fikri-tərbiyəvi məna və təsir
motivlərinin oxşarlığı "Borçalıda qalan izlər",
"Yunus İmrə" kimi poemalarda üzvi tərkib
hissəsinə çevrilib. "Saz" poeması Azərbaycan
ədəbiyyatında bu mövzuda qələmə alınmış
monumental sənət əsəridir.
Z.Yaqub yaradıcılığındakı xalq pedaqogikası
elementləri iki mənbəlidir: 1) Şairin qan
yaddaşı, Borçalı ədəbi-bədii-mədəni mühitinin
məhsulu olan təfəkkür və təxəyyülünün bəhrələri;
2) folklor materialları və etnoqrafik
motivlərdən məqsədyönlü istifadə.
Zəlimxan Yaqub yaradıcılığında tərbiyənin aktual
problemləri öz bədii-didaktik əksini tapıb. Bu
baxımdan şairin "Dünyada", "Yaxşıdı", "Səbr
eləmə", "Ucalığın yolu" və s. əsərləri daha çox
pedaqoji-ictimai əhəmiyyətlidir. Z.Yaqub sələfi
müdrik Sabirin bədii-estetik fikrinin davamı
kimi müasiri olduğu gəncliyə üz tütüb, tarixi
saxta yazanlara qarşı üsyankar bir ruh aşılamağı
özünün qayəsi bilmişdir. Z.Yaqubun özünəməxsus
lirizmlə cilalanıb naxışlanmış bu və ya digər
əsərləri halallıq, saflıq, həqiqətpərəstlik,
düzlük, vətən sevgisi kimi dərin hisslər
aşılayır.
"Göyçə dərdi", "Vətən yaraları", "Şair harayı"
kimi əsərlərində Z.Yaqub insanlığı alçaldan
milli təzyiqə qarşı üsyan qaldırır, milli
köləliyi pisləyir, gənclikdə bu mənəvi
eybəcərliyə qarşı barışmazlıq hissi aşılayır. Bu
qəbildən olan əsərlərin gənc nəslin həyata
hazırlanmasında, milli mənlik şüurunun
formalaşmasında, milli ləyaqət tərbiyəsində
təsirli vasitə kimi rolu danılmazdır. "Zəlimxan
qarğışı", "Rəsul Həmzətova məktub", "Göyçə
dərdi" kimi əsərlərin doğurduğu böyük
auditoriyalı oxucu marağı həmin sənət
nümunələrindəki vətənpərvərlik və milli
təəssübkeşliklə əlaqəlidir. Bu və ya digər
poemada tarixi şərait, mənəvi-psixoloji iqlim
barədə yığcam məlumat verən şair güclü yaddaş
duyğusunun gücü ilə oxucusunu tərpədir,
canlandırır, onu hadisələrin önündə getməyə
kökləyir. Bu əsərlərdəki səfərbərlik ruhu,
vətəndaşlıq harayı, didərginlik ağrısı, vətəndə
vətənsizlik dərdi, babaların qəhrəmanlıq
tarixçəsinə üz tutub nəsilləri bu örnəyə
istiqamətləndirmək motivləri çox önəmlidir.
Təbii ki, bütöv yaradıcılığı millilik zəminində,
bəşərilik, xəlqilik və müasirlik, sadəlik və
fəlsəfi-estetik fikir dərinliyi ilə əriş-arğac
olub naxışlanan şairin irsi böyük kamal sahibi
olan, "sinəsində dumduru bir bulaq" axan, xalqa
bağlı sənətkarın sadə qəlbinin nəğmələridir.
Şamxəlil MƏMMƏDOV |