Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Yanvar 2010 - ¹03

 
İstedadlı alim, görkəmli elm və təhsil təşkilatçısı
 

Qədim Azərbaycan diyarı  olan Zəngəzur əsrarəngiz təbiəti, alicənab, mərd, vüqarlı insanları ilə yanaşı, dünya elm və mədəniyyətinə böyük töhfələr vermiş onlarla işıqlı ziyalı bəxş etmişdir. Belə görkəmli şəxsiyyətlərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əbülfət oğlu Məmmədovdur. O, çağdaş dünyamızın fitri tədqiqatçı istedadına, dərin riyazi təfəkkürə və qabiliyyətə malik görkəmli elmi simalarından biridir.  

İlahi tərəfindən bəxş edilmiş ömür payının qısa bir zaman kəsiyində qeyri-adi əməksevərliyi, istedadı, intəhasız ürək genişliyi, insanlara qarşı səmimi hiss və duyğuları onu elmin və insanlığın zirvəsinə yüksəltmişdir. Yusif müəllimin 60 illik ömür kitabının hər səhifəsi zəhmətlə, əziyyətlə, lakin ləyaqət və şərəflə yazılıb. ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısına öncə Azərbaycanın hüquqi sərhədlərindən kənarda qalan qədim oğuz yurdu - Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Dəstəgird qəsəbəsi gəlir. Xəstə üçün zirvəsində qar olan, hər cür çiçək açan, laləzar olan, indi yadlara - yağılara qalan yurd yerlərimiz yada düşür. O yerlər ki, 1950-ci ildə Yusif müəllim orada dünyaya göz açıb, Əbülfət kişinin ailəsinə sevinc bəxş edib. O yerlər ki, indi də Yusif müəllimin yuxularını ərşə çəkir...  

Yusif müəllimin böyüyüb, boya-başa çatdığı qəsəbə dağlar qoynunda yerləşir. Deyirlər təbiət öz duruluğundan, saflığından, paklıq və gözəlliyindən insanın mənəviyyatına və ruhuna müəyyən pay verir. Təbiət Yusif müəllimə qarşı da belə səxavət göstərmişdir. Məhz bunun  təsiridir  ki, o, qəlbi, ruhu dağ çeşmələri kimi dupduru, kökünə, elinə,  obasına qırılmaz tellərlə bağlı vətənpərvər, nəcib şəxsiyyət kimi formalaşmışdır. 

Yusif Məmmədov o dövr üçün çox çətin bir şəraitdə, 1966-cı ildə orta məktəbi "Qızıl medal"la bitirdi. Ən böyük arzusu riyaziyyat müəllimi, riyaziyyatçı olmaq idi. Məhz bu arzu ilə də o, Bakıya gəldi. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil oldu. Sadə bir tələbə həyatı yaşadı: yuxusuz gecələr, narahat gündüzlər keçirdi, acılı-şirinli, imtahan "qorxulu", hər anı səadətli, bir daha təkrarolunmaz günlər yaşadı. 1971-ci ildə həmin fakültəni riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdi. Təhsil illərində əla qiymətlərlə oxuduğu üçün universitetin Riyazi fizika tənlikləri kafedrasında assistent saxlanıldı. 1979-cu ildə həmin kafedranın baş müəllimi, 1980-ci ildə dosenti, 1991-ci ildə professoru seçildi. 1992-1993-cü illərdə qardaş Türkiyə Respublikasının İstanbul Texniki Universitetinin professoru kimi çalışdı. 1993-cü ilin axırlarında Bakıya qayıtdı,  BDU-nun Riyazi fizika tənlikləri kafedrasının müdiri, 2000-ci ildə isə tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifəsinə seçildi. 2004-2006-cı illərdə BDU-nun I prorektoru - elmi işlər üzrə prorektoru vəzifəsində çalışdı. 2006-cı ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor vəzifəsinə təyin olundu. 

Yusif Məmmədovun elmi tədqiqatlarının ana xəttini diferensial tənliklər və riyazi fizikanın mühüm problemlərinin araşdırılması təşkil edir. O, dünya şöhrətli akademik Məcid Rəsulovun elmi istiqamətinin  (sərhəd və qarışıq məsələlərin həllində kontur inteqralı və çıxıqlar üsullarının nəzəri və tətbiqi problemləri) layiqli davamçısı olmaqla yanaşı, adi və xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin digər sahələrində də  bir sıra mühüm nəticələr əldə etmişdir. Qətiyyətlə demək olar ki, professor Yusif Məmmədov  diferensial tənliklər və riyazi fizika sahəsində akademik Məcid Rəsulovun yaratdığı elmi istiqaməti dərininə inkişaf etdirmiş, onun elmi məktəbini qoruyub saxlamış və davam etdirmışdır.

Professor Yusif Məmmədovun elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olub, riyaziyyatın maraqlı, mürəkkəb və az tədqiq olunan sahələrini əhatə edir. O, elmi fəaliyyətə hələ tələbəlik illərində başlamışdı. Universitetin V kursunda oxuyarkən Novosibirsk Dövlət Universitetində keçirilən tələbələrin ümumittifaq elmi konfransında maraqlı məruzə ilə çıxış etmiş, onun məruzəsi diploma layiq görülmüşdür. Məruzənin materialları hələ tələbə ikən nüfuzlu ümumittifaq "Diferensial tənliklər" məcmuəsində dərc olunmuşur.

"Biliyin ağası olmaq üçün zəhmətin köləsi ol" (O.Balzak) prinsipini özünə  həyat kredosu seçən Yusif Məmmədov XX əsrin 70-ci illərinin əvvəllərində tipə məxsus olmayan dəyişən əmsallı tənliklər üçün birölçülü Koşi və qarışıq məsələlərin korrekt qoyuluşu problemini tədqiqat predmetinə çevirir. Tədqiqat əsasında alınmış nəticələr "Diferensial tənliklər", "Azərbaycan EA-nın  Xəbərləri", "ADU-nun elmi əsərləri" jurnallarında nəşr  olunur. O, 1974-cü ildə "Korrekt birölçülü məsələlər və onların həllinin analitik göstərilişi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır. Dissertasiyanın ən mühüm yeniliyi ondan ibarət idi ki, o zaman belə məsələlər yalnız sabit əmsallı tənliklər üçün görkəmli rus riyaziyyatçıları Q.E.Şilov, Q.V.Dikopolov tərəfindən öyrənilmişdi.

Professor Yusif Məmmədov  70-ci illərin sonlarından  Birkhof  və Tamarkin mənada requlyar olmayan spektral məsələlər və uyğun qarışıq məsələlərin tədqiqi ilə məşğul olur. Bu sahədə apardığı sistemli araşdırmalar ona uğur qazandırır. Birkhof  və Tamarkin mənada requlyar olmayan spektral məsələlər və uyğun qarışıq məsələlərin tədqiqi ilə bağlı dəyərli nəticələr əldə edir. Bu sahədə ilk nəticələrdən biri də görkəmli rus riyaziyyatçıları A.A.Şkalikov və A.P.Xromovla yanaşı, həm də Yusif Məmmədova məxsusdur (1983). Onun əsərlərində diferensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq və normallıq problemləri tədqiq olunmuş, ilk dəfə olaraq belə operatorların məxsusi və qoşma elementləri üzrə ayrılış düsturu verilmişdir. Yusif Məmmədov ilk dəfə olaraq cırlaşan adi diferensial operatorlar üçün sonsuz tərtibli məxsusi ədədlərin varlığını göstərmiş, məxsusi ədədlər çoxluğunun sonlu limit nöqtələri ətrafında requlyarlıq, sankı requlyarlıq və normallıq anlayışlarını vermişdir. Uyğun qarışıq məsələləri tədqiq edən Yusif Məmmədov bu məsələlər üçün İ.Q.Petrovskinin Koşi məsələlərinin korrektliyi üçün verdiyi məşhur "A" şərtinin analoqunu tapmışdır. Bununla o, eyni zamanda Sobolyev-Qalpern tipli tənliklər üçün qarışıq məsələlərin həllinə baza yaratmış, ilk dəfə olaraq çıxıqlar üsulunun müstəvinin sonlu hissəsində sıxlaşan məxsusi ədədlər çoxluğuna malik birölçülü qarışıq məsələlərin həllinə tətbiqinin mümkünlüyünü isbat  etmişdir.

Məhz Yusif Məmmədovun araşdırmalarından aydın olmuşdur ki, İ.Q.Petrovski mənada korrekt sistemlər üçün requlyar sərhəd şərtli qeyri-korrekt qarışıq məsələlər və eləcə də qeyri-korrekt sistemlər üçün korrekt qarışıq məsələlər mövcuddur. Bütün bu tədqiqatlar onun 1990-cı ildə Tbilisi Riyaziyyat İnstitutunun ixtisaslaşmış dissertasiya şurasında müdafiə etdiyi "ümumi şəkilli adi diferensial tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlərin həlli üçün çıxıqlar üsulunun əsaslandırılması" mövzusunda doktorluq dissertasiyasında ümumiləşdirilmışdır. Əldə olunmuş nəticələr  "Diferensial tənliklər", "SSRİ  EA-nın məruzələri", "Azərbaycan EA-nın Xəbərləri" jurnallarında nəşr etdirdiyi seriya məqalələrində öz əksini tapmışdır.

Nəzəri əsasını yaratmış olduğu istiqamətlərdə tətdiqatlarını davam etdirən Yusif Məmmədov 1991-98-ci illərdə bir sıra yeni, praktik və nəzəri əhəmiyyətli nəticələr əldə etmişdir. Tətbiqi əhəmiyyətli işləri içərisində ən mühümləri kimi onun özülü elastiki mühitdə dalğanın yayılması probleminin model tənliyi üçün qarışıq məsələlərin həlli sxemini əsaslandırılmasını, eksponensial strafikasiyalı (laylanmış) mayelərin dinamikası tənlikləri üçün ümumi şəkilli birölçülü qarışıq məsələləri tam tədqiq etməsini, cırlaşan sərhəd rejimində elektrik dövrəsində sönmə dekrementinin loqarifmik artım sürətini ortaya çıxarmasını, Şredinger tipinə cırlaşan parabolik tənliklər üçün ilk dəfə olaraq qarışıq məsələnin həllinin varlığı və yeganəliyini isbat etməsini və həll üçün analitik ifadə tapmasını göstərmək olar. Onun ikitərtibli adi diferensial tənliklər üçün spektrial məsələnin requlyarlığının və istənilən dərəcədən sanki requlyarlığının potensial funksiyasının periodiklik xassəsi ilə ifadə olunan meyarını tapması çox mühüm nəzəri nəticə kimi qiymətləndirilir. Əldə olunmuş bu nəticələr "Azərbaycan EA-nın məruzələri", "Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun əsərləri", "Turkish journal of Mathematics", "Commun. Theor. Phys"(Beijing, China) və s. jurnallarda nəşr olunmuşdu.

Professor Yusif Məmmədov klassik bir problemin ciddi kompleks sıxlıq funksiyalı Şturum-Liuvil tənliyi üçün məxsusi ədədlər haqqında məsələni orijinal ideyalarla tədqiq edərək, analitik sıxlıq funksiyası halında məxsusi ədədlərin asimptotikasını tapmışdır. O, bu məsələ haqqında  Azərbaycan Riyaziyyat Cəmiyyətinin iclasında məruzə etmiş, tədqiqatın əsas ideyalarını "BDU-nun xəbərləri" məcmuəsində (1998), tezislərini isə Afinada keçirilən "Riyazi analiz və onun tətbiqləri" (2000) və M.V.Lomonosov adına MDU-da keçirilən (2001) akademik İ.Q.Petrovskinin xatirəsinə həsr olunmuş beynəlxalq konfransların materiallarında nəşr etdirmişdir. Tədqiqatın əhəmiyyəti və dəyərini göstərmək üçün qeyd edək ki, bu sahədə yüksək nüfuzlu alim sayılan M.V.Fedoryuk "Asimitotiçeskie metodı dlya  differensialnıx  uravneniy" (M, lNauka»,  1983) monoqrafiyasının 127-ci səhifəsində yazmışdır:  "bu istiqamətdə bir nəticə belə məlum deyil və ehtimal ki, belə assimptotik düsturlar ola bilməz". Yusif Məmmədov Moskva, Novosibirsk, Tbilisi, Afina, İstanbul, Zəncan şəhərlərində keçirilən müxtəlif miqyaslı konfranslarda Azərbaycan riyaziyyat elmini layiqincə  təmsil etmişdir. Onun məruzələri V.İ.Steklov adına Riyaziyyat İnstitutunun, MDU-nun mexanika-riyaziyyat, riyaziyyat və kibernetika fakültələrinin,  Novosibirsk Dövlət Universitetinin,  Ukrayna EA-nın Tətbiqi Riyaziyyat İnstitutunun, Tbilisi Riyaziyyat İnstitutunun elmi seminarlarında görkəmli riyaziyyatçı alimlərin   (V.P.Mixaylov, A.A.Dezin, A.Q.Kostyuçenko, A.A.Şkalikov, A.Q.Şveşnikov, S.A.Qabov, L.V.Skrıpnik, M.V.Fedoryuk, V.N.Vraqov, İ.T.Kıquradze və b.) böyük maraq və diqqətinə səbəb olmuşdur.

Professor  Yusif Məmmədovun Azərbaycanda, həm yaxın, həm də uzaq xaricin nüfuzlu  elmi jurnallarda 100-dən artıq elmi məqaləsi nəşr olunmuşdur.  Tanınmış riyaziyyat alimlərı öz tədqiqatlarında onun əsərlərinə istinad edirlər. 

Professor Yusif Məmmədovun fəaliyyət istiqamətlərindən birini də milli riyaziyyatçı kadrların hazırlanması təşkil edir. Onun rəhbərliyi ilə 13 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Yusif Məmmədov uzun müddət BDU və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və elmlər namizədi alimlik dərəcələri verən müdafiə şurasının sədri kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika elmləri üzrə ekspert şurasının sədri olmuşdur. O, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə dissertasiya şurasının sədridir.  İxtisasca riyaziyyatçı olsa da,  pedaqogika və fənlərin tədrisi metodikası üzrə söylədiyi yeni və orijinal fikirlər, elmi ümumiləşdirmələr onu ensiklopedik bilik sahibi kimi dəyərləndirməyə imkan verir.

Professor Yusif Məmmədov Təhsil Nazirliyi Kollegiyasının, YUNESKO-nun "Elmi biliklərin və texnologiyaların etikası" Azərbaycan Komitəsinin üzvü, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurasının sədridir. Onun rəhbərlik etdiyi bu şurada təkcə Azərbaycan təhsilinin yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində yalnız nəzəri fikirlər söylənilmir, həm də tətbiq yolları ilə bağlı konkret təkliflər verilir. "ADPU-nun xəbərləri" "elmi məcmuəsinin baş redaktoru, "AMEA-nın xəbərləri", "BDU-nun xəbərləri", "Riyaziyyat və Mexanika İnstitutunun əsərləri", "Sumqayıt DU-nun xəbərləri", "Kurikulum" jurnallarının redaksiya heyətinin üzvü kimi göstərdiyi və göstərmiş olduğu xidmətlər Yusif müəllimin elmi fəaliyyətində mühüm yer tutur.

Professor Yusif Məmmədovun elmi, pedaqoji, təşkilatçılıq fəaliyyəti, diferensial tənliklər və riyazi fizika sahəsində əldə etdiyi nəzəri və tətbiqi əhəmiyyətli nəticələri, bu sahələrdə Azərbaycan elmini beynəlxalq səviyyədə layiqincə təmsil etməsi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ona 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti, ulu öndər Heydər Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmiş, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 

Ən çətin iş idarəetməkdir. İdarəetmək məharəti ədalətliliklə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, rəhbərlik etmək, yəni, adamları öyrətmək və tərbiyələndirmək  üçün gərək insanın  mənəvi haqqı olsun. Bu baxımdan, professor  Yusif Məmmədovun təhsil quruculuğu və onun idarəolunması sahəsindəki səmərəli fəaliyyəti xüsusi diqqət çəkir. O, ADPU-ya rektor təyin olunduğu gündən bu qocaman elm və təhsil ocağı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Universitetin müsbət imicini formalaşdırmaq, zəngin ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək istiqamətində planlı və məqsədəuyğun işlər görüldü. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Ən başlıcası, kollektivdə sağlam mənəvi-psixoloji mühit formalaşdırıldı. Müəllimlərin öz işinə həvəsini artırmaq, stimul yaratmaq məqsədilə "İlin müəllimi", "İlin alimi" müsabiqələri keçirildi, qaliblər mükafatlandırıldı. İmtahan sessiyalarında bilik yeganə meyara çevrildi. İmtahanların tam şəffaf, obyektiv, ədalətli keçirilməsi təmin edildi. Universitetin beynəlxalq əlaqələri genişləndi, müxtəlif  ölkələrlə tələbə, müəllim mübadiləsi, birgə elmi- tədqiqatların və simpoziumların keçirilməsinə diqqət artırıldı. Yeni elmi-tədqiqat və tədris laboratoriyaları, kompüter mərkəzi yaradıldı. Universitetimiz Avropa Pedaqoji Universitetlərinin Assosiasiyasına üzv qəbul olundu. Universitetdə aparılan bu genişmiqyaslı işlər ölkə rəhbərliyinin diqqətindən yayınmadı. ADPU-nun 85 illik yubileyi təntənəli şəkildə dövlət səviyyəsində qeyd olundu. Universitetin əməkdaşlarından 40 nəfəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görüldü.

Onun sadəliyi və təvazökarlığı, səbirli və təmkinli olması, həmkarlarını, ona müraciət edən hər bir kəsi ehtiramla dinləməyi  bacarması, onların hər birinin fikrinə hörmətlə yanaşması, ədalətliliyi, obyektivliyi, xeyirxahlığı, təşkilatçılıq bacarığı, mənəvi və əxlaqi saflığı, yüksək ziyalılığı qısa bir müddətdə Yusif müəllimi tələbələrin, professor-müəllim heyətinin, valideynlərin sevimlisinə çevirmiş, onlar arasında  humanist, demokratik və işgüzar əlaqə yaranmışdır. O, xüsusilə, tabeçiliyində olan insanlara qarşı böyük həssaslıq və qayğıkeşlik göstərir. Respublikada ilk dəfə tələbələrin təlim nailiyyətlərinin test üsulu ilə kompüter texnikasından istifadə etməklə qiymətləndirilməsi məhz professor Yusif Məmmədovun adı ilə bağlıdır. Bütün bunların nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti respublikamızın öncül elm və təhsil müəssisələrindən birinə çevrilmişdir.

Xoşbəxt  o adam deyil ki, böyük var-dövləti var, o adamdır ki, heç bir var-dövlətə ehtiyacı yoxdur. Professor Yusif  Məmmədov belə insanlardan biridir. O, insanlığı bütün rəsmi titullardan üstün tutur. Onun böyüklüyünün, əzəmətinin, fəzilətinin gücü ədalətliliyində, obyektivliyində, prinsipiallığında və sadəliyindədir. Onun yüksək  vətəndaşlığı, vətənpərvərliyi, pedaqoji və elmi pedaqoji  kadrların hazırlanmasına diqqət və qayğısı, milli-mənəvi dəyərlərimizə, Vətənə, torpağa bağlılıqdan qaynaqlanır.

 Görkəmli riyaziyyatçı alim, bacarıqlı elm və təhsil təşkilatçısı, ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Yusif Əbülfət oğlu Məmmədovu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.   

Fərrux  RüSTƏMOV,
Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü,

pedaqoji elmlər doktoru, professor, 

Rəhim RZAYEV,
fizika-riyaziyyat elmləri
doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
22 Yanvar 2010 - ¹03
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
 
Litvanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub
 
Nazirlər Kabineti məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq edib
 
Türkiyənin milli təhsil naziri ilə görüş
 
Nazir bir sıra lisey və gimnaziyaların direktorlarını ciddi tənqid etdi 
 
"Tələbələrin sayına görə Avropada liderik" Litva Respublikasının təhsil və elm naziri cənab Gintaras Steponaviçiusun qəzetimizə müsahibəsi
 
İstedadlı alim, görkəmli elm və təhsil təşkilatçısı
 
Kamalı böyük, qəlbi sadə sənətkar
 
Dünya universitetləri: Edinburq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov