Yeni dərs ilində paytaxtımızın məktəbəqədər
təhsil müəssisələrindən məktəbə yollanacaq 8 min
500-dən çox uşağın 55-i Yeni Günəşli yaşayış
massivində yerləşən 23 nömrəli körpələr evi-uşaq
bağçasının yetirməsidir. Bu günlərdə tərbiyə
ocağında onların məktəbə yola salınması ilə
əlaqədar təntənəli mərasim keçirildi. Tədbir
"Sevimli vətən" mahnısının ifası ilə başlandı.
Bağçanın həyətində qrup-qrup düzülmüş körpə
fidanlar musiqi sədaları altında tədbirin
keçirildiyi al-əlvan bəzədilmiş zala daxil
oldular və əl-ələ tutub rəqs etdilər.
Sonra
əllərində gül-çiçək yarpaqlarından çələnglər
tutmuş uşaqlar mərasim iştirakçıları qarşısında
müxtəlif kompozisiyalar nümayiş etdirdilər.
Tədbirin aparıcıları onların sevincinə şərik
olmağa gəlmiş anaları və qonaqları
salamladılar. Məktəbə gedəcəklərinə çox
sevindiklərini deyən uşaqlar tərbiyəçiləri
Şəfiqə Hüseynova, Rəna Qəhrəmanova, Günay
Rüstəmova və Nərminə Mirməmmədovanın, musiqi
rəhbəri Validə Quliyevanın səyləri nəticəsində
artıq məktəb təliminə hazır olduqlarını
bildirdilər.
Altıyaşlıların ana, vətən, məktəb, müəllim,
oxumağın, öyrənməyin faydası haqqında
söylədikləri şeirlər, ifa etdikləri müxtəlif
mahnı və rəqslər, göstərdikləri səhnəciklər
mərasim iştirakçıları tərəfindən maraqla
qarşılandı. Uşaqların təqdim etdikləri baba və
nənənin öz nəvələrinin məktəbə getməsini
xatırlamalarına dair səhnəcik, "Turp" nağılı
mövzusuna dair ingilis dilində kiçik tamaşanı,
əlifbamızın hərfləri, yol hərəkəti qaydaları
haqqında verdikləri məlumatlar, bayrağımızın
rəngləri barədə söylədikləri şeirlər alqışlarla
qarşılandı.
Nəhayət, mərasimin vida anı gəlib çatdı. Uşaqlar
bağçada bir neçə il ərzində doğma anaları kimi
onların nazını çəkmiş, təlim-tərbiyələri ilə
məşğul olmuş, məktəb təliminə hazırlamış,
sağlamlıqları keşiyində durmuş tərbiyəçilərə,
pedaqoji kollektivin digər üzvlərinə
minnətdarlıqlarını ifadə etdilər, onları heç
vaxt unutmayacaqlarını söylədilər. Tərbiyəçilər
isə yetirmələrini məktəbə getmələri münasibəti
ilə təbrik edib onlara ən xoş arzularını
bildirdilər, məktəbdə yaxşı oxumağı tövsiyə
etdilər.
23 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
Sevil Balayeva da tərbiyə ocağından
pərvazlandırdıqları körpə fidanları təbrik edib
valideynlərinə gözaydınlığı verdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Xətai-Suraxanı
metodik bölməsinin əməkdaşı Südabə Abdullayeva
mərasimdə söz alaraq tədbirin yüksək səviyyədə
hazırlandığını, 23 nömrəli bağçanın öz
fəaliyyəti ilə paytaxtın sayılıb seçilən
məktəbəqədər təhsil müəssisələrindən olduğunu
bildirib tərbiyə müəssisəsinin kollektivinə daha
böyük uğurlar arzuladı.
Tədbirin sonunda bu il məktəbə gedəcək uşaqlara
"məzun" albomları və hədiyyələr, məktəbə
hazırlıqda və mərasimdə öz maraqlı çıxışları ilə
xüsusi fərqlənənlərə isə həm də şəhadətnamələr
təqdim olundu.
Yusif ƏLİYEV |