Bakı Dövlət Universitetinin rektoru, akademik
Abel Məhərrəmov Çexiya Respublikasının
ölkəmizdəki səfiri Radek Matulanı qəbul edib.
Öncə universitet haqqında məlumat verən rektor
onun beynəlxalq əlaqələrindən, o cümlədən bir
çox Avropa ölkələrinin universitetləri ilə
ikitərəfli müqavilələrindən söz açıb, BDU-nun
Çexiya ali məktəbləri ilə əməkdaşlığa önəm
verdiyini bildirib.
18 min tələbəsi olan universitetdə güclü elmi
məktəbin formalaşdığını qeyd edən rektor vaxtilə
kimya fakültəsinin Çexiya ali məktəbləri ilə sıx
əlaqələrinin olduğunu diqqətə çatdırıb,
münasibətlərin bərpası və genişləndirilməsini
vacib sayıb. Çexiya universitetləri ilə tələbə
mübadiləsi, təcrübələrin keçirilməsi barədə
protokolun imzalanmasını, gənclərin humanitar
sahədə əlaqələrinə təkan verilməsini təklif
edib. BDU-nun elmi laboratoriyaları, mərkəzləri,
o cümlədən nanotexnologiya sahəsində əldə olunan
nailiyyətlər barədə danışan rektor, Prezident
İlham Əliyevin Azərbaycanın iqtisadi
potensialının intellekt kapitalına çevrilməsi
barədə sözlərini də xatırladıb.
Çexiyanın Azərbaycanı özünə strateji tərəfdaş
hesab etdiyini deyən səfir Radek Matula
ölkələrarası münasibətlərdən bəhs edib,
mədəniyyət və elmi əlaqələrin inkişafının
vacibliyindən söz açıb. Səfir də öz növbəsində
Çexiya universitetlərinin BDU ilə əlaqələrin
qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə edilib.
Səfir Radek Matula görüşdən sonra universitetlə
tanış olub və yüksək təəssüratla ayrılıb. |