Bu il Goranboy rayonunda 4 yeni məktəb binası
inşa edilir. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə şəhər 3 nömrəli orta məktəb üçün tikilən 420
yerlik və Təhsil Nazirliyinin vəsaiti ilə Rus
Borisi kəndində inşa edilən 180 yerlik məktəb
binalarında son tamamlama işləri görülür. Azad
kəndində 80 yerlik, Tatarlı kəndində isə 120
yerlik məktəb binalarında inşaat işləri sürətlə
davam etdirilir.
Rayon təhsil şöbəsindən AzərTAc-a verilən
məlumatda bildirilir ki, yeni dərs ilində iki
məktəbdə əsaslı təmir işləri aparılmışdır.
Rayonun Xəsədərli kəndindəki orta, Qaradağlı
kəndində isə ibtidai məktəblər uzun illər qəzalı
vəziyyətdə idi. Həmin tədris ocaqlarında artıq
əsaslı təmir işləri başa çatdırılmışdır.
Məktəblərdə müasir standartlara uyğun tədris
şəraiti yaradılmışdır.
Hazırda tədris ocaqlarının yeni inventarlarla
təmin edilməsi üçün təşkilati işlər görülür. |