Azərbaycan Respublikası Dövlət Neft Şirkətində
(ARDNŞ) reallaşdırılan təqaüd proqramının
başlıca məqsədlərindən biri Azərbaycan
gənclərinin dünyanın ən yaxşı ali məktəblərində
təhsil almasını, şirkət üçün yüksək ixtisaslı
mütəxəssislər hazırlanmasını təmin etməkdir.
Hazırda bu proqram çərçivəsində 41 gənc ABŞ,
Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə və
Avropanın digər nüfuzlu universitetlərində
təhsil alır və daha 20 tələbə isə bu ildən
proqrama qoşulur.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki,
iyulun 28-də ARDNŞ-ın baş ofisində təqaüd
proqramı xətti ilə ABŞ və Avropanın aparıcı
universitetlərində təhsil alan, hazırda isə yay
tətillərini doğma Vətəndə keçirən tələbələrlə,
eləcə də proqramın yeni qalibləri ilə görüş
keçirilmişdir.
Tədbirdə ARDNŞ-ın kadr, rejim və informasiya
texnologiyaları üzrə vitse-prezidenti Xaliq
Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin
gənclərə göstərdiyi diqqət və qayğıdan
danışmışdır. Bildirmişdir ki, qloballaşan
dünyada Azərbaycanın enerji sektorunda
yüksəkixtisaslı, parlaq istedada malik gənc
kadrlara tələbatın yüksək olduğunu nəzərə alan
şirkət də ölkə daxilində və xaricdə təhsil alan
tələbə və gənc mütəxəssislərlə sıx əməkdaşlıq
edir. Şirkətin təqaüd proqramı haqqında
iştirakçılara ətraflı məlumat verən X.Məmmədov
qeyd etmişdir ki, bu gün Azərbaycan gənclərinin
dünyanın ən yaxşı ali məktəblərində təhsil
almaları sabah ARDNŞ-ın beynəlxalq səviyyəli bir
qurum kimi daha böyük nailiyyətlər qazanacağına
əsas yaradır.
Sonra ali təhsil ocaqlarının bakalavr və magistr
pillələrində təhsil alan tələbələr xaricdəki
təhsilin özəllikləri, təcrübə prosesləri və
üzləşdikləri problemlər haqqında danışmışlar.
Onlar göstərilən dəstək və yaradılmış şəraitə
görə təşəkkürlərini bildirmişlər.
AzərTAc |