Şirvan şəhər 18 nömrəli məktəb-liseyin tarix
müəllimi Alik Rzayevi şəhərin pedaqoji
ictimaiyyəti həm də jurnalist kimi tanıyır. 60
yaşı gələn il tamam olacaq Alik müəllimin
təxminən pedaqoji stajı qədər də jurnalistlik
təcrübəsi var. 1969-cu ildə Əli Bayramlı
Pedaqoji Məktəbinə daxil olub. 1971-ci ildə
oranı fərqlənmə diplomu ilə bitirmiş Alik
Rzayevin ilk yazısı da mətbuatda məhz həmin il
işıq üzü görüb.
Sonralar Bakı Dövlət Universitetinin tarix
fakültəsində ali təhsil almış A.Rzayev müxtəlif
illərdə Sabirabad rayonunun Ağacanlı (indi
Hacıqabul rayonunun kəndidir) kənd səkkizillik
məktəbində, Şirvan şəhər Bədən Tərbiyəsi və
İdman Komitəsi nəzdindəki uşaq-gənclər idman
məktəbində, 18 nömrəli orta, 152 nömrəli orta
texniki peşə məktəblərində, şəhər təhsil
şöbəsində müəllim, məşqçi, metodist
vəzifələrində işləmiş, şəhər 13 nömrəli məktəbin
direktoru olmuşdur. Hazırda 18 nömrəli
təbiət-humanitar fənlər təmayüllü məktəb-liseydə
tarix fənnini tədris edir. Onun pedaqoji stajı
və təcrübəsi kimi jurnalist-publisist fəaliyyəti
də kifayət qədər zəngin və əhatəlidir. 1969-cu
ildən dövri mətbuatda çıxış edən Alik Rzayev
müxtəlif qəzetlərin bölgə müxbiri, redaktor
müavini, redaktoru olub. Alik müəllim
qəzetimizlə də daim əlaqə saxlayır. "Azərbaycan
müəllimi"ndə müxtəlif illərdə onlarca yazısı
işıq üzü görüb.
Qabaqcıl pedaqoq və ictimaiyyətçi,
jurnalist-publisist Alik Rzayev indiyədək 18
kitab və kitabça yazıb çap etdirmiş, 4 kitabın
tərtibçisi və redaktoru olmuşdur. Onun müəllifi
olduğu və müxtəlif illərdə ayrı-ayrı
nəşriyyatlar tərəfindən çapdan buraxılmış
"İstedadlar sorağında", "İstedadlar
sərvətimizdir", "Əli Bayramlı musiqi məktəbi",
"Yeniləşən məktəb", "Şərəfli peşə sahibləri",
"Cəmiyyətin gələcəyi uşaqlar", "Sevincimiz
uşaqlar", "Müəllim ömrü", "Sabahımız uşaqlar" və
başqa kitabları sırf məktəblə, maariflə bağlı
olub, təhsilimizə xidmətin bariz nümunələri kimi
diqqəti cəlb edir. Həmin kitablar həm də Şirvan
və Muğan zonalarında qabaqcıl müəllimlərin,
istedadlı uşaqların üzə çıxarılması və
ictimaiyyətə tanıdılmasında böyük rol oynayıb.
Azərbaycan milli mətbuatının 135 illik
yubileyinin ölkəmizdə geniş qeyd olunduğu bu
günlərdə Alik müəllimin çoxillik
jurnalistlik-publisistlik fəaliyyəti yüksək
qiymətləndirilmiş, ona Azərbaycan KİVİHİ-nin
"Qızıl qələm" mükafatı verilmişdir. Tələbə
yoldaşım Alik müəllimi təbrik edir, ona daha
böyük yaradıcılıq uğurları arzulayıram.
Yusif ƏLİYEV |