Zəngin tarixi ənənələrə malik Azərbaycan milli
mətbuatı xalqımızın azadlıq amallarının
gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına,
müstəqil Azərbaycan dövlətinin qurulması və
inkişafına mühüm töhfələr vermişdir. Müstəqillik
illərində mətbuatımız daim dövlətin diqqət və
qayğısı ilə əhatə olunmuş, söz və məlumat
azadlığının inkişaf etdirilməsi, mətbuatın
maddi-texniki bazasının gücləndirilməsi ilə
bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir.
Milli mətbuatın inkişafına davamlı dəstəyin
təmin edilməsi, habelə mətbuat işçilərinin
sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan mətbuat işçilərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması və onlar üçün
yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat
vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2010-cu il |