Bəllidir ki, jurnalistika cəmiyyətdə ictimai
fikrin formalaşmasında çox fəal rol oynayan peşə
sahəsidir. Bu peşənin lazımınca icra edilməsi
üçün qarşıda mühüm vəzifələr, jurnalistin
bilməli olduğu çoxsaylı incə məsələlər,
mətləblər vardır. Əvvəlcə jurnalist sənətkarlığı
anlayışı ilə jurnalist sənətkarlığı məfhumu
arasındakı fərqə, sərhədə diqqət yetirək.
Bir
var publisistika, publisistika sənətkarlığı, bir
də var jurnalistika və jurnalistika
sənətkarlığı. Bu iki məsələni çox zaman
bir-birinə qarışdırır, jurnalistika deyəndə
publisistik mətn və əksinə, publisistika deyəndə
də elə jurnalistika başa düşürlər. Bir sözlə, bu
iki məfhum çox zaman ya eyniləşdirilir, ya da
biri digəri ilə dəyişik salınır. Hər iki hal
jurnalistika (və sənətkarlığı) ilə publisistika
(və sənətkarlığı) məfhumları arasındakı
"sərhədlərin", "səddin" fərqinə varmamaq və ya
həmin sərhədləri təsəvvürə belə gətirə
bilməməklə bağlıdır.
Publisistika jurnalistikanın hazırlayıb ortaya
çıxardığı və artıq emala hazır etdiyi mətndir.
Eyni zamanda bədii-publisistik janrdır.
Publisistika sənətkarlığı da bu hazır mətnin
ideya-estetik xüsusiyyətlərini onun uğurlu və
kəsir cəhətlərini müəyyənləşdirməklə məşğul
olur.
Bundan fərqli olaraq, jurnalistika sənətkarlığı
fənni jurnalistin həmin hazır mətnə qədər
gördüyü mürəkkəb, cürbəcür maneələrlə dolu ağır
və eyni zamanda maraqlı və romantik zəhmətinin
xüsusiyyətlərini, xarakterik cəhətlərini,
qarşıda duran çoxnövlü vəzifələrin yerinə
yetirilməsi yollarını və prinsiplərini öyrənir.
Daha doğrusu, əgər belə demək mümkünsə,
jurnalist sənətkarlığı fənni jurnalistin
publisistik (və ya xəbər və s.) mətni meydana
çıxarana, yazı masasının arxasından durana qədər
gördüyü və görməli olduğu texniki və təşkilati
işlərin, mürəkkəb texnoloji gedişlərin
reallaşdırılması proseslərini və onların prinsip
və üsullarını öyrədir. Bir sözlə, əsl jurnalist
peşəsinə yiyələnməyin elmi-texniki, təşkilati,
hüquqi və sosial-psixoloji yolları haqda bir
təlim rolunda çıxış edir.
Məlumdur ki, bir çox ixtisaslar kimi,
jurnalistika da ali məktəblərdə və ya ayrı-ayrı
kurslarda keçilir, öyrədilir. Lakin bu təlim
prosesi həmin peşəyə yiyələnmək istəyənlərə
ancaq nəzəri səviyyəli bilik verir. Tədris
prosesində keçilən istehsalat təcrübəsi də bu
peşəni normal səviyyədə mənimsəmək üçün kifayət
etmir və edə də bilməz. Təsadüfi deyil ki,
məşhur jurnalistlərdən birindən bu səviyyəyə
necə çata bildiyini soruşanda o bildirib ki,
jurnalistikanın sirlərinin və onun nəzəri
əsaslarının səksən faizini ali məktəbdə, qalan,
özü də ən vacib olan iyirmi faizini isə öyrənmək
üçün on ildən artıq vaxt sərf etmişəm.
Doğrudan da, maraqlı və obyektiv cavabdır;
cəmiyyətlə, onun müxtəlif təbəqələri,
dünyagörüşlü, xasiyyətli və məqsədli müxtəlif
peşə sahibləri ilə canlı təmasda olub, bu zaman
qarşıya çıxan hər hansı sosial-psixoloji,
ideya-siyasi, mənəvi-əxlaqi sədləri aşaraq
istədiyin informasiyanı ala bilib, onun
sevincini yaşamadan jurnalistikanın şirinliyini,
gözəlliyini bütün tamı, duzu ilə duymaq, hiss
edib qavramaq mümkün deyil. Özü də bu proses və
yolun sonu o qədər ilğımlıdır ki, hər maneəni
dəf edəndən sonra yolun sonuna, bu peşənin bütün
sirlərinə əsas etibarı ilə çatdığını düşünməyə
macal tapmamış qarşında yeni və daha əlçatmaz
bir üfüqün, uzun yolun açıldığını görürsən.
Burada adamın yadına bir gəncin dəmirçilik
sənətini bir həftəyə "öyrənməsi" əhvalatı düşür.
Bir qadın özünün yeniyetmə oğlunu bir dəmirçi
ustanın yanına gətirib xahiş edir ki, ona
dəmirçiliyin sirlərini öyrədərək, gələcəkdə usta
kimi yetişdirsin. Onlar razılığa gələndən sonra
ana oğlunu dəmirçinin yanında qoyub gedir.
Yeniyetmə bir həftə işə (şagirdliyə) davam
etdikdən sonra daha dəmirçixanaya gəlmir.
Dəmirçini maraq götürür və o, təzə şagirdinin
başında bir qəza olub-olmadığını öyrənmək
məqsədilə yeniyetməgilə gəlir. Qapıya uşağın
anası çıxır və dəmirçinin: uşaq dükana niyə
gəlmir? - sualına cavabı belə olur:
- Oğlumun daha dəmirçi şagirdi kimi çalışmasına
lüzum yoxdur. O, dəmirçiliyin bütün sirlərinə
artıq bələd olub.
Dəmirçi:
- O nə sirdir elə, mənə də deyə bilərsənmi? -
deyə soruşduqda qadın cavabında:
- Bel düzəltmək istəyəndə dəmiri döyüb
enlədirsən, yaba düzəldəndə isə döyüb uzadırsan,
- deyir.
Dəmirçi:
- Afərin belə "fərasətli" şagirdə, bir həftənin
ərzində dəmirçiliyi həm özü öyrənib, həm də
anasına öyrədib, - deyə geri dönür.
Jurnalistika da belədir, dəmirçilik kimi ağır
zəhmət, çoxlu enerji, səbr, təmkin, diqqət və
incəlik tələb edən peşədir. Jurnalist gərək əldə
etmək istədiyi "xammalı", informasiyanı
yüzlərlə informasiyanın içindən seçə, onu
təxəyyül və zehninin "kürəsində" tamamilə
"yumşalda" və öz yazı masasının "zindanında"
döyüb istədiyi (tələb olunan) formaya sala, ona
sözdən əlvan, sehrli və cazibəli naxışlar vura
bilsin. Bunun üçün o, işgüzar fəallıq
vərdişlərinə yiyələnməyi, informasiya "iyinin",
xalqın əksər qisminin marağına səbəb ola biləcək
informasiyanın və ya hadisənin mənbəyini, baş
verə biləcək yerini müəyyənləşdirməyi
bacarmalıdır. Həmin vərdişlərə təcrübəli
jurnalistlərin yanında müəyyən müddət ərzində
assistentlik təcrübəsi keçməklə yiyələnmək
mümkündür. Bu şərtlə ki, iti müşahidə, qavrama
və operativ analiz edib nəticə çıxarma
qabiliyyətin olsun. Əgər təcrübəli həmkarından
nəyin pis, nəyin yaxşı, nəyin yararlı, nəyin
yararsız olduğunu, həmçinin hansı fakt və
materialın birinci dərəcəli, hansıların isə
ikinci və sonrakı pillələri tuta biləcəyini
saf-çürük etməyi bacardıqca öyrənə bilsən,
demək, yolun başlanğıcını düz getmisən. Eyni
zamanda təcrübəli həmkarın öz bilik və
bacarıqlarının sirlərini sənə öyrətməyə meyilli
olmalıdır ki, çalışqanlığın və istedadın,
məlumattoplama və s. keyfiyyətlərinlə xalqın
"gözü" və "qulağı" ola biləsən. Bu şərtlə ki,
informasiya mənbəyini tez tapa və onun bütün
qabalıqlarına, informasiya vermə
"şıltaqlıqlarına" səbrlə dözərək, bütün mövcud
sosial-psixoloji və ideya-əxlaqi, ictimai-siyasi
sədləri aşmaq üçün iradəli və qılıqlı, yəni
qarşı tərəfin bütün xof və qorxu, şübhə və təlaş
dolu hisslərinin doğurduğu "gərginlik buzunu"
əritmək qabiliyyətinə malik olmalı, peşə və
əxlaq, yaş və sosial vəziyyət şəraitinin təlqin
etdiyi davranış vərdişlərinin "qasırğasından"
salamat çıxmağı bacarmalısan. Bütün bunları
edərkən, informasiya almaq məqsədinə doğru
irəliləyərkən özünün malik olduğu əxlaqi və
intellektual sərvətindən maksimum yararlanmağı
da bacarmalısan. Nəzərə almaq lazımdır ki,
jurnalistika əxlaq qaydalarının həssas olduğu
bir peşədir. Çünki jurnalistlərin ictimaiyyət
qarşısında bir məsuliyyəti vardır. Demək,
jurnalistin peşə sənətkarlığına onun öz işini
görərkən etik normalara riayət etməyi, cəmiyyət
və dövlət qarşısında daşıdığı ictimai
vətəndaşlıq məsuliyyətini daim rəhbər tutmağı
öyrənmək vərdişləri də daxildir. Bunlarsız
jurnalistin fərdi imici formalaşa, yarana
bilməz.
Fərdi imicin yaranması da uzun və son dərəcə
çətin, çətin olduğu qədər də mürəkkəb bir
prosesdir. Belə ki, peşə fəaliyyəti ərzində əldə
edilmiş məlumatın yoxlanılması, onun şərhi,
oxucuya çatdırılması və operativlik
məqamlarında obyektivliyə, dəqiqliyə,
etibarlılığa, qarşı tərəfin ləyaqətinin
gözlənilməsinə, məlumatın inandırıcılığına və s.
maksimum həssaslıq və ədalət hissini qoruyub
saxlamağı bacarmalı və bu prinsipə heç vaxt
xəyanət etməməli, ona sadiq qalmalısan. Bütün
hallarda isə informasiya sadə, aydın, anlaşıqlı,
yığcam və tutumlu, dolğun şəkildə hazırlanıb
çatdırılmalıdır ki, oxucu ondan nəsə götürə
bilsin, bu zaman çətinliyə, zehni gücə düşməsin.
Yadda saxlamaq lazımdır ki, aldığın hər hansı
informasiya kiminsə bildiyi faktın şərhidir. Bu,
doğru da, yanlış da, səhv də ola bilər. Məsələn,
hansısa binanın uçması, avtomobil qəzası
haqqında məlumatı rəsmi və ya mülki şəxsdən
(mənbədən) ala bilərsən. Bu isə sənin yox, onun
- məlumat aldığın mənbənin bildikləridir. Ancaq
həmin hadisəni, bir alimin ixtirasını,
idmançının uğurlarını, bədbəxt və ya ürəkaçan,
sensasiya yarada bilən fakt və hadisəni özün
görə bilirsənsə, yəni özün şahidə çevrilə
bilərsənsə, artıq bu, sənin bildiyin, müxbiri
olduğun informasiyadır. "Jurnalist
sənətkarlığının əsasları" fənni bu vərdişlərə
yiyələnməyin yollarını da öyrədir, informasiya
obyektinə, üçüncü, beşinci mənbədən birinci
mənbəyə çevrilmək bacarığını, alınan
informasiyanı verən mənbənin həmin hadisəyə
münasibətinin tərzini - etinasız, maraqlı,
qərəzli, obyektiv və s. ayırd etməyin forma və
üsullarını öyrədir. Alınan məlumatı oxucuya
çatdırarkən onu elə təqdim etməyi bacarmalısan
ki, o, sənin dediklərinin həqiqiliyinə inansın.
Bu zaman baş verən hadisə haqda hansısa mənbə
başqa cür informasiya verirsə, sən həmin
məsələyə öz münasibət və mövqeyini obyektiv,
məntiqi və inandırıcı şəkildə bildirməyi
bacarmalısan. Bütün bu və digər uğur və
vərdişlərin arxasında, əlbəttə, jurnalistin
əxlaq və bilik intellekti dayanarsa, uğur təmin
edilmiş olur.
Jurnalistin intellekti dedikdə, onun malik
olduğu bilik, əxlaq, mənəviyyat və bütün bu
sistemin gündəlik fəaliyyətdə ifadə imkanları
başa düşülür. Daha doğrusu, jurnalistin əldə
etdiyi bilik və bacarıqları gündəlik fəaliyyəti
- insanlarla, informasiya daşıyıcıları ilə,
oxucularla ünsiyyət zamanı və ya əldə edilmiş
materialların emalı prosesində ifadəetmə
qabiliyyəti onun intellektinin göstəriciləridir.
Ona görə jurnalistin öz peşəsinin sirləri ilə
yanaşı, digər bilik sahələrinə də müəyyən norma
səviyyəsində vaqif olması vacibdir. Əks təqdirdə
o, məsələn, tibb, kənd təsərrüfatı, idman, elm
və s. sahə adamları ilə ünsiyyət qura, bu
mövzularda material hazırlaya bilməz.
Uğurlu yazının təminatına xidmət edən amillərdən
başlıcası sırasına dilin leksik və qrammatik
imkanlarına, lüğəvi bazasına, ədəbi-bədii
zənginliyinə və ekspressiv imkanlarına bələd
olma, bunun üçün dərin bilik və mütaliə
qabiliyyət və yanğısı daxildir. Ona görə
jurnalist olmaq istəyən kəs çoxlu bədii
ədəbiyyat oxumalıdır ki, onun söz ehtiyatı
zəngin, fikri ifadə imkanları geniş olsun.
Bundan başqa, jurnalist xalqın tarix və
mədəniyyətinə, coğrafi və iqtisadi imkanlarına,
siyasi, dini və düşüncə mədəniyyətinə bələd
olmağın sirlərini və səmərəliliyini dərk etməyi
də bacarmalı, habelə fəlsəfə, hüquq, dövlət və
idarəçilik məsələlərindən başı çıxmalıdır. Bütün
bu bilik və bacarıqların əldə edilməsi ilə
yanaşı, gündəlik fəaliyyətində onlardan
yararlanmağın texnologiyasına, forma və
üsullarına da yaxından bələd olmağa
çalışmalıdır. Çünki, bildiyimiz kimi,
jurnalistin cəmiyyət və dövlət qarşısında sosial
vətəndaşlıq məsuliyyəti digər peşə və sənət
sahiblərindən çoxdur. Həmin məsuliyyəti
daşıyaraq doğrultmaq isə onun bütün
fəaliyyətinin məcmuyundan ibarətdir. Yəni
jurnalist yuxarıda sadalanan və qeyd olunmayan
müsbət peşə, əxlaq, intellektual keyfiyyətləri
əməli fəaliyyəti zamanı bütün milli, dövləti,
fərdi və insani mənafe və prinsipləri rəhbər
tutmaq, onları pozmaq və ya qulaqardına
vurmaqdan tamamilə uzaq olmağa borcludur. O,
bütün vəziyyətlərdə mənsub olduğu xalqı və
dövləti təmsil etdiyini unutmaq haqqının
olmadığını bilməlidir. Jurnalistin məsuliyyət
hissinin zəifliyi onun intellektinin aşağı
olmasından, sensasiya xatirinə sensasiya dalınca
qaçmasından irəli gəlir. Bütün bu cür hallar
isə çox zaman təhlükəli, fəlakətli və utanclı
nəticələrə səbəb olur.
Jurnalist söz azadlığının bütün tələb və
qaydalarına, o cümlədən dövlət və hərbi sirlərin
qorunmasına cavabdeh olmağa borcludur. Bunun
üçün o, ayıq və ağıllı, tədbirli və zirək,
bilikli, siyasi, diplomatik cəhətdən hazırlıqlı
olmalıdır.
Odur ki, "jurnalistəm" deyib irəli duran hər bir
kəs istisnasız olaraq bu peşəyə hərtərəfli hazır
olmağın bütün yükünə və ağırlığına dözməyi
bacarıb-bacarmayacağını qabaqcadan düşünməlidir.
Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru, professor |