Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 Dekabr 2009 - ¹50

 

"Biliklər cəmiyyəti"ndə təhsil paradiqması

 

Təhsil anlayışı öz fəlsəfi missiyası ilə "biliklər iqtisadiyyatı" meydana gəlməzdən əvvəl də sosium üçün vacib fundament olub. Adətən qeyd olunur ki, "biliklər iqtisadiyyatı" dövründə beynəlxalq rəqabətlilik istedad axtarışı üzərində qurulub. Hansı ölkələr ki, öz kadrlarına ən çox lazım olan bilikləri verir və daha güclü istedad yetişdirir, həmin ölkələr digərləri ilə rəqabətdə daha öndədir. Bu baxımdan bütün dünyada artıq diqqət universitetlərə yönəlib. Obrazlı desək, indi var-dövlət və zənginlik yaratmaq üçün bədənin boğazdan yuxarı hissəsini işlətmək lazımdır. Hansı ölkələrin ki, təhsili akademik mükəmməllik üzərində qurulub həmin ölkələr yeni nəsil hazırlaya bilir və həmin insanlar beynəlxalq rəqabətlə ayaqlaşa bilir, birbaşa xarici investisiyalar cəlb etmək gücünə malik olur. Təhsil mükəmməl olduğu qədər də münasib olmalı və ölkənin ehtiyacı olduğu sahələri əhatə etməlidir.  Sürətli inkişaf cərəyanları  ilə baş-başa qaldığımız müasir dövrdə cəmiyyətlər - sosial, siyasi, mədəni, iqtisadi və başqa istiqamətlərdə müxtəlif təsirlərə məruz qalırlar.Heç şübhəsiz ki, bu təsirlərdən ən çox məruz qalan sahələrdən biri də təhsildir.

Qədim çağlardan indiyədək bəşər övladı insanın fizioloji ehtiyaclarını təmin etməklə yanaşı, ətrafı tanımaq, kəşf etmək, anlamaq kimi zəruri ehtiyaclarını da təmin etməyə  çalışmışdır. Bu istiqamətdə bilik istehsalı, onun inkişaf etdirilməsi və gələcəyə çatdırılması üçün insanlar çox böyük səy göstərmiş və bu gün də bunu davam etdirirlər. Beləliklə, insanların uzunmüddətli axtarışları nəticəsində informasiyanın  daha funksional bir vəziyyətə gətirmək cəhdləri yeni elm sahələrinin yaranmasına, təhsilin isə sosial elmlərin bir tətbiq sahəsi olaraq inkişafına səbəb olmuşdur.

"Biliklər cəmiyyəti"ndə təhsil - biliyin istər əldə edilməsi, istərsə də yayılması ilə zəruri olan dəyişiklik və inkişaf yollarının əsas vasitəsi kimi xarakterizə olunur. Bu baxımdan təhsil dəyəryaradıcı keyfiyyəti ilə mühüm əhəmiyyət daşıyır. Dəyər- bir sosial qrupun və ya cəmiyyətin ortaq duyğu və düşüncə, məqsəd və mənfəətini əks etdirən ümumiləşdirilmiş təməl əxlaqi prinsip və inanclara deyilir.

Dəyərlər davranışların mənbəyi sayılır və onların haqqında fikir yürütməyə imkan verən bir anlayış kimi qəbul olunur. Bundan əlavə, dəyərlər fərdlərin nələrə əhəmiyyət verdiklərini müəyyənləşdirərək istəkləri, seçimləri, arzuedilən və edilməyən vəziyyətləri göstərir. Bununla yanaşı, dəyərlər daşıdıqları mənalardan asılı olaraq öz aralarında çərçivələnirlər. Sıralanmış müəyyən dəyərlər toplusu dəyər üstünlüklərini müəyyənləşdirən bir sistem yaradır.

Mədəniyyətlər və fərdlər nümayiş etdirdikləri dəyər üstünlüyü sistemləriylə təsvir oluna bilirlər. Əlavə olaraq, dəyərlərin inkişafa açıq məfhum olduğunu da qeyd etməyimiz lazımdır.Xüsusilə, müəyyən bir zaman ərzində meydana çıxan ehtiyacların qarşılanması üçün dəyərlər yeni keyfiyyət çalarları ilə zənginləşə  bilər.

Bu mənada yuxarıda da ifadə olunduğu kimi, təhsili cəmiyyətin digər sahələrindəki (sosial, siyasi, iqtisadi) alt elementlərdən  ayrı düşünmək doğru deyildir. Bilik cəmiyyətində hakim olan istehsal paradiqması elmi əsaslanmanı dəyişdirdiyi kimi, təhsilli insan anlayışını da dəyişir.

Məktəblərin fəaliyyətinin yenidən müəyyənləşdirilməsində yaranan çətinliklərin təməlində ictimai sferadakı  "inanc, dəyər və texniki vasitələrin dəyişməsi" dayanır. Bu dəyişmələr yeni paradiqmalar yaradır.

Tomas Kun "Elmi inqilabların strukturu" adlı əsərində (1962) paradiqmanı müəyyən bir cəmiyyətin üzvləri tərəfindən bölüşdürülən inancların, dəyərlərin, texniki vasitələrin tamı olaraq müəyyənləşdirmişdir.

Elm istehsalı ənənəsində mövcud olan paradiqmatik dəyişmə və bununla əlaqədar məlumatın təbiəti ilə bağlı yeni dəyərlər, öyrənmə və öyrətmə müddətlərində dəyişikliklər meydana gətirmişdir. Bu sahədə başlıca dəyişikliklər təhsil və tədris müddətlərində maraq mərkəzinin öyrənməyə doğru meyillənməsidir. çünki müasir təhsil və elm anlayışı heç nəyə laqeyd qalmır, onun üçün hər şey elmi maraq kəsb edir.

öyrənmə ilə bağlı yeni metodlar, öyrənmənin barmaq izlərinin fərdiliyində olduğu kimi, insana məxsus bir hal olduğunu, təhsil üçün uyğun olan şərait təmin olunduqda nəyi isə öyrənməyi bacarmayan insanın olmadığını aşkar etmişdir. Təhsildə maraq mərkəzinin öyrənməyə doğru meyillənməsində ictimai quruluşda meydana gələn dəyişikliklərin də mühüm rolu var. Demokratiya və insan haqları sahəsində inkişaf prosesləri təhsilin də demokratikləşməsinə, alternativ təhsil proqramları və modellərinin artmasına və təhsilin fərdiləşməsinə şərait yaradır.

Bu dəyişikliklər tədris proqramlarının məzmun və təqdimatına da təsir edir. Yeni dəyərlərin məzmun üzərindəki təsirləri təhsil proqramlarının təfərrüatına köklü dəyişikliklər edilməsini qabaqcadan nəzərə alır. Yeni dəyərlər dərs sayı və növünün yenidən müəyyənləşdirilməsini, buna paralel olaraq kontentlərin yeni dəyərlərə uyğun nizamlanmasını məcburi edir. Bu istiqamətiylə, yeni təhsil paradiqması və bununla əlaqədar olaraq elmin mahiyyətində (təbiətində) olan yeniliklərlə bağlı inkişaf proseslərini aşağıdakı şəkildə göstərə bilərik:  

Mövcud təhsil proqramları o qədər də effektiv deyil 

Konkret Azərbaycan timsalında götürsək bizim orta məktəblərdə tətbiq olunan təhsil proqramı və dəyərləndirmə vasitələrimiz oxuma - yazma, əzbərləmə, söz xəzinəsi, ümumi anlayış, qəlib şəkildə mənimsəmə və s. qabiliyyətləri inkişaf etdirməyə hədəfləndirilmişdir. Bir çox hallarda  qrup halında çalışmaq, intuisiya, hissiyyatlılıq, mühakimə, yaradıcılıq,təxəyyül imkanları nə proqramlarda yer tutur, nə də test vasitələriylə müəyyənləşdirilir. Halbuki, müasir dövrümüzdə bu kompetensiyalar xüsusi dəyər qazanır. Təsadüfi deyil ki, hazırlanan yeni kurikulumlarda bu kompetensiyaların şagirdlərə aşılanması əsas vəzifələrdən biri kimi nəzərdə tutlmuşdur. Doğrudur, bəzən bu sual da tez-tez səslənir ki, təhsil sistemini güclü edən nədir? Cavabları müxtəlif tərzdə təsnif etmək olar. Ancaq fikrimcə, bizim məktəblərimizin keyfiyyət ölçüsü yerləşdiyi yaraşıqlı binalar, siniflərdəki şagirdlərin sayı, kurikulum deyil, müəllimlərin keyfiyyətidir.

Bizim hamımız məktəbdə onun şahidi olmuşuq ki, şagirdi ruhlandıran həmişə müəllimlərimizin sözləri olub və sonrakı həyat fəaliyyətimizdə bunun təsirini daim hiss etmişik. Onu da qeyd edək ki, təhsildə yüksək göstəricilərə malik olan Sinqapur, Cənubi Koreya, Kanada, Finlandiya kimi ölkələr müəllim hazırlığı sahəsində çox effektiv tədbirlər görüblər. Məsələn,həmin ölkələrin təcrübəsində əgər növbəti dərs ili üçün məktəblərdə vakant yerlərin sayı 600-dirsə, onlar 700 nəfəri işə qəbul edirlər. Belə olanda, yerlərin sayı o qədər məhdud olur ki, müəllim olmaq üçün güclü rəqabət başlayır. Bu artıq həqiqətdir ki, belə sərt mexanizmlə onlar müəllimlik peşəsini ən seçilmiş peşəyə çeviriblər.Ancaq təhsildə müəllim anlayışı nə qədər mühüm olsa da belə, Azərbaycan təhsilində genişhəcmli kurikulum islahatlarına böyük ehtiyac var. Həqiqət naminə qeyd edək ki, hazırda bu istiqamətdə ölkəmizdə geniş iş aparılır, kurikulum islahatları adı altında təhsilin məzmununun yeniləşdirilməsi sahəsində ciddi addımlar atılır. "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" qəbul edilmiş, həmin konseptual sənədə əsaslanılmaqla ibtidai siniflərin fənn kurikulumları işlənib hazırlanmış və tətbiqinə başlanmışdır. Yuxarı siniflər üçün fənn kurikulumlarının layihələri yazılaraq pedaqoji ictimaiyyətin müzakirəsinə verilir. İstər Milli Kurikulum sənədi, istərsə də fənn kurikulumları yetişən nəslə təkcə hər hansı bilik sahəsi üzrə məzmun standartları deyil, həm də həyati keyfiyyətlərin formalaşmasını nəzərdə tutur. Bu baxımdan məşhur təhsilşünas alim Con Dyünin fikirləri tamamilə yerinə düşür: "Təhsil zəkanı fasiləsiz olaraq inkişaf etdirməlidir, həyatı aramsız şəkildə işıqlandırmalıdır. Məktəblər isə bizə mental inkişafın yalnız müəyyən mənada alətlərini verə bilər, qalan hər bir şey təcrübənin necə şərh olunmasından asılıdır". 

Bugünkü təhsil proqramları düşünməyə əngəl yaradır 

Düşünmə - müşahidə, təcrübə, intuisiya, mühakimə yürütmək və digər vasitələrlə əldə edilən məlimatları konseptuallaşdırma, tətbiq etmə, analiz və dəyərləndirmənin predmet edilmiş şəklidir. Düşünmə mövcud biliklərdən başqa, məchula çatmaq və əldə olunan biliklərdən  kənara çıxmaq şəklində də xarakterizə oluna bilər. Ən çox yayılmış düşünmə formaları  arasında tənqidi düşüncə, problemi həll etmək, elmi düşüncə, analitik düşüncə, hökm çıxarmağa yönəldilmiş induksiya (bütünə varma), deduksiya (bütündən gələn) düşünmə və əlaqəli düşünmə sayıla bilər.

Dərsin təşkili texnologiyası məzmunu və çatdırılması şagirdlərə tənqidi düşünmə fəlsəfəsini öyrətməyi aşılayan şəkildə təşkil oluna bilər. Lisey təhsilini tamamlayan fərd əvvəlcədən hökm vermə, fikir formalaşdırma və verilən məlumatın aktuallığı mövzusu ilə bağlı qiymətləndirmə bacarığına sahib olmalıdır. Lisey məzunu olan fərdlər fakt ilə baxış və ya şəxsi nöqteyi-nəzəri ayırdetmə, əsassız təxminlərin aşkar olunması, öncədən yaranmış fikir və ya təbliğatın müəyyən olunması, məntiqli çıxış yolları tapmaq və mümkün nəticələri əvvəlcədən müəyyənləşdirmək kimi bacarıqları məktəb illərindən əldə etmiş olmalıdırlar. 

Şagird mövzunun özünü qavramalıdır  

Bir çox hallarda şagirdlər arasında hansı biliyin öyrədilməsinin lazımlılığı  ilə bağlı olduqca gərgin mübahisələr meydana çıxır. Biliklər cəmiyyətində isə təhsil proqramlarının səthi biliklər əvəzinə, mövzuların dərinliklərinə nüfuz edilərək işlənilməsi, nizamlanması prinsipi müdafiə olunur. Yəni dərslər, mövzuları və hadisələri dərindən başa düşməyi və tənqidi düşüncənin formalaşdırılmasını əsas götürməlidir. çünki informasiya  həddindən artıq çoxdur və bunların tam olaraq mənimsənilməsi mümkün deyildir. 

Şagirdlər sinif divarlarından kənara çıxmağı bacarmalıdırlar  

Şagirdlərə yalnız attestat almaq üçün deyil, real həyatda mənalı ola bilməsi üçün dərslərin və məzmunların həyat ilə əlaqələndirilməsi vacibdir. Bunun üçün müəllimin tədris etdiyi mövzuların həyatdakı inikaslarını şagirdə göstərməsi lazımdır. Dərsin mövzuları-kitab səhifələri və sinfin divarları ilə məhdudlaşmamalı, öyrənilən məzmun real həyat ilə əlaqələndirilərək şagirdin öyrəndiyi biliklərin faydasını görməsi təmin olunmalıdır. Bu baxımdan Türkiyənin məşhur təhsilşünas alimi İrfan Ərdoğan da haqlı olaraq qeyd edir ki, "egitim və öyrətim təkcə məktəblə sərhədlənməməli və məktəbdaxili mühiti şagirdlərin məktəbdənkənar şəraitdə  özlərini inkişaf etdirmələri üçün potensial yaratmalıdır".  

Təhsildə imkan bərabərliyi  anlayışı 

Təhsildə imkan (fürsət) bərabərliyi anlayışı, yoxsul insanlara təhsil imkanı yaratmaqdan əlavə, fərdlərə qabiliyyət və istedadlarını optimal səviyyədə inkişaf etdirmək məramını ehtiva edir.Biliklər cəmiyyətində yeni texnologiyaların inkişafıyla bilik sektorunun, bilik istehsalının və bilik sərmayəsinin, müsbət keyfiyyətlərə malik insan faktorunun əhəmiyyət kəsb etdiyi, "təhsilin davamlılığının ön plana çıxdığı, informasiya texnologiyaları, məlumat ötürücüləri, elektron ticarət ilə cəmiyyəti iqtisadi, sosial, mədəni və siyasi baxımdan sənaye cəmiyyətinin inkişafından yüksəyə doğru aparan bir inkişaf mərhələsi olaraq xarakterizə oluna bilər".

Eyni zamanda "Bilik cəmiyyəti" biliyin əsas güc qaynağı olaraq ictimai həyatın bütün  mərhələlərini istiqamətləndirən bir düşüncə tərzidir. Bilik cəmiyyətinin təşəkkül tapa bilməsi əsasən "bilik insanı və təsisatlarının mövcudluğu"nu, bu da, öz növbəsində, "öyrənən fərd" və "öyrənən təsisatların"ın olmasını tələb edir. Beləliklə, bilik cəmiyyətinin əsas xarakteristikası da "öyrənən cəmiyyət" olaraq təsnif edilir.

Sənaye inqilabından təxminən bir əsr sonra ilk nümunələrindən istifadə edilməyə başlanılan kompüterlər informasiya  çağının ilk carçısına çevrilmişdir.Bu sürətli dəyişikliklər insanların həyatla bağlı vərdişlərinə çox dərin təsir etmişdir.

Bəs onda sual oluna bilər: sənaye cəmiyyətindən fərqli olaraq bilik cəmiyyətində nələr dəyişməkdədir? Bilik cəmiyyətinin yüksələn dəyərləri hansılardır? Bütün dünyanı qısa bir zaman ərzində öz təsiri altına alan bilik cəmiyyətinin əsas xüsusiyyətlərini sənaye cəmiyyətinin xüsusiyyətləri ilə müqayisəli şəkildə bu tərzdə qruplaşdıra bilərik:

- Sənaye cəmiyyətindəki maddi sərmayənin yerini bilik cəmiyyətində bilik və insan sərmayəsi tutur.

- Sənaye cəmiyyətində mal və xidmətlərin istehsalında inkişafın başlanğıcı sayılan buxar maşınının yerini bilik cəmiyyətində kompüterlər tutur.

- Sənaye cəmiyyətində qol gücünün yerinə bilik cəmiyyətində beyin gücü alternativdir.

- Sənaye cəmiyyətində insan sərmayəsinin istehsala cəlb olunması əsas götürülürsə, bilik cəmiyyətində hər hansı deyil, yüksək təhsil almış keyfiyyətli insan sərmayəsinin istehsala cəlb olunması vacib sayılir.

- Sənaye cəmiyyətində sənaye mallarının və xidmətlərin istehsalı həyata keçirilir.Bilik cəmiyyətində isə bilik və texnologiyanın istehsalı reallaşmaqda və bilik sektorunun məhsulu olaraq kompüter, rabitə və elektron vasitələri, elektron xəbərləşmə, robotlar, yeni inkişaf etmiş əmtəə texnologiyaları gündəmə gəlir.

- Sənaye cəmiyyətindəki fabriklərin yerini bilik cəmiyyətində bilik tətbiqini ehtiva edən bilik şəbəkəsi və məlumat ötürücü banklar (kommunukasiya  şəbəkə sistemləri) tutur. İnformasiya dünyanın hər tərəfində istehsal olunmaqda və kommunikasiya texnologiyaları vasitəsilə hər tərəfə yayılmaqdadır.

- Biliklər cəmiyyəti işçi qüvvəsinə qənaət etməyi təmin edir, bu isə qısamüddətli bir mərhələdə işsizlik, uzunmüddətli bir mərhələdə isə yeni texnologiyaların qlobal təsirlərini ortaya çıxarır.

- Sənaye cəmiyyətindəki ümumi təhsilin, öyrənmənin yerini bilik cəmiyyətində təhsilin fərdiləşməsi və davamlılığın artması tutur.

- Sənaye cəmiyyətində ilkin, ikinci, üçüncü dərəcəli sənaye,kənd təsərrüfatı, sənaye və xidmətlər, bilik cəmiyyətində isə ilkin, birinci, ikinci və üçüncü sektorlarla yanaşı ,dördüncü sektor olan bilik sektoru da meydana çıxır.

- Sənaye cəmiyyətindəki xüsusi və ictimai iqtisadi quruluşlardan fərqli olaraq, bilik (informasiya, məlumat) cəmiyyətində könüllü quruluşların əhəmiyyət kəsb etdiyini müşahidə edirik.

- Sənaye cəmiyyətində başlıca istehsal amilləri əmək, sərmayə, sahibkar olduğu halda, bilik cəmiyyətində bu istehsal faktorları mövcud olmaqla yanaşı, sıralama ilə beşinci istehsal faktoru kimi texniki "bilik" ön plana çıxır.

- Sənaye cəmiyyətində istehsal edilən mal və xidmətlərin qıtlığı əsas problem kimi qarşıda durursa, bilik cəmiyyətində məlumat, bilik qıtlığı anlayışı yoxdur. Bilik sürətlə artmaqdadır və yüksələn rentabellilik xüsusiyyətləri əxz edir.

- Sənaye cəmiyyətində istehsal olunan mal və xidmətlərin bir yerdən başqa yerə daşınmasına məsafənin uzaqlığı və sərf olunan maliyyə əhəmiyyətli olduğu halda, bilik sferasında bilik, məlumat ötürücüləri vasitəsi ilə istehlakçı ilə bilik arasındakı məsafə amili get-gedə öz əhəmiyyətini itirir və sərf olunan maliyyə xərcləri minimuma enir.

- Sənaye cəmiyyətində istehlakçı tələblərinin yerinə yetirilməsində mal və xidmətlərin mobilizasiyası (intensivliliyi) olduqca zəifdir, bilik, məlumat sferasında isə informasiyanın mobilizasiya edilməsi asandır.

Bu vəziyyət informasiyanın sərhəd tanımadan bir istehlakçı tərəfindən istehlak olunması və yenilikləri təşviq etməsinə şərait yaradır.Sənaye cəmiyyətində əsas biliklər, fizika, kimya sahəsindəki biliklər, informasiya cəmiyyətində isə kvant elektronikası, molekulyar biologiya və ekologiya elmləri kimi yeni tədqiqat sahələri formalaşır.

Sənaye cəmiyyətində siyasi sistem nümunəsi demokratiya olduğu halda, elm cəmiyyətində iştirakçı demokratiya anlayışının daha aydın bir əhəmiyyət kəsb edəcəyi düşünülür.İnformasiya texnologiyalarının inkişafı nəticəsində "teledemokratiya" adlandırılan dəyişikliyin gələcəkdə mövcud olacağı təxmin olunur. Burada biliklər cəmiyyətində "teledemokratiya" elektron səsvermə, evdə səsvermə kimi kommunikasiyada tamamilə yeni keyfiyyət meyarlarını ehtiva edir.

Bilik cəmiyyətinin yeni istehsal dinamikası (tempi) ictimai həyatın ənənəvi anlayışlarını dəyişdirdiyi kimi, təhsil anlayışında da dəyişiklikləri labüd edir. Bu prosesdə təhsilin yeni tərifi belə ifadə oluna bilər. "Biliklər cəmiyyəti"ndə təhsil  insanda öz öyrənmə profili haqqında fikir yaradılması yolu ilə, daha qabarıq üstün zehni qabiliyyətlərini inkişaf etdirməsi, bacarıq və davranışlarını ardıcıl olaraq aktuallaşdıra bilməsi üçün uyğun tədris şəraitinin yaradılması prosesidir. 

"Biliklər cəmiyyəti"ndə məktəb 

Təhsil qurumlarının əsas atributları olan proqram, sinif, dərs otağı, dərs kitabı, tədris üsulları hələ orta əsrlərdə formalaşmışdır.Sənaye inqilabından sonra onlara laboratoriya, imtahan və iş yeri (müəssisə) əlavə olunmuşdur. İbtidai məktəblər və universitetlər orta əsrlərin, orta məktəb və texniki peşə təhsili məktəbləri sənaye inqilabının məhsuludur.

Bu gün biliklər cəmiyyətinin inkişaf trendlərinə hələ cavab verməyən məktəbin yeni bir simaya ehtiyacı vardır. Bilik cəmiyyətinin ən böyük sərmayəsi olan təhsilli insanı formalaşdıracaq təşkilat kimi məktəbin funksiyaları, məzmun və məqsədləri yenidən düşünülməlidir.

Biliklər cəmiyyətində məktəblərin səmərəsi və məsuliyyəti artıq yeni biçimdə diqqət mərkəzinə gəlir. Hələ ki, bunun üçün məqbul sayılan heç bir standartı müəyyənləşməsə də, məşhur sosioloq Druker bu mövzu ilə bağlı aşağıdakı qənaətləri bölüşür:

- Bilik cəmiyyətinin ehtiyacı olan məktəb, yüksək səviyyədə savadlılıq təmin etmək məcburiyyətindədir.

- Hər səviyyədə və hər yaşdakı şagirdlərə öyrənmə motivləri, tədrisi davam etdirmək intizamı aşılanmalıdır.

- Məktəb həm yüksək səviyyədə təhsil almış insanlara, həm də hər hansı bir səbəbdən erkən yaşlarda təhsil ala bilməmiş insanlara açıq olmalıdır.

- Elmi həm məzmun, həm də proses olaraq (həyata keçirən) ötürən məktəblərə ehtiyac vardır.

Bu gün bilik artıq hər yerdədir. Bu səbəbə görə məktəblərin artıq bilik ötürən təşkilatlar olmaqdan elm istehsal edə bilən və fərdlərə anlamaq, analiz etmək və problemi həll etmək kimi bacarıqlar aşılaya bilən təsisat olması vacibdir. 

"Biliklər cəmiyyəti"ndə təhsilli insan 

Bu günün tələbləri baxımından təhsilli insan, yəni oxumağı -yazmağı bacaran şəxs anlayışı dəyişmişdir. O, artıq oxuyub - yazmağı bilən, hesabı bilən şəxs deyil, ilkin kompüter bacarıqlarına sahib olan şəxsdir. Bilik dövrünün fərdləri özləriylə bağlı inkişaf və mübahisələrdən kənarda qalmamaq və fəal vətəndaşlar olmağı bacarmaq üçün yeni texnologiyalardan fəal şəkildə istifadə etmək məcburiyyətindədirlər. İnformasiya - kompüter şəbəkəsi təhsilini reallaşdıran fərd zəngin bir məzmunla üz-üzədir.

Bəşəriyyət insani dəyərləri yenidən kəşf etmək mərhələsinə çatmışdır. çünki hər şey insan üçündür. Yüksək texnologiyanın avtomatlaşdırdığı insan bir çıxış nöqtəsi axtarışındadır. Bu çıxış yolu bilik hədəfi və insani dəyərlərdir. Bu səbəbdən, XXI əsr insanının zehni potensialını işə salması lazımdır. Beləliklə, biliklər cəmiyyətinin mərkəzində insan anlayışı durur. Təhsilli insan bilavasitə cəmiyyətin simvoludur, cəmiyyətin məhsuldarlıq həcmini müəyyənləşdirəndir. Eyni zamanda cəmiyyətin dəyərlərini, inanclarını, öhdəliklərini təmsil edəndir.

- Təhsilli insan açıq və təsirli bir şəkildə düşünməyi bacarmalı və düşündüklərini yazmağı bacarmalıdır.

- Kainat, cəmiyyət və onu əhatə edən ətraf mühit ilə bağlı bilik, informasiya əldə edə bilmək yolları haqqında seçici bir anlayışa sahib olmalıdır.

- Fərdin həyatındakı təcrübələr daha geniş bir miqyasda öyrənilməlidir. Bilik cəmiyyətinin insanı dünyada baş verən  inkişaf prosesindən xəbərsiz olaraq "əyalət düşüncəli" və "öz içinə qapanmış" vəziyyətdə qala  bilməz.

Bu yanaşmadan çıxış etsək, müasir müəllimin şagirdin önündə olması, yol göstərə bilməsi, məsləhətçi rolunu oynaya bilməsi üçün əvvəlcə özünün öyrənmə və inkişaf etdirməyi bacarma məsuliyyətini daşıya bilməsi lazımdır. Müəllim öz bacarıq səviyyəsinin fərqində olmalı, biliyin qüvvə olduğunu, bacarığın davamlı öyrənmə prosesi ilə əldə olunduğunun mümkünlüyünü, bacarıqsızlığının isə cəmiyyət üçün ziyanlı olacağını bilməlidir. Bilik texnologiyaları müəllimin işini sadələşdirən, adi öyrənmələrə sərf edəcəyi vaxtın daha səmərəli istifadəsini təmin edən, daha çox ona assistentlik vəzifəsini yerinə yetirə biləcək, təhsili tamamlayan vasitələrdir. Müəllim hər şeydən öncə bu texnologiyalara bələd olmalı və interakriv öyrənmə şəraitini formalaşdıra bilməlidir. çünki gələcəyin (artıq gəlməyibmi - C.V.)  məktəbində şagirdlər kompüter proqramlarını öz alətləri kimi işlədəcəklər.

İnformasiya cəmiyyətində müəllim və şagird arasındakı sədd aradan qaldırılır. Bundan sonra müəllimlər mübahisəsiz olaraq haqlı olması qəbul edilən şəxslər olmayacaqlar. Onlardan gözlənilən şeylər şagirddə maraq oyandırmaq, onu tədqiqata yönəltmək və sistemlı çalışmasına kömək etməkdən ibarətdir.

Postsənaye cəmiyyətində müəllimlər şagirdlərə o qədər də əhəmiyyət daşımayan hadisələri fokuslamaqdan daha çox qlobal düşünməni, biliklərini  genişləndirməyi, milli və mədəni səviyyələrə qapanmaqdan kənar daha maraqlı fərdlər olmağı öyrədəcəklər. Şagirdlər bir hadisə ilə bağlı hərtərəfli, geniş aspektdə düşünə bilmə, bir problemi həll edərkən başqa sahədəki biliklərini istifadə etmək bacarığını formalaşdırmalıdırlar.

Bilik cəmiyyətində şagirdlər bir qədər məhdud şəkildə olsa da, müxtəlif fikirlərlə bağlı məlumat sahibi olmalı və bunlara tənqidi şəkildə yanaşmağı bacarmalıdır. Bir çox tədqiqatçıların fikrincə, tənqidi düşüncənin bəzi xüsusiyyətləri bu şəkildədir: mövzuya doğru fokuslaşma, mübahisələri analiz etmək, mövzunu açan suallar vermək və cavablandırmaq, mənbənin etibarlı olduğunu araşdırmaq, məlumatlarla bağlı mühakimə yürütmək və nəticə çıxarmaq, təxminləri dəyərləndirmək və başqaları ilə əlaqə yaratmaqdır.

Şagirdlər fərqli fikirləri qarşı - qarşıya qoymağı, müqayisə etməyi bacarmalıdırlar. çünki müqayisə edilməyən bilik real bilik deyil. Ancaq müxtəlif baxış bucaqlarından müşahidə olunan mövzu ilə bağlı daha obyektiv fikir yürütmək olar. 

"Biliklər cəmiyyəti"ndə tədris metodları 

Cəmiyyətin inkişafında  ən əhəmiyyətli faktorlardan biri olan təhsilin yalnız məzmununu dəyişdirmək kifayət deyildir. Daha çox tədris metodlarına təsir edən dəyişikliklər etmək lazımdır.

Müəllimin çox sayda şagirdə dərs dediyi və bir sıra standart testlərlə mənimsəməni aydınlaşdırmaq üçün yoxlama apardığı vərdiş edilmiş metodların dəyişdirilməsinə də ehtiyac vardır. İnformasiya cəmiyyətində ənənəvi təhsil tədricən həyata keçən və bahalı bir təhsildir. Kompüter texnologiyası və xüsusilə interaktiv multimedia təhsil prosesinə daxil edilməlidir. Kompüter texnologiyası tətbiq olunaraq təhsildə inkişafa çatmaq üçün müəllimləri öyrətmək və yeni tədris modelləri tapmaq lazımdır. Şagirdlərin məlumatı sadəcə tapmaq deyil, analiz edərək biliyə çevirmək üçün öz metodlarını öyrənmələrinə kömək edən və müəllimin bir məsləhətçi olduğu tədris metodlarına ehtiyac vardır. Kompüter texnologiyası müəllimin əsas rol aldığı ənənəvi tədris formalarında öyrədənə assistentlik edərək tamamlayıcı bir vəzifə daşımaqdadır.

Bilik cəmiyyətində genişhəcmli bir təhsil programı müəyyənləşdirmək getdikcə çətinləşir, çünki həm elmi inqilab yeni və əhəmiyyətli elmləri məktəb arenasına gətirir, həm də şagirdlərin ehtiyacları daima dəyişir. Müəllimlər mümkün detallı dərs proqramlarından uzaqlaşaraq daha çox ümumi məqsədlərə mərkəzləşəcəklər.  Bu baxımdan  proqramların müəyyənləşdirilməsində şagirdlərin də demokratik iştirakı təmin olunmalıdır. Təhsil hər bir kəsin öz surətinə görə, zor tətbiq etmədən, müstəqil olduğu qədər işbirliyinə əsaslanan metodlarla insan ağlını gücləndirən bir keyfiyyətə sahib olmağı bacarmalıdır.

Bilik cəmiyyətində təhsil sistemində kütlə təhsilindən fərdiləşmiş tədrisə, tək tədrisdən, çoxluğun üstünlük təşkil etdiyi tədrisə, sərt proqramlarından elastik proqramlara, asılı məzmundan müstəqil məzmuna keçid təmin olunmalıdır. Bilik cəmiyyətində təhsil metodlarında fərdilik ön plana çıxmalı,kompetensiyalar çevik olmalı, fərdin öz bacarıq və potensialını kəşf etməsini və maraq duyduğu sahələrə yönəlməsini təmin edən proqramlar inkişaf etdirilməli və qrup halında çalışmalar və fərdi çalışmalarla gələcəyə hazırlanmalıdır.

Artıq yeni dövrdə insanların haraya gedəcəklərini özləri deyil, onların xaricindəki kənar qüvvələr təyin edəcəklər. Ona istinadən bu gün qloballaşma kimi tanınan hadisənin arxasında innovasiyanın dayandığı və bunun istehsal proseslərini, çalışma şərtlərini, fəaliyyət dairəsini böyük miqyasda dəyişdirdiyi müşahidə olunmaqdadır.

Təhsilin qloballaşması deyildikdə, ümumiyyətlə, təhsil, metod, proses və idarəetmədə inkişaf etmiş ölkələrə inteqrasiya başa düşülür. Ancaq təhsildə bu inteqrasiya prosesi qloballaşmanın gətirdiyi problemlərin həlli üçün kifayət deyildir. Təhsil, sadəcə qloballaşmaya uyğunlaşma və ya inteqrasiya problemi üçün deyil, eyni zamanda qloballaşmanın yaratdığı problemləri aşmaq üçün bir vasitədir. Bu baxımdan cəmiyyətin və fərdlərin, qloballaşmanın doğura biləcəyi mümkün nəticələrə qarşı tədbir görə biləcək və dəyişikliklərdən fayda əldə edə biləcək bacarıqlara sahib olmaları lazımdır. Qloballaşmanın təhsil sistemlərində böyük dəyişikliklərə yol açması və gələcəkdə də yol açacağı şübhəsiz ki, bir həqiqətdir.  

Nəticə 

Bilik cəmiyyəti yaşadığımız bu günlərdə hər sahədə olduğu kimi, təhsil sahəsində də innovasiyaya əsaslanaraq müxtəlif növlü dəyişmələri labüd edir. Təhsilin hədəfi və məktəblərin funksiyalarının yenidən müəyyənləşdirilməsi bir zərurət halına çevrilmişdir. Bunun təməlində də ictimai sferada  "inanc, dəyər və texnologiyaların" dəyişməsi durur. Bu dəyişmələr yeni paradiqmalar yaratmışdır.

Hər sahədə məsafənin daha az əhəmiyyət daşıyaraq siyasi, iqtisadi, sosial və mədəni sahələrdə dünyanın daha çox bütünləşməsi kimi xarakterizə olunan qloballaşma bilik cəmiyətində yüksələn əsas dəyərlərdəndir. Bununla yanaşı, təhsildə qlobal yaxınlaşma bir tamdır. Fənlərarası tədqiqat araşdırmaları qloballaşan təhsilin metodlarındandır.

XXI əsrdə kompleks biliklər arasından lazım olanı seçməyi bacaran, hissələri bir yerə yığa bilən, intuisiya, hissiyyatlılıq, anlayış formalaşdıran sosial, inkişaf etmiş fərdlərə ehtiyac vardır.

Bilik cəmiyyətinin sürətli inkişafı cəmiyyətin fonunda bilik səviyyəsində olan artımı həm tələb etməkdə, həm də sadələşdirməkdədir. Bununla əlaqədar olaraq, təhsilin davamlılığı və gərəkliliyinə inanan fərdlərə ehtiyac vardır.

Nəticə olaraq qarşıdakı illərdə təhsil sistemləri, məktəblər, müəllimlər, şagirdlər və tədris metodları sürətli bir dəyişmə və inkişaf prosesindən keçmiş olacaqlar.  

Cəsarət VALEHOV,
İctimai Televiziyanın "Açıq dərs" verilişinin moderatoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
25 Dekabr 2009 - ¹50
Dünya azərbaycanlılarına
 
Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İl ərzində çoxlu sayda təhsil işçisi dövlət təltiflərinə və fərdi təqaüdlərə layiq görülüb
 
ADU-da elmi-praktik konfrans
 
Azərbaycanlı müəllimlər Kent Universitetində təcrübə keçiblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
BDU-da təlim kursunun müdavimlərinə sertifikatlar təqdim olundu
 
Təhsil naziri "açıq dərs"də iştirak etdi
 
Bir müəllimin ərizəsini 7 dəfə oxusaq da...
 
Kredit sistemini ilk tətbiq edən ali məktəb
 
Məktəbdə İKT-nin tətbiqi  xeyli genişlənib
 
"Biliklər cəmiyyəti"ndə təhsil paradiqması
 
Dünya universiteti: Avstraliya Milli  Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov