Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 Dekabr 2009 - ¹50

 

Kredit sistemini ilk tətbiq edən ali məktəb

 

"Xəzər Universiteti bu gün həm Azərbaycanda, həm də Azərbaycandan kənarda özünəməxsus yeri, özünün xüsusi çəkisi olan bir ali təhsil müəssisəsidir" 

"Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Xəzər Universiteti beynəlxalq əlaqələrin qurulması, beynəlxalq layihə və proqramlarda iştirak, dünyanın aparıcı universitetləri ilə müəllim və tələbə mübadiləsi, Boloniya Bəyannaməsinin tələblərinə uyğun olaraq Avropa təhsil məkanına inteqrasiya və digər sahələrdə təsirli tədbirlər görməklə kadr hazırlığı sahəsində əsaslı nailiyyətlər əldə etmiş, böyük nüfuz qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, bu universitet qrantlar vasitəsilə əlavə maliyyə vəsaitləri cəlb etməklə təhsildə texnologiyaların  və innovasiyaların tətbiqi vasitəsilə təhsilin inkişafına zəmin yaratmışdır. Ali məktəblərə tələbə qəbulunun yekunlarına əsasən reytinq və abituriyent ərizələrində ali məktəblərin ixtisaslarının birinci yerdə rastgəlmə tezliyi cədvəllərində Xəzər Universiteti dövlət ali təhsil müəssisələri ilə rəqabət apara bilir".

Həm bu sözlər, həm də yarımbaşlıqda ifadə olunmuş fikir Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanova məxsusdur. Bu cümlələr Xəzər Universitetinin ali təhsil sistemimizdə və bütövlükdə cəmiyyətimizdəki yerini kifayət qədər aydın göstərir. 

Yaranma və akkreditasiyası 

Xəzər Universiteti 1991-ci il martın 18-də Nazirlər Kabinetinin 41 nömrəli qərarı ilə ölkəmizdə müxtəlif sahələr üzrə yüksək ixtisaslı və ingilisdilli kadrlara olan ehtiyacı ödəmək məqsədilə, İngilisdilli Azərbaycan Universiteti adı altında yaradılmışdır.

1992-ci ilin fevralında Universitet Elmi-inzibati Şurasının qərarı ilə adı dəyişdirilərək Xəzər Universiteti adlandırılmışdır.

4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 nömrəli qərarı ilə yenidən qeydiyyatdan və ekspertizadan keçmişdir.

Nazirlər Kabinetinin 13.02.97-ci il 15 nömrəli və Təhsil Nazirliyinin 19.06.97-ci il 420 nömrəli qərarları ilə magistraturada kadr hazırlığına icazə verilmişdir.

10 iyul 2002-ci il tarixdə universitetin fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya (seriya AB, ¹ 019019) verilmişdir.

Xəzər Universiteti Azərbaycanda kredit sistemini tətbiq edən ilk ali məktəbdir. O, Azərbaycanda yeganə universitetdir ki, tədris siyasəti və diplomları Avropa və Amerikanın aparıcı universitetləri tərəfindən tanınır.

Xəzər Universitetində əsas təhsil dili ingilis dilidir. Bu, tələbələrin təhsillərini xaricdə davam etdirmələrinə geniş imkan verir.

Xəzər Universiteti  tətbiq etdiyi orijinal təhsil modeli, tədris proqramlarının müasirliyi, verdiyi təhsilin keyfiyyəti baxımından Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda nüfuz qazanmışdır.

Universitetdə 6 fakültə fəaliyyət göstərir. Bunlar mühəndislik və tətbiqi elmlər; iqtisadiyyat və menecment; humanitar və sosial elmlər; hüquq; tibb, stomatologiya və səhiyyə; təhsil fakültələridir.

Bu fakültələrdə 16 ixtisas üzrə həm bakalavr, həm magistr, həm də fəlsəfə doktoru dərəcələri (neft-qaz mühəndisliyi, kompüter mühəndisliyi, kompüter elmləri, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, menecment, marketinq, biznesin idarə edilməsi, Azərbaycan dili və ədəbiyyatı, ingilis dili və ədəbiyyatı, tərcümə (ingilis dili), jurnalistika, politologiya, regionşünaslıq (regionlar üzrə), təhsilin idarə edilməsi), 4 ixtisas üzrə həm bakalavr, həm də magistr dərəcələri (riyaziyyat və informatika müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ingilis dili müəllimliyi, ibtidai sinif müəllimliyi), 3 ixtisas üzrə təkcə bakalavr dərəcəsi (inşaat mühədisliyi, hüquqşünaslıq, beynəlxalq hüquq) və tibb, stomatologiya və səhiyyə fakültəsində müalicə işi, stomatologiya, tibbi biologiya ixtisasları üzrə kadr hazırlığı aparılır. 

Tələbə və məzunların sayı, kadr potensialı 

6 fakültədə bakalavr və magistratura proqramı üzrə 1500-ə yaxın tələbə təhsil alır. İndiyə qədər universitetin 1642 məzunu olmuşdur.

Bu gün universitetin məzunları həm ölkəmizdə, həm də xaricdə ən nüfuzlu təşkilatlarda və beynəlxalq qurumlarda uğurla çalışırlar.

Məzunların bir qismi təhsillərini ABŞ, Böyük Britaniya, Fransa, Kanada, çin, İspaniya, İtaliya, Türkiyə, Yunanıstan, Portuqaliya, Bolqarıstan, Almanya, Norveç, İsveç və s. ölkələrin tanınmış ali məktəblərində magistr və doktorantura səviyyəsində davam etdirirlər.

Universitetdə 200 nəfərdən çox professor-müəllim heyəti, o cümlədən 40-a yaxın elmlər doktoru, 100-ə yaxın elmlər namizədi çalışır. Müəllimlərin əksəriyyəti xarici ölkələrdə təcrübə keçmiş tanınmış alimlər, elm və mədəniyyət xadimləridir. Universitetdə hər semestr yerli müəllimlərlə yanaşı, dünyanın nüfuzlu ali məktəblərindən dəvət edilmiş xarici mütəxəssislər də çalışır.  

Maddi-texniki baza 

Universitetin geniş maddi-texniki bazası var. Burada tədris, ümumi sahəsi 17.542 kv.m. olan 5 korpusda aparılır.

Neftçilər Kampusu-1 Məhsəti küçəsi, 11 ünvanında yerləşən, ümumi sahəsi 4123 m2 olan 5-mərtəbəli özəl bina və 1-mərtəbəli mətbəə binasından ibarətdir.

Burada nəşriyyat, mətbəə, surətçıxarma mərkəzi, elmi və tədris laboratoriyaları, akademik departamentlər, elmi institut və mərkəzlər fəaliyyət göstərir, elmi və ədəbi-publisistik jurnallar nəşr olunur.

Zəngin kitabxana, müasir kompüter mərkəzləri, tibb mərkəzi, yeməkxanalar, idman qurğuları tələbə və işçilərin xidmətindədir.

Neftçilər Kampusu-2 də həmin ünvanda yerləşir və ümumi sahəsi 4.208 m2 olan xüsusi layihə və dizaynla tikilmiş 7-mərtəbəli tədris binasından ibarətdir.

Cari tədris ilinin əvvəlində istifadəyə verilmiş (binanın rəsmi açılışı hələ olmayıb) yeni tədris binasında ən müasir kompüterlərlə təchiz edilmiş kompüter mərkəzləri fəaliyyət göstərir. Burada müasir yazı lövhələri, proyektorlarla, eləcə də video-nəzarət sistemi ilə təchiz edilmiş geniş və işıqlı auditoriyalar, binanın birinci mərtəbəsini əhatə edən müasir tələblərə cavab verən yeməkxana və ən müasir dərsliklərlə zəngin kitabxana vardır.

Mərkəz Kampusu şəhərin mərkəzində - Bəşir Səfəroğlu küçəsi, ev  122-də yerləşir. ümumi sahəsi 1115 m2 olan xüsusi layihə və dizaynla tikilmiş 4-mərtəbəli binadan ibarətdir.

Burada 20-dən çox dərs otağı, konsert salonu yerləşir.

Alatava Kampusu Alatava küçəsi, 2 ünvanında yerləşir və ümumi sahəsi 3761 m2 olan xüsusi layihə və dizaynla tikilmiş 5-mərtəbəli tədris binasıdır.

Burada Xəzər Universiteti nəzdində fəaliyyət göstərən "Dünya" məktəbi yerləşir, həmçinin təhsil fakültəsinin bir sıra dərsləri də burada keçilir.

Universitetin Naxçıvani küçəsi, 9 ünvanında yerləşən Binəqədi Kampusunda hazırda  xüsusi layihə üzrə bağça və orta məktəb üçün nəzərdə tutulmuş kompleksin tikintisinə hazırlıq işləri aparılır. 

Kompüter mərkəzləri və laboratoriyalar 

Universitetdə  7 kompüter mərkəzi mövcuddur və bu mərkəzlərdə ümumilikdə 317 ən müasir kompüter var. Təhsil ocağında hər 4-5 tələbəyə 1 kompüter düşür ki, buna da az-az ali məktəblərdə rast gəlmək olar.

Bütün mərkəzlər tələbə və işçilərin tədris və tədqiqat ehtiyaclarına xidmət edir.

Universitetdə müasir standartlara uyğun ləvazimatlarla təchiz olunmuş ixtisaslaşmış tədqiqat və tədris laboratoriyaları da fəaliyyət göstərir. İxtisaslaşmış laboratoriyalar  müxtəlif sahələrdə tədris və tədqiqatların aparılmasına xidmət edir.  

Kitabxana-informasiya mərkəzi 

Universitetdə, yeni istifadəyə verilmiş tədris binasının bütövlükdə 5-ci və 6-cı mərtəbəsini əhatə edən və ümumi sahəsi 1000 kv.m.-dən çox olan, dünyanın bir çox ölkələrindən alınıb gətirilmiş, elmin müxtəlif sahələrinə aid ən müasir dərslik və monoqrafiyalarla zəngin kitabxana-informasiya mərkəzi tələbələrə xidmət edir.

Kitabxana-informasiya mərkəzi, Science Direct, Cambridge University Press, Oxford University Press, Bio One, AGORA, Ingenta və s. kimi dünyada ən məşhur olan verilənlər bazalarına müraciəti təmin edir. Universitenin tələbələrinin dünyanın müxtəlif yerlərində nəşr olunan 4450 akademik və 3600-dən çox biznes jurnalına çıxışı var.

Universitetdə mövcud olan 200.000 nüsxədən çox kitabdan təxminən 150.000 nüsxəsi 1990-cı ildən sonra nəşr edilmiş kitablardır.

Kitabxanaya daim yeni kitablar daxil olur. 

Beynəlxalq əlaqələr 

Universitetdə tədrisin ingilis dilində aparılması dünya təhsil sisteminin nailiyyətləri və ənənələrindən bəhrələnməyə, eləcə də dünyanın qabaqcıl universitetləri ilə tələbə və müəllim mübadiləsini uğurla həyata keçirməyə kömək edir.

Xəzər Universiteti dünyanın bir çox ölkələrinin - Böyük Britaniyanın London, Kembric, Oksford universitetləri və s., ABŞ-ın  Harvard, Kolumbiya, Kaliforniya Dövlət Universiteti, Corciya Dövlət Universiteti və s., eləcə də Fransa, Hollandiya, Türkiyə, Almaniya, Kanada, İtaliya, Rusiya, İran İslam Respublikası, çin Xalq Respublikası, Yaponiya, Macarıstan, Avstraliya, İsveç və başqa ölkələrin məşhur universitetləri ilə geniş əlaqələr yaratmışdır. Göstərilən bu ali məktəblərin əksəriyyəti ilə  elmi araşdırmalar, informasiya mübadiləsi və s. əlaqələrlə yanaşı, tələbə və müəllim mübadiləsi proqramları da həyata keçirilir. Belə geniş beynəlxalq əlaqələr nəticəsində Xəzərin yüzlərlə tələbəsi öz təhsillərini adıçəkilən universitetlərdə davam etdirmiş və etdirməkdədir. Xəzərin müəllimlərinin isə, demək olar ki, hamısı bu ali məktəblərdə işləmiş və təcrübə keçmişlər. Universitetlərarası bu mübadilə proqramlarından savayı, Xəzər Universitetinin bir sıra müəllimləri və yuxarı kurs tələbələri, eləcə də magistrant və doktorantları müxtəlif beynəlxalq fondların və proqramların (ACTRA/ACCELS Undergraduate exchange Program, British Chevening Program, German DAAD Program, Muskie Fellowship Program, IREX Contemporary Program, Freedom Support Act Program, British Council Scholarships Program və s.) dəstəyi ilə məşhur xarici universitetlərdə uzun və ya ortamüddətli staj keçmiş və ya təhsil almış, bir sıra əməkdaşlar bu fondlar və proqramların dəstəyi ilə müxtəlif ölkələrdə konfranslarda, seminarlarda iştirak etmişlər. Bütün  bunların nəticəsidir ki, Xəzər Universiteti müəllim-kadr potensialına, xaricdən dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə göndərilən müəllim və tələbələrin sayına görə Azərbaycanın ən öndə gedən ali məktəblərindən biridir.

Eləcə də bu əməkdaşlıq proqramları çərçivəsində yüzlərlə xarici mütəxəssis Xəzərdə işə cəlb olunmuşdur. Demək olar ki, hər tədris ilində burada 15-20 xarici müəllim dərs deyir.

Xəzər Universiteti beynəlxalq əlaqələr çərçivəsində Beynəlxalq Universitetlər Assosiasiyasının və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür.

Universitet Azərbaycanda fəaliyyət göstərən biznes şirkətləri, fondlarla da geniş əlaqələr qurmuşdur. O cümlədən, TASIC/TEMPUS, Avrasiya, Soros fondu, Amerika Hüquqşünaslar Assosiasiyası, İREX, Carnegie fondu və s. ilə geniş əməkdaşlıq proqramları həyata keçirirlər.

Xəzər Universiteti habelə Azərbaycanda fəaliyyətdə olan xarici nümayəndəliklərlə - səfirliklərlə güclü əlaqələrə malikdir. Müxtəlif səfirlik rəsmilərinin universitetdə mühazirələr oxuması adi hala çevrilmişdir. 

Əcnəbi tələbələr 

Xəzər Universitetində təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artmaqdadır. Dünya təhsil təcrübəsində uğur qazanmış kredit sisteminin tətbiq edilməsi, təhsilin ingilis dilində olması, təhsildə keyfiyyət, eləcə də çox maraqlı və canlı tələbə həyatının olması xarici ölkə vətəndaşlarını bura cəlb edən elementlərdəndir.

Universitetdə bu gün Amerika Birləşmiş Ştatlarından, Qərbi Avropadan, Rusiyadan, Gürcüstandan, ərəb dövlətlərindən, Türkiyədən, İran İslam Respublikasından, Hindistandan, çindən, Nigeriyadan, Cənubi Koreyadan və b. ölkələrdən gəlmiş 150-dən artıq xarici tələbə təhsil alır. Bu rəqəm sürətlə artmaqdadır.

Hazırda Xəzər Universitetində təhsil alan tələbələrin 15 faizindən çoxu əcnəbilərdir və bu, Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblər (istər dövlət, istərsə də özəl) arasında ən yüksək göstəricidir. 

Universitetin institut və mərkəzləri 

Hazırda Xəzər Universitetində iqtisadi və biznes təhsili və araşdırmalar; lüğət və ensiklopediya; ətraf mühit tədqiqatları; qadın araşdırmaları mərkəzləri; siyasət institutu; tərcümə araşdırmaları mərkəzi; distant təhsil; xəzər enerji tədqiqatları mərkəzi və təhsil siyasəti institutu fəaliyyət göstərir.

İqtisadi və Biznes Təhsili və Araşdırmalar Mərkəzi iqtisadiyyatın və biznesin müxtəlif istiqamətlərində araşdırmalar aparır, iqtisadiyyat və biznes fənlərinin tədrisinin təkmilləşdirilməsinə dəstək verir, biznesin təşkili və idarə edilməsi sahələrində müxtəlif treninqlər keçirir.

Mərkəz mütəmadi olaraq iqtisadiyyat, maliyyə, marketinq, kiçik və orta biznes və digər sahələrdə respublikamızın müxtəlif ərazilərində orta məktəb müəllimləri və sahibkarlar üçün treninq və seminarlar təşkil edir.

Lüğət və Ensiklopediya Mərkəzində leksikoqrafiya sahəsində zəngin təcrübəyə malik alimlər və Xəzər Universitetinin müəllimləri çalışır. Mərkəz son bir neçə ildir ki, 6 cilddən ibarət olan ingiliscə-Azərbaycanca irihəcmli lüğətin tərtibi ilə məşğuldur.

"Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət" adlanan bu lüğətin 3 cildi artıq nəşr olunmuşdur, qalan 3 cildi isə çapa hazırlanır.

Ətraf Mühit Tədqiqatlari Mərkəzi Azərbaycanın və onun sərhəd zonalarında olan çay və göl hövzələrinin və dağların ətraf mühit problemlərinin öyrənilməsi və tədqiq edilməsi məsələləri ilə məşğul olur.

Qadın Araşdırmaları Mərkəzi universitetdə və həmçinin milli və beynəlxalq səviyyədə qadınların hüquqlarını yaxşılaşdırmaq məqsədilə yaranmışdır.

Mərkəzin əsas fəaliyyət istiqamətləri qadın məsələlərilə bağlı bakalavr və magistr kursları hazırlamaq və tədris etmək, qadın məsələləri ilə bağlı elmi tədqiqat layihələrində iştirak etmək, insan və qadın hüquqlarının inkişafına kömək göstərmək və s.-dir.

Siyasət İnstitutu siyasətlə bağlı tədqiqat, təhlil və təhsil məsələləri ilə məşğul olan müstəqil qurumdur.

İnstitut müxtəlif dövlət rəsmilərinin, diplomat və alimlərin iştirakı ilə müntəzəm konfrans, seminar və müzakirələr, həmçinin böhran simulyasiyası üzrə tələbələrin iştirakı ilə illik konfranslar keçirir.

Tərcümə Araşdırmaları Mərkəzinin əsas məqsədi akademik, bədii, fəlsəfi və texniki əsərləri müxtəlif müasir dillərdən Azərbaycan dilinə çevirməkdir.

Azərbaycan mədəniyyətinin bir çox qiymətli nümunələrinin də başqa dillərə tərcüməsi nəzərdə tutulur.

Mərkəz tərcümənin tədqiqi və tədrisi işlərinə də cəlb olunur.

Tərcümə Araşdırmaları Mərkəzi peşəkar tərcüməçilərlə yanaşı, gənc tərcüməçiləri də mərkəzin işlərinə cəlb edir.

Distant Təhsil Mərkəzi müəllimlərə online tədrisə hazırlıq;  kurs materiallarının dizaynı; veb-yönümlü kursların təşkili; məsafədən tədris; online öyrənmənin aparılması və.s yardımları göstərir.

Xəzər Enerji Tədqiqatları Mərkəzi enerji ilə bağlı müxtəlif məsələlərin tədqiqatı ilə məşğuldur.

Xəzər Universiteti nəzdindəki orta ümumtəhsil "Dünya" məktəbi Azərbaycanda fəaliyyətə başlayan ilk məktəblərdən biridir.

"Dünya" məktəbi 2009 - cu il yanvarın 16 - da beynəlxalq İB məktəbi statusu alıb, "Dünya" İB School adı ilə Beynəlxalq Bakalavr Təşkilatı - İnternational Baccalaurate Organization - İBO -nun üzvü olub.

Dünyada cəmi 1878  məktəb İB diplomu verə bilir.

Keçmiş Sovet ölkələrində 22, Azərbaycanda isə cəmi 2 İB diplomu verən məktəb mövcuddur. Onlardan biri  də Xəzər Universitetinin "Dünya" məktəbidir.

Təhsil Siyasəti İnstitutunun məqsədi təhsildə dünya təcrübəsini öyrənmək, keyfiyyətin artırılması və onun ölçülməsi problemləri üzərində çalışmaq, Azərbaycanda təhsil siyasətinin və təhsil sisteminin inkişaf yollarını araşdırmaq, xüsusi halda Boloniya prosesini yaxından izləmək və maraqlı tərəflərə bu sahədə yardım göstərməkdir.  

Nəşriyyat və mətbəə 

Xəzər Universiteti nəşriyyatında dərsliklər, monoqrafiya, konfrans materialları, elmi-tədqiqat jurnalları, tərcümə layihələri (İngilis və başqa dillərdən Azərbaycan dilinə və həmçinin Azərbaycan dilindən ingilis və başqa dillərə tərcümə olunmuş kitablar), həmçinin bədii ədəbiyyat, elmi və elmi-publisistik jurnallar nəşr edilir.

Mətbəə Xəzər Universiteti nəşriyyatının müntəzəm çap sifarişlərini yerinə yetirir.

Burada eləcə də müxtəlif dərsliklər, dərs proqramları, monoqrafiyalar, tədqiqat işləri, konfrans materialları, bədii əsərlər, şeir kitabları və.s çap edilir. 

Mədəni fəaliyyət 

Universitetdə mədəni həyatın inkişafı həmişə diqqət mərkəzində olmuşdur.

Tələbə və müəllimlərdən ibarət iki mahnı və rəqs ansamblı Azərbaycanda və bir çox xarici ölkələrdə, o cümlədən Türkiyədə təşkil olunan musiqi festivallarında uğurla iştirak etmiş, bir sıra yarışların qalibi olmuşlar.

Xəzər Universiteti ansamblı Qafqaz və türk xalqları da daxil olmaqla, dünyanın bir çox xalqlarının milli rəqs və mahnılarını ifa edir.

Milli Geyimlər Mərkəzində Azərbaycanın milli geyimləri toplanıb. Bütün bu geyimləri tələbələr özləri "Milli Geyimlər üçün Tikiş Dərnəyi"ndə düzəldirlər.

Mərkəzdə  toplanan və saxlanılan Qafqaz və başqa regionların əhali və xalqlarının milli geyimləri, Xəzər Universitetinin oğlan və qızlardan ibarət rəqs ansamblının müxtəlif xalqların rəqslərinin daha canlı, dolğun və təbii yerinə yetirmələrinə kömək edir.

Universitetdə 285 yerlik "Dünya konsert salonu" mövcuddur. Burada universitetin müxtəlif tədbirləri, klassiklərimizin və müasir sənət adamlarımızın həyat və yaradıcılıqlarına həsr olunmuş yaddaqalan elmi toplantılar, görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə görüşlər, muğam və klassik musiqi gecələri, eləcə də yerli və beynəlxalq konfranslar və s. tədbirlər keçirilir.  

Xalça Muzeyi və Zərgərlik Mərkəzi 

Xəzər Universitetinin Xalça Muzeyi həm muzey, həm də emalatxana kimi fəaliyyət göstərir.

Muzey və emalatxana incəsənət üzrə seçmə fənn götürərək kredit qazanmaq istəyən tələbələrin istifadəsi üçün də açıqdır.

Burada toplanan toxunma əşyaların hamısı tələbələr tərəfindən hazırlanmışdır.

Universitetin nəzdindəki Zərgərlik Mərkəzi həm də kredit qazanmaq məqsədi ilə zərgərlik sənətini seçmə kurs kimi götürən tələbələr üçün emalatxanadır.

Burada emalatxana işlərinə peşəkar zərgər rəhbərlik edir.

Universitetdə fəaliyyət göstərən Karyera mərkəzinin əsas məqsədi yuxarı kurs tələbələri və məzunlara gələcək uğurlu karyeralarının qurulmasında yardımçı olmaqdır.

Bu məqsədlə böyük təşkilat və şirkətlərin iştirakı ilə universitetdə iş yarmarkaları keçirilir və bu yarmarkalarda tələbə və məzunlar işəgötürənlərlə birbaşa ünsiyyətdə olurlar. 

İdman 

Universitetin həyatında idman böyük rol oynayır.

Universitetdə tələbələrdən ibarət futbol, voleybol, basketbol, şahmat klubu və müxtəlif döyüş növləri üzrə (karate, cüdo, uşu, boks) idman bölmələri fəaliyyət göstərir. Universitetin "Xəzər Universitet" futbol klubu 1998-2004-cü illərdə ölkənin futbol üzrə güclülər dəstəsində (indiki premyer liqa) çıxış etmişdir.

Bir sıra tələbələr idmanın müxtəlif komanda növləri üzrə yerli və beynəlxalq yarışların iştirakçılarıdır.

Eləcə də tələbələr yerli və beynəlxalq yarışların, o cümlədən Avropa və dünya çempionatlarının iştirakçısı və qalibləri olmuşlar.

Universitetin kişi və qadınlardan ibarət basketbol komandaları İranda, Gürcüstanda, Rusiyada və başqa ölkələrdə keçirilmiş müxtəlif beynəlxalq yarışlarda iştirak etmiş, uğurlar qazanmışlar.

Bu  komandalar indi də Azərbaycanın premyer liqasında çıxış edirlər.  

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
25 Dekabr 2009 - ¹50
Dünya azərbaycanlılarına
 
Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İl ərzində çoxlu sayda təhsil işçisi dövlət təltiflərinə və fərdi təqaüdlərə layiq görülüb
 
ADU-da elmi-praktik konfrans
 
Azərbaycanlı müəllimlər Kent Universitetində təcrübə keçiblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
BDU-da təlim kursunun müdavimlərinə sertifikatlar təqdim olundu
 
Təhsil naziri "açıq dərs"də iştirak etdi
 
Bir müəllimin ərizəsini 7 dəfə oxusaq da...
 
Kredit sistemini ilk tətbiq edən ali məktəb
 
Məktəbdə İKT-nin tətbiqi  xeyli genişlənib
 
"Biliklər cəmiyyəti"ndə təhsil paradiqması
 
Dünya universiteti: Avstraliya Milli  Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov