Dekabrın 19-da Azərbaycan Dillər Universitetində
alman dili fakültəsinin müstəqil fəaliyyətinin
60 illik yubileyinə həsr olunmuş elmi-praktik
konfrans keçirildi.
Konfransın plenar iclasında ADU-nun
professor-müəllim heyəti, Türkiyənin Mərmərə və
Samsun universitetlərinin, Almaniyanın Frayburq
Universitetinin, Alman dili və ədəbiyyatı
İnstitutunun və digər ali təhsil müəssisələrinin
nümayəndələri iştirak edirdilər.
Konfransda çıxış edən ADU-nun rektoru, professor
Səməd Seyidov 60 il öncə Azərbaycanda alman
dilinin akademik səviyyədə tədrisinə
başlandığını və bu dövr ərzində almanşünaslığın
tədrisi sahəsində böyük işlər görüldüyünü qeyd
etdi.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, professor Vaqif Arzumanlı,
Türkiyənin Mərmərə Universitetinin alman dili və
ədəbiyyatı fənn bölümünün müdiri, professor Acar
Sevim və AAM-in (DAAD) Azərbaycandakı rəhbəri
Andrey Götze çıxış edərək ADU-nun və alman dili
fakültəsinin əməkdaşlarını yubiley münasibəti
ilə təbrik etdilər.
Sonra konfransda "Alman dili və ədəbiyyatının
innovativ tədrisi təcrübəsi", "Alman dili və
ədəbiyyatının praktik-nəzəri məsələləri", "Alman
ədəbiyyatının tərcümə problemləri" və "Müəllim
hazırlığında pedaqoji təcrübənin rolu"
mövzularında bölmələr üzrə məruzələr dinlənildi.
Şakir CƏFƏROV |