Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Milli birliyimizin rəmzinə çevrilmiş 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hər
il bütün soydaşlarımız ən əziz bayramlarından
biri kimi qeyd edirlər. 1991-ci ilin dekabrında
ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
tərəfindən təsis edilmiş və az sonra bütün ölkə
miqyasında qəbul olunmuş bu bayram hər bir
azərbaycanlıda öz ana Vətəninə məhəbbət, xalqına
sədaqət, tarixi və mədəniyyətinə hörmət kimi
nəcib hissləri gücləndirir, bizi birləşdirən
mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə
ötürülməsinə xidmət edir.
Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar arasında birlik və
həmrəyliyin möhkəmləndirilməsini, onların
mütəşəkkil, çevik və təsirli qüvvəyə
çevrilməsini vacib vəzifə olaraq daim diqqətdə
saxlayır, bu mühüm prosesə hərtərəfli dəstək
verir. Diaspor quruculuğu sahəsində aparılan
işlər artıq öz müsbət nəticələrini verməkdədir.
Bu gün soydaşlarımız yaşadıqları dövlətlərin
sosial-iqtisadi, ictimai-siyasi və mədəni
həyatına hərtərəfli inteqrasiya olunur,
ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə
fəal yardım göstərirlər. Azərbaycan
reallıqlarının dünyaya təqdim olunmasında,
zəngin və çoxşaxəli mədəni irsimizin təbliğində,
erməni millətçilərinin qərəzli ideoloji
fəaliyyətinin qarşısının alınmasında diaspor
təşkilatlarımızın rolu danılmazdır. Biz
xaricdəki həmvətənlərimizin dost ölkələrin lobbi
və diasporları ilə sıx əməkdaşlığının
qurulmasına da ciddi önəm verir, bu sahədə irəli
sürülən təşəbbüsləri, atılan addımları həmişə
birmənalı şəkildə müdafiə edirik.
Müstəqil Azərbaycan Respublikası bütün dünya
azərbaycanlılarının doğma yurdu və etibarlı
dayağıdır. Onu göz bəbəyi kimi qorumaq və
gücləndirmək hər birimizin ümdə vəzifəsidir.
Hazırda ölkəmiz öz inkişafının keyfiyyətcə yeni
mərhələsinə qədəm qoymuşdur. ötən illər ərzində
həyata keçirilən islahatlar sabit və dayanıqlı
hüquqi-siyasi sistemin, güclü iqtisadi
potensialın yaranmasına gətirib çıxarmışdır. Bu
il Azərbaycan iqtisadiyyatı dövrün çətin
sınağından uğurla çıxmış, bütün dünyanı bürüyən
ağır böhrana baxmayaraq yüksələn xətlə
irəliləməkdə davam etmişdir. İndi biz cəsarətlə
bəyan edirik ki, ölkəmizdə sosialist
iqtisadiyyatından bazar münasibətləri sisteminə
keçid dövrü başa çatmış, həmin mərhələyə xas
olan problemlər həll olunmuşdur. Bütün bunlar
xalqımızın rifah halının yüksəldilməsinə, sosial
tələbatlarının ödənilməsinə, elm və
mədəniyyətimizin tərəqqisinə, vətəndaşlarımızın
hüquq və azadlıqlarının davamlı təmin olunmasına
münbit şərait yaradır.
Azərbaycan dövləti qarşısına çıxan bütün
çətinlikləri uğurla dəf edə bilir. Bu gün bizi
narahat edən yeganə problem
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin aradan qaldırılmaması, ölkəmizin
ərazi bütövlüyünün bərpa olunmamasıdır. Biz bu
mürəkkəb, ağrılı məsələnin sülh yolu ilə
ədalətli həllinə nail olmaq üçün bütün zəruri
tədbirləri görürük. Düşünürəm ki, gənc
respublikamızın inkişafı yolunda əsas maneə olan
bu problemin tezliklə həlli Azərbaycan dövləti
ilə yanaşı bütün həmvətənlərimizin də qarşısında
mühüm vəzifə kimi durur. Buna görə də ürəyi
Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları
bu istiqamətdə öz səylərini gücləndirməli,
problemin mahiyyətini xarici ölkələrin hökumət
və ictimaiyyətinə, beynəlxalq təşkilatlara
çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət
göstərməlidirlər. Diaspor təşkilatlarımız
dünyadakı proseslərin nəbzini tutaraq öz
çevikliyini artırmalı, digər xalqların diaspor
mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni
formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş
təxribatlara qarşı operativ və adekvat addımlar
atmalıdırlar.
Əziz soydaşlar!
Hörmətli həmvətənlər!
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
ərəfəsində Sizi milli mənafelərimizin qorunması,
müstəqil dövlətimizin tərəqqisi və beynəlxalq
nüfuzunun artırılması naminə sıx birləşərək daha
səmərəli fəaliyyət göstərməyə dəvət edirəm.
Bu əziz bayram münasibətilə hamınızı
səmimi-qəlbdən təbrik edir, hər birinizə
xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə
uğurlar arzulayıram!
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2009-cu il |