(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə müstəqillik
illərində ölkəmizin ümumtəhsil məktəblərində
şagird nailiyyətlərinin qiymətləndirilməsi
sahəsində həyata keçirilən tədbirlər,
qarşılaşdığımız çətinliklər və onların həlli
istiqamətində görülən işlər barədə fikirlərimi
diqqətinizə çatdırmaq istəyirəm.
ötən məqalədə də qeyd olunduğu kimi, çox təəssüf
ki, 80 ildən artıq müddətdə bütün keçmiş
Sovetlər Birliyində, o cümlədən Azərbaycanda da
təhsil sistemində qiymətləndirməyə ciddi
yanaşılmamış, bu vacib məsələyə ötəri münasibət
bəslənilmişdir. İctimaiyyətdə belə bir yanlış
təsəvvür formalaşmışdı ki, təhsil sistemində
qiymətləndirmə dedikdə, bu, yalnız dərsə
cavablarına görə şagirdlərin qiymətləndirilməsi
prosesidir.
Uzun illər təhsil sahəsində, auditoriyada
çalışan bir müəllim kimi, deyə bilərəm ki, o
zamanlar "biz təhsilalanları nə üçün
qiymətləndiririk", "qiymətləndirmənin məqsədi
nədir" sualları heç vaxt gündəmdə olmamış, heç
kimi narahat etməmişdir. Təəssüflə onu da qeyd
etməliyəm ki, o zamanlar biz xarici ölkələrdəki
təcrübəni də öyrənmək imkanlarından məhrum idik.
Həyatda hər bir fəaliyyət sahəsinin, prosesin öz
fəlsəfəsi olduğu kimi, təhsil sahəsində
qiymətləndirmə də mahiyyət etibarilə öz fəlsəfi
məna tutumuna malikdir. Nədir qiymətləndirmənin
fəlsəfəsi? Heç şübhəsiz, qiymətləndirmənin
fəlsəfəsi özündə keyfiyyətin idarəolunmasında
başlıca amil kimi çıxış etməsini, keyfiyyətin
yüksəldilməsi ilə əlaqədar ən zəruri qərarların
qəbul edilməsi üçün etibarlı mənbə olmasını
ehtiva edir.
Məlum məsələdir ki, qiymətləndirmənin mərkəzində
təhsilalanların nailiyyətləri dayanır.
Təhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsinin nəticələri isə daha
ətraflı təhlillər aparmağa,
qiymətləndirilənlərin əhatə dairəsinin
genişləndirilməsinə etibarlı zəmin yaradır. Bu
fikir daha aydın olsun deyə, qısa bir açıqlama
verək. Təsəvvür edək ki, hər hansı bir məktəbin
məzunlarının nəticəsi keyfiyyət baxımından
qeyri-qənaətbəxş hesab olunmuşdur. Biz bunu
yalnız təhsilalanlara şamil etməklə kifayətlənə
bilərikmi? Əlbəttə yox. Məhz şagirdin orta
təhsil üzrə nəticələri, eyni zamanda onlara dərs
deyən müəllimlərin, məktəb rəhbərlərinin, yerli
təhsili idarəetmə orqanının fəaliyyətinin
qiymətləndirilməsində indikator rolunu oynayır.
Geniş mənada götürsək, həmin nəticələr
şagirdlərin əhatə olunduğu mövcud təhsil
infrastrukturunun, kurikulumların, dərsliklərin,
maliyyələşdirilmənin qiymətləndirilməsində də
əsas götürülə bilər.
Beləliklə, ümumiləşdirmə aparsaq,
qiymətləndirmənin mahiyyətini və xarakterini
aşağıdakı kimi qruplaşdırmaq olar:
-idarəedici - təhlil vasitəsilə əldə edilən
nəticələr əsasında yeni keyfiyyət səviyyəsinin
müəyyənləşdirilməsi;
-səfərbəredici - təhsilin keyfiyyətinin təmin
olunmasında təhsilverənlərin, təhsilalanların,
valideynlərin, məktəb rəhbərlərinin, təhsili
idarəetmə orqanlarının səylərinin
birləşdirilməsi və məsuliyyətinin artırılması;
-inkişafetdirici - qiymətləndirmənin
nəticələrinə görə keyfiyyət dəyişikliklərinin
aparılması prosesində təhsilalanların,
təhsilverənlərin, idarəedənlərin inkişafı;
-perspektivlilik - mövcud nəticələrə görə
gələcək fəaliyyət istiqamətlərinin və təhsil
siyasətinin müəyyənləşdirilməsi;
-proqnostik - təhsilin keyfiyyətinin bugünkü
inkişaf səviyyəsi baxımından növbəti mərhələlər
üçün hədəflərin real təsəvvür edilməsi.
Obyektiv aparılmış qiymətləndirmə, hər şeydən
əvvəl, real vəziyyətin aşkara çıxarılmasında
mühüm vasitədir. Məhz real vəziyyətin təhlili
nəticəsində buraxılan nöqsanlar müəyyən edilir,
onların aradan qaldırılması yolları
dəqiqləşdirilir və gələcək üçün proqnozlaşdırma
aparılır.
Qiymətləndirmənin nəticələrinə görə perspektiv
fəaliyyətlər planlaşdırılarkən, ilk növbədə,
hansı inkişaf pilləsində qərarlaşmanı
müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir. Bu
mənada, açıq etiraf etmək lazımdır ki, təhsil
sahəsində bir sıra yeni məsələlərin, o cümlədən
ümumi təhsil müəssisələrində qiymətləndirmə
sahəsində dünyada sınaqdan çıxmış müasir
mexanizmlərin öyrənilməsi və tətbiqinə son bir
neçə ildə başlanmışdır.
Yaxın keçmişə nəzər salsaq, 1992-ci ildən
etibarən Azərbaycanda ali məktəblərə tələbə
qəbulunun mərkəzləşdirilmiş qaydada test üsulu
ilə aparılması ümumtəhsil məktəblərində də
şagirdlərin yekun attestasiyasının uyğun model
əsasında həyata keçirilməsini zəruri etdi. Ona
görə də ictimai rəy öyrənildikdən sonra
ümumtəhsil məktəblərində də buraxılış
imtahanlarının test tapşırıqları vasitəsilə
aparılması qərarına gəldik. 1999-2000-ci dərs
ilindən başlayaraq XI siniflərdə 4 fənn üzrə
buraxılış imtahanlarının Təhsil Nazirliyi
tərəfindən hazırlanmış test sualları əsasında
keçirilməsinə başlandı. Dövrünə görə
imtahanların bu qaydada aparılması mühüm yenilik
idi. Baxmayaraq ki, sonrakı bir neçə ilin
yekunlarına görə test tapşırıqları əsasında
imtahanların ayrı-ayrı məktəblərdə
keçirilməsinin gözlədiyimiz nəticələri
vermədiyinin şahidi olduq, lakin etiraf etmək
lazımdır ki, o zamanlar həmin addımı atmasaydıq,
bu gün uğurla tətbiq edilən mərkəzləşdirilmiş
buraxılış imtahan modelinə keçə bilməzdik.
Əlbəttə, imtahanlar şagird nailiyyətlərinin
qiymətləndirilməsinin bir formasıdır,
məktəbdaxili qiymətləndirmənin sonuncu
mərhələsidir. Yekun qiymətləndirməyədək
şagirdlər digər qiymətləndirmə mərhələlərindən,
o cümlədən diaqnostik, formativ və summativ
qiymətləndirmə mərhələlərindən keçirlər. Bütün
bu məsələlər, eləcə də şagird nailiyyətlərinin
qiymətləndirilməsinə yeni yanaşma 2006-cı ildə
hökumət tərəfindən təsdiq edilmiş "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası
(Milli Kurikulumu)" sənədində öz əksini
tapmışdı. Həmin sənəddə şagird nailiyyətlərinin
qiymətləndirilməsi təlim fəaliyyətinin ayrılmaz
tərkib hissəsi kimi təqdim olunur, təhsilin
keyfiyyətinin dəyərləndirilməsinə və nəticə
etibarilə onun yüksəlməsinə xidmət etməsi xüsusi
vurğulanır.
Həmin sənədin qiymətləndirmə ilə bağlı
müddəaları əsas tutularaq Təhsil Nazirliyi
onların həyata keçirilməsi istiqamətində əməli
tədbirlərə başladı. İlk olaraq 2006-2007-ci dərs
ilində pilot kimi müəyyənləşdirilən 4 məktəbdə
(6 nömrəli məktəb-lisey, Elitar gimnaziya,
Sumqayıt şəhər 18 nömrəli və Abşeron rayonu
Novxanı kənd məktəbi) cari qiymətləndirmədən
imtina olunaraq summativ qiymətləndirmə modeli
tətbiq edildi. Bu eksperiment V və VIII
siniflərdə ana dili və riyaziyyat fənlərini
əhatə edirdi. Eksperimentin səmərəliliyinin
təmin edilməsi məqsədilə göstərilən siniflərdə
dərs deyən fənn müəllimləri treninqlərdən
keçirildi, xüsusi formada sinif jurnalları
tərtib olundu. Eksperimentin nəticələri sonrakı
mərhələlərdə məktəbdaxili qiymətləndirmə
mexanizmlərinin hazırlanmasında faydalı oldu.
Yeni qiymətləndirmə sisteminin yaradılması ilə
bağlı aktual məsələlər çox olsa da, bütün
ictimaiyyəti daha çox maraqlandırdığı üçün və
prinsipial əhəmiyyət kəsb etdiyindən buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada
aparılması diqqət mərkəzinə çəkilən ilk
tədbirlərdən oldu. Bu addımı atarkən 2000-ci
ildən etibarən buraxılış imtahanlarının test
tapşırıqları əsasında keçirilməsi təcrübəsi də
nəzərə alınmışdı. Əlbəttə, bu prosesə bütün ölkə
üzrə birdən-birə keçmək mümkün olmazdı, bu
ideyanın səmərəliliyinə, optimallığına əmin
olmaq üçün eksperiment aparmağı qərara aldıq və
2005-2006-cı dərs ilində İmişli və Bakı
şəhərinin Xətai rayonlarının ümumtəhsil
məktəblərində təhsil alan 6 min XI sinif şagirdi
əhatə olunmaqla mərkəzləşdirilmiş imtahan
keçirdik.
Onu da qeyd edim ki, təhsil tariximizdə ilk dəfə
keçirdiyimiz bu tipli imtahanlara ciddi
hazırlaşmışdıq. Nazirliyin əməkdaşları hər iki
rayonun məktəblərində müəllimlərlə, şagirdlərlə
və valideynlərlə izahat işləri aparmışdı.
Buraxılış imtahanına hazırlığı təmin etmək
məqsədilə üç dəfə sınaq yoxlama imtahanları
aparıb nəticələri müzakirə etmişdik.
Mərkəzləşdirilmiş imtahanın nəticələrinin
qiymətləndirilməsi üçün meyarlar hazırlanıb
təsdiq edilmişdi.
Bu prosesdə məni həmişə düşündürən bir problemi
də aradan qaldırdıq. Məsələ bundadır ki, mövcud
qaydalara əsasən şagirdlərin yekun qiymətləri
çıxarılarkən yalnız illik və imtahan qiyməti
nəzərə alınırdı. İndi isə yekun qiymət
hesablanarkən illik və imtahan qiymətləri ilə
yanaşı, sınaq yoxlamalarının nəticələri və
əvvəlki sinifdəki illik qiymət nəzərə alınır.
Düşünürəm ki, yekun qiymətin bu düsturla
hesablanması bilavasitə şagirdin mənafeyinə
xidmət etməklə məktəbin, müəllimin və şagirdin
yalnız son sinifdə deyil, əvvəlki siniflərdə də
məsuliyyətini xeyli artırır.
Növbəti illərdə mərkəzləşdirilmiş buraxılış
imtahanlarının miqyası daha da genişləndirildi,
artıq bütün ölkəni əhatə edir. Cari dərs ilindən
IX siniflər üzrə buraxılış imtahanları da
mərkəzləşdirilmiş qaydada təşkil olunacaqdır.
Hazırda qiymətləndirmə sahəsində diqqətimiz
məktəbdaxili qiymətləndirmənin ilk iki növünə
(diaqnostik və formativ) yönəlmişdir. Onu da
diqqətinizə çatdırım ki, həm məktəbdaxili
qiymətləndirmə növləri, eləcə də milli və
beynəlxalq qiymətləndirmə 2009-cu ildə
Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş
"Azərbaycan Respublikasında ümumi təhsil
sistemində qiymətləndirmə Konsepsiyası"nda öz
geniş əksini tapmışdır.
Diaqnostik qiymətləndirmə konkret bir mərhələdə
təhsilalanın nailiyyətlərinin səviyyəsini
müəyyən etmək üçün aparılır. Diaqnostik
qiymətləndirmə şəraitə görə təlim məqsədləri və
strategiyalarında çevik dəyişikliklər
aparılmasını təmin edir, şagirdlərin maraq
dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında
məlumatlar almağa imkan yaradır. Bu
qiymətləndirmə növünü ilkin səviyyənin
qiymətləndirilməsi də adlandırırlar. Xüsusi qeyd
edim ki, diaqnostik qiymətləndirmə olduqca
məsuliyyətli mərhələdir və böyük diqqət tələb
edir. çünki şagird bu ilkin mərhələdə düzgün
qiymətləndirilməzsə onun sonrakı inkişaf
istiqamətlərini optimal müəyyənləşdirmək
qeyri-mümkün olar.
Formativ qiymətləndirmə təlim prosesinin hər
hansı bir mərhələsi üçün müəyyən olunmuş
nəticələr əsasında şagirdlərin bilik və
bacarıqlarının formalaşma səviyyəsinin
qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris
prosesinin düzgün istiqamətləndirilməsini və
səmərəliliyini, şagirdlərin təlim sahəsində
irəliləyişlərinin izlənilməsini təmin edir,
onların təlim ehtiyaclarının öyrənilməsinə
lazımi şərait yaradır.
Summativ qiymətləndirmə təhsilin hər hansı bir
mərhələsində (tədris vahidinin, yarımilin və
ilin sonunda) şagirdlərin əldə etdikləri
nailiyyətlərin qiymətləndirilməsidir. Bu
qiymətləndirmə məzmun standartlarının
mənimsənilmə səviyyəsinin etibarlı
göstəricisidir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi
sahəsində vacib istiqamətlərdən biri
təhsilalanların təlim fəaliyyətinin,
nəticələrinin dövlət standartlarına uyğunluğunun
müəyyənləşdirilməsidir. Başqa sözlə, bu proses
kurikulum üzrə qiymətləndirmə də adlandırılır.
Məlum olduğu kimi, 2007-ci ildə təsdiq olunmuş
fənn kurikulumları 2008-2009-cu dərs ilindən
etibarən ölkənin ümumtəhsil məktəblərində tətbiq
olunmağa başlanmışdır. Hazırda I və II
siniflərdə tədris həmin kurikulumlar əsasında
hazırlanmış dərslik komplektləri ilə aparılır.
Əlbəttə, kurikulumların, dərsliklərin
hazırlanması işin bir tərəfidir, ciddi əhəmiyyət
kəsb edən məsələlərdən biri kurikulumlarda
təsbit edilmiş dövlət standartlarının dövrün
tələbinə görə hansı səviyyədə tərtib olunması,
eləcə də bu standartların şagirdlər tərəfindən
mənimsənilməsi vəziyyətinin
müəyyənləşdirilməsidir. Ona görə də nəzərdə
tuturuq ki, ibtidai təhsil pilləsində hər sinfin
sonunda kurikulumların monitorinqi aparılsın və
nəticələrdən asılı olaraq kurikulumlarda zəruri
dəyişikliklər aparılsın. Onu da diqqətə
çatdırmaq istərdim ki, ibtidai təhsil
kurikulumlarının geniş miqyasda monitorinqi
ibtidai təhsilin sonunda aparılacaqdır. Eyni
qiymətləndirmə gələcəkdə ümumi orta və tam orta
təhsil üzrə də həyata keçiriləcəkdir.
Hörmətli oxucular, bugünkü qiymətləndirmə
siyasətində milli qiymətləndirmənin möhkəm yer
tutması müstəqillik illərində Azərbaycan
təhsilinin inkişaf etmiş ölkələrin təhsil
sistemlərinə məqsədyönlü inteqrasiyasının
nəticəsidir. Nəzərinizə çatdırım ki, keçmiş
Sovetlər Birliyində əsas və orta təhsil pilləsi
üzrə şagird nailiyyətlərinin ölkə üzrə
qiymətləndirilməsi aparılsa da, bu, nəticələrə
görə təhlillər aparıb təhsilin keyfiyyətinin
yaxşılaşdırılması ilə bağlı inkişafyönümlü
tədbirlərin müəyyənləşdirilməsinə deyil, yalnız
şagirdlərin bir pillədən digərinə keçirilməsinə
və təhsil sənədi almasına xidmət edirdi. Hazırda
isə məktəbdaxili qiymətləndirmə ilə yanaşı, ölkə
üzrə qiymətləndirməyə də yanaşma dəyişmişdir.
Yanaşmanın dəyişməsi bu qiymətləndirmənin
adından da məlum olur.
Qiymətləndirmə Konsepsiyasında milli
qiymətləndirmənin məqsədləri aşağıdakı kimi
təsbit olunmuşdur:
-şagirdlərin təlim nəticələrində zəif və güclü
tərəfləri aşkar etməklə, ümumi mənimsəmə
səviyyəsini və onun dinamikasını
müəyyənləşdirmək;
-şagirdlərin təlim nəticələrinə təsir edən
mümkün amilləri təsvir etmək və nəticələr
arasındakı fərqləri müqayisə etmək üçün
şagirdlərin, onların ailələrinin, təhsil
müəssisələri və tədris prosesinin
xüsusiyyətlərini öyrənmək;
-ölkədə təhsil siyasətini müəyyənləşdirmək üçün
təhsilin vəziyyəti haqqında müvafiq məlumat
toplamaq, öyrənilməsi və müzakirəsi tələb olunan
problemləri və təhsilin inkişafının prioritet
istiqamətlərini təyin etmək;
-şagirdin təlim nəticələrinin və
irəliləyişlərinin dəyərləndirilməsi vasitəsilə
təhsilin dövlət standartlarının monitorinqini
aparmaq, təhsil sisteminin məqsədlərinin
müvafiqliyini və səmərəliliyini tənzimləmək,
sistemin təsir dairəsini genişləndirmək;
-təhsil siyasətini müəyyən edənlərin cavabdehlik
səviyyəsini artırmaq;
-ölkədə təhsilin məzmunu üzrə əsas
prioritetlərin ictimaiyyət tərəfindən geniş
müzakirəsini təşkil etmək.
Göründüyü kimi, bu məqsədlərin mərkəzində
nəticələrin ciddi təhlili vasitəsilə ölkənin
təhsil siyasətində inkişafyönümlü köklü
dəyişikliklərin edilməsi dayanır.
İndi isə milli qiymətləndirmə sahəsində görülən
işləri diqqətinizə çatdırmaq istəyirəm.
ölkəmizdə ilk dəfə 2003-cü ildə Hollandiyanın
CİTO qrupunun texniki dəstəyi ilə 20 məktəbdə IV
sinif, 2006-cı ildə 70 məktəbdə IV və IX sinif
şagirdləri əhatə olunmaqla milli qiymətləndirmə
keçirilmişdir. 2009-cu ilin may ayında
respublikanın 52 rayon və şəhərinin 216
məktəbində 12500 şagird əhatə olunmaqla milli
qiymətləndirmənin tədqiqat mərhələsi
aparılmışdır. Sorğularda 216 məktəb direktoru,
600-dək ana dili və riyaziyyat müəllimi, 3
minədək valideyn iştirak etmişdir. Hazırda milli
qiymətləndirmənin nəticələrinin təhlili aparılır
və ilin sonunda ictimaiyyətə elan ediləcək.
2011-ci ildə milli qiymətləndirmənin əsas
mərhələsi keçiriləcək. 2013-cü ildə isə bütün
ölkə üzrə milli qiymətləndirmənin aparılması
nəzərdə tutulmuşdur.
Milli qiymətləndirmə ölkə səviyyəsində
təhsilalanların nailiyyətlərinin səviyyəsini
müəyyənləşdirməyə əsas verirsə, beynəlxalq
qiymətləndirmə konkret bir ölkədə təhsil
səviyyəsinin digər ölkələrlə müqayisəli
təhlilini aparmağa imkan yaradır. Əslinə qalsa,
hər iki qiymətləndirmə bir-biri ilə sıx
qarşılıqlı əlaqədədir. Belə ki, biz yalnız milli
qiymətləndirmə apamaqla kifayətlənsək, bu zaman
beynəlxalq aləmdə mövcud olan inkişaf
səviyyəsindən geri qalmış olarıq. Məhz
beynəlxalq qiymətləndirmənin nəticələri
fəaliyyətimizə tənqidi nəzər yetirməyimizə,
boşluqları müəyyənləşdirməyə, perspektivləri
dəqiqləşdirməyə etibarlı zəmin yaradır. Bu
mənada ölkəmizin beynəlxalq qiymətləndirmə
proqramlarına qoşulması ciddi əhəmiyyət kəsb
edir və təhsilimizin inkişafına təkanverici amil
hesab olunur. Beynəlxalq qiymətləndirmədə əsas
məqsəd nədən ibarətdir? Bunları, əsasən,
aşağıdakı kimi qruplaşdırmaq olar:
-ölkədə təhsilin vəziyyəti haqqında müvafiq
məlumat əldə etmək, beynəlxalq səviyyəli
müqayisələr aparmaq, öyrənilməsi və müzakirəsi
tələb olunan problemləri, təhsilin inkişafının
prioritet istiqamətlərini təyin etmək;
-təhsilin məzmununun müəyyənləşdirilməsi və
nəticəyönümlü yeni kurikulumun hazırlanması üçün
əsas təlim məqsədlərini təyin etmək,
kompetensiyalara əsaslanan yanaşmanın
məqsədəuyğunluğu istiqamətində tədqiqatlar
aparmaq, gözlənilən və nail olunan təlim
nəticələrini müqayisə etmək;
-pedaqoji ölçmə nəzəriyyəsinin gündəlik
təcrübədə istifadə olunan nəzəri və praktiki
məsələlərini öyrənmək;
-müasir qiymətləndirmə vasitələrinin
hazırlanmasını, nəticələrin təhlili üsullarını
və hesabatlar hazırlanması qaydalarını öyrənmək;
-ölkədə təhsilin keyfiyyətinin
qiymətləndirilməsi sisteminin qurulması
istiqamətində ümumi orta təhsilin məzmunu üzrə
əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş
müzakirəsini təşkil etmək.
Hazırda ölkəmiz üç beynəlxalq qiymətləndi
rmə proqramına (PİSA, TİMSS, PİRLS) qoşulmuşdur.
Azərbaycan 15 yaşlı şagirdlərin oxu, riyaziyyat
və təbiət fənləri üzrə bacarıqlarının
səviyyəsini müəyyənləşdirən, 3-4 ildən bir
aparılan PİSA (şagirdlərin qiymətləndirilməsi
üzrə beynəlxalq proqram) proqramının iki
layihəsində iştirak edir. 2006-cı ildə
Azərbaycanda 72 ümumtəhsil məktəbinin 6500
şagirdi əhatə olunmaqla beynəlxalq
qiymətləndirmə (PİSA-2006) keçirilmiş, nəticələr
2008-ci ildə elan olunmuşdur. Azərbaycan
şagirdləri riyaziyyatdan nəzəri qabiliyyətlər
üzrə reytinq cədvəlində 57 ölkə arasında 4-cü
yeri tutmuş, təbiət fənləri və oxu bacarıqları
üzrə isə zəif nəticələr göstərmişlər.
"PİSA-2006"-nın nəticələrinə əsasən reytinq
cədvəlində ən yüksək göstəricilər Finlandiya,
Cənubi Koreya, Kanada, Honq-Konq (çin)
şagirdlərinə məxsus olmuşdur. Cari ilin
aprel-may aylarında respublikanın 162 məktəbinin
15 yaşlı 4716 şagirdi əhatə olunmaqla "PİSA -
2009"-un əsas mərhələsi keçirilmişdir. Nəticələr
2010-cu ildə elan ediləcəkdir.
2010-cu ilin fevralında seçim yolu ilə ölkənin
150-160 məktəbində TİMSS proqramının (riyaziyyat
və təbiət elmlərini öyrənmə meyilləri üzrə
beynəlxalq tədqiqatlar) sınaq mərhələsi
keçiriləcək. 2012-ci ildə IV siniflərdə TİMSS,
eyni zamanda oxu bacarıqları üzrə PİRLS
beynəlxalq qiymətləndirmələri aparılacaq.
Qiymətləndirmə üzrə fəaliyyətə başlayıb bir sıra
işlər həyata keçirsək də, etiraf etməliyik ki,
bu sahədə kifayət qədər təcrübəyə malik deyilik.
Bununla əlaqədar yaxın gələcək üçün
fəaliyyətlərimizi planlaşdırarkən aşağıdakıların
nəzərə alınmasını vacib hesab edirik:
-qiymətləndirmə sahəsində mütərəqqi beynəlxalq
təcrübənin öyrənilməsi işinin davam etdirilməsi;
-qiymətləndirmə sahəsində tanınmış beynəlxalq
mütəxəssislərin iştirakı ilə öyrədici təlimlərin
təşkili;
-qiymətləndirmə üzrə elmi-pedaqoji tədqiqatların
istiqamətlərinin müəyyənləşdirilməsi və onların
səmərəli aparılması üçün lazımi şəraitin
yaradılması;
-qiymətləndirmə üzrə institusional tədbirlərin
həyata keçirilməsi;
-qiymətləndirmə sahəsində tədbirlərin səmərəli
həyata keçirilməsinə imkan verən etibarlı
normativ-hüquqi bazanın yaradılması;
-pedaqoji işçilər üçün dövri olaraq
qiymətləndirmə üzrə öyrədici təlim kurslarının
təşkili və metodik tövsiyələrin hazırlanması;
-qiymətləndirmə nəticələrinin təhlili və
nəticələr əsasında inkişafyönümlü təkliflərin
hazırlanması.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor |