|
Yerləşir: |
ABŞ, Nyu-York ştatı, İtaka şəhəri |
|
|
Yaranma tarixi: |
1865-ci il |
Tipi: |
Özəl |
Rektoru: |
Devid Skorton |
İşçi heyəti: |
1594 nəfər |
Tələbələrin sayı: |
13510 nəfər |
Aspirantların sayı: |
6290 nəfər |
İllik büdcəsi (2009-2010): |
2,94 milyard ABŞ dolları |
İanə fondu (Endowment): |
4,5 milyard ABŞ dolları |
Rəsmi saytı: |
www.cornell.edu |
|
Kornell Universiteti (Cornell University)
ABŞ-ın nüfuzlu və ən böyük ali məktəblərindən
biridir. Universitet Nyu-York ştatının İtaka
şəhərində yerləşir. Kornell Universiteti ABŞ-ın
səkkiz nüfuzlu ali məktəbini birləşdirən
Sarmaşıq Liqasına daxildir və bu qurumun ən gənc
üzvüdür. Kornell Universitetinin İtakada
yerləşən əsas kampusdan əlavə, Nyu-York
şəhərində və Qətər dövlətində də kampusları
mövcuddur. "U.S. News & World Report" ("ABŞ
xəbərləri və dünya hesabatı") jurnalının
reytinqinə görə, Kornell Universiteti Amerikada
mühəndislik elmləri və mühəndislik fizikası
sahələri üzrə birinci, psixiatriya və ortopedik
cərrahiyyə üzrə isə ikinci yerdə dayanır. Böyük
Britaniyanın "Times Hiqher Education Supplement
- QS World Universities Rankings" jurnalının hər
il apardığı dünya universitetlərinin reytinqinə
əsasən, 2009-cu ildə Kornell Universiteti 100 ən
yaxşı ali məktəb arasında 15-ci yerdə sıralanıb.
Tarixi
Kornell Universitetinin yaranmasında biznesmen,
teleqraf sənayesinin əsasını qoymuş Ezra
Kornellin və tanınmış alim, siyasətçi Endryu
Uaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci
illərində Kornell və Uayt bir-birindən xəbərsiz
ümummilli, ən qabaqcıl tədris metoduna malik,
elmi-texniki tərəqqinin tələblərinə cavab verə
biləcək bir ali təhsil müəssisəsi yaratmaq
fikrinə düşürlər. E.Kornell teleqraf biznesindən
əldə etdiyi gəlirlərin yarısını xeyriyyə
məqsədlərinə sərf etmək qərarına gəlir. Hər iki
mesenat - Kornell və Uayt universitet yaratmaq
məqsədilə ABŞ prezidenti A. Linkolna müraciət
edir, lakin onların planlarının həyata keçməsinə
həmin dövrdə baş verən Vətəndaş müharibəsi mane
olur.
Kornell və Uayt 1862-ci ildə Nyu-York ştatında
senat üzvü olarkən tanış olurlar və hər ikisi
xüsusi səylə yeni universitet yaratmaq layihəsi
üzərində işləyir. Onlar milliyyətindən,
cinsindən, təbəqəsindən və dinindən asılı
olmayaraq, hər kəsin istənilən ixtisas üzrə
təhsil ala biləcəyi ali təhsil ocağı yaratmağı
planlaşdırırlar. Kornellin "Mən elə bir təhsil
müəssisəsi yaratmaq istəyirəm ki, orada hər kəs
istədiyi fənni öyrənə bilsin" ifadəsindən
sonralar universitetin devizi yaranır:
"İstənilən şəxs - istənilən elm".
Kornell şəxsi büdcəsi hesabına İtaka şəhərində
1,2 hektar ərazi alır. 27 aprel 1865-ci ildə
Nyu-York ştatının qubernatoru Royben Fenton
universitetin yaradılması haqqındakı sənədi
imzalayır və bu tarixi hadisə Kornell
Universitetinin yarandığı gün kimi qeyd olunur.
Endryu Uayt yeni yaranmış universitetə prezident
təyin olunur. Uayt universitetə rəhbər təyin
edilən gündən təhsil müəssisəsinin idarəetmə
prinsipini, tədris proqramlarını hazırlayır,
qabaqcıl müəllimləri bu ali məktəbə cəlb edir.
Sonra o, Avropa universitetlərinin təcrübəsi ilə
tanış olmaq, tədris və metodik vəsaitlər əldə
etmək məqsədilə dünya ölkələrinə səfər edir,
Kornell isə universitet binalarının tikintisi
ilə məşğul olur. Universitetin rəsmi açılışı 7
oktyabr 1868-ci il tarixinə təsadüf edir. Bu
tarixdən bir gün əvvəl qəbul imtahanı keçirilir
və 412 abituriyent uğurla imtahan verərək
Kornell Universitetinin ilk tələbələri olurlar.
Qeyd edək ki, həmin vaxta qədər heç bir yeni
yaranmış Amerika universiteti bu qədər tələbə
qəbul etməmişdi.
Yarandığı gündən Kornell Universitetinə
oğlanlarla yanaşı, qızlar da qəbul olunur. Lakin
qız tələbələr üçün yataqxananın olmaması onların
sayının daha da artmasına ciddi maneə yaradır.
Universitetdə qızlar üçün ilk yataqxana 1875-ci
ildə tikilir. Bu ali təhsil müəssisəsinin
bakalvr pilləsini 1873-cü ildə bitirmiş ilk qız
məzun Emma İstmen, ilk doktorluq dərəcəsini
1880-ci ildə almış qadın isə Mey Preston olub.
1868-ci ildə Kornell Universitetinin tələbələri
müstəqil və sərbəst surətdə fənn seçmək, öz
tədris proqramlarını hazırlamaq hüququ
qazanırlar. Bu addım, sözün əsl mənasında,
inqilab kimi dəyərləndirilir və tələbələrin
hazırladıqları həmin proqram onilliklər
keçdikdən sonra ABŞ-ın adi tədris proqramına
çevrilir. 1892-ci ildə universitetin 3-cü
prezidenti inauqurasiyası zamanı çıxışında
Nyu-York ştatının rəhbərliyinə müraciət edərək,
onlardan universitet üçün ərazi və bu təhsil
ocağının inkişafına kömək istəyir. Rəhbərlik
həmin müraciətə cavab olaraq, Kornell
Universitetinin nəzdində Baytarlıq Kollecinin
yaradılması üçün subsidiya ayırır, eləcə də hər
il kollecə maliyyə yardımı göstərir. Beləliklə,
Kornell Universiteti ABŞ-da dövlət tərəfindən
yardım alan ilk özəl ali məktəb kimi tanınır və
bundan sonra Kornell Universitetində təhsil alan
nyu-yorklu tələbələrə təhsil haqqının
ödənilməsində güzəştlər edilir.
XX əsrdə universitet sürətlə inkişaf etməyə
başlayır, həmin əsrin ortalarına qədər məktəb və
kolleclərin sayı 10-dan çox olur. Bütün kollec
və məktəblər muxtariyyət hüququna malik olur, öz
akademik proqramlarını yaradır və qiymət
sistemini tətbiq edir. Məsələn, bakalavr
dərəcəsi almaq üçün ümumi universitet imtahanına
üzgüçülük və idmanın başqa növü üzrə imtahanlar
daxil edilir. Eyni zamanda hər bir tələbə
oxuduğu fakültədən asılı olmayaraq, istənilən
başqa fakültənin proqramını öyrənə bilər.
Universitetdə mütəmadi olaraq fakültələrarası
proqramlar və kurslar təşkil edilir.
Kornell Universitetinin nəşriyyatı 1889-cu ildə
yaradılıb. Mexaniki İncəsənət Kollecində
fəaliyyət göstərən ilk nəşriyyat sonradan
Mühəndislik Məktəbinə köçür. Nəşriyyatın burada
fəaliyyət göstərməsindən irəli gələrək, müəllim
və tələbələr çap işini çox yaxşı bilirdilər.
Burada dərslik, elmi nəşrlər, həftəlik tələbə
jurnalları, pamfletlər, rəsmi universitet
sənədləri də çap olunur. İl ərzində
antropologiya, ədəbiyyat, tarix, fəlsəfə,
siyasət, beynəlxalq münasibətlər, psixologiya,
psixiatriya və s. sahələr üzrə 150-dən çox nəşr
dərc olunur.
Kornell Universiteti beynəlxalq təhsil və elmi
əməkdaşlıq sahələri üzrə hər zaman fəal mövqe
tutmağı ilə seçilib. Son zamanlar onun
fəaliyyətində məhz bu sahə daha sürətlə inkişaf
edir. Qətərdə yerləşən Veyl Tibb Kolleci, çin,
Hindistan, Sinqapur və s. ölkələrin
universitetləri ilə bağlanmış əməkdaşlıq
müqavilələri Kornell Universitetinin "dünyanın
ilk transmilli universiteti" adlandırılmasına
səbəb olur.
Universitet bu gün
Kornell Universitetinin əsas kampusu Nyu-York
ştatının İtaka şəhərində yerləşir. Universitet
yarandığı vaxtlar 1,2 hektar ərazidə
yerləşirdisə, hazırda onun İtakada ərazisi 3
hektara yaxındır. Bu ərazidə yerləşən 260 bina
Mərkəzi və Şimali kampuslar arasında bölünüb.
Universitetin bütün tədris korpusları,
laboratoriyalar, muzeylər, inzibati binalar,
yataqxanalar Mərkəzi kampusda cəmlənib. Kampusun
binaları elektrik, qotik, viktorian, neoklassik
və modern üslublarda inşa edilib.
Kornell Universitetinin Nyu-Yorkda da kampusu
mövcuddur. Burada universitetin bakalavrlar üçün
Veyl Tibb Kolleci və aspirantlar üçün Veyl Ali
Tibb Kolleci yerləşir. Bu kolleclər 1927-ci
ildən Nyu-Presbiterian hospitalı ilə birgə
fəaliyyət göstərir. Universitetin Nyu-Yorkda
Kornell xidmət proqramı da mövcuddur. Proqram
tələbələrə Nyu-Yorkdakı kasıb uşaq, ailə və
icmalara köməyi təklif edir. Buradakı İnsan
Ekologiyası, Kənd Təsərrüfatı və Həyat Elmi
kollecləri, Sənaye və Əmək Əlaqələri Məktəbi də
həmin məqsədlərə xidmət edir. Mühüm maliyyə
rayonu olan Manhettendəki Mühəndislik Kolleci
biznes-tədqiqatların optimallaşması, sənayenin,
ictimai əməkdaşlığın gücləndirilməsi və digər bu
kimi işlər görür.
Kornell Universitetinin Qətərdəki təhsil
şəhərciyində 2004-cü ilin sentyabrında açılan
Veyl Tibb Kolleci fəaliyyət göstərir. Bu kollec
ABŞ-ın hüdudlarından kənarda açılmış ilk tibb
məktəbidir. Qətər dövləti ilə Kornell
Universitetinin məlum birgə layihəsi bu ölkədə
akademik proqramların və tibbi xidmətlərin
yüksəldilməsi üçün həyata keçirilib. Kollec
Qətər dövləti tərəfindən maliyyələşir və Qətər
fondu məktəbin tikintisinə 750 milyon dollar
vəsait ayırıb. Buradakı Veyl Tibb Kolleci memar
Arat İsodzaki tərəfindən inşa edilən
ikimərtəbəli böyük binada yerləşir. 2004-cü
ildən Qətər fondu Veyl Tibb Kollecinin
yerləşdiyi ərazidə xəstəxana tikintisinə
başlayıb və hazırda tikinti davam etməkdədir.
Kornell Universitetinin nəzdində bakalavr,
magistrant və aspirantlar üçün kolleclər
fəaliyyət göstərir. Bakalavrların təhsil ala
biləcəyi kolleclər bunlardır:
Kənd Təsərrüfatı və Həyat Elmi Kolleci -
tələbələrinin sayına görə Kornell
Universitetinin ikinci ən böyük kollecidir. öz
sahəsi üzrə apardığı tədqiqatlara görə kollec
ölkədə birincidir.
Memarlıq, İncəsənət və Planlaşdırma Kolleci -
şəhər və reqional planlaşdırma, təsviri və
vizual incəsənət, memarlığın tarixi və
nəzəriyyəsi və s. sahələr üzrə tələbə
hazırlayır.
İncəsənət və Elmlər Kolleci - tələbələrinin
sayına görə Kornell Universitetinin ən böyük
kollecidir, tələbələrini yüksək səviyyəli
humanitar təhsil ilə təmin edir.
Mühəndislik Kolleci - texnologiya və innovasiya
tədqiqatları aparılır.
Hotel Administrasiyası Məktəbi - texniki
əməkdaşlar, istiqamətləndirilmiş xidməti
personal hazırlayır.
İnsan Ekologiyası Kolleci - real həyatda insanın
imkanlarının, onun həyat tərzinin, liderlik
xüsusiyyətlərinin inkişafını və əhali ilə təmas,
ekologiya və ətraf mühitin mühafizə edilməsini
öyrədir.
Sənaye və Əmək Əlaqələri Məktəbi - ölkədə bu
sahə üzrə yaranan ilk ali məktəbdir.
Hesablama və informasiya elmləri fakültəsi -
kompüter elmləri üzrə ixtisaslaşıb.
Magistr və aspirantlar üçün aşağıdakı məktəblər
fəaliyyət göstərir:
Kornell Ali Məktəbi - 90-dan çox sahə üzrə
magistr, aspirant, doktorant dərəcələri təqdim
edir.
Kornell Hüquq Məktəbi - qanun, qanunvericilik,
geniş dünyagörüşünə malik hüquqşünaslar və
liderlər hazırlayır.
Conson adına Ali Menecment Məktəbi - menecment
sahəsi üzrə tədqiqat və araşdırmalar aparır.
Veyl Tibb Kolleci (Nyu-York) - akademik təbabət
və biotibbi tədqiqatlar üzrə dünyada məşhurdur,
görkəmli həkim və alimlər hazırlayır.
Nyu-Presbiterian Hospitalı və Memorial
Sloan-Ketterinq Xərçəng Mərkəzi ilə sıx əlaqələr
qurur.
Veyl Tibb Kolleci (Doha, Qətər) - Nyu-Yorkda
yerləşən kollecin filialıdır.
Veyl Ali Tibb Elmləri Kolleci (Nyu-York) -
biotibbi elmlər, elmi metodların aparılması,
tədqiqatlar üzrə mükəmməl proqramlar həyata
keçirir. Veyl Tibb Kolleci və Sloan-Ketterinq
Xərçəng Mərkəzi bu kollecin bünövrəsi hesab
edilir.
Baytarlıq Məktəbi - heyvanlar üzərində aparılan
təcrübələr sayəsində bir çox xəstəliklərin
müalicəsini aşkarlayıb, burada mühüm kəşflər
edilib və məktəb dünya elminə xeyli nailiyyətlər
verib.
Təhsilin Davametdirilməsi Məktəbi və Yay
Sessiyaları - universitetdən xaric olunan
tələbələrin, yuxarı kurs tələbələrinin, Kornell
Universiteti əməkdaşları və məzunlarının, yerli
əhalinin təhsili ilə məşğuldur.
Kornell Universiteti geniş beynəlxalq əlaqə
layihələrini həyata keçirir. Burada tələbələrə
Afrika, fransız, alman, yəhudi, latın, Yaxın
Şərq, Uzaq Şərq, rus, roman dilləri, ədəbiyyatı
və mədəniyyəti üzrə proqramlar təklif edir.
Universitetin Asiya ölkələri üzrə tədqiqatlar
proqramı mövcuddur. Bu məqsədlə Kornell
Universitetinin Mühəndislik Kolleci Pekinin
Sinxua, Hotel Administrasiyası Məktəbi
Sinqapurun Nanyanq Texnologiya, Kənd Təsərrüfatı
və Həyat Elmi Kolleci Filippinin Los-Banyos
universitetləri və Yaponiya Milli Aqrobiologiya
Elmləri İnstitutu ilə müqavilələr bağlayıb.
Kornell Universiteti Kanadanın Kraliça (Queen)
Universiteti ilə birgə MBA proqramı həyata
keçirir.
Kornell Universitetinin kitabxana sistemi
böyüklüyünə görə ABŞ-da 11-ci yerdə durur.
Kitabxana sisteminə 7,5 milyon cilddən çox
kitab, 8,2 milyon mikrofilm və mikrofişlər, 440
min xəritə, kino, DVD, səsyazma, kompüter
faylları, arxivlər və rəqəmsal resurs aiddir.
Bu, İnternet şəbəkəsinə qoşulan ilk ABŞ
kitabxanalarındandır. Kitabxanaların çoxu
İtakada yerləşən kampusda cəmləşib. Nyu-York və
Qətərdə də universitetin kitabxanaları
mövcuddur. Universitetin kitabxana sisteminə
Adelson (Ornitologiya laboratoriyası), Afrikan,
Katervud, Entomologiya, təsviri incəsənət,
Cenevrə təcrübə stansiyası, kroç, hüquq,
idarəetmə, mann, riyaziyyat, tibb, musiqi,
nestle (Hotel Administrasiyası Məktəbinin
kitabxanası), Oloin və Yuris, fiziki elmlər,
baytarlıq kitabxanaları daxildir.
Dünyanın başqa universitetlərində olduğu kimi,
Kornell Universitetinin tələbələri də təhsil
aldıqları məktəbin ərazisində məskunlaşırlar.
Tələbə yataqxanaları, əsasən, Şimal, Qərb və
Kollectaun kampuslarında yerləşir. Şimal
kampusda birinci kurs tələbələri qalırlar, lakin
burada yuxarı kurs tələbələri üçün də bir neçə
yataqxana - Risli, Yalnız musiqi, Ekologiya evi,
Hollandiya beynəlxalq yaşayış mərkəzi, Latino
yaşayış mərkəzi, Akvekon və Ujamaa
rezidensiyaları mövcuddur. Latino yaşayış
mərkəzi, Akvekon və Ujamaa yataqxanalarında
tez-tez irqi və etnik qarşıdurmalar baş verir.
Kornell Universitetinin tələbələri üçün
ildən-ilə yeni, daha yüksək şəraitə malik
yataqxanalar tikilir - 2004-ci ildə Alisa Kuk,
2005-ci ildə Karl Beker, 2007-ci ildə Hans Beth,
2008-ci ildə Uilyam Kiton, Flora Rouz və s.
Qəzetimizin "Dünya universitetləri"
rubrikasında Böyük Britaniyanın "Times Hiqher
Education Supplement - QS World Universities
Rankings" jurnalının 2009-cu il üzrə
müəyyənləşdirdiyi reytinqə əsasən, dünyanın 100
ən yaxşı ali məktəbindən 16-sı haqqında geniş
məlumatlar dərc olunub. Bütün dünyanın
diqqətində olan bu böyük təhsil və elm
mərkəzlərində təhsil alan azərbaycanlılar
haqqında məlumat yəqin ki, oxucular ücün də
maraqlı olar. Qəzetimizin bu sayından
başlayaraq, həmin universitetlərin tələbə və
məzunları sırasında olan azərbaycanlı gənclər
haqqında da məlumat veriləcək.
Ötən saylarımızda haqqında yazı dərc olunmuş 16
universitetdə azərbaycanlıların təhsili ilə
bağlı məlumatları diqqətinizə çatdırırıq:
|
Harvard Universiteti |
Dövlət Proqramı çərçivəsində 1 nəfər
2008-ci ildə məzun olub |
|
|
Kembric Universiteti |
Dövlət Proqramı çərçivəsində 3 nəfər
təhsil alır, 1 nəfər 2009-ci ildə məzun
olub |
|
|
London Universitet Kolleci |
Dövlət Proqramı çərçivəsində 4 nəfər
təhsil alır |
|
|
London İmperial Kolleci |
Dövlət Proqramı çərçivəsində 2 nəfər
2009-cu ildə məzun olub |
|
|
Oksford Universiteti |
Dövlət Proqramı çərçivəsində 1 nəfər
təhsil alır |
|
|
Kolumbiya Universiteti |
Dövlət Proqramı çərçivəsində 1 nəfər
təhsil alır, 1 nəfər 2009-ci ildə məzun
olub |
|
|
Dyuk Universiteti |
Dövlət Proqramı çərçivəsində 2 nəfər
təhsil alır |
|
Digər 9 universitetdə isə Dövlət Proqramı
çərçivəsində azərbaycanlı gənclər hələlik təhsil
almaq hüququ qazana bilməyib.
Büdcə vəsaitləri və illik təhsil haqqı
Universitetin 2009-2010-cu tədris ili üçün
gəlirlərinin 2,94 milyard ABŞ dolları olacağı
planlaşdırılır. ötən tədris ilində bu rəqəm 2,92
milyard, 2007-2008-ci tədris ilində isə 2,81
milyard olub. Kornell Universitetinin builki
büdcəsinin 726,4 milyon dolları təhsil
haqqından, 241 milyon dolları isə ianə və
yardımlardan daxil olan vəsaitlərdir.
Universitetin ianələr hesabına formalaşmış
fondundakı vəsaitlərin həcmi hazırda 4,5 milyard
ABŞ dollarıdır. Universitetdə illik təhsil haqqı
tələbələrin seçdiyi ixtisasa, oxuduğu kursa
uyğun olaraq, 19-52 min ABŞ dolları arasında
dəyişir. Digər Amerika universitetlərində olduğu
kimi, bu ali məktəbdə də universitetin
yerləşdiyi ştatdan olan tələbələrə təhsil
xərclərində xüsusi güzəştlər tətbiq olunur.
Kornell Universitetinin elmi nailiyyətləri
1962-ci ildən başlayaraq Kornell Universitetinin
tədqiqatçıları Mars planetinə pilotsuz uçuşu və
XXI əsrdə "Mars Araşdırma Səyyahı" ("Mars
Exploration Rover") missiyasını həyata keçirib.
2004-cü ildə "səyyahlar" elmi nailiyyətlərinə
görə "İlin uğuru" mükafatına layiq görülüblər.
Onlar Marsda apardıqları tədqiqatlardan əlavə,
Uran planetinin ətrafında mövcud olan halqaları
müəyyən ediblər. Aresiboda (Puerto-Riko adasında
ərazi) Kornell Universitetinin dünyada ən böyük
və həssas radioteleskopu yerləşir.
Kornell Universitetinin məşhur məzunları:
|
Li Tenq-hui |
Çin Xalq Respublikasının sabiq
prezidenti |
|
|
Mario Qarsia Menokal |
Kubanın sabiq prezidenti |
|
|
Camşid Amuzeqar |
İran İslam Respublikasının sabiq baş
naziri |
|
|
Sendi Berger |
ABŞ-ın sabiq prezidenti Bill Klintonun
milli təhlükəsizlik üzrə məsləhətçisi |
|
|
Stefan Hedli |
ABŞ-ın sabiq prezidenti Corc Buşun milli
təhlükəsizlik üzrə məsləhətçisi |
|
|
Paul Vulfoviç |
Dünya Bankının sabiq prezidenti |
|
|
Uiliyam Rocers |
ABŞ-ın sabiq dövlət katibi |
|
|
Edmund Muskie |
ABŞ-ın sabiq dövlət katibi |
|
|
Janet Reno |
ABŞ-ın sabiq baş prokuroru |
|
|
Rut Bader Ginsburq |
ABŞ Ali Məhkəməsinin sabiq hakimi |
|
|
Riçard Feynman |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Devid Li |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Robert Kolman Riçardson |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Hannes Alfven |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Piter Debye |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Riçard Ernst |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Roald Hoffmann |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Herbert Spenser Gaser |
psixologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Paul Qrinqard |
psixologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Frits Albert Lipmann |
psixologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Norman Borlauq |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Amartya Sen |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Oktavio Paz |
ədəbiyyat üzrə Nobel mükafatı laureatı |
|
|
Vul Soyinka |
ədəbiyyat üzrə Nobel mükafatı laureatı |
|
1952-ci ildə Kornell Aviasiya Elmi-Tədqiqat
Laboratoriyasının əməkdaşı Con Mur "Avtomobildə
qəza travmalarının aradan qaldırılması üzrə
araşdırma" layihəsini həyata keçirir. O,
təcrübələrini manekenlərin deyil, meyitlərin
üzərində aparır və belə nəticəyə gəlir ki, sükan
çarxının enerjisini mənimsəyən qapının qıfılının
genişləndirilməsi, yumşaq panel və təhlükəsizlik
kəməri zədələrin faiz nisbətini xeyli azaldır.
Layihənin nəticəsi olaraq, 1956-cı ildə "Kornell
təhlükəsizlik avtomobili" nümayiş edilir, bu isə
avtomobil istehsalçılarında müsbət dönüş yaradır
və onlar həmin yenilikləri tətbiq etməyə
başlayırlar.
1984-cü ildə universitetin Milli elm fondu 5
yeni superkompüter istehsalı mərkəzi yaradır.
1985-ci ildə fond ARPANET-ə qoşula biləcək
NSFNET, TCP/IP-şəbəkə kompüterləri istehsal edir.
NSFNET İnternetin sürətli inkişafı üçün dönüş
nöqtəsi olur və ümümdünya hörumçək torunun
inkişafına gətirib çıxarır.
Kornell Universitetinin alimləri 70 ildən çoxdur
ki, elementar hissəciklərin tədqiqatı ilə
məşğuldurlar. Universitetin fizikləri, xüsusilə
Hans Bete nüvə fizikasının inkişafına nail olur.
Onlar həmçinin Manhetten layihəsinin
iştirakçılarıdırlar. 1930-cu ildə Kornell
Universitetində ABŞ-da ikinci dəfə olaraq
siklotron quraşdırılıb, 1950-ci ildə ilk dəfə
burada sinxron şüalanma öyrənilib. 1990-cı ildə
universitetdə dünyada birinci olaraq ən yüksək
işıqlılıq qabiliyyətinə malik elektron-pozitron
kollayder yaradılır. Sinxotronu yaratdıqdan
sonra alim Robert Uilson ABŞ-da ən böyük
sürətləndirici quraşdırmağı nəzərdə tutan
"Fermilab"ı yaratmaq üçün məzuniyyətə çıxır.
Hazırda universitet Beynəlxalq xətt
kollayderinin tikintisi ilə məşğuldur.
Kollayderin quraşdırılmasının 2010-cu ildə
bitəcəyi nəzərdə tutulur. Beynəlxalq xətt
kollayderinin Böyük Adron kollayderini
tamamlayacağı qeyd edilir. Bunun isə materiyanın
eyniliyi və əlavə ölçülərin mövcudluğu kimi
suallara aydınlıq gətirəcəyi bildirilir.
ABŞ-ın başqa universitetləri kimi, Kornell
Universiteti də təbiətin mühafizəsi üzrə
müxtəlif proqramlar həyata keçirir. 2007-ci ildə
burada Sabit gələcək mərkəzi yaradılıb.
Universitetdə xüsusi zavodlar mövcuddur ki,
onlar öz tullantılarını emal edərək təhsil
müəssisəsini 100% enerji və istiliklə təmin
edir.
Hazırda Kornell Universitetinin İtakada yerləşən
kampusunda 1594, Nyu-Yorkdakı təhsil
müəssisələrində 1005, Qətərdəki kollecdə isə 34
nəfərlik professor-müəllim heyəti fəaliyyət
göstərir. Universitetdə çalışan məşhur alimlər
arasında Karl Saqan, çarlz Evans Hyuz, Norman
Malkolm, Vladimir Nabokov, M. H. Abrams, Riçard
Feynman, Kip Torn, Arçi Rendolf Ammons, Piter
Debay, Allan Blum, Pol de Man, Jak Derid və
digərlərinin adları vardır. 2008 və 2009-cu
illərdə ABŞ-ın "Ali təhsil xronikası" jurnalı
Kornell Universitetini "Böyük robot kolleci"
adlandırıb. Bu ad universitetə rəhbərlik işinin
yüksək səviyyədə qurulması, əməkdaşların
işləməkdən zövq alması, onlara təqaüdə çıxdıqdan
sonra yüksək məbləğdə təqaüd və kompensasiya
ödənilməsi, tələbələrin, eləcə də digər
əməkdaşların burada oxuyub fəaliyyət
göstərdikləri üçün verilib. Kornell
Universitetinin müəllim və məzunlarından 41
nəfər Nobel mükafatına layiq görülüb.
Hazırda Kornell Universitetində azərbaycanlı
tələbə təhsil almır. Lakin tezliklə bu
universitetin məşhur məzunları arasında bizim
tələbələrin də adlarının olacağına böyük ümid
bəsləyirik.
Hazırladı:
Lamiyə ƏLİYEVA |