Olimpiadada azərbaycanlı şagirdlər doqquz medal
qazanıblar
Bakıda Yeniyetmələrin VI Beynəlxalq Elm
Olimpiadası başa çatmışdır.
Dekabrın 10-da "Buta" sarayında olimpiadanın
qaliblərinin mükafatlandırılması mərasimi
keçirilmişdir.
On beş yaşlı yeniyetmələr arasında fizika, kimya
və biologiya fənləri üzrə keçirilmiş olimpiadada
49 ölkədən 600-dən çox şagird və onların
müəllimləri iştirak etmişlər.
Heydər Əliyev Fondunun, İJSO (International
Junior Science Olympiad) və Azərbaycan Milli
Elmlər Akademiyasının dəstəyi ilə keçirilən
olimpiadada dünyanın 5 qitəsindən 258 şagird 30
sualdan ibarət test, nəzəri və təcrübi
tapşırıqları cavablandırmışdır. Cavabları
olimpiadanın Elm Komitəsi tərəfindən seçilən 18
təcrübəli müəllim yoxlamışdır.
Tədbir iştirakçıları olimpiadanın gedişini əks
etdirən videofilmə baxmışlar.
Gənclər və idman naziri Azad Rəhimov
bildirmişdir ki, ölkəmizdə olimpiadanın yüksək
səviyyədə keçirilməsi üçün nizamnaməyə uyğun
olaraq bütün işlər ardıcıllıqla həyata
keçirilmişdir.
Nazir demişdir ki, Azərbaycan bu tədbirə ev
sahibliyi edən ilk Avropa ölkəsidir.
Bildirilmişdir ki, bu tədbirin Azərbaycanda
keçirilməsi olduqca fərəhli haldır. Olimpiada
ayrı-ayrı ölkələrdən gəlmiş yeniyetmələr
arasında əsl elm və dostluq körpüsünə
çevrilmişdir. İştirakçılar Azərbaycanın tarixi,
mədəniyyəti, mətbəxi və xalqımızın
qonaqpərvərliyi ilə yaxından tanış olmuşlar.
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının
iştirakçıları ümumilikdə 20 qızıl, 60 gümüş və
84 bürünc medal qazanmışlar.
Olimpiadada iştirak edən 12 azərbaycanlı
məktəblidən 9-nun adı mükafatçılar sırasında
olmuşdur. Onlardan 2-si gümüş, 7-si isə bürünc
medal qazanmışdır.
Rusiya komandası 6 qızıl medalla birinci yerə
çıxmışdır.
Qaliblərə mükafatları xarici işlər nazirinin
müavini, Azərbaycan Diplomatik Akademiyasının
rektoru, olimpiadaya hazırlıq məqsədi ilə
yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz
Paşayev, təhsil naziri Misir Mərdanov, gənclər
və idman naziri Azad Rəhimov, VI Beynəlxalq Elm
Olimpiadasının prezidenti Masna Gintinq,
Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov və başqaları təqdim etmişlər.
Tədbir gənc musiqiçilərin geniş konsert proqramı
ilə davam etmişdir.
AzərTAc |