| 
								
								Azərbaycan Respublikasında ümumtəhsil 
								məktəblərinin maddi-texniki bazasının 
								inkişafına, məktəb binalarının təmirinə mütəmadi 
								şəkildə dövlət qayğısı göstərilir. Eyni zamanda 
								görülən işlərə baxmayaraq, ölkədə qəza 
								vəziyyətinə düşmüş, təlim və tədris şəraiti 
								olmayan ümumtəhsil məktəbləri hələ də 
								qalmaqdadır.  
								
								Qəza vəziyyətində olan ümumtəhsil 
								müəssisələrinin müasir səviyyədə yenidən 
								qurulması işlərinin davam etdirilməsini təmin 
								etmək məqsədi ilə 
								
								  
								
								
								QƏRARA ALIRAM:  
								
								1. 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş 
								Azərbaycan Respublikası Prezidentinin Ehtiyat 
								Fondundan Azərbaycan Respublikasının Təhsil 
								Nazirliyinə 3,0 (üç) milyon manat məbləğində 
								vəsait ayrılsın.  
								
								2. Azərbaycan Respublikasının Maliyyə 
								Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci 
								bəndində nəzərdə tutulan vəsaitin 
								maliyyələşdirilməsini müəyyən olunmuş qaydada 
								təmin etsin.  
								
								3. Azərbaycan Respublikasının Nazirlər Kabineti 
								bu Sərəncamdan irəli gələn məsələləri həll 
								etsin. 
								  
								
								
								İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 4 dekabr 2009-cu il
 |