Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi
Şuranın növbəti iclası keçirildi. İclas
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 30 oktyabr tarixli sərəncamları
ilə universitetin əməkdaşlarına verilmiş fəxri
adların və təltiflərin təqdimatına həsr
olunmuşdu. Tədbirdə Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov, Elmi Şuranın
üzvləri, universitetin professor-müəllim heyəti,
tələbələr və KİV təmsilçiləri iştirak edirdilər.
Akademik Abel Məhərrəmov dövlət başçısının 30
oktyabr tarixli sərəncamları ilə BDU-nun
alimlərinə - 107 nəfərə Azərbaycanın ən böyük
mükafatları və fəxri adlarının verilməsini
təhsil ocağına olan böyük diqqət və qayğı kimi
dəyərləndirdi. Azərbaycanın təhsil tarixində ilk
dəfə olaraq, eyni zamanda bir təhsil
müəssisəsinin bu qədər çox sayda əməkdaşının
dövlət mükafatlarına layiq görüldüyünü diqqətə
çatdıran rektor bu faktı nəinki universitetə,
bütövlükdə Azərbaycan elminə, Azərbaycan
təhsilinə yetirilən xüsusi diqqət, təhsil
işçilərinin əməyinə verilən yüksək qiymət kimi
dəyərləndirdi. A.Məhərrəmov təltif olunanlar
adından ölkə Prezidenti cənab İlham Əliyevə
təşəkkürünü bildirdi.
Sonra çıxış üçün söz təhsil naziri Misir
Mərdanova verildi. Təhsil naziri dövlət
başçısının salamını, hörmət və ehtiramını
universitetin kollektivinə çatdıraraq bu
tədbirin şəxsən onun tapşırığı ilə həyata
keçirildiyini vurğuladı.
Nazir Bakı Dövlət Universitetinin bir müddət
öncə qeyd olunmuş 90 illik yubileyinin
ümumilikdə Azərbaycan təhsilinin bayramına
çevrildiyini dedi. Misir Mərdanov yubileyə həsr
olunmuş təntənəli mərasimdə Prezident İlham
Əliyevin və Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban xanım Əliyevanın iştirak
etməsi, dövlət başçısına universitetin fəxri
doktoru adının verilməsi, təhsil ocağının
əməkdaşlarının müxtəlif fəxri adlar, orden və
medallarla təltif olunması və s. kollektivin
yaddaşında önəmli hadisə kimi yaşayacağına
əminliyini ifadə etdi. Dövlət başçısının müvafiq
sərəncamlarını təhsil sahəsinə göstərilən xüsusi
qayğının növbəti təzahürü kimi qiymətləndirən
nazir ölkənin bütün təhsil ictimaiyyəti adından
cənab Prezidentə minnətdarlığını bildirdi və
kollektivin hər bir üzvünün bu şərəfə layiq
fəaliyyət göstərməsinin, bu etimadı doğruldaraq
öz işinə daha məsuliyyətlə yanaşmasının
zəruriliyini vurğuladı.
Misir Mərdanov daha sonra çıxışında ümummilli
liderimiz Heydər Əliyevin müdrik siyasətinin bu
gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsindən bəhs etdi. Qeyd olundu
ki, hazırda Azərbaycanda bütün sahələrin, o
cümlədən elmin və təhsilin inkişafı üçün
əlverişli şərait yaradılıb və bunun sayəsində
təhsil sistemində əsaslı infrastruktur
dəyişiklikləri baş verir, inkişafyönümlü proqram
və layihələr həyata keçirilir, təhsil
müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi və digər məsələlər üzrə çox
mühüm işlər görülür.
Ali təhsil sahəsində mövcüd olan problemlərdən
və bununla bağlı qarşıda duran vəzifələrdən söz
açan nazir BDU-nun həmişə olduğu kimi bu
məsələlərin həllində də digər ali məktəblərə
örnək olacağına ümid etdiyini bildirdi.
Təhsil naziri Misir Mərdanov çıxışının sonunda
dövlət mükafatlarına layiq görülənləri təbrik
edərək onlara gələcək fəaliyyətlərində yeni-yeni
nailiyyətlər, şəxsi həyatlarında cansağlığı və
xoşbəxtlik arzuladı.
Sonra Bakı Dövlət Universitetinin əməkdaşlarına
verilən fəxri adların, orden və medalların
təqdimatı oldu. Təltif olunanlar təhsil naziri
ilə xatirə şəkli çəkdirdilər.
Hicran ƏKBƏROVA |