Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 Dekabr 2009 - ¹48

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında) 

Azərbaycanın təhsil sistemində 10 ildən artıq bir müddətdə davamlı və məqsədyönlü şəkildə aparılan islahatlar dövlət müstəqilliyinin mühüm əlamətlərindən biridir. Müstəqillik yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fəaliyyət standartlarına, işin forma, məzmun və mahiyyətinə müasir mövqedən yanaşmağa, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açır.

ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar tarixi zərurətdən, zamanın tələbindən irəli gəlmişdir. Ən diqqətçəkən cəhət ondan ibarətdir ki, islahatlar başlanarkən inqilabçılıq, köhnəni tamamilə inkar etmək yolu tutulmamış, yeniliklərin mütərəqqi ənənələr üzərində qurulması diqqət mərkəzində saxlanmışdır. Bununla belə, islahatlar o zaman məqbul sayılır ki, dünənə qədər yararlı hesab edilənlərin artıq bu gün tələblərə uyğun gəlmədiyi barədə cəmiyyətdə obyektiv fikir formalaşsın.

Təhsil sahəsində islahatların əsas istiqamətlərindən biri də dərslik siyasəti ilə bağlıdır. Bu məqalə ümumtəhsil məktəblərinin dərslik problemlərinə həsr olunmuş əvvəlki iki məqalənin davamı kimi nəzərdə tutulub. Həmin məqalələrdə daha çox dərslik yaradıcılığı tarixi, dərslik hazırlığı sahəsində həyata keçirilən tədbirlər işıqlandırılmışdısa, bu yazıda müasir dövrün tələblərinə uyğun yeni nəsil dərsliklərinin səciyyəvi xüsusiyyətlərini, onlara verilən tələbləri diqqətə çatdırmağı qarşıya məqsəd qoymuşuq.

Əgər desək ki, dərslik hər bir insanın həyatda ilk dəfə oxuduğu kitabdır, heç də yanılmarıq. "Kitab bilik şəhərinin nurudur" (Ə.Cami, XV əsr). İnsanları öyrənməyə, məlumatlanmağa, biliklərə, bacarıq və vərdişlər qazanmağa aparan yol da məhz belə kitablardan - dərsliklərdən başlanır.

Bir dərslik yazmağın əziyyəti cild-cild roman yazmağın zəhmətindən daha çoxdur. Buna görə də bütün həyatını, yaradıcılığını bir və ya bir neçə dərsliyə həsr etmiş alim və mütəxəssislərin təhsil tariximizdə şərəfli yer tutması hamıya yaxşı məlumdur. Elə dərsliklər var ki, bunlar onilliklər ərzində davamlı surətdə təkmilləşdirilmiş, yenidən işlənmiş, hətta ayrı-ayrı müəlliflər qrupu tərəfindən müxtəlif variantlarda hazırlanmışdır. Bununla belə, dərsliklər daim ictimaiyyətin diqqətində olduğundan onlara həmişə tələbkarlıqla yanaşılmış, tənqidi münasibət bəslənilmişdir. Bu da təbiidir, çünki yaranan kitabların ən vaciblərindən hesab edilən dərsliklər cəmiyyətdə uşaq və gənclərin təhsillənməsi yolunda başlıca vasitə kimi qəbul olunmaqdadır.

Bu yerdə indiyədək ciddi diqqət yetirilməyən bir məqama toxunmaq istərdim. Məsələ bundadır ki, dərsliklərin müvafiq tədris proqramları əsasında yazılmasına baxmayaraq, son nəticədə məhz dərsliklər tənqid hədəfinə çevrilir. Halbuki hər bir fənnin məzmunu bilavasitə tədris proqramlarında müəyyənləşdirilir. Ona görə də dərsliklərə münasibət göstərilərkən, ilk növbədə, tədris proqramlarının hansı səviyyədə hazırlanmasına, mövcud tələbatları ödəyib ödəməməsinə xüsusi diqqət yetirilməlidir. Əlbəttə, keyfiyyətli tərtib olunmuş tədris proqramı əsasında zəif dərslik də yazıla bilər, bu, müəllifin peşəkarlığından birbaşa asılıdır. Lakin məzmun baxımından real tələblərə cavab verməyən proqram əsasında yaxşı dərslik hazırlamaq sağlam məntiqə heç cür uyğun gəlmir. Fikrimcə, sovet dönəmində yaranan, müstəqillik illərində də eyni prinsiplər əsasında hazırlanan dərsliklərdəki nöqsan və çatışmazlıqların mənbəyini ümumi təhsilin məzmununun fənyönümlü olmasında, daha çox faktların, məlumatların, nəzəri materialların mənimsədilməsinə yönəlməsində axtarmaq daha düzgün olardı. O vaxtlar əksər dərsliklərin mərkəzdə hazırlanıb yerlərdə tərcümə edilərək istifadə olunması səbəbindən müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda dərslik yaradıcılığı sahəsində mütəxəssislərin kifayət qədər formalaşmaması da dərsliklərin keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri idi.

İslahatların nəticəsi olaraq mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla ümumi təhsilin məzmununda təklifyönümlülükdən tələbyönümlülüyə keçilməsi, şəxsiyyətyönümlülük, inteqrativlik istiqamətlərinin gücləndirilməsi, məzmunun əvvəlcədən müəyyən edilmiş nəticələrin (standartların) reallaşdırılmasına yönəldilməsi və bunlarla əlaqədar təlim prosesində "müəllim-şagird" münasibətlərinin, təlim strategiyalarının mahiyyətcə dəyişməsi dərslik hazırlığı məsələlərinə də yeni yanaşma formalaşdırmışdır. Bütün bunlar dərslik yaradıcılığı sahəsində III mərhələni şərtləndirən əsas amillərdir.

Məlumdur ki, yeni yanaşmaları əks etdirən fənn kurikulumları əsasında hələlik I və II siniflər üçün dərsliklər hazırlanıb istifadəyə verilmişdir. Digər siniflərdə isə ənənəvi tədris proqramları üzrə yazılmış dərsliklər tətbiq olunur.

Aparılmış təhlil göstərir ki, ənənəvi qaydada hazırlanmış dərsliklərdə tədris proqramlarına uyğun olaraq, daha çox müvafiq elm sahəsi üzrə anlayışların, məlumatların əks olunmasına üstünlük verilir. Ona görə də dərsliklərin ümumi quruluşu müəyyən edilərkən elmi-nəzəri materialların ardıcıllıqla mənimsədilməsi üstün prinsip kimi əsas tutulur.

Dərsliklərin bu qaydada tərtibi onların əlavə materiallarla yüklənməsinə, təkrarlara, həcminin artmasına gətirib çıxarır. Proqram və dərslik müəlliflərinin bir çoxuna elə gəlir ki, məsələn, Azərbaycan dili fənni daxilində şagirdlər dilin bütün bölmələri üzrə nəzəri bilikləri, qaydaları bilməli, əzbər yadında saxlamalıdırlar. Yaxud riyaziyyatdan natural ədədlərə, kəsrlərə, cəbri ifadələrə, funksiyalara, inteqrallara, həndəsəyə aid nə varsa şagird mənimsəməli və onların tətbiqi ilə bağlı məsələləri, misalları, habelə digər tapşırıqları yerinə yetirməlidir.

Bu fikirləri əsaslandırmaq üçün nümunələrə nəzər salaq. Məsələn, III sinfin ana dili proqramında nitq hissələrindən isimin öyrədilməsinə 28, sifətə 14, felə 30 saat vaxt ayrılmışdır. IV sinifdə isə yenə də isimə 35, sifətə 20, felə 45 saat verilmişdir. Təsəvvür etmək çətin deyil ki, əgər III-IV siniflərdə təkcə fel bəhsinə 75 saat ayrılırsa, onda bu nitq hissəsi üzrə şagird səviyyəsində öyrənilməmiş heç nə qalmır. Bu zaman haqlı bir sual meydana çıxır: ibtidai sinif şagirdinə təkcə bir nitq hissəsinə aid bu qədər bilik, məlumat həcmi nəyə lazımdır?!

Şübhə yoxdur ki, dərslik hazırlığında elmilik prinsipinin gözlənilməsi vacib şərtlərdən biridir. Dərsliklərdə müvafiq elm sahəsinin nailiyyətləri şagirdlərin yaş, qavrama səviyyəsinə uyğun öz əksini tapmalıdır. Lakin bu, heç də dərslikləri nəzəri məlumatlarla yükləməyə əsas vermir. O elmi materiallar faydalı hesab olunur ki, bunlar bilavasitə şagirdlərdə idraki bacarıqların, xüsusilə də tətbiqi bacarıqların formalaşmasına xidmət edir.

Ənənəvi tədris proqramlarında və bunlara uyğun yazılmış dərsliklərdə yuxarıda qeyd edilən nöqsan və çatışmazlıqların yaranmasının başlıca səbəbi yaxın illərədək təhsil sistemində nəticələrə əsaslanan dövlət standartlarının müəyyənləşdirilib tətbiq edilməməsi olmuşdur. Məhz dövlət tələbini əks etdirən təlim standartları etibarlı sipər rolunu oynayaraq dərslikləri artıq materiallardan, informasiyalardan, məqsədlə uyuşmayan mövzulardan, kənaraçıxma hallarından qorumağa yönəlmişdir. Aşağıdakı nümunəyə diqqət yetirək:

Riyaziyyatdan II sinif üçün fənn kurikulumunda "Cəbr və funksiyalar" məzmun xəttinin "Riyazi ifadələr" hissəsində əsas standart "Şagird riyazi ifadələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir" formasında müəyyən edilmişdir. Bu əsas standart aşağıdakı nəticə alt-standartları vasitəsilə reallaşdırılır:

Şagird:

- mötərizəli və mötərizəsiz ədədi ifadələri oxuyur və yazır;

- mötərizəli və mötərizəsiz ədədi ifadələrin qiymətini hesablayır;

- sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur;

- məsələyə uyğun riyazi ifadə, riyazi ifadəyə uyğun məsələ qurur.

Başqa sözlə, əgər şagird həmin alt-standartlarda qeyd olunan tələbləri yerinə yetirirsə, demək o, riyazi ifadələrin mahiyyətini mənimsəmiş və müvafiq tətbiqi bacarıqlara yiyələnmişdir. Analoji olaraq dərslikdə də yalnız alt-standartlarda ifadə olunmuş məzmun və fəaliyyətlərin reallaşdırılması yolları öz əksini tapmalı, bütün diqqət buna yönəlməlidir. Göründüyü kimi, standartların təbiəti elədir ki, reallaşma prosesində dərsliklərə hər hansı bir artıq materialın, məlumatın daxil olmasını yolverilməz edir.

Yaxud ədəbiyyat fənnini götürək. Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş Milli Kurikulum sənədində, məsələn, əsas təhsil pilləsində bu fənn üzrə ümumi nəticələr şifahi və yazılı ədəbiyyat nümunələri, bədii mətnlər, poeziya, nəsr, dramaturji materiallar əsasında şagirdlərdə təhlil, müqayisə, tətbiq, müstəqil fikir yürütmə, planlaşdırma, münasibət bildirmə, izahetmə, əməkdaşlıq bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur, onlarda obrazlı təfəkkürün, sözə və söz sənətinə həssas, emosional münasibət yaradılmasına, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi simalar haqqında ümumi məlumatların mənimsədilməsinə xidmət edir.

Müqayisə üçün deyək ki, indiki fənn proqramının tələbinə görə hazırda istifadə edilən ədəbiyyat dərsliklərində, bir qayda olaraq, şifahi xalq ədəbiyyatı nümunələri, müxtəlif bədii əsərlərdən parçalar, yazıçıların həyat və yaradıcılığı, onların bəzi əsərlərindən nümunələr daha geniş yer tutur. Həm də yazıçılar dərsliklərdə tarixi-xronoloji ardıcıllıqla sıralandığından şagirdlər xeyli ərəb və fars sözləri olan klassik ədəbiyyat nümunələrini 14-15 yaşlarında, daha müasir əsərləri isə 16-17 yaşlarında öyrənirlər ki, bu da müəyyən uyğunsuzluqlar əmələ gətirir. Eyni zamanda tədris olunan bədii əsərlərin dərsliklərdə təhlilinin verilməsi şagirdləri düşünmək, fikir söyləmək, müstəqil təhlil aparmaq imkanından məhrum edir. Elə ədəbiyyat dərslikləri də var ki, bunlara ədəbiyyat yox, ədəbiyyat tarixi dərslikləri demək daha düzgün olardı. Yaxud 235 səhifəlik dərsliyin 42 səhifəsi yazıçıların həyatına sərf edilirsə, bu qədər məlumatın şagirdlər tərəfindən öyrənilib yadda saxlanılacağına kim zəmanət verə bilər və bu, nə dərəcədə əhəmiyyətlidir?!

Həm də dərsliklərə daxil edilmiş poeziya, nəsr və dramaturgiya nümunələrinin az qala standart səviyyəsində qəbul olunması qətiyyən düzgün deyildir, bunların hansı məqsədlə seçilməsi əsaslandırılmalıdır. çünki təhlil göstərir ki, eyni əsərlər uzun illərdən bəri dərsliklərə salınır və dəyişdirilmir. Məgər məqsəd həmin əsəri öyrətməkdir, yoxsa əsərlər vasitəsilə qarşıya qoyulmuş digər vacib məsələni yerinə yetirmək?! Təbii ki, şagirddə, məsələn, təhlil, müqayisə və sair bu kimi bacarıqları möhkəmləndirmək nəzərdə tutulursa, bu məqsədə hər hansı bir əsər xidmət göstərə bilər.

Fikrimcə, yeni fənn kurikulumları ədəbiyyat dərsliklərini "yazıçının həyatı, yaradıcılığı və əsərlərindən bir nümunə; ənənəvi sual və tapşırıqlar..." şablonundan xilas edərək, şagirdlərə bədii ədəbiyyat vasitəsilə zəruri həyati bacarıqların, insan şəxsiyyətini şərtləndirən mənəvi-əxlaqi keyfiyyətlərin formalaşdırılmasına real zəmin yaradacaqdır.

Bütün bu açıqlamalardan sonra (əlbəttə, bu fikirlər diskussiya obyekti də ola bilər) belə bir sual meydana çıxır: Müasir dərslikləri səciyyələndirən hansı cəhətlərdir? Bunları, əsasən, aşağıdakı kimi qruplaşdırmaq olar:

- şagirdlərin təlim marağının gücləndirilməsi, onları tədqiqatçılığa, axtarışlara, yeni məlumatlar əldə etməyə istiqamətləndirməsi;

- məntiqi və yaradıcı təfəkkürün inkişafını təmin etməsi;

- tətbiqi xarakter daşıması, şagirdlərdə zəruri həyati bacarıqların formalaşdırılmasına zəmin yaratması;

- fəndaxili və fənlərarası inteqrasiya imkanlarını təmin etməsi;

- fəal təlim metodlarının tətbiqinə şərait yaratması;

- fərqli idraki imkanlara malik şagirdlərin təlim prosesində nəzərə alınması;

- müəllimlərin müstəqil və yaradıcı fəaliyyətinə əlverişli imkanlar yaratması və s.

Yeni kurikulumlar əsasında tərtib edilən dərsliklərin müəllim üçün metodik vəsait və şagirdlər üçün iş dəftəri ilə birlikdə komplekt şəklində qəbul edilməsi sayəsində dərsliyin yeni bir funksiyası - əlaqələndirici funksiyası meydana çıxır. Bu funksiya müəllim-şagird-valideyn pedaqoji əməkdaşlığının, birliyinin təmin olunmasında başlıca rol oynayır.

Daha bir vacib məqam. Ənənəvi dərsliklər öz xarakterinə görə daha çox informasiya mənbəyi kimi qəbul edilir, bu xususiyyət onların əsas mahiyyəti hesab olunur. Əlbəttə, dərsliklərdə informasiyalar, məlumatlar olmalıdır, bunsuz keçinmək mümkün deyildir. Lakin bugünkü informasiya bolluğu şəraitində dərsliklər, təbii ki, onları əks etdirmək ağırlığını öz üzərinə götürə bilməz. İndiki şəraitdə dərsliklər müxtəlif çeşidli informasiyalardan ən zərurilərini seçmək və səmərəli istifadə etmək, onların əsasında meyil və marağa görə yeni məlumatlar əldə etmək sahəsində şagirdlər üçün istiqamətverici vəsaitə çevrilməlidir. Belə olduğu halda, şagirdin təlimə marağı yüksəlir, tədris prosesində onun fəaliyyətinin motivləşdirilməsi (fəallığı təmin edən halların nəzərdə tutulması) və stimullaşdırılması təmin olunur. Heç şübhəsiz, təlim zamanı şagirdlərin fəaliyyətini motivləşdirmədən və stimullaşdırmadan yüksək keyfiyyətə nail olmaq qeyri-mümkündür.

Müasir dünya təcrübəsi göstərir ki, dərslik yaradıcılığında iki mühüm cəhətə xüsusi diqqət yetirilir. Bunlardan birincisi, dərsliklərdəki təlim tapşırıqlarının şagirdlərin yaş səviyyəsinə uyğun daha çox oyun elementləri, maraqlı fakt və hadisələr üzərində qurulması, ikincisi isə bu tapşırıqların şagirdlərin idrak fəallığının, təfəkkürlərinin, dünyagörüşlərinin gücləndirilməsinə yönəldilməsidir. Məsələn, mətn üzərində iş prosesində məqsəd əsas məzmunu müəyyənləşdirmək və ya məzmunu qüvvətləndirən ifadələri təsnif etməkdirsə, bu zaman elə mətn seçilməlidir ki, həm tapşırığa uyğun gəlsin, həm də şagird bu mətn vasitəsilə yeni maraqlı məlumat əldə edə bilsin. Yaxud şagird təsviri xarakter daşıyan mətn üzərində qurulmuş riyazi məsələyə nisbətən yeni informasiyaya əsaslanan əyləncə tipli məsələnin həllinə daha həvəslə yanaşar. Heç şübhəsiz, hər hansı bir tarixi hadisəni lüzumsuz rəqəmlərlə akademik dildə təsvir etməkdənsə, onu nəqli formada, hekayə üslubunda yazmaq şagird üçün xeyli maraqlı və yaddaqalan olar.

Məşhur bir ifadə var ki, kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kimin düşünmədiyini düşünmək deməkdir. Görkəmli maarifçi-filosof R.Dekart düşünməyi mövcud olmaq adlandırırdı. Bu mənada təlim prosesində şagirdləri düşünməyə, düşünməklə axtarışlar aparıb qərarlar qəbul etməyə istiqamətləndirmək ən vacib vəzifələrdəndir. Bu işdə dərsliklər, şübhəsiz, mühüm rol oynamalıdır. Xüsusilə, əsas və orta təhsil pilləsi üçün nəzərdə tutulan dərsliklərdə şagirdləri problemlərlə üzləşdirən, tədqiqatçılığa sövq edən materiallara geniş yer verilməlidir. "Nə üçün", "hansı səbəblərə görə", "hansı yolu seçməli" və sair bu kimi suallar şagirdlərin təfəkkürünü durğunluqdan dinamikliyə yönəltməlidir.

Məlumdur ki, təhsil iki əsas təməl üzərində - inkişafetdirici və tərbiyəedici təlim prinsipləri üzərində qurulur. Onlar bir-biri ilə üzvi şəkildə bağlıdır, biri digərini məntiqi cəhətdən tamamlayır. Bu prinsiplər birlikdə təhsilalanın şəxsiyyətini formalaşdıran mühüm amil kimi meydana çıxır. Şəxsiyyətin formalaşmasında isə idraki, informativ-kommunikativ və psixomotor bacarıqlar aparıcı rol oynayır. Yeni kurikulumlarda bu cəhət əsas istiqamət olaraq nəzərdə tutulmuşdur. Bunlar, bir qayda olaraq, aşağıdakı kimi təsnif edilir:

Fənn kurikulumlarında nəticə standartları formasında ifadə olunan bu bacarıqların dərsliklərdə reallaşdırılması təqdim edilən sxemdəki vasitələrlə təmin oluna bilər.

Göründüyü kimi, hər bir tədris vahidi (bəhs, fəsil), onu əhatə edən bölmə və mövzular standartın tələbindən yaranır və nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi göstərilən vasitələrlə təmin olunur.

Yeni nəsil dərsliklərin fənn kurikulumları əsasında hazırlanması üçün bir sıra zəruri pedaqoji prinsiplərin gözlənilməsi mühüm əhəmiyyətə malikdir. Həmin prinsipləri diqqətə çatdıraq:

- düzgünlük (təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, mübahisəli faktların olmaması, orfoqrafiya, durğu işarələri və qrammatik qaydaların gözlənilməsi);

- əyanilik (şəkil, foto, sxem, qrafik, xəritə, cədvəl və illüstrasiyaların olması);

- müasirlik (müvafiq elm sahəsində və sosial-iqtisadi sahələrdəki nailiyyətlərin şagirdlərin yaş səviyyəsinə uyğun əks olunması, təlim materiallarının müasir dünyagörüşü formalaşdırılmasına istiqamətlənməsi);

- tamlıq (nəzəri, praktik, təsviri, qiymətləndirmə materiallarının olması, onların üzvi şəkildə əlaqələndirilməsi);

- ardıcıllıq (psixoloji, məzmun, təqvim-tematik və məntiqi baxımdan).

Psixoloji baxımdan ardıcıllıq təlim materiallarının maraqlılıq səviyyəsinə görə düzülməsidir. Bu, hafizə, təfəkkür və təxəyyül proseslərinin formalaşmasında başlıca şərtlərdən biridir.

Məzmun baxımından ardıcıllıq təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanmasını tələb edir.

Təqvim - tematik baxımından ardıcıllıq təlim materialları düzülərkən tarixi günlərin, əlamətdar hadisələrin diqqətdə saxlanmasını nəzərdə tutur.

Məntiqi baxımdan ardıcıllıq əvvəlki təlim materialları vasitəsilə növbəti materialların mənimsənilməsinə zəmin yaradılmasını tələb edir.

- yaş səviyyəsinə uyğunluq (dərsliyin poliqrafiya, dizayn cəhətdən şagirdlərin estetik tələbatına cavab verməsi, təlim materiallarının məzmun və həcm baxımından onların ehtiyaclarına uyğun müəyyənləşdirilməsi);

- təlim vaxtına uyğunluq (təlim materiallarının həcmi müəyyən edilərkən tədrisə ayrılan vaxtın dəqiq nəzərə alınması);

- oxunaqlılıq (təlim materiallarının maraqlı və yığcam olması, onların aydın üslubda, sadə dildə ifadə edilməsi);

- inklüzivlik (potensial imkanlardan, qavrama səviyyəsindən asılı olmayaraq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və onların təlim maraqlarının ödənilməsi).

Bunlarla yanaşı, müasir dərsliklər müəyyən olunmuş gigeyenik tələblərə uyğun hazırlanmalı, fəal təlim üçün əlverişli imkanlar yaratmalıdır.

Vacib cəhətlərdən biri yeni nəsil dərsliklərinin inteqrativ xarakterdə hazırlanmasının təmin olunmasıdır. İnteqrativlik təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə üzvi əlaqələndirilməsidir. İnteqrasiya konkret bir hadisə, anlayış və məfhum haqqında şagirdlərdə daha geniş təsəvvürlər yaradılmasına, onların mahiyyətinin dərindən dərk edilməsinə və möhkəmləndirilməsinə, bilik və bacarıqların sistemli mənimsədilməsinə hərtərəfli imkanlar açır, şagirdlərdə müqayisələr aparmaqla ümumiləşdirmə bacarıqlarının formalaşmasına, tədqiqatçılıq meyillərinin güclənməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Hər hansı bacarıq yalnız bir fənn vasitəsilə aşılana bilməz. Konkret bacarığın mənimsədilməsində hər bir fənn öz məzmun imkanları daxilində iştirak edir. Bu fikri əsaslandırmaq üçün diqqətə çatdırım ki, müasir kurikulumlarda standartlar elə müəyyən olunmuşdur ki, onların hamısı əsas məqsədləri ilə yanaşı, bu və ya digər dərəcədə şagirdlərdə nitq mədəniyyətinin formalaşdırılmasına da lazımi səviyyədə xidmət göstərir. çünki bütün fənn kurikulumlarında şagirdlərin "izahetmə", "şərhetmə", "təqdimetmə" bacarıqlarının inkişafını nəzərdə tutan standartlar vardır.

Fənlərarası inteqrasiya nümunəsində digər bir fakta nəzər salaq. Aşağıdakı cədvəldə I sinifdə tədris olunan müxtəlif fənlər üzrə "fərqləndirmə" bacarığı əhatə edilən alt-standartlar ifadə olunmuşdur.

Təlim prosesində dərsliklər əsas vəsait kimi nəzərdə tutulsa da, tək bir dərslik, eləcə də müəllim üçün metodik vəsait müəllimlərin fəaliyyətinin istiqamətləndirilməsi sahəsində yeganə mənbə ola bilməz. Təlim çoxcəhətli, psixoloji-pedaqoji məqamlarla zəngin bir prosesdir. Bu prosesin səmərəli, şagirdlərin mənafeyinə yönəldilmiş formada təşkili üçün müəllimlərin paralel olaraq müxtəlif vəsaitlər və metodik tövsiyələrlə təminatı bu günümüzün vacib məsələlərindəndir. Təəssüf ki, bizim bu sahədə fəaliyyət göstərən mütəxəssislərimizin əksəriyyəti daha çox dərslik hazırlanmasına diqqət yetirir, əlavə vəsaitlərin tərtibinə həvəslə yanaşmırlar. Yəqin belə vəziyyət ondan irəli gəlir ki, əlavə vəsaitlər dövlət hesabına nəşr olunmur. Lakin fikrimcə, müəllimlər müasir tələblər səviyyəsində hazırlanan, ehtiyacı ödəyən təlim materiallarının daim axtarışındadırlar. İnkişaf etmiş bir sıra ölkələrin təcrübəsi göstərir ki, əlavə vəsaitlərin tərtibinə dərsliklərlə bərabər səviyyədə yanaşılır. Ona görə də dərslik yaradıcılığı sahəsində tamlığı, əhatəliliyi təmin etmək məqsədilə hər bir fənn üzrə əlavə təlim materiallarının hazırlanması diqqət mərkəzində saxlanmalı, mütəxəssislər bu işə geniş cəlb olunmalıdırlar.

ölkəmizdə yeni nəsil dərsliklərin hazırlanması istiqamətində hələlik ilk addımlar atılır. Ədalət naminə demək lazımdır ki, uğurlu nəticələrin olması gələcəyə nikbinlik hissi oyadır. Bununla belə, müasir tələblər səviyyəsində dərslik hazırlanması üçün hələ çox mərhələlər keçilməli, dünya təcrübəsində mütərəqqi nə varsa öyrənilib tətbiq edilməlidir. Xüsusilə, müvafiq fənn kurikulumları əsasında inteqrativ dərsliklərin tərtibi üzrə mütəxəssislərin hazırlanması, bu sahədə ilk nümunələrin yaradılması ümdə vəzifələrdən hesab olunur.

Bu məqalə xarakterinə görə konseptual səciyyə daşımaqla yanaşı, həm də güman edirəm ki, düşünmək, araşdırmalar aparmaq, yeni ideyalar irəli sürmək üçün əsas götürülə bilər. Hər bir pedaqoq-alimin, mütəxəssisin, müəllimin, eləcə də valideynlərin dərslik yaradıcılığı barədə rəy və mülahizələri bu sahənin inkişafına təkan verəcəyi birmənalı qəbul olunmalıdır. 

(Ardı var)  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
11 Dekabr 2009 - ¹48
Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi qeyd olunub
 
Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında Anlaşma Memorandumu imzalandı
 
Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
 
"Dünya  sənin, dünya mənim, bizlər isə bu Vətənin"
 
Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq konfransda iştirak edib
 
Tanınmış alim və elm təşkilatçısı
 
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb
 
Gimnaziyanın 50 illiyi qeyd olundu
 
Dünya universiteti: Kornell Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov