Heydər Əliyev təhsil haqqında
-
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin
həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.
- Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara
təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər
bir insan gərək eyni zamanda vətəndaş olsun.
Mütləq vətəndaş olsun. Dövlətinə sadiq,
millətinə sadiq, ənənələrinə sadiq, xalqına
sadiq vətəndaş olsun.
- Bizdə təhsil çox inkişaf edibdir.
Azərbaycanda, demək olar ki, təhsil almayan adam
yoxdur.
- Bir müstəqil dövlət olaraq özümüzün təhsil
sistemimizi istədiyimiz kimi qururuq. İndiyə
qədər yaranmış təməlin üzərində Azərbaycan
təhsili, məktəbi bundan sonra daha da
təkmilləşəcəkdir.
- İndi dərs alan uşaqlar, gənclər gərək mütləq
və mütləq bizim yeni dərsliklər əsasında
oxusunlar.
- Milli ideologiyamızı hər yerdə tətbiq etmək
üçün məktəblərdə Azərbaycan xalqının tarixinin
tədrisinə çox ciddi fikir vermək lazımdır...
Gənclərimiz öz tarixini, öz tarixi keçmişini
gərək yaxşı bilsinlər. çünki mənəviyyatımız,
gənclərin bugünkü və gələcək mənəviyyatı bununla
bağlıdır.
- Azərbaycanın ali məktəblərinin, təhsil
sisteminin səviyyəsini qaldırmalıyıq. Eyni
zamanda dünyanın inkişaf etmiş ölkələrinin,
yüksək səviyyəli universitetlərin, institutların
imkanlarından Azərbaycanın gələcəyi, dəyərli
kadrlar hazırlanması üçün bundan sonra da
səmərəli istifadə etməliyik.
- Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla
iştirak etmək üçün insan müasir tələblərə uyğun
olan təhsilə malik olmalıdır. Təhsil də daim
təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın
təhsil işçilərinin üzərinə düşən vəzifələrdir.
- Təhsil sistemi Azərbaycanın gələcəyini təmin
edən bir sistemdir. Hər bir millətin, hər bir
ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə
qədər yüksək təhsilli etsək, həqiqi yüksək
təhsilli etsək, onların müəyyən ixtisaslara
mükəmməl yiyələnməsinə şərait yarada bilsək,
müstəqil Azərbaycanın gələcəyi və demək,
müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı,
elminin inkişafı, təhsilinin inkişafı,
insanların rifah halı o qədər də yaxşı
olacaqdır.
Dünya siyasətçiləri Heydər Əliyev haqqında
Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin
səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi
ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və
Azərbaycanın strateji tərəfdaşlığının təməlini
qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın
möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.
Vladimir PUTİN,
Rusiya Federasiyasının keçmiş Prezidenti
Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən
idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici
siyasətində etibar və sabitlik amili kimi çıxış
edən, iqtisadi inkişaf və sosial rifah yolunda
möhkəm addımlarla irəliləyən, beynəlxalq
birliyin nüfuzlu bir üzvü kimi etibarlı
mövqeyini gündən-günə təmin etməkdə olan
ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və
tarazlaşdırılmış xarici siyasətinin memarı olan
Heydər Əliyevi itirməyimiz tarixi və mədəni
tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı
dərindən kədərləndirmişdir.
Abdullah GüL,
Türkiyə Respublikasının Prezidenti
Heydər Əliyev Cənubi Qafqazda uzun müddət
ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə
Amerika Birləşmiş Ştatları və Azərbaycanın
bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında
və Azərbaycanın müstəqilliyinin qorunmasında
onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır.
Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş
Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı
əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı
mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ
faciəsinin sülh danışıqları vasitəsilə ədalətli
və uzunmüddətli həllinə nail olmaq sahəsində
onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və
sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb
etmişdir.
Corc BUŞ,
Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti
Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə
yoluna gətirib çıxarmışdır. Müxtəlif
görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ
münaqişəsi ətrafında müzakirələr apararkən,
münaqişənin sülh yolu ilə həllində onun
cəsarətini, müdrikliyini və qətiyyətini yüksək
qiymətləndirdim.
Jak ŞİRAK,
Fransa Respublikasının keçmiş Prezidenti
Tanrının xalqımıza ən böyük töhfəsi
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına
Uca Tanrı tərəfindən bəxş edilmiş töhfə, paydır.
Heydər Əliyev dünya siyasətində Günəşdir. Böyük
şəxsiyyətdir. Onun müdrik siyasəti yaşayır və
müstəqil Azərbaycanın parlaq gələcəyinə işıq
salır.
Günbəgün çiçəklənən Vətənimizin hər bir
guşəsində ulu öndərin izi görünür, əməlləri
yaşayır. Xalqının qarşısında xilaskarlıq
missiyasını şərəflə yerinə yetirən Heydər Əliyev
bütün Azərbaycanı qarış-qarış gəzirdi.
Yaddaşımızda dərin iz salan bir tarixi hadisəni
böyük sevinc və iftixar hissilə həmişə
xatırlayıram. 1973-cü ilin sentyabrında Heydər
Əliyev Ağdam rayonunun Qaradağlı kəndinə gəldi.
Tarlaları gəzdikdən sonra camaatla görüşdü.
Sosialist əməyi qəhrəmanları Sürəyya Kərimova,
Turab Məmmədov və mənim anam - Sosialist Əməyi
Qəhrəmanı Səkinə İmanova ilə çox səmimi söhbət
etdi. Həmin günün xatirəsi mənim qəlbimdə
əbədidir.
Bu gün ulu öndər Heydər Əliyevin bizim xalqımız
üçün etdiklərini hamımız və bütün dünya görür və
anlayır. O, bütün mənalı həyatını Azərbaycan
xalqının rifahına sərf etmişdir. Ata yolunun
layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev
haqlı olaraq, daha doğrusu, hamının qəlbini
oxuyaraq demişdir:
"Heydər Əliyev bütün dünyaya lazımdır".
Hər il Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin anadan olmasının ildönümü böyük
təntənə ilə qeyd olunur.
Heydər Əliyev xalq üçün yaranmışdı, xalq üçün də
yaşadı...
Bəli, müstəqil Azərbaycanımız Heydər Əliyevin
şah əsəridir. O, Azərbaycanı qurdu, yaratdı.
Heydər Əliyev bu quruculuqda öz həyatını
əsirgəmədi.
Dünya şöhrətli siyasi xadim, türk dünyasının
böyük oğlu Heydər Əliyevin ölməz ideyaları bu
gün xalqımızın başı üstündə bir həqiqət və
azadlıq Günəşi kimi nur saçır, ürəklərə hərarət,
gözlərə işıq verir.
Mən Ağdam rayonunun üç kənd orta məktəbində
Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm.
Uzun illərdir ki, tədris prosesində dilimizin,
ədəbiyyatımızın təntənəsində ulu öndərimiz,
böyük insan Heydər Əliyevin rolunu, titanik
fəaliyyətini həmişə ön plana çəkirəm.
Bütün xalqımız kimi, mən də ümummilli liderimiz
Heydər Əliyevə çox yüksək hörmət və ehtiram
bəsləyir, şagirdlərimi onun nümunəsində tərbiyə
etməyə çalışıram.
Sahib İMANOV,
Ağdam rayonunun Qaradağlı
kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi
Milli təhsilimizin himayədarı
Naxçıvan Dövlət Universitetində fəaliyyət
göstərən Heydər Əliyev Universitetinin "Heydər
Əliyev və Azərbaycan təhsili" mövzusunda 130-cu
məşğələsi keçirilmişdir. ümummilli liderin anım
günü ərəfəsinə təsadüf edən məşğələdə öncə dahi
öndərin xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir. Tədbiri giriş sözü ilə açan rektor,
akademik İsa Həbibbəyli Heydər Əliyevin
Azərbaycan təhsilinin inkişafındakı misilsiz
xidmətlərindən bəhs etmişdir. Millət vəkili ulu
öndərin hər iki hakimiyyəti dövründə
Azərbaycanda aparılan təhsil quruculuğundan,
regionda təhsilin inkişafına göstərilən qayğıdan
ətraflı söz açmışdır. Rektor Heydər Əliyevin
milli təhsilin tərəqqisi və dünyaya
inteqrasiyası istiqamətindəki məqsədyönlü
fəaliyyətinin bu gün ölkə başçısı İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini
vurğulamışdır.
Sonra NDU-nun Pedaqogika və psixologiya
kafedrasının dosenti, pedaqoji elmlər namizədi,
Azərbaycan Respublikasının əməkdar müəllimi
Kamal Camalovun mövzu üzrə məruzəsi
dinlənilmişdir. Məruzədə Heydər Əliyevin
müxtəlif ali və orta ixtisas məktəblərinin
yaradılmasına və formalaşmasına, gənclərin
keçmiş SSRİ-nin ən məşhur ali təhsil ocaqlarında
oxumalarına göstərdiyi diqqət və qayğıdan,
təhsil işçilərinin əməyini dəfələrlə yüksək
qiymətləndirməsindən danışılmışdır. Natiq
ümummilli liderin Naxçıvan Dövlət Universiteti
ilə sıx əlaqələrindən, muxtar respublikanın bu
yeganə dövlət ali məktəbinin inkişafındakı
rolundan bəhs edərək gəncliyi ümummilli liderin
həyatından və siyasi irsindən daim bəhrələnməyə,
onun ideyalarına sadiq qalmağa çağırmışdır.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri
Həyatını xalqına həsr etmiş insan
Dekabrın 10-da Azərbaycan Dillər Universitetinin
Heydər Əliyev muzey lektoriyasında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş
"Həyatını xalqına həsr etmiş insan" mövzusunda
elmi-praktik konfrans keçirildi. Tədbirdən
öncə qonaqlar ümummilli lider Heydər Əliyevin
xatirəsini ehtiramla yad edərək universitetdəki
büstü qarşısına gül dəstələri qoydular. Tədbirdə
ADU-nun rektoru, professor Səməd Seyidov
"Heydər Əliyev və Azərbaycan diplomatiyası"
mövzusunda çıxış etdi. Sonra təhsil nazirinin
müavini İradə Hüseynova çıxış edərək bildirdi
ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda
hakimiyyətə gəlməsindən 40 il vaxt keçir.
Dərin zəka sahibi və müdrik insan olan Heydər
Əliyev müstəqil Azərbaycanın
qurucusudur.Yaşadığı və işlədiyi dövrlərdə
həyatını həmişə Azərbaycanın inkişafına həsr
etmişdir. Bugünkü gənclərin xarici
dövlətlərdə təhsil almaları və onların
hərtərəfli inkişaf etmələri onun zəhmətinin
bəhrəsidir.
Konfransda YAP Nəsimi Rayon Təşkilatının sədri,
millət vəkili M.Həsənova, ADU-nun Gənclər
Təşkilatının sədri Ş.İsmayılov və başqaları da
ulu öndər Heydər Əliyevin misilsiz
xidmətlərindən danışdılar.
Şakir CƏFƏROV
Ulu öndərin xatirəsinə həsr olunmuş ədəbi-bədii
gecə
Xalqımızın böyük oğlu, müstəqil
Azərbaycanımızın qurucusu, dünya şöhrətli
şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin
əziz xatirəsi bütün xalqımız kimi, məktəbimizin
müəllim və şagirdlərinin də qəlbində daim
yaşayır və həmişə böyük sayğı ilə yad olunur.
Bakı şəhəri 111 nömrəli məktəbdə bu günlərdə
böyük öndərin əziz xatirəsinə həsr olunmuş
"Odlar yurdu - Heydər Əliyev - Azərbaycan"
mövzusunda ədəbi-bədii gecə keçirildi. Gecənin
təşəbbüskarı məktəbimizin məzunu, yüksək balla
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasına daxil olmuş
Ayşən Quliyeva idi.
Tədbirdə vurğulandı ki, xatirəsi bütün xalqımız
tərəfindən dərin ehtiramla anılan Heydər
Əliyevin həyat və fəaliyyəti, müstəqilliyimizin
möhkəmləndirilməsi, vətənimizin və xalqımızın
daha da inkişaf etməsi yolundakı misilsiz
xidmətləri və müdrik şəxsiyyəti gənclər üçün
böyük bir nümunə, əsl vətəndaşlıq məktəbidir.
Məktəbin direktoru Jalə Hacıyeva ulu öndər
Heydər Əliyevin milli mənəviyyatımızın,
mədəniyyətimizin qorunması və inkişafı üçün
gördüyü işləri yüksək qiymətləndirdi. Gənclərə
həmişə bu dahi İnsandan nümunə götürməyi, onun
ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı
tövsiyə etdi.
DİA-nın tələbələri Tamerlan Dəmirbəyli, Leyla
Sultanlı, Ləman Xəlilova, BDU-nun tələbəsi
Sevinc Əhmədova, 111 nömrəli məktəbin fəal
şagirdlərindən Sevinc Mustafayeva və başqaları
çıxış edərək böyük öndərin tələbələrə,
şagirdlərə göstərdiyi qayğıdan, təhsilə verdiyi
yüksək qiymətdən danışdılar, ona olan
ehtiramlarını izhar etdilər.
Məktəbin VII sinif şagirdi Emil Cəfərov Heydər
Əliyevə həsr olunmuş şeir söylədi.
Ədəbi-bədii gecənin sonunda məktəbimizin daha
bir məzunu, Azərbaycan Dövlət İqtisad
Universitetinin III kurs tələbəsi Abdulla
Piriyevin dahi şəxsiyyətin həyat və
fəaliyyətindən bəhs edən 30-35 dəqiqəlik filmi
nümayiş olundu.
Qıztamam QULİYEVA,
Bakıdakı 111 nömrəli orta
məktəbin ingilis dili müəllimi |