· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

İKT üzrə 3 illik proqram başa çatıb

Təhsildə informasiya və kommunikasiya texnologiyaları sahəsində 2007-2008-ci dərs ilində görülmüş işlər barədə Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov məlumat verərək bildirdi ki, başa vurduğumuz dərs ili ərzində "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)"nın icrası davam etdirilmiş və 3 illik proqram başa çatdırılmışdır.

 

 İ.Sadıqov qeyd etdi ki, proqram çərçivəsində 2007-ci ildə respublikanın 2519 məktəbinə (əsasən kənd rayonları üzrə) ümumilikdə 11602 kompüter, 1851 şəbəkə qurğusu, 2060 çap qurğusu, 400 noutbuk, 400 proyektor, 2059 UPS verilmişdir. Bununla yanaşı, Təhsil Nazirliyinin BMT İnkişaf Proqramı ilə imzaladıqları "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı" layihəsi çərçivəsində əlavə 70 məktəbə 1330 kompüter verilmişdir. Aşağıda göstərilmiş dörd fənn üzrə multimedia tədris vəsaitləri hazırlanmış və məktəblərə paylanmışdır:

Azərbaycan tarixi - 3 disk (qədim dövr - 1, orta əsrlər dövrü - 2), kimya - 2 disk (qeyri-üzvi kimya), biologiya - 3 disk (botanika -1, zoologiya - 2), fizika - 2 disk (mexanika - 1, molekulyar fizika - 1).

Bundan başqa, respublikamızın müxtəlif bölgələrində Təhsil Nazirliyi tərəfindən İKT üzrə treninqlər təşkil edilmiş və 3500 nəfər bu kurslardan keçmişdir. Bakı və Sumqayıt şəhərlərinin bütün ümumtəhsil məktəblərinin direktorları İKT üzrə kurslardan keçmişlər.

Bütün təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb təsdiq edilmişdir. I-IV və VII sinif şagirdləri üçün "İnformatika" dərsliyi hazırlanmış və məktəblərə paylanmışdır.

 

Rəşad ZİYADOV

 

 

 

"Əlvida, bağça"

Bakının  Səbail rayonundakı 46 nömrəli uşaq bağçasında altıyaşlıların məktəbə yola salınmasına  həsr olunmuş " Əlvida, bağça! Salam, məktəb!" adlı   mərasim keçirildi. Məlum oldu ki, bağçada ictimai tərbiyə ilə  əhatə olunan 50 uşaqdan 16 nəfəri bu il bağça həyatı ilə vidalaşır. Yeni dərs ilindən onlar şəhərin132 və134 nömrəli  orta məktəblərində təhsillərini davam etdirəcəklər.  Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  nümayəndələri və valideynlər də iştirak edirdilər.

Tərbiyəçilərdən  Rəna Ələsgərova, Nina Kandıba, Validə Teymurova və başqalarının   səyi nəticəsində uşaqlar əlifbanı və  sadə riyazi əməlləri yaxşı öyrəndikləri və  məktəbdə çətinlik çəkməyəcəklərini öz çıxışları ilə nümayiş etdirdilər. Uşaqlardan Nazlı Ələkbərova, Murad Ələkbərov,  Səid Əmircanov və başqaları şənlikdə bir-birindən maraqlı nömrələr göstərərək, məktəbə, müəllimə həsr olunmuş şeirlər söylədilər, rəqs etdilər, mahnı oxudular, səhnəciklər oynadılar.

Uşaqlardan ibarət xor  "Azərbaycan", "Can Azərbaycan" və "Kitablar" mahnılarını ifa etdi.

Sonda bağçanın müdiri Solmaz Verdiyeva birinci sinfə getmələri münasibətilə fidan balaları  və onların valideynlərini təbrik etdi və  uşaqların bundan sonra da bağça ilə daim əlaqə saxlamaqlarını arzuladı.

 

Şakir CƏFƏROV

 

 

 

 

Ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının nəticələri açıqlandı

2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinin magistratura pilləsinə iyunun 22-də Bakı və Naxçıvan şəhərlərində keçirilmiş qəbul imtahanının nəticələri açıqlanmışdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, bu il magistratura pilləsinə nəzərdə tutulmuş 4 min 809 yerə 15 min 124 bakalavr sənəd vermişdir. 

Onlardan 7 min 607 nəfəri oğlan,   qalanları isə qızlardır. 9  min 159 nəfər ali məktəblərin builki məzunudur.  ümumilikdə qəbul planının 64,61 faizi ödənilmişdir. Komissiyadan bildirilmişdir ki,  boş qalan yerlərə avqustda müsabiqə keçiriləcəkdir. Magistraturaya qəbul olunan bakalavrlar iyunun 25-dən etibarən qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçməlidirlər. Nəzərdə tutulan müddətə qədər qeydiyyatdan keçməmək qəbul olmaqdan imtina kimi qiymətləndiriləcəkdir.

 

Rəşad ZİYADOV