· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

  

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qoli Ameri ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğuladı. O, ölkəmizdə olduğu müddətdə təhsil sahəsində məhsuldar görüşlər keçirdiyi və müzakirələr apardığı haqda Prezident İlham Əliyevə məlumat verdi. Qoli Ameri ABŞ-la Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin bundan sonra daha da genişlənməsi istiqamətində bütün imkanlardan istifadə edilməsini vacib saydı.

Prezident İlham Əliyev təhsilin ölkəmizdə prioritet sahələrdən biri olduğunu vurğuladı və bu sahədə Azərbaycanda böyük işlərin görüldüyünü qeyd etdi. Dövlət başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi və bu istiqamətdə əlaqələrimizin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.

 

AzərTAc

 

 

 

 

Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Son illər respublikada yeni məktəb binalarının və əlavə sinif otaqlarının tikintisi, mövcud məktəb binalarının əsaslı təmirinə dair qəbul edilmiş proqramların icrası ilə bağlı ciddi tədbirlər həyata keçirilmiş, ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Görülmüş işlərlə yanaşı, qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yeniləri ilə əvəz edilməsi, aparılan təmir işlərinin başa çatdırılması və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi prosesini daha da sürətləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə qəza vəziyyətində olan məktəb binalarının yeniləri ilə əvəz edilməsi, aparılan təmir işlərinin başa çatdırılması və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 25 (iyirmi beş) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər  Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyun 2008-ci il

 

 

 

 

 

Arif Məlikovun 75 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2008-ci ilin sentyabr ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikovun anadan olmasının 75 ili tamam olur.

Arif Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrindəndir. Onun balet və simfoniyaları, kinofilmlərə və dram tamaşalarına musiqiləri, habelə müxtəlif janrlarda yaratdığı digər əsərləri milli musiqi xəzinəmizin ayrılmaz hissəsini təşkil edir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlər göstərən Arif Məlikovun 75 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Arif Məlikovun 75 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2008-ci il