· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Məktəbəqədər təhsillə bağlı müşavirə

İyunun 23-də Təhsil Nazirliyində "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)"nın icrasına həsr olunmuş geniş müşavirə keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer, Təhsil Nazirliyinin şöbə müdirləri və struktur bölmələrinin rəhbərləri, tanınmış alimlər, paytaxtın bir sıra məktəbəqədər təhsil müəssisələrinin müdirləri və başqaları iştirak edirdilər.

 

Müşavirəni giriş sözu ilə açan təhsil naziri Misir Mərdanov təhsil sisteminin ilk pilləsi  olan məktəbəqədər təhsilin uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəb həyatına hazırlanmasında mühüm rol oynadığını xüsusi vurğuladı.

ölkənin  məktəbəqədər təhsil müəssisələri ilə bağlı bir sıra statistik rəqəmləri müşavirə iştirakçılarının diqqətinə çatdıran nazir məlumat üçün bildirdi ki, hazırda respublika üzrə1653 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə103556 uşaq ictimai tərbiyə ilə əhatə olunub. Təhsil Nazirliyinin tabeliyindəki 1592 məktəbəqədər təhsil müəssisəsində 98029 uşaq tərbiyə alır. Məktəbəqədər təhsil müəssisələrində 13671 pedaqoji işçi, 5700 nəfər yardımçı heyət fəaliyyət göstərir. Respublika üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 17,2 faiz təşkil edir. Hazırda ölkəmizdə müvafiq qaydada lisenziya almış 5 özəl məktəbəqədər təhsil müəssisəsi var. Bu uşaq bağçalarında 346 uşağın tərbiyəsi ilə 94 pedaqoji işçi məşğul olur.     

Nazir qeyd etdi ki, son illər məktəbəqədər təhsilin inkişafı sahəsində bir sıra müsbət addımlar atılıb, beynəlxalq təşkilatlarla birlikdə yeni təhsil texnologiyalarının tətbiqi, əlverişli tərbiyə, təlim və inkişaf mühitinin yaradılması istiqamətində müəyyən uğurlar əldə olunub. Bu günə qədər Bakı şəhərində 11 yeni uşaq bağçasının tikildiyini, ən müasir avadanlıqlarla təchiz olunaraq uşaqların istifadəsinə verildiyini deyən təhsil naziri bunu təqdirəlayiq hal kimi qiymətləndirdi. Nazir onu da əlavə etdi ki, bu iş davam etdirilməkdədir. Hazırda 21 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılır. Eyni zamanda bu müəssisələrin tam təchizatı da nəzərdə tutulub.

Məktəbəqədər təhsil müəssisələri üçün əyani və metodik vəsaitlərin, nümayişetdirici və paylayıcı materialların hazırlanması da bu sahədə görülən işlərdəndir. Məktəbəqədər təhsillə bağlı həyata keçirilən digər məqsədyönlü tədbirlərdən söz açan nazir ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)"nın ölkəmizdə məktəbəqədər təhsilin inkişafına, onun yeniləşdirilməsinə geniş imkan və şərait yaratdığını söylədi. Proqramda öz əksini tapan müddəalara toxunan  nazir Misir Mərdanov burada qarşıya qoyulan ümdə vəzifələrdən bəhs etdi.

Nazir Təhsil Nazirliyi ilə əməkdaşlıq edən YUNİSEF, Dünya Bankı və digər tərəfdaşlarla birlikdə Proqramda nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün sektorlararası fəaliyyət planının hazırlanması, bu planda bütün müvafiq strukturların rolunun müəyyənləşdirilməsi, əlaqələndirici şuranın təsis edilməsi, məktəbəqədər təhsil müəssisələrinin idarə olunmasının təkmilləşdirilməsi, məktəbəqədər təhsilin məzmununun yeniləşdirilməsi (yeni kurrikulum, yeni metodologiyalar, monitorinq və qiymətləndirmə), tərbiyəçilərin peşə standartlarının yenidən nəzərdən keçirilməsi və digər tədbirlərin təxirəsalınmadan həyata keçirilməsinin vacibliyini vurğuladı. Bütün bunlar haqqında ətraflı danışan nazir Misir Mərdanov 2008-ci ilin sonunadək təhsilin bünövrəsi sayılan məktəbəqədər təhsillə bağlı daha bir sıra mühüm işlərin görülməsinin nəzərdə tutulduğunu dedi. Təhsil naziri görüləcək işlər barəsində müşavirə iştirakçılarına məlumat verərək öz fikir və mülahizələrini söylədi.

Sonra Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri  Fərzəli Qədirov,  nazirliyin Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Nərminə Alnağıyeva tərəfindən təqdimatlar oldu.

"Erkən yaş dövründə uşaqların inkişafı" mövzusunda təqdimatla çıxış edən Fərzəli Qədirov müşavirə iştirakçılarına YUNİSEF və Açıq Cəmiyyət İnstitutu tərəfindən 20-26 aprel 2008-ci il tarixlərdə London şəhərində  "Erkən yaş dövründə  uşaqların inkişafı" mövzusunda keçirilmiş təlim kursunda iştirakı, orada öyrənilmiş təcrübə haqqında məlumatları çatdırdı.

O bildirdi ki, Londonda uşaq mərkəzlərinin körpələr qrupunda 3 aydan 2 yaşadək, məktəbəqədər qruplarda isə 3-6 yaşlı uşaqlar tərbiyə alırlar. Tərbiyəçi - uşaq nisbəti yaş qruplarından asılı olaraq müxtəlifdir. Aşağı yaş qruplarında onların sayı 3 - 5 nəfər təşkil edir və təxminən hər tərbiyəçiyə 2-3 uşaq düşür. Yuxarı yaş qruplarında isə bu nisbət təxminən 20-25 nəfərdir.  Mərkəzlərdə vahid gün rejimi mövcud deyildir. Dövlət tərəfindən hər bir uşaq üçün pulsuz xidmət limitləşdirilmişdir, yəni hər bir valideyn yalnız gün ərzində bir neçə saat müəssisənin imkanlarından pulsuz istifadə edə bilər. Əgər valideyn həmin müddətdən artıq övladını burada saxlamaq istəyirsə, əlavə pul ödəməlidir. Lakin xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı,  miqrant ailələrdən olan uşaqlar bütün xidmətlərdən dövlət hesabına istifadə edirlər.

Məktəbəqədər təhsil sahəsində vahid proqram mövcuddur. Hər bir uşağa gündəlik fərdi plan yazılır. Həmin planda uşağın gün ərzində əldə etdiyi nailiyyətlər qeyd olunur və gələcəkdə hansı məsələlərə diqqət yetirilməsi nəzərdə tutulur. Bunlarla yanaşı, mərkəzlərdə inklüziv təhsil də həyata keçirilir. Bu mərkəzlərin fəaliyyətində uşaqların marağı əsas amil kimi önə çəkilir. Valideynlər mərkəzlərlə sıx əməkdaşlıq edirlər.

çıxışında Londonda uşaq mərkəzlərinin xidmətlərindən də söz açan nazirliyin şöbə müdiri həmçinin onların bir sıra üstünlüklərindən - kadrların peşəkarlığı; metodologiyanın təkmil olması və uşaqlara yanaşma; təlim mühitinin səmərəli olması; fərdi yanaşma, fərdi  inkişaf planları; kollegial idarəetmə; təlim vasitələri; kompleks xidmətlərin göstərilməsi imkanları, müxtəlif mütəxəssislərin cəlb edilməsi;  valideynlərin geniş iştirakı; çevik maliyyələşmə mexanizmi; keyfiyyətin monitorinqi və qiymətləndirilməsi sisteminin olmasından danışdı.

Qeyd edək ki, təqdimat zamanı  ekranda nümayiş olunan slaydlarda həmçinin Londondakı uşaq mərkəzlərinin fəaliyyətini əks etdirən müxtəlif qruplar üzrə məşğələ və istirahət üçün nəzərdə tutulan otaqların fotoşəkilləri də göstərildi.

Erkən yaş dövründə uşaqların inkişafı ilə bağlı Londondakı təlim kursu, bu sahədəki mövcud vəziyyət, əldə olunan təcrübə ilə bağlı müşavirə iştirakçılarına geniş və əhatəli bilgilər verən şöbə müdiri sonda həmin məsələlərin gələcəkdə ölkəmizdə də öz uğurlu həllini tapması istiqamətində atılması vacib olan mühüm addımlardan danışdı.

Təhsil Nazirliyinin Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Nərminə Alnağıyeva isə öz təqdimatında "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)"nın  həyata keçirilməsi üzrə 2008-ci il üçün hazırlanmış tədbirlər planında nəzərdə tutulan məsələlərdən söz açdı. Tədbirlər planında bu sahə üzrə mövcud norma və normativlərin təkmilləşdirilməsi, məktəbəqədər təhsil proqramlarına uyğun təlim vəsaitlərinin hazırlanması və nəşrinin təşkil olunması, Milli Kurrikulumun işlənib hazırlanması, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması, məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların valideynləri üçün məsləhət-metodiki mərkəzlərin yaradılmasının, treninq və seminarların təşkil olunmasının öz geniş əksini tapdığını deyən Nərminə xanım həyata keçiriləcək digər məqsədyönlü tədbirlər  barədə də  iştirakçılara məlumat verdi.

Müşavirədə iştirak edən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hanaa  Singer hər iki təqdimat üzrə verilən geniş məlumatlardan razı qaldığını deyərək, müzakirə  olunan məsələlərə öz münasibətini bildirdi. ölkəmizdə erkən yaş dövründə uşaqların inkişafına bu cür diqqət göstərilməsinin təqdirəlayiq olduğunu söyləyən xanım Hanaa Singer təmsil etdiyi təşkilatın Təhsil Nazirliyi ilə işgüzar əməkdaşlığını yüksək qiymətləndirdi. "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi  Proqramı ( 2007-2010-cu illər)"nın həyata keçirilməsi üzrə 2008-ci il üçün tədbirlər planının müsbət əhəmiyyətindən danışan H.Singer bu işlərin reallaşdırılmasında hamıya uğurlar arzuladı.

Müşavirə geniş fikir mübadiləsi və diskussiya şəraitində sona çatdı.

 

Samirə KƏRİMOVA