· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Yeni texnologiyalardan yaradıcı istifadə edilir

Bu gün gənclərin mürəkkəb məsələləri həll etmək, yaranmış şəraiti qiymətləndirmək, alternativ variantları müqayisə edərək, qərarlar çıxarmağı bacarmaq və s. keyfiyyətlərə malik vətəndaş kimi formalaşması üçün təhsildə yeni yanaşmaların və təlim prosesində müasir texnologiyalardan istifadənin tətbiqi vacibdir. Görəsən, müasir təlim metodlarından, yeni texnologiyalardan dərslərdə hansı formada istifadə edilir? Bakı Dövlət Pedaqoji Kollecinin müəllimləri Sənubər Məmmədova və Dilarə Hacıyevanın (resurs mərkəzinin sədri) qənaəti belədir:

 

- İnnovativ pedaqoji fəaliyyət dəyişməyə başlayan prosesə bir çox subyektlərin ardıcıl qoşulmasını nəzərdə tutan kollektiv xarakterli mürəkkəb sistemdir. Belə qoşulmanın ən optimal mexanizmi bütün maraqlı subyektlərin, ideya daşıyıcıları və onu reallaşdıranların hazırlanmasından ibarətdir. Bunun üçün müəllimlərin fərdi və kollektiv şüurlarının inkişaf etdiyi, subyekt-subyekt münasibətlərin qurulduğu, innovativ proseslərin fəallaşdığı mühitin təşkil olunması çox vacibdir. Pedaqoji kollecdə müəllimlərin innovativ fəaliyyətinin zəruri olduğunu dərk etmələrinə, yaradıcılığa hazır olmalarına, tətbiq ediləcək yeniliyin müsbət nəticə verəcəyinə inanmalarına, şəxsi məqsədlərini innovativ fəaliyyətə uyğunlaşdırmalarına, yaradıcılıq uğursuzluqlarını aradan qaldırmalarına, texnoloji hazırlıqlarını təkmilləşdirmələrinə, peşəkar refleksiya qabiliyyətlərini inkişaf etdirmələrinə imkan verəcək bir innovativ mühitin yaradılmasına çalışılır.

Kollecin müəllimlərinin müxtəlif seminarlarda iştirakı, yenilikləri mənimsəmələri onların peşəkar inkişafını şərtləndirən amillərdəndir. Onlar 2000-ci ildən təhsil sisteminin inkişafına istiqamətlənmiş bir sıra layihələr çərçivəsində keçirilən seminar və treninqlərdə mütəmadi olaraq iştirak etmişlər. Açıq Cəmiyyət İnstitutunun təşkil etdiyi "Addım-addım", "Tənqidi təfəkkürün inkişafında mütaliə və yazı" Proqramlarının öyrənilməsi və tətbiqinə həsr edilmiş silsilə seminarlarda, "Təhsilin əsasları" dərsliyinin hazırlanması, "İnklüziv təhsil", YUNİSEF tərəfindən təşkil edilmiş fəal-interaktiv təlim üzrə keçirilən treninqlərdə uğurla iştirak edən müəllimlər öyrəndiklərini nəinki öz dərslərində tətbiq edir, həmçinin bir-birinə bu işdə yardımçı olurlar.

Resurs Mərkəzi də məhz bu məqsədin həyata keçirilməsinə dəstək olmaq üçün Açıq Cəmiyyət İnstitutunun yardımı ilə yaradılmışdır. Yeni ideyaların bütün təlim prosesinə yayılmasına nail olmaq məqsədilə mərkəzdə müəllim və tələbələr üçün təşkil edilən silsilə seminarlar məktəbəsaslı ixtisasartırma modelinin inkişaf etdirilməsi istiqamətində irəli atılmış bir addım kimi dəyərləndirilə bilər. Bununla yanaşı, öz dərslərinə yeni texnologiyaları tətbiq etmək istəyən müəllimlər mərkəzin resurslarından istifadə etmək, məsləhət almaq imkanına da malikdirlər.

Müəllimlərin dərslərində tez-tez tətbiq etdikləri "çarpaz müzakirə" metodu tələbəni tənqidi təhlil prosesindən keçirir. Tarix, insan və cəmiyyət, politologiya fənlərində bu üsul ilə aparılan dərslər çox maraqlı və səmərəli keçir. Müzakirənin predmeti kimi götürülmüş hər hansı problemə tələbənin yalnız "hə" və ya "yox" deməsi ilə kifayətlənmir, tələbələr fikirlərini əsaslandırmağı, izah etməyi öyrənirlər. Daha çox dəlillər gətirməklə öz fikirlərinin doğru, düzgün olduğunu sübut, mövqelərini müdafiə etməyə çalışırlar.

Müəllimlərin "Bilirik, istəyirik bilək, öyrənirik" (BİBö) və "İnteraktiv qeydetmə sistemi" (İnsert) metodu ilə keçdikləri dərslər tələbələri fəal və interaktiv fəaliyyətə cəlb etməklə mövzunun daha dərindən qavranılmasına səbəb olur. "BİBö" metodundan istifadə edən müəllim tələbələrə mövzuya dair bildiklərini yazmağı, diskussiya üçün suallar tərtib etməyi tapşırır. Bununla sanki tələbə dərsin vəzifəsini, məqsədini müəyyənləşdirir. Dərsin sonunda tələbələr yenidən "BİBö" sxeminə müraciət edir, dərsdə öyrəndiklərini müəyyənləşdirirlər.

"İnsert" metodu ilə keçirilən dərslərdə tələbələr mətnin məzmunu ilə bağlı bildiklərini yada saldıqdan sonra müəllim təklif edir ki, yeni mətndə onların biliklərini təsdiq və ya inkar edən, onlarda sual doğuran yerləri işarələrdən istifadə etməklə qeyd etsinlər. Mətnin təhlilindən sonra bu fəaliyyəti əks etdirən sxem də qurula bilər. Tələbə bildiklərini xatırlayır, dərsin onlarda yaratdığı həvəs, maraq, öyrənməyə çağırış bildikləri haqda düşünməyə sövq edir. O, yeni bilikləri köhnə bilik əsasında mənimsəyir. Bildiklərini sistemləşdirməklə tələbə özünə elə baza yaradır ki, yeni informasiya uzun müddət yadda qalır. Yalnız yeni informasiya almaqla kifayətlənmir; tələbə dərsdə fəaldır, müzakirələrdə aktiv iştirak edir, sərbəst düşünür, müstəqil fikir söyləmək qabiliyyəti onda daha çox cilalanır.

"Ziqzaq" və "Karusel" metodları üzrə kiçik qruplar şəklində eyni bir problem üzərində işləyən tələbə mövzunu "ekspert" kimi öyrənib yoldaşlarına öyrətməklə özü də əməkdaşlıqda işləyə bilmək, birgə qərar çıxarmaq qabiliyyəti, fərdi və kollektiv məsuliyyət və s. kimi bir sıra keyfiyyətlərə yiyələnir. Ən əsası onlarda özünüdərk və özünüqiymətləndirmə hissi güclənir.

Dərslərdə bu metodlarla tanış olan tələbələr pedaqoji təcrübədə öyrəndiklərini böyük həvəslə tətbiq edirlər. Bu da onları gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi innovativ fəaliyyətə hazırlayır.

 

Hazırladı:

Fazil İDRİSOĞLU