|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ehtiyaclara görə maliyyələşmə mövzusunda seminar İyunun
24-də "Crescent Beach Hotel"də
"Məktəblərin maliyyə formulası: ehtiyaclara
görə maliyyələşmə, ədalətlilik, şəffaflıq
və cavabdehlik" mövzusunda seminar öz işinə başladı.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, YUNESKO, bu
qurumun Təhsilin Planlaşdırılması üzrə
Beynəlxalq İnstitutu, Açıq Cəmiyyət İnstitutu
Yardım Fondu və Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzinin birgə təşkilatçılığı
ilə 24-27 iyun tarixlərində keçiriləcək seminarın
açılış mərasimində Maliyyə Nazirliyi,
qeyri-hökumət təşkilatları, adambaşına
maliyyələşdirmə üzrə islahatların aparıldığı
3 pilot rayonun nümayəndələri, təhsil və
maliyyə üzrə ekspertlər və KİV təmsilçiləri
iştirak edirdilər. Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzinin rəhbəri Elmina Kazımzadə
tədbiri açaraq sözü təhsil
naziri Misir
Mərdanova verdi. Seminar iştirakçılarını salamlayan
təhsil naziri dəvəti qəbul edən xarici qonaqlara,
eləcə də bu tədbirin təşkilində
əməyi olan təşkilat və qurumlara Təhsil
Nazirliyi adından
təşəkkürünü
bildirdi. Misir Mərdanov ölkə Prezidenti cənab
İlham Əliyevin təhsilin keyfiyyətinin yüksəldilməsinə
yönəlmiş fəaliyyətindən söz açaraq son dövrlər
bu istiqamətdə atılan mühüm addımlar,
məktəb tikintisi və təmiri, təhsil müəssisələrinin
müasir avadanlıqlarla təminatı, təhsilin
məzmununun yeniləşdirilməsi və s. ilə bağlı
həyata keçirilən tədbirlər haqqında məlumat
verdi. Seminarın müzakirə obyekti olan
məktəblərin maliyyələşdirilməsi
məsələsinin hazırda çox aktual olduğunu
deyən nazir daha sonra ölkəmizdə bu istiqamətdə
aparılan islahatların gedişi ilə əlaqədar
faktları diqqətə çatdırdı. O bildirdi ki, Dünya Bankının
dəstəyi ilə 2006-cı ildən başlayaraq bu işi
reallaşdırmağa cəhd göstərilmiş, yalnız
2007-ci ildə 3 pilot rayonun 59 məktəbində (Ucar
rayonunda 20, Şirvan şəhərində 14, İsmayıllı
rayonunda 25 məktəb) həyata keçirilməsi qərara
alınmışdır. Həmin vaxtdan keçən müddət
ərzində hər 3 rayonda bu məsələ ilə bağlı
Təhsil Nazirliyinin əməkdaşlarının,
maliyyə qurumlarının, təhsil ictimaiyyətinin
və məktəb direktorlarının iştirakı
ilə seminarlar, nazirlikdə bir neçə dəfə müzakirələr
təşkil olunmuş kollegiya iclası keçirilmişdir. Dünyanın əksər inkişaf etmiş
ölkələrində və keçmiş MDB məkanında
adambaşına maliyyələşdirmə üzrə
islahatlar artıq bir neçə ildir ki, uğurla həyata keçirilsə
də, Azərbaycanda istənilən nəticənin
hələ də əldə olunmadığını
təəssüflə qeyd edən nazir bu baxımdan öyrədici
xarakter daşıyan seminarın xüsusi əhəmiyyət
kəsb etdiyini vurğuladı. Misir Mərdanov bu tədbirə bizim öyrənmək
istədiklərimizi bilən ekspertlərin dəvət
olunduğunu deyərək iştirakçılara 4 gün davam
edəcək seminarın işində, müzakirələrdə
fəal iştirak etməyi, mövzu ilə bağlı
təqdim olunan beynəlxalq təcrübəni dərindən
öyrənməyi tövsiyə etdi. O, burada söylənilənlərin
həmin istiqamətdə Azərbaycan üçün işlək
mexanizm yaradılmasına böyük təsir göstərəcəyinə
əmin olduğunu bildirdi və seminarın işinə uğurlar
arzuladı. Seminarın ilk günü "Maliyyə formulası
nədir?" mövzusunda mühazirələr dinlənildi
və bununla bağlı müzakirələr aparıldı.
İştirakçılar YUNESKO-nun təmsilçisi Muriel Puassonun
"Maliyyə formulasına dair ümumi təqdimat:
beynəlxalq təcrübə", Litva Təhsil və Elm
Nazirliyi ümumtəhsil departamentinin direktoru Arunas Plikşnysun
"Litvada təhsilin maliyyələşmə
islahatları", Təhsil Nazirliyinin aparıcı
məsləhətçisi Ramil Orucovun "Azərbaycan
təhsilində adambaşına maliyyələşdirmənin
tətbiqi və mövcud problemlər" və Şirvan
şəhər 9 nömrəli məktəbin Məktəb
Şurasının sədri Seymur Bağırzadənin
"Pilot məktəblərində tətbiq olunan
maliyyə formulasının təqdimatı" mövzularında
çıxışlarını dinlədilər. Sonrakı günlərdə "Maliyyə
formulasını necə tətbiq etməli?", "İmkanları
necə artırmalı?" və "Şagirdlərin
qiymətləndirilməsində şəffaflığı
necə təkmilləşdirməli?" mövzularında
təqdimat və müzakirələrin
keçirilməsi nəzərdə tutulur. Hicran ƏKBƏROVA |