Fevralın 13-də Təhsil Nazirliyində Monitorinq və
qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə
bağlı təqdimat dinlənilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir
Mərdanov Monitorinq və qiymətləndirmə şöbəsinin
işinin bütün təhsil ictimaiyyəti üçün maraqlı
olduğunu qeyd edib və ayrı-ayrı şöbələrin
fəaliyyəti barədə vaxtaşırı dolğun məlumatlar
verilməsinin zəruriliyini diqqətə çatdırıb.
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Təranə Hacıyeva şöbənin 5 illik fəaliyyəti ilə
bağlı hesabat-təqdimatla çıxış edib. 2004-cü
ildən fəaliyyətə başlamış Monitorinq və
qiymətləndirmə şöbəsinin əsas məqsədinin yeni
qiymətləndirmə sisteminin işlənib hazırlanması
olduğunu nəzərə çatdıran Təranə Hacıyeva yeni
qiymətləndirmə sistemini həyata keçirmək üçün
normativ-hüquqi sənədlərin hazırlanması, ölkədə
şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə
uyğun qiymətləndirilməsinin təmin olunması,
qiymətləndirmə və təhsil siyasətində müasir
yanaşmaların tətbiqi və inkişaf etdirilməsi,
qiymətləndirmə tədqiqatlarının həyata
keçirilməsi və digər mühüm məsələlərdən söz
açıb. Şöbənin fəaliyyət planında nəzərdə
tutulmuş əsas müddəalardan bəhs edən T.Hacıyeva
2004-2005-ci tədris ilində beynəlxalq
qiymətləndirmə sahəsində görülən işlər barədə
fikirlərini bildirib.
Şöbə müdiri ilk dəfə 2005-2006-cı dərs ilində
Xətai və İmişli rayonlarının məktəblərində
mərkəzləşdirilmiş qaydada buraxılış
imtahanlarının keçirilməsi, 172 məktəbin 5011
şagirdinin iştirak etdiyi beynəlxalq
qiymətləndirmənin aparılması məsələlərinə
toxunub. 2006-2007-ci dərs ilində
mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış
imtahanlarının Bakı şəhərinin Xətai, Səbail
rayonlarını, Təhsil Nazirliyinə tabe olan
məktəbləri, Sumqayıt şəhərini və İmişli rayonunu
əhatə etdiyini söyləyən Təranə Hacıyeva
imtahanlarda iştirak edən 11866 şagirddən
10865-nin, yəni 91,56 faizinin müsbət qiymət
aldığını vurğulayıb.
Ötən il respublikanın bütün ümumtəhsil
məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və
peşə liseylərinin şagirdləri, o cümlədən,
əvvəlki dərs illərində buraxılış imtahanlarında
qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta
təhsil kursunu bitirməyən və eksternat
qaydasında imtahan vermək üçün müraciət etmiş
şəxslər də əhatə olunmaqla, orta təhsil kursu
üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirildiyini diqqətə çatdıran
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
onu da bildirib ki, qazanılan təcrübə bu
istiqamətdəki işlərin gələcəkdə daha yaxşı
təşkilinə yol açır.
Milli və beynəlxalq qiymətləndirmə sahəsində
həyata keçirilən tədbirlərin ilkin
nəticələrindən söz açan Təranə Hacıyeva onu da
qeyd edib ki, bütün bunların əsas qayəsi ölkənin
təhsil sisteminin səviyyəsini öyrənmək və
nəticələrdən asılı olaraq təhsildə planlaşdırma
və proqnozlaşdırmanı müəyyənləşdirməkdən
ibarətdir.
Azərbaycanda təhsil islahatlarının uğurla
nəticələnməsi üçün mütərəqqi yeniliklərin
tətbiqinin əhəmiyyətinə toxunan təhsil naziri
Misir Mərdanov bu baxımdan beynəlxalq və milli
qiymətləndirmə sistemlərinin səmərəli tətbiqinə
diqqətin artırılmasını gərəkli hesab etdiyini
bildirib. Nazir onu da qeyd edib ki, bu barədə
ölkənin təhsil ictimaiyyətində daha aydın
təsəvvürlər yaradılması üçün müvafiq tədbirlərə
diqqət artırılmalı, bu istiqamətdə zəruri
tədqiqatların aparılması təmin olunmalıdır.
Sonda tədbir iştirakçıları müzakirə olunan
məsələlərlə bağlı fikirlərini bildirib və
müvafiq təkliflər səsləndirilib. |