Ölkənin ən tanınmış məktəblərinin yüksək titullu
müəllimləri test suallarını nəzərdə tutulan
vaxtda həll edə bilmədilər.
Ötən il ali məktəblərə keçirilmiş qəbul
imtahanlarındakı test tapşırıqlarının çətin
olması barədə fikirlər ictimaiyyət arasında hələ
də birmənalı qarşılanmır. Əksər mütəxəssislər,
təhsil işçiləri, o cümlədən də bilavasitə məktəb
proqramları ilə işləyən müəllimlər ötənilki
qəbul imtahanlarına salınmış test suallarının
əvvəlki illərlə müqayisədə azı 2 dəfə çətin
olduğunu desələr də, həmin testləri tərtib
edənlər sualların çətinlik dərəcəsinin
artırılmadığı, əksinə, abituriyentlərin hazırlıq
səviyyəsinin aşağı düşdüyü qənaətindədirlər.
Testlərin səviyyəsi barədə deyilənlərə aydınlıq
gətirmək üçün qısa bir eksperiment keçirməyi
qərara aldıq. ötənilki qəbul imtahanlarında I
ixtisas qrupu üzrə riyaziyyatdan D variantında
olan və çətinlik dərəcəsi test tərtibçiləri
tərəfindən orta və çətin qiymətləndirilən 2
sualı cavablandırmaq üçün müəllimlərə təklif
etməyi qərara aldıq. ölkənin ən tanınmış
iki ümumtəhsil müəssisəsinin - 6 nömrəli
məktəb-liseyin və Elitar Gimnaziyanın ən yaxşı
riyaziyyat müəllimlərinə müraciət etdik.
Hər iki məktəbin müəllimlərinə təklif olundu ki,
verilmiş test tapşırıqlarını mümkün qədər tez və
ən qısa yolla həll etsinlər. Yeri gəlmişkən qeyd
edək ki, müəllimlərin hamısı paytaxtın
say-seçmələri idi. Onların arasında hətta "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibləri, əməkdar
müəllimlər də vardı.
Müəllimlərə təklif olunan testlər bunlar idi:
tənliklər sistemindən
cəmini tapın.
inteqralını hesablayın.
Baxmayaraq ki, ötənilki qəbul imtahanlarındakı
test suallarının ictimaiyyətə açıqlanmasından
artıq 7 ay keçir və müəllimlərin əksəriyyəti
onlarla tanışdır, hətta yetirmələri imtahan
vermiş müəllimlər imtahandan dərhal sonra
şagirdlərinin düz yazıb-yazmadıqlarını
müəyyənləşdirmək üçün testləri həll ediblər,
habelə eksperimentə cəlb etdiyimiz pedaqoqların
90 faizi indi də repetitorluqla məşğuldur və
hərəsi ən azı 5-10 şagird hazırlaşdırır, yalnız
2 müəllim tapşırıqları qəbul imtahanlarında 1
sual üçün nəzərdə tutulmuş vaxt ərzində (1,5
dəqiqə) yerinə yetirə bildi. Onların əksəriyyəti
iki misalın həllinə 10-17 dəqiqə intervalında
vaxt sərf etdi. 2 müəllim isə ümumiyyətlə
misalları həll edə bilmədi.
Onu da qeyd edək ki, müəllimlərin bəzisi
misalları eyni qaydada həll etsələr də, bir
neçəsinin həll üsulu tamamilə fərqlənirdi.
Nəticələr də tam eyniyyət təşkil etmirdi.
Yaranmış mübahisəli vəziyyətdə misalları onların
hansının düz, hansının isə səhv həll etdiyini
müəyyənləşdirmək çətin idi. Təbii ki, bizim
müəllimlərin səviyyəsini yoxlamaq niyyətimiz
olmadığından nə o cavabları düzgün variantla
tutuşdurmağa, nə də hansısa bir mütəxəssisə
verib məsələyə aydınlıq gətirilməsinə ehtiyac
görmədik. Bizi maraqlandıran fakt ortada idi:
müəllimlərin əksəriyyəti misalların həllinə
nəzərdə tutulandan xeyli çox vaxt sərf etmişdi.
Hələ üstəlik bəzi müəllimlər təklif olunan
misalları qısa yolla həll etsələr də, bəziləri
uzun-uzadı riyazi əməliyyatlar apararaq verilən
1 vərəq ağ kağızdan əlavə bir neçəsindən də
istifadə etmişdilər. Halbuki qəbul imtahanı
verən abituriyentin buna imkanı olmur, ona
imtahana boş vərəq aparmağa icazə verilmir. O,
misalı ancaq test kitabçasındakı ağ sahədə həll
etməlidir.
Sonda onu da bildirək ki, test tapşırıqlarını
həll edən müəllimlərin demək olar ki, hamısı
onların çətin olduğunu və çox vaxt apardığını
qeyd etmişdilər. Bir müəllimin qeydləri isə bu
baxımdan xüsusilə diqqəti cəlb edirdi. Həmin
qeydi olduğu kimi oxucuların diqqətinə
çatdırırıq:
"I.Bu cür çalışmalara (söhbət I çalışmadan gedir
- red.) şagirdlərin çox hissəsi adət etməyib.
Şagirdlərin məntiqi duyumu da əsasdır. Xüsusi
hazırlığı olmayan şagirdlərin az bir hissəsi bu
çalışmanı yerinə yetirə bilər. Vaxt baxımından
da bu çalışmanı 3 dəqiqəyə yerinə yetirmək
olmaz.
II.çalışma ilə (İkinci çalışma - red.) şagirdlər
tanışdır. Ancaq uzun əməliyyatlar tələb edir.
Vaxt çatışmazlığı hiss olunur. 5 dəqiqəyə ancaq
həll etmək olar. İmtahanın gətirdiyi daxili
narahatlığı da nəzərə alsaq, əlavə gərginlik
yaradır. Test tapşırıqları baxımından
verilməsini düzgün hesab etmirəm".
Bütün bunlar ötənilki test suallarının çətinlik
dərəcəsinin artırıldığını deyənlərin sözlərində
həqiqət olduğunu söyləməyə əsas verir.
Y.ƏLİYEV |