Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Fevral 2010 - ¹07

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, ötən məqalələrdə ayrı-ayrı ölkələrlə təhsil sahəsində əməkdaşlıq əlaqələri barədə məlumat vermişdik. Bu məqalədən başlayaraq Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi sizinlə bölüşəcəyəm.

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra dünyanın bir sıra təşkilatları ilə təhsil sahəsində əməkdaşlıq əlaqələri xeyli genişlənmişdir. Bu gün Təhsil Nazirliyi dünyanın 20-dən artıq beynəlxalq təşkilatı ilə ümumilikdə 70-dən çox birgə layihə və proqramlar həyata keçirir.

Xüsusi vurğulamaq istərdim ki, daha sıx və səmərəli əməkdaşlıq əlaqələri yaratdığımız beynəlxalq təşkilatlardan biri YUNİSEF-dir (BMT-nin Uşaq Fondu). Bu təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. ötən 16 il ərzində YUNİSEF-lə Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etmiş, 1998-ci ildən isə daha dinamik xarakter almışdır. Səmərəli əməkdaşlıq Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrin də kəmiyyət və keyfiyyət baxımından artmasına gətirib çıxarmışdır.

YUNİSEF-lə Təhsil Nazirliyinin birgə fəaliyyəti Azərbaycan hökuməti ilə həmin təşkilat arasında imzalanmış beşillik fəaliyyət planları əsasında həyata keçirilir. Sonuncu fəaliyyət planı 2005-2009-cu illəri əhatə etmişdir. Əməkdaşlığın ümumi prinsiplərini və strateji istiqamətlərini əks etdirən həmin fəaliyyət planına əsasən hər il üçün Təhsil Nazirliyi və YUNİSEF-in birgə fəaliyyət planı təsdiq olunmuş və həyata keçirilməkdədir. Əhəmiyyətli bir cəhəti də qeyd etmək istərdim ki, illik fəaliyyət planları təsdiq edilməmişdən əvvəl geniş bir konfrans təşkil edilir, bütün maraqlı tərəflərin, o cümlədən QHT-lərin iştirakı ilə fəaliyyət planına daxil ediləcək məsələlər müzakirə olunur, rəy və təkliflər nəzərə alınmaqla növbəti il üçün plan hazırlanır. Belə yanaşma əməkdaşlığın daha sistemli şəkildə qurulmasına, həyata keçirilən birgə layihələrin çevik idarəolunmasına və səmərəli həyata keçirilməsinə zəmin yaradır.

Bütün fəaliyyəti uşaqlarla bağlı olan, uşaqların kədəri və sevinci ilə yaşayan, ən çətin anlarda uşaqlarla birgə olan YUNİSEF təşkilatı Azərbaycanda öz missiyasını uğurla yerinə yetirir, uşaqların hüquqlarının qorunması, sağlamlığı və inkişafı sahəsində son dərəcə böyük əhəmiyyət kəsb edən birgə layihələr həyata keçirir. Belə uğurlu əməkdaşlığın yaranmasında həmin təşkilatın Azərbaycan nümayəndəliyinə rəhbərlik etmiş Akif Saatçıoğlu, Hanaa Singer, Məhəmməd Bendris və hazırda YUNİSEF-in ölkəmizdəki rəhbəri Mark Herevard, eləcə də təhsil proqramları üzrə rəhbər işləmiş Gülanə Hüseynovanın xidmətlərini xüsusi vurğulamaq istərdim.

Azərbaycanda YUNİSEF-lə birgə həyata keçirdiyimiz layihələrin əsas məqsədi məktəblərdə şəxsiyyətyönümlü təlim mühitinin yaradılması, şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi və həyati bacarıqlara malik olan şəxsiyyət kimi formalaşmasıdır. Təsadüfi deyildir ki, təhsilin məzmununun yeniləşdirilməsi, yeni nəsil dərsliklərin və dərs vəsaitlərinin hazırlanması, müəllimlərin ixtisasının artırılması, müasir təlim texnologiyalarının tətbiqi, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemin tətbiqi, məktəbəqədər təhsilin inkişafı və digər sahələrdə Təhsil Nazirliyinin həyata keçirdiyi islahatyönümlü tədbirlərdə YUNİSEF fəal tərəfdaş kimi iştirak edir.

YUNİSEF-lə birgə həyata keçirilən layihələr ümumilikdə 300-ə qədər məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisəsini, 25000-ə qədər uşaq və şagirdi, 8500-ə qədər valideyni, 3500-ə qədər müəllim və tərbiyəçini, 860-a qədər mütəxəssisi əhatə etmişdir. ümumilikdə 300-dək təlim kursu və treninq keçirilmişdir. 100 minədək nüsxədə müxtəlifməzmunlu təlim materialı, milyonlarla nüsxədə bukletlər hazırlanmış və məktəblərə paylanmışdır. Onu da qeyd etmək lazımdır ki, YUNİSEF-lə birgə həyata keçirilən layihələr çərçivəsində ölkə təhsilində yeni təcrübənin, müasir təhsil texnologiyalarının, innovasiyaların tətbiqi imkanlarının genişlənməsi ilə yanaşı, bu təşkilat tərəfindən təhsilin inkişafına maddi dəstək də göstərilmiş, ötən müddət ərzində həmin təşkilat tərəfindən reallaşdırılan layihələrə 5 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti sərf edilmişdir.

İndi isə YUNİSEF-lə birgə həyata keçirdiyimiz ayrı-ayrı layihələr barədə fikirlərimi diqqətə çatdırmaq istərdim.

"Erkən uşaqlıq dövründə qayğı və inkişaf, daha yaxşı valideynlik təşəbbüsü" layihəsi. Bu layihənin məqsədi erkən yaş dövründə uşaqların sağlamlığı, təhsili və inkişafı sahəsində səylərin əlaqələndirilməsi, bu sahədə vahid sistemin yaradılması, məktəbəqədər təhsilin prioritet rolunun qəbul edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsidir. Layihənin ilkin mərhələsində 4 uşaq bağçası (Bakı şəhəri 183 nömrəli və Təhsil Nazirliyinin "Qərənfil", Sumqayıt şəhər 47 nömrəli və Xızı uşaq bağçaları) pilot müəssisə kimi müəyyənləşdirilmiş, həmin məktəbəqədər tərbiyə müəssisələri uşaqların inkişafı, sağlamlığı, qidalanması, psixo-sosial qayğı, erkən təlim, ətraf mühitin mühafizəsi məsələlərini əhatə edən təlim materialları ilə təmin edilmişdir.

Layihə çərçivəsində erkən uşaqlıq dövründə qayğı və inkişaf üzrə "Uşaq və ailə inkişaf proqramı" işlənib hazırlanmışdır. Proqram 160 uşağı, 100 valideyni, 35 tərbiyəçini əhatə etmişdir. Proqram çərçivəsində erkən uşaqlıq dövründə qayğı və inkişaf üzrə tədqiqatlar, seminarlar, tərbiyəçilər və valideynlər üçün treninqlər təşkil olunmuşdur.

Respublikanın 14 rayonunda erkən uşaqlıq dövründə qayğı və inkişaf imkanlarını təmin edən 33 Uşaq İnkişaf Mərkəzi yaradılmışdır. Mərkəzlər məcburi köçkün uşaqlarının zəruri inkişaf və əyləncə imkanlarının reallaşdırılması məqsədilə müxtəlif avadanlıqlar, təhsil və inkişafla bağlı materiallarla təmin edilmişdir. Həmin mərkəzlərin fəaliyyəti 3-6 yaşlı 2600 məcburi köçkün uşaqları, 260 nəfər tərbiyəçini, 3000-dən çox valideyni əhatə etmişdir. Tərbiyəçilər üçün treninqlər, müxtəlif təlim sessiyaları, məcburi köçkün əhalinin məskunlaşdığı rayonlarda rayon təhsil şöbələri rəhbərləri üçün zona müşavirələri keçirilmişdir. ümumdünya Ərzaq Proqramının köməyi ilə 33 mərkəzin uşaq və tərbiyəçiləri mütəmadi olaraq ərzaqla təmin edilmişdir.

Layihənin həyata keçirilməsi nəticəsində valideynlər və tərbiyəçilər uşağa qayğı üzrə vərdişlərə və erkən təlim təcrübəsinə yiyələnmişlər. Həyata keçirilmiş təlim tədbirləri nəticəsində valideyn-uşaq, tərbiyəçi-valideyn, tərbiyəçi-uşaq münasibətlərinin dinamikasında müsbət dəyişikliklər baş vermişdir. Pilot uşaq bağçalarının təlim materialları ilə təmin edilməsi, yeni təlim modellərinin tətbiqi uşaqların bacarıq və istedadının üzə çıxarılmasına əlverişli şərait yaratmış, ümumilikdə pilot məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların cəlbini xeyli yaxşılaşdırmışdır. Proqramın monitorinqi göstərmişdir ki, layihədə iştirak edən uşaqlar daha çox inkişaf etmiş, təhsilin keyfiyyəti yüksəlmişdir.

YUNİSEF-in iştirakı və maliyyə dəstəyi ilə 2007-ci ildə nazirliyin nümayəndə heyəti Ukraynada "Erkən yaş dövründə uşaqların inkişafı" mövzusunda keçirilən ikihəftəlik beynəlxalq seminarda iştirak etmiş, beynəlxalq təcrübə ilə tanış olmuşdur.

Eyni zamanda 2008-ci ildə bu təşkilatın təşəbbüsü ilə nazirliyin geniştərkibli nümayəndə heyəti London şəhərində keçirilən birhəftəlik beynəlxalq seminarda iştirak etmiş, beynəlxalq inkişaf tendensiyaları nəzərə alınaraq "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı" çərçivəsində Azərbaycanda bu sahənin gələcək inkişafı üçün aşağıdakı strateji fəaliyyət istiqamətləri təqdim edilmişdir:

-məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi;

-məktəbəqədər təhsil müəssisələrinin idarəolunmasının təkmilləşdirilməsi (əks-mərkəzləşmə, yerli icra və bələdiyyə orqanlarının, valideynlərin, icmaların cəlb olunması);

-məktəbəqədər alternativ qeyri-hökumət xidmət modellərinin yaradılması;

-yeni maliyyələşdirmə mexanizmi, (maliyyələşdirmənin diversifikasiyası və çevikliyi);

-məktəbəqədər təhsildən istifadə imkanının artırılması (qısamüddətli qrupların yaradılması, xidmətlərin diversifikasiyası, inklüziv təhsil);

-məktəbəqədər təhsilin məzmununun yeniləşdirilməsi (yeni kurikulum, yeni metodologiyalar, monitorinq və qiymətləndirmə);

-tərbiyəçilərin yeni modellər üzrə ixtisaslarının artırılması;

-tərbiyəçi və müəllimlərin ixtisaslarının təkmilləşdirilməsi üçün yeni kurikulumun hazırlanması;

-məktəbəqədər təhsilin ictimai statusunun artırılması;

-məktəbəqədər müəssisələrdən istifadə imkanlarının artırılması (2010-cu ilin sonunadək əhatə səviyyəsinin 30%-ə çatdırılması);

-məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramının həyata keçirilməsi üçün sektorlararası fəaliyyət planının hazırlanması.

Onu da qeyd etmək lazımdır ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində məktəbəqədər təhsil üzrə yeni kurikulumun hazırlanması prosesinə YUNİSEF tərəfindən beynəlxalq məsləhətçi xidməti cəlb olunmuşdur, eyni zamanda maarifləndirmə tədbirlərinin həyata keçirilməsində də bu təşkilat fəal iştirak edir.

"Fəal təlim və məktəb rəhbərliyi" layihəsi. Layihənin məqsədi fəal/interaktiv təlim texnologiyasının pedaqoji prosesdə tətbiqi, bu sahədə müəllimlərə lazımi bacarıqların aşılanması, mövcud təcrübənin monitorinqi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olmuşdur. Yeri gəlmişkən diqqətə çatdırım ki, Azərbaycanda ilk dəfə olaraq fəal/interaktiv təlim texnologiyasının müəllimlərin təcrübəsinə gətirilməsi YUNİSEF-in fəaliyyəti ilə bağlıdır.

Layihənin həyata keçirilməsi məqsədilə Bakı Avropa Liseyi, Şəki şəhər 10 nömrəli, Qəbələ rayonu Vəndam kənd 1 nömrəli, Quba rayon 2 nömrəli, Masallı rayonu Köhnə Alvadı kənd məktəbi olmaqla, 5 pilot müəssisə müəyyənləşdirilmişdir. Pilot məktəbləri İKT və digər avadanlıqlarla təmin edilmişdir. Layihə çərçivəsində fəal təlim üzrə 30 müxtəlif təlim kursları təşkil edilmişdir. Layihə 567 müəllimi, 6100 şagirdi, 224 valideyni, 107 mütəxəssisi əhatə etmişdir. 25 min nüsxədə müxtəlif növ təlim və tədris materialları çap olunmuş və məktəblərə paylanmışdır.

Pilot məktəblərində fəal/interaktiv təlim texnologiyasının tətbiqi şagirdlərin təlim prosesinə daha fəal cəlb olunmasına, onların tənqidi və məntiqi təfəkkürünün inkişafına, şagirdlərdə zəruri kompetensiyaların formalaşmasına və nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə zəmin yaratmışdır. Onu da qeyd etmək lazımdır ki, fəal/interaktiv təlim texnologiyasının pilot məktəblərində tətbiqi təcrübəsi, sonradan qeyri-pilot məktəblərdə də bu texnologiyaların uğurla tətbiqinə zəmin yaratmışdır.

Birgə layihə çərçivəsində ümumtəhsil məktəblərində, ixtisasartırma və yenidənhazırlanma, ilkin müəllim hazırlığı müəssisələrində fəal təlimin tətbiqi üzrə müəyyən təcrübə toplanmışdı. Lakin bu sahədə aparılan işlərin daha da genişləndirilməsi zərurəti nəzərə alınaraq, 2004-cü ilin noyabrında Təhsil Nazirliyi ilə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən "Fəal/interaktiv təlimin Azərbaycanda tətbiqinə dair milli siyasətin hazırlanması" mövzusunda 2 günlük konfrans keçirilmişdir.

Konfransda fəal təlim üzrə gələcək istiqamətlərin müəyyənləşdirilməsi üçün 30 nəfərdən ibarət işçi qrupu yaradılmış, həmin qrup tərəfindən konfransın materialları təhlil edilmiş, "Fəal/interaktiv təlim texnologiyasının Azərbaycanda tətbiqi ilə bağlı fəaliyyət istiqamətləri" hazırlanmış və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmişdir. Sənəddə fəal/interaktiv təlim texnologiyasının tətbiqi üzrə idarəetmə, təhsil üzrə tədqiqatlar, müəllim hazırlığı və ixtisasartırma sahələrində həyata keçiriləcək konkret vəzifələr müəyyənləşdirilmişdir. Eyni zamanda fəal/interaktiv təlim texnologiyasının tətbiqi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi, daha çox regionların və ümumtəhsil məktəblərinin layihəyə cəlbi qərara alınmışdır.

2006-2009-cu illərdə Bakı şəhərinin, Şəki, Qəbələ, Quba, Masallı, Füzuli, Əli Bayramlı, Ucar, İsmayıllı, Lənkəran rayonlarının müəyyənləşdirilmiş pilot məktəblərinin, Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının, pedaqojiprofilli ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri, pilot rayon təhsil şöbələri və məktəb rəhbərləri üçün təlimlər keçirilmişdir.

Təqdirəlayiq haldır ki, YUNİSEF-in təşəbbüsü ilə ilk dəfə olaraq ölkəmizdə fəal təlimlə bağlı tədris vəsaitləri hazırlanıb çap edilmişdir və hazırda müəllimlərlə keçirilən treninqlərdə həmin vəsaitlərdən səmərəli istifadə olunur.

YUNİSEF-in müəyyənləşdirdiyi üç (Lənkəran, Quba, Füzuli) və Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində müəyyənləşdirilmiş üç pilot rayonlarının (Ucar, İsmayıllı, Şirvan) ibtidai sinif müəllimləri üçün təşkil edilmiş seminarlarda fəal təlim metodları haqqında müəllimlərə nəzəri və praktiki bacarıqlar aşılanmışdır. Bundan əlavə, məktəblər bir sıra əyani vəsaitlərlə təmin edilmişdir. Lənkəran, Quba və Füzuli rayonlarının pilot məktəblərində aparılan ilkin qiymətləndirmə nəticəsində əldə edilən nəticələr məktəblərin müəllimlərinin inkişaf planlarının hazırlanmasına zəmin yaratmışdır.

"Təhsil sistemində məlumatların və təhlillərin təkmilləşdirilməsi" layihəsi. Layihə çərçivəsində təhsilin keyfiyyət məsələlərini əhatə edən "Təhsildə nailiyyətlərin monitorinqi" sorğusu aparılmış, məktəb, rayon və nazirlik səviyyəsində təhsilin idarəolunmasının səmərəliliyinin artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, YUNESKO ilə birlikdə "Təhsil hamı üçün -2000" proqramı üzrə doqquz zona treninqi təşkil olunmuş, respublikanın bütün təhsili idarəetmə orqanları əhatə olunmaqla, 450 mütəxəssis idarəetmə üzrə təlimlərə cəlb olunmuşdur. "Təhsil hamı üçün" proqramının məqsədlərinə dair Azərbaycanda mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə hesabat hazırlanmışdır.

"İnkişaf üçün təhsil və Uşaq Hüquqları Konvensiyası" layihəsi. Layihənin məqsədi ümumtəhsil məktəblərində uşaq hüquqlarının təbliği və öyrədilməsi, müəllimlərin fəaliyyətində və şagirdlərə münasibətində nəzərə alınması olmuşdur. Layihə çərçivəsində tədqiqat və sorğular keçirilmiş, təlim kursları təşkil edilmişdir. Müəyyənləşdirilmiş pilot məktəblərin 100 müəllimi, 100 valideyni, 2000 şagirdi təlimlə əhatə olunmuşdur. 22 min nüsxə müxtəlif məlumat və təlim materialı çap olunmuş və məktəblərə çatdırılmışdır.

İnsan hüquqlarına dair beynəlxalq aktların öyrənilməsi istiqamətində "Heç bir uşağı nəzərdən qaçırmayaq" layihəsi çərçivəsində "Uşaq haqları əlifbası" 3200 nüsxədə çap olunmuş və təhsil müəssisələrinə paylanmışdır. Uşaq hüquqlarının tədrisi üzrə müəllimlər üçün "Uşaq haqları və onların tədrisi", "Uşaq haqları ilə tanışlıq və biliklərin uşaqdan-uşağa ötürülmə üsulları", "Uşaq Hüquqları Konvensiyası və onun ümumtəhsil məktəblərində tədrisi" adlı vəsaitlər hazırlanmış və məktəblərə paylanmışdır.

"Gənclərin sağlamlığı və inkişafı" layihəsi. Layihə çərçivəsində 21 rayonda Gənclər Resurs Mərkəzi yaradılmış, audiovizual və kompüter avadanlığı ilə təchiz edilmişdir. Həmin mərkəzlərdə 3000-dən çox uşaq və yeniyetmə kompüterdə işləmək bacarıqlarını mənimsəmiş, sağlam həyat tərzi, həyat vərdişləri və uşaq hüquqları ilə bağlı biliklərə yiyələnmişlər.

"Valideyn-Müəllim Assosiasiyası (VMA)" layihəsi. Bu layihənin məqsədi şagirdlərin inkişafı sahəsində bütün maraqlı tərəflərin səylərinin birləşdirilməsi, təlim-tərbiyə prosesinə valideynlərin daha fəal cəlb olunması, ümumtəhsil məktəblərindəki mövcud problemlərin həlli istiqamətində layihə və proqramların həyata keçirilməsi, təhsilə ictimai dəstəyin göstərilməsidir.

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası valideyn və müəllimlərin könüllü birliyi nəticəsində yaranan ictimai qurumdur. Milli VMA YUNİSEF və Təhsil Nazirliyinin "ümidli gələcək" Gənclər Təşkilatı ilə birgə həyata keçirdikləri proqram çərçivəsində 2003-cü ildə yaradılmışdır. Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Bakı, Qəbələ, Şəki, Masallı və Qubada 5 pilot məktəbində VMA yaradılmışdır. Pilot məktəblərin 6 minədək müəllimləri, şagirdləri, valideynləri üçün təlimlər keçirilmiş, maarifləndirmə işləri aparılmışdır. Müsbət təcrübə nəzərə alınaraq, 2003-cü ilin sonuna artıq 20 məktəbdə VMA yaranmışdı.

2004-cü ildə VMA-nın I milli konfransı və təsis konfransı keçirilmişdir. Konfransda təşkilatın strukturu, səlahiyyətləri müəyyənləşdirildi. 2005-ci ilin aprelində VMA Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

İndiyədək 1000-dən çox məktəbdə valideyn-müəllim assosiasiyaları yaradılmışdır. Digər məktəblərin də bu prosesə qoşulması tendensiyası ildən-ilə artır.

Uşaqlara aid qərarları qəbul edən təşkilatlar qarşısında, icmalarda, məktəblərdə uşaqların dəstəklənməsi, valideynlərə öz uşaqlarını müdafiə və inkişaf vərdişlərinin əldə edilməsində kömək göstərilməsi, valideyn və ictimaiyyətin məktəblərə cəlb olunması, onların məktəbə köməyinin gücləndirilməsi, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, şagirdlərin məktəb həyatının daha səmərəli təşkilinə kömək edə biləcək layihələrin dəstəklənməsi üçün fondların və resursların yaradılması və digər bu kimi sahələr VMA-nın əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən VMA-ların fəaliyyəti nəticəsində ötən müddətdə bir sıra əhəmiyyətli layihələr həyata keçirilmişdir. Belə ki, Qəbələ rayonu Vəndam kənd 2 nömrəli məktəbdə məzunların köməyi ilə idman zalı, BMLK-da müasir tipli idman zalı, qış oranjereyası tikilib istifadəyə verilmiş, Masallı rayonu Musaküçə kənd orta məktəbində yaradıcı müəllim və istedadlı şagirdlərin stimullaşdırılması proqramı hazırlanıb həyata keçirilmiş, məktəbə su xətti çəkilmiş, Qəbələ rayonu Vəndam kənd 1 nömrəli məktəbin istiliklə təminatı həyata keçirilir. Məktəbətrafı icmanın və valideynlərin səyləri nəticəsində Bakı şəhəri 46 nömrəli məktəbdə müasir tələblərə cavab verən kitabxana yaradılmışdır.

İcmadaxili əməkdaşlığı stimullaşdırmaq məqsədilə Quba şəhər 2 nömrəli məktəbin VMA və məktəb rəhbərliyinin təşəbbüsü ilə məktəb əsaslı təmir edilmiş, burada "İlin ən yaxşı icma üzvü", Quba şəhər 1 nömrəli məktəbdə "İlin fəal valideyni", "İlin fəal şagirdi", "İlin fəal müəllimi" nominasiyaları təsis edilmişdir. Quba rayonu 1 nömrəli Qırmızı qəsəbə məktəbində məzunların sponsorluğu ilə ibtidai sinif şagirdlərinin isti yeməklə qidalanması təmin edilmiş, idman zalı üçün trenajorlar alınmışdır. Bakı şəhəri "İstedad" Beynəlxalq Təhsil Kompleksində (134 nömrəli məktəb), Şəki şəhər 10 nömrəli məktəbdə "İlin ən yaxşı şagirdi" mükafatı təsis edilmiş və qaliblərə təqaüdlər ayrılmışdır.

VMA-lar  "Məktəb uşağın dostudur" layihəsinin əhatə etdiyi məktəblərlə əlverişli təlim və inkişaf mühitinin formalaşmasında da fəal iştirak edirlər.

Əlbəttə, VMA-nın ölkənin bütün ümumtəhsil məktəblərində yaradılması əsas hədəflərdəndir. Artıq təşkilatın növbəti illər üçün Strateji inkişaf planı hazırlanmış və 2009-cu il dekabrın 19-da keçirilən geniş konfransda təqdim edilmişdir.

"Mina Təhlükəsinə dair Maarifləndirmə" layihəsi. Layihə çərçivəsində 2004-cü ilin mayında Təhsil Nazirliyi ilə YUNİSEF arasında sərhədyanı ərazilərdə və məcburi köçkün düşərgələrindəki orta məktəblərdə mina təhlükəsinə dair maarifləndirməyə dair Anlaşma Memorandumu imzalanmışdır. Layihə çərçivəsində xüsusi fakültativ kursun tədrisinə başlanmış, metodik vəsaitlər, təlim materialları hazırlanmış və məktəblərə paylanmışdır, eləcə də məktəb rəhbərləri, müəllimlər üçün təlim seminarları keçirilmişdir.

2005-2006-cı dərs ilindən Laçın, Cəbrayıl, Kəlbəcər və Şuşa rayonlarının, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin IV və VI siniflərində fakültativ məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 saat olmaqla, "Mina təhlükəsinə dair maariflənmə" adlı kurs tədris edilir.

"Məktəb uşağın dostudur" layihəsi. Layihənin əsas məqsədi 5 strateji istiqamətdə tədbirlərin həyata keçirilməsindən ibarətdir:

1. Bütün şagirdlərə bərabər imkanların yaradılması. Məktəb sağlamlıq imkanından, ailənin sosial statusundan, gender və sair amillərdən asılı olmayaraq bütün uşaqlar üçün xoş rəftar edilən, bir məkan olmaqla yanaşı, onlara öz imkanları daxilində zəruri biliklərə yiyələnmək üçün əlverişli mühitə çevrilməli, burada hər bir fərdə təhsil alması üçün şərait yaradılmalıdır.

2. Səmərəlilik: Bu strategiya məktəblərdə səmərəli idarəetmənin, fəal/interaktiv təlim texnologiyalarının tətbiqini, təlim nəticələrinin düzgün qiymətləndirilməsini təmin etməklə keyfiyyətli təhsil, keyfiyyətli tədris prosesi, keyfiyyətli məzmun, keyfiyyətli mühit, keyfiyyətli müəllimlər, keyfiyyətli nəticələr kimi məqsədləri əhatə edir.

3. Sağlamlığın qorunması: Məktəb tibbi və sanitariya xidmətini təmin etməklə, yoluxucu xəstəliklərin qarşısını almaqla, istilik sisteminin işlək şəkildə olmasını təmin etməklə məktəbdə sağlam tədris mühitinin yaradılmasına nail olur, bu da son nəticədə şagird nailiyyətlərinə müsbət şəkildə təsir edir.

4. Uşaqların müdafiəsi: Məktəb təhlükəsiz və etibarlı yer olmaqla yanaşı, şagirdləri hər cür zorakılıqdan və hüquq pozuntularından müdafiə edən bir məkandır. Burada fiziki cəza və hədə-qorxu tətbiq olunmur və məktəb hüquqi məkana çevrilir.

5. Ailələrin cəlb edilməsi: Məktəbdə valideynlərlə, digər ailə üzvləri ilə, təhsil prosesinin digər iştirakçıları ilə, cəmiyyətin nümayəndələri ilə məsləhətləşmələr aparılır və sıx əməkdaşlıq edilir. Dialoq aparılması üçün əlverişli imkanlar yaradılır. Məktəb öz fəaliyyətində ailəyə və cəmiyyətə əsaslanır.

"Məktəb uşağın dostudur" layihəsi məktəblərdə əlverişli, cəlbedici, maraqlı tədris mühitinin yaradılmasını da nəzərdə tutur. Təcrübə göstərir ki, maraqlı təşkil edilən tədris mühitində şagird nailiyyətləri də yüksəlir, məktəbə davamiyyət artır və həmçinin, cəmiyyət tərəfindən məktəbə olan münasibət müsbət istiqamətdə dəyişir.

Layihə ilkin mərhələdə Quba rayonunun 2, 3, 4, Qırmızı qəsəbə 1 nömrəli və Rustov kənd məktəblərini, Füzuli rayonu Böyük Bəhmənli, Kərimbəyli, Aşağı Kürdmahmudlu kənd, Horadiz, Qayıdış-3 qəsəbə məktəblərini və Lənkəran şəhər 3, 4, 5, 8 nömrəli və Haftoni qəsəbə məktəblərini əhatə etmişdir.

2008-ci ildə müstəqil beynəlxalq ekspert tərəfindən layihənin monitorinqi aparılmış və müəyyənləşdirilmişdir ki, məktəblərdə şagirdlərin inkişafı sahəsində ciddi nailiyyətlər əldə edilmiş, müəllimlərin yaradıcılıq və təşəbbüskarlıqları, tədris prosesinə və şagirdlərə yanaşması müsbət istiqamətdə dəyişmiş, valideynlər məktəbə daha fəal cəlb olunmuş, təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühiti yaradılmışdır.

Layihə çərçivəsində ümumtəhsil məktəblərinin keyfiyyət standartlarının hazırlanması istiqamətində beynəlxalq məsləhətçinin dəstəyi ilə mütəxəssislər üçün seminarlar keçirilmişdir. Təhsil Nazirliyində "ümumtəhsil məktəbləri üçün keyfiyyət standartları"nın işlənib hazırlanması məqsədilə işçi və ekspert qrupları yaradılmış, keyfiyyət standartları hazırlanmışdır. İşçi qrupunun üzvləri YUNİSEF tərəfindən 2009-cu ilin aprelində İsveçrənin Cenevrə şəhərində təşkil edilən Şərqi Avropa və MDB ölkələri üçün "Məktəb uşağın dostudur" mövzusunda seminarda iştirak etmiş, bu sahədə mövcud təcrübə və yenilikləri öyrənmiş, Azərbaycanın keyfiyyət standartlarını həmin seminarda təqdim etmişdir. Hazırlanmış keyfiyyət standartları seçilmiş on məktəbdə sınaqdan keçirilmiş, nəticələr təhlil edilmiş və sənədin son variantı işlənmişdir.

"Quş qripinə qarşı mübarizə" layihəsi. Layihə çərçivəsində şagirdlər üçün 1,5 milyon nüsxə buklet və plakat çap olunmuş, müəllimlər üçün vəsait hazırlanmışdır. Müəllimlər üçün təlim proqramları hazırlanmış, 2006-2007-ci illərdə Bakıda və Azərbaycanın rayonlarında riskli ərazilərdə yerləşən 1400 məktəbdə müvafiq təlimlər keçirilmişdir.

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində YUNİSEF-in mütəxəssisləri ilə birlikdə monitorinq mexanizmi yaradılmış, tədqiqat aparılmış, məlumat bazası, fərdi qayğı planları, alternativ qayğı üzrə standartlar, transformasiya üzrə baş plan hazırlanmış, beynəlxalq ekspert xidmətinin təşkili üzrə tədbirlər həyata keçirilmişdir. De-institutlaşdırmanın əhatə etdiyi uşaqlar üçün qayğı və reabilitasiya mərkəzlərinin yaradılması, Azərbaycanda Uşaq Müdafiə Sisteminin təşkili sahəsində, Bakı Dövlət Universitetində sosial işçilərin hazırlanmasında da YUNİSEF tərəfindən müntəzəm dəstək göstərilir. Eyni zamanda Proqramın həyata keçirilməsinə yardım məqsədilə YUNİSEF tərəfindən 2006-2008-ci illərdə 2 nəfər, hazırda isə 1 nəfər məsləhətçi ayrılmış və maliyyələşdirilmişdir.

"Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)" çərçivəsində YUNİSEF-lə birlikdə Azərbaycanda inklüziv təhsil təcrübəsi tətbiq edilməyə başlanmışdır. Məhz bu əməkdaşlığın nəticəsidir ki, hazırda 200-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaq cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas olmuş, onların adi həyata inteqrasiyasına, inkişafına və hüquqlarının təmin olunmasına şərait yaranmış, öz həmyaşıdları ilə birlikdə təhsil almaq imkanı əldə etmişdir.

2006-cı ildən Təhsil Nazirliyi BMT-nin Qlobal Fondu ilə birlikdə "Azərbaycanda QİçS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsini həyata keçirir. Layihə çərçivəsində YUNİSEF-lə sıx əməkdaşlıq şəraitində "Həyati bacarıqlara əsaslanan təhsil" üzrə Milli Konsepsiya, ibtidai, əsas və orta təhsil pillələri üçün proqramlar, həmin pillələrin hər biri üçün ayrılıqda müəllimlər üçün tədris vəsaitləri hazırlanmış və məktəblərə çatdırılmış, beynəlxalq məsləhətçi xidməti cəlb edilmiş, müəllimlər üçün treninqlər təşkil edilmişdir. ötən dərs ilindən ölkənin bütün məktəblərində kursun tədrisinə başlanmışdır.

YUNİSEF-in əsas fəaliyyət istiqamətlərindən biri də təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlarla bağlı Azərbaycanda respublika və beynəlxalq səviyyəli konfransların təşkili, eyni zamanda müxtəlif aktual məsələlərlə bağlı Təhsil Nazirliyinin və təhsil müəssisələri mütəxəssislərinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ölkələrə səfərlərinin təşkilidir. Qeyd etmək istəyirəm ki, ötən illər ərzində YUNİSEF Təhsil Nazirliyi ilə birlikdə 50-dək konfrans təşkil etmiş, 100-dək mütəxəssisin dünyanın müxtəlif ölkələrinə öyrədici, təlim və təcrübə mübadiləsi səfərlərini təşkil etmişdir.

YUNİSEF-in təhsil sahəsində fəaliyyətinin daha bir istiqaməti təhsilin ayrı-ayrı problemləri ilə əlaqədar sorğu və tədqiqatların aparılmasıdır. Nazirlik üçün əhəmiyyətli amil ondan ibarətdir ki, aparılan tədqiqatların nəticələrinə əsasən hazırlanmış hesabatlar və beynəlxalq təcrübəyə uyğun işlənmiş tövsiyələr gələcək fəaliyyət planlarının hazırlanmasında istifadə edilir.

Təqdirəlayiq haldır ki, YUNİSEF-lə həyata keçirilən birgə layihələrin davamlılığı təmin edilir. Bir sıra layihələr uğurla başa çatdırılmış, əksər layihələr isə davam etməkdədir. Perspektivdə yeni layihələrin başlanması da nəzərdə tutulur. Hesab edirəm ki, YUNİSEF-lə Təhsil Nazirliyi arasında yaranmış səmərəli əməkdaşlıq və həyata keçirilən layihələr bundan sonra da Azərbaycanda təhsilin inkişafına xidmət edəcəkdir.  

(Ardı var)  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Fevral 2010 - ¹07
Prezident İlham Əliyev Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbində olub
 

Ötənilki test sualları müəllimlər üçün də çətin oldu

 

Bu il 25 məktəbin inşası başa çatdırılacaq

 
Təlim kurslarının 2-ci mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar verildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənildi
 
Mütəxəssislər tarix fənni üzrə test suallarının da mürəkkəb olduğunu bildirirlər
 
"Uğurlarıma görə müəllimlərimə borcluyam"
 
Dünya universitetlər: Kyoto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov