· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

  

 

Məktəbdə alimlə görüş

Fevralın 7-də Bağça-Məktəb-Lisey Kompleksində görkəmli alim,   Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyevlə görüş keçirildi. Görüşü BMLK-nın direktoru Qafar Hüseynov açaraq bu tədbirin məktəbin kollektivi üçün əlamətdar bir hadisə olduğunu bildirdi.

Millət vəkillərinin və alimlərin də iştirak etdiyi görüşdə professor V.Əliyevin elmi-publisistik üslubda qələmə aldığı və qədim Oğuz yurdu Qərbi Azərbaycanın bir  parçası olan Zəngəzur diyarına həsr olunmuş   "Zəngəzurda qalan izimiz" kitabı barədə dəyərli fikirlər səsləndirildi.

Professor Vilayət Əliyevin elmi- pedaqoji və içtimai- siyasi fəaliyyəti   haqqında ətraflı danışıldı.

Tədbirdə əməkdar elm xadimi, "Şöhrət" ordenli  professor Həsən Mirzəyev bildirdi ki, ulu öndərimiz Heydər Əliyev ziyalılarımızla görüşlərində onlara tövsiyə edirdi ki, itirdiyimiz torpaqların toponimlərini, adət -ənənələrini və folklorunu  qələmə alaraq, gələcək nəsillərə çatdırmaqda fəal mövqe nümayiş etdirsinlər. Məhz bu baxımdan da professor V.Əliyevin qələmə aldığı "Zəngəzurda qalan izimiz" əsəri həmin istiqamətdə atılan uğurlu addımlardan biri kimi  qiymətləndirilir.

Sonda şagirdlərin ifasında "Zəngəzurda qalan izimiz" kitabından müəyyən parçalar və "Zəngəzur bayatıları" səsləndi.

 

 

 

 

 

Yeni tipli test tapşırıqları nümunələri müzakirə olunub

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, riyaziyyat fənni üzrə elmi-metodik seminar davam etdirilmişdir.

Tanınmış alimlərin və ayrı-ayrı təhsil müəssisələri nümayəndələrinin iştirak etdikləri seminarda yeni tipli test tapşırıqları nümunələri geniş müzakirə olunmuşdur.

Müzakirələr nəticəsində məntiqi düşüncəyə əsaslanan və nəzəri biliklərin tətbiqini tələb edən ümumiləşmiş və izahat tipli test tapşırıqlarına üstünlük verilmişdir.

 

Şakir CƏFƏROV

 

 

"Mənim fəxrim - məktəbim"

Fevralın 7-də Bakının 132 nömrəli orta məktəbində "Mənim fəxrim - məktəbim" adlı kitabın təqdimatı keçirildi. Kitabda məktəbin yaranma tarixi, müəllim kollektivi, məzunları barədə geniş məlumat verilir. Müxtəlif illərdə məktəbi bitirən məzunlar müəllimlərindən eyni məhəbbətlə danışırlar.

Təqdimat mərasimində məzunları salamlayan 132 nömrəli məktəbin direktoru, Prezident təqaüdçüsü Aliyə Təhmasib tədris müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verdi. Qazanılmış nailiyyətlərə toxundu. 1954-cü ildən 132 nömrəli məktəbə bağlı olan Aliyə xanımın da təbii ki, təhsil ocağı barədə xatirələri çox idi. Tədbirdə məktəblilər öz sevimli müəllimləri haqqında şeirlər söylədilər, mahnı ifa edib, səhnəciklər göstərdilər. Məzunlardan Nailə Vəlixanlı, Rahib Azəri, Şövkət Tağıyeva, Azər Zeynalov, Zamiq Əliyev, İfrat Əliyeva, Gülhüseyn Hüseynoğlu, Nəsibə Əsgərova, Nəriman Qasımzadə, Fuad Vəliyev və başqaları çıxış edərək 132 nömrəli məktəb və müəllimləri ilə bağlı xatirələrini söylədilər.

Maraqlı keçən mərasimin sonunda məzunlar yüksək səviyyədə təşkil olunmuş görüş üçün məktəbin direktoru Aliyə xanım Təhmasibə və kitabın müəllifinə minnətdarlıqlarını bildirdilər. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və digər şəxslər iştirak edirdi.

 

 

 

 

 

"Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində"

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında "Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində" kitabının təqdimetmə mərasimi keçirilmişdir. Müəllifi tarix elmləri namizədi, dosent Zəhmət Şahverdiyev olan elmi-tədqiqat əsərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin XIX-XX əsrin əvvəlləri tarixi kompleks şəkildə araşdırılır.

Mərasimi giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli monoqrafiyanın nəşri zərurətindən bəhs edərək kitabda əks olunan tədqiqatları yüksək qiymətləndirmişdir. Rektor monoqrafiyanı Naxçıvanın 120 illik tarixinə həsr olunmuş ilk ümumiləşmiş elmi mənbə kimi dəyərləndirmişdir.

Təqdimetmə mərasimində AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli monoqrafiya haqqında qeyd etmişdir ki, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudovun ön sözü ilə başlayan, giriş və 6 fəsildən ibarət olan monoqrafiyada Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı, Naxçıvan bölgəsinin iqtisadi vəziyyəti, sosial həyatı, mədəni inkişafı, ermənilərin Naxçıvana köçürülməsi və azərbaycanlılara qarşı soyqırımı tarixi sənəd və materiallarla öz elmi şərhini tapmışdır.

AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev monoqrafiyada Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı məsələsindən bəhs edərək tədqiqatçının Türkmənçay müqaviləsi, Rusiya imperiyası tərkibində Naxçıvanın inzibati-ərazi quruluşu və idarə sistemi ilə bağlı apardığı araşdırmaları elmi ictimaiyyətin diqqətinə çatdırmışdır.

Monoqrafiyada əksini tapan bir sıra  məsələlərlə bağlı məruzələr dinləyicilər tərəfindən maraqla qarşılanmış, elmi müzakirələrə səbəb olmuşdur.

Mərasimin sonunda söz alan müəllif Z.Şahverdiyev Azərbaycanın bütün bölgələrində, o cümlədən Naxçıvanda elmi mühitin inkişafına yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə, muxtar respublika rəhbərliyinə, universitetin rektoruna minnətdarlığını bildirmişdir.

 

Seyid SURƏ

 

 

 

 

 

 

BSU Humanitar liseyində "Açıq dərslər günü"

Fevralın 6-da BSU Humanitar liseyində müxtəlif fənlər üzrə (xarici dil (ingilis, rus, alman), Azərbaycan tarixi, coğrafiya, fizika, ədəbiyyat, cəbr) nümunəvi "açıq dərs"lər keçildi. Məqsəd liseydə müasir təlim metodlarının və təhsil texnologiyalarının tətbiqi vəziyyətini, müəllim və şagirdlərin avadanlıqlar və əyani vəsaitlərlə işləmə qabiliyyətini üzə çıxarmaqdan və nümayiş etdirməkdən, ətraf məktəb və liseylərlə təcrübə mübadiləsi aparmaqdan ibarət idi. "Açıq dərs"lərdə yeni tədris proqramları, dərsliklər, fənn kurikulumlarının tətbiqi ilə bağlı ali və orta məktəblərin, Təhsil Problemləri İnstitutunun birgə fəaliyyəti istiqamətində fikir mübadiləsi aparmaq üçün şərait yaranmışdı. Linqafon kabinetində təşkil olunmuş riyaziyyatdan "açıq dərs"in (müəllim Gülnaz Babayeva) bütün mərhələləri prezentasiyalar üzərində qurulmuşdu. Seçilmiş optimal üsul hər bir şagirdə əldə etdiyi biliyi istifadəsində olan kompüterdə nümayiş etdirməyə və qiymətini dərhal öyrənməyə imkan verirdi. Azərbaycan tarixi üzrə nümunəvi dərsi (müəllim Arzu Hacıyeva) səciyyələndirən cəhət o idi ki, dərs bütövlükdə "İntel" proqramı əsasında qurulmuşdu. Şagirdlər daha çox tədqiqatçını xatırladırdılar. Birbaşa İnternetdən bəhrələnərək, material və faktları sistemləşdirən və yekunlaşdıran onuncular yüksək bilik və bacarıqları ilə yadda qaldılar. 7-ci sinifdə keçilən ədəbiyyat dərsi (müəllim Mahizər Kərimova) ənənəvi və yeni təlim metodlarının sintezinə əsaslanan dərs kimi maraq doğurdu. Eyni fikirlər başqa nümunəvi dərslərin müzakirəsi zamanı da səslənmiş oldu.

Tədbirə Bakının 30-dan artıq məktəb və liseyindən, ali məktəblərin müvafiq kafedralarından, Təhsil Problemləri İnstitutunun uyğun şöbələrindən dəvət olunan müəllim və metodistlər, metodist alimlər orta məktəb pilləsində təhsilimizin uğurları, mövcud problemlər ətrafında fikir yürütmək və qarşılıqlı şəkildə faydalanmaq imkanına malik oldular. BSU Humanitar liseyində təşkil olunmuş "Açıq dərslər günü"nə  gələcəyin müəllimləri - müxtəlif ali məktəblərin tələbələri də cəlb edilmişdilər. Keçilən dərslərin geniş müzakirəsi də oldu.

 

Şakir CƏFƏROV

 

 

 

 

 

 

 

Şəmkirdə Kurikulum mərkəzi yaradılıb

Respublikamızın hər yerində olduğu kimi, Şəmkir rayonunda da Respublika Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 283 saylı qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil Konsepsiyası (Milli Kurikulum)" sənədindən irəli gələn vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə Şəmkir Rayon Təhsil Şöbəsinin metodkabinetində Kurikulum mərkəzi yaradılmış, bütün fənlər üzrə kurikulumla bağlı müzakirələr və "dəyirmi masa"lar keçirilmişdir. Hələ ötən dərs ilində Azərbaycan dili və ədəbiyyat üzrə metodistlər, eləcə də rayonun on nəfər ən qabaqcıl ibtidai sinif müəllimi Azərbaycan Müəllimlər İnstitutunda "Milli Kurikulumlarla iş üzrə təlimin əsas xüsusiyyətləri" mövzusunda təşkil edilmiş təlim kursunda dinləyici olmuş, sertifikat almışlar. Bu il I siniflərdə dərs deyən 165 nəfər müəllim treninqlərdən keçmişdir.

Bunun nəticəsidir ki, hazırda I siniflərdə dərslər yeni kurikulum əsasında tədris edilir. Milli Kurikulum əsasında tərtib edilmiş metodik ədəbiyyat və dərsliklərdən səmərəli istifadə edən müəllimlər dərslərini günün tələbləri səviyyəsində qururlar.

Rayon təhsil şöbəsinin daim diqqət mərkəzində olan bu sahə müxtəlif tədbirlərin həyata keçirilməsinə zəmin yaradır. Füzuli şəhər, 1 nömrəli Düyərli, 1 nömrəli çinarlı, 2 nömrəli Kür qəsəbə, Dəllər-Cəyir və 2 nömrəli çənlibel orta məktəblərində görülmüş işlər ürəkaçandır.

M.NOVRUZOV

 

 

 

 

 

 

Yeni dərsliklərin hazırlanması müzakirə edildi

Fevralın 11-də Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində yeni dərsliklərin hazırlanması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, Kurikulum Mərkəzinin əməkdaşları, dərsliklər üzrə müəllif qrupları və "Kövsər", "Altun kitab", "XXI nəşrlər evi", "Təhsil", "Bakı", "Elnicat" və başqa nəşriyyat  nümayəndələri iştirak edirdilər.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov dərsliklərin Milli Kurikulum əsasında  hazırlanma  qaydası  haqqında  danışdı.

Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov fənn kurikulumlarının hazırlanıb tətbiq edilməsində təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konseptrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması haqqında  fikir söylədi.

Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı qeyd etdi ki, bu gün Təhsil Nazirliyinin məqsədi yaxşı dərslik  yazanları üzə çıxarmaqdır. Hazırda  bəzi müəllif qrupları köhnə  müəlliflərdir,onlar köhnə ənənələrdən uzaqlaşa bilmir,  kurikulumu da  yaxşı öyrənmirlər, amma buna baxmayaraq, dərslik müəllifi olmaq istəyirlər.

Yeni dərsliklərin hazırlanması ilə bağlı müəllif qruplarını və nəşriyyat  nümayəndələrini maraqlandıran suallara cavablar verildi və tədbir diskussiya  şəklində başa çatdı.

 

 

 

 

 

 

Qax məktəblərində İKT-dən səmərəli istifadə olunur

ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı"nın həyata keçirilməsi istiqamətində respublikamızın regionlarında, o cümlədən Qaxda məqsədyönlü işlər həyata keçirilir.

Belə ki, respublika Təhsil Nazirliyi tərəfindən rayonun tədris müəssisələrinə İKT avadanlıqları - 177 kompüter, 13 proyektor və noutbuk verilmişdir. Təlimin səmərəliliyini artırmaq məqsədilə ümumtəhsil məktəbləri Azərbaycan tarixi, biologiya, kimya, fizika fənləri üzrə elektron təlim materialları ilə təchiz edilmişdir. Təlim prosesində fənn müəllimləri həmin materiallardan səmərəli istifadə edirlər.

Rayonda müəllimlərin İKT-dən istifadə bacarıqlarını artırmaq məqsədilə yerli kompüter treninqləri təşkil edilmiş və müəllimlər, o cümlədən məktəb rəhbərləri həmin kurslara cəlb olunmuşlar.

Hazırda 64 nəfər fənn müəllimi Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun təşkil etdiyi kompüter-tədris kurslarına cəlb olunmuşdur. Kurs üç mərhələdə təşkil edilmişdir. Artıq birinci mərhələ başa çatdırılıb, ikinci və üçüncü mərhələlər mart və iyunda keçiriləcəkdir.