· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Fizikanı öyrənmək zamanın tələbidir

Ətraf aləmi - elementar zərrəciklərdən dünyanın yaranmasına kimi baş verən hadisələri düzgün qavramaq üçün fizikanın əsasları haqqında biliklərə yiyələnmək bu gün hamı üçün vacib məsələdir. O şəxslər ki, fizikanı özünə ixtisas seçmişdir, bu sahədə ilk addımlar atarkən fənlə əlaqəli bütün məqalə və əsərləri diqqətlə öyrənməlidirlər. İxtisas və peşəni düzgün seçmək insan üçün ən vacib məsələdir. Əgər şəxsiyyət sevdiyi işlə məşğul olarsa, o, cəmiyyətə xeyir verməklə yanaşı, həm də daxilən həmişə özünü rahat və yaxşı hiss edər. Bu ixtisası seçən hər bir gənc bilməlidir ki, bu elm sahəsi nə üçündür və bu elm onun maraq və qabiliyyətlərinə uyğun gəlirmi. Hətta başqa ixtisas seçənlərə də fizika əhəmiyyətli dərəcədə xeyir verər.

 

Fiziki araşdırmalar tarix boyu yeni texnikanın yaranmasına səbəb olmuş və elmin inkişafına böyük təkan vermişdir. Fiziki kəşflər və ixtiralar toplusunu elmi texniki inqilab adlandırsaq, səhv etmərik.

Yader fizikası, bərk cisimlər, elektrodinamika, statistik fizika və s. XX əsrin texniki mənzərəsini yaratmışdır. Zəmanəmizin texniki inkişafını: lazer texnikasız, nüvə enerjisiz, elektron hesablama maşınlarsız, hətta ədəbiyyatda dilçiliyin, tarixdə arxivşünaslığın, geodeziya işlərinin aparılmasını təsəvvürə belə gətirmək çətindir.

Orta məktəbi, ali və orta ixtisas məktəblərini bitirdikdən sonra hər bir gənc müxtəlif sahələrdə işləyərkən, məsələn: ixtisaslı fəhlə, laborant, texnik, mühəndis, həkim, kosmonavt, bioloq, arxeoloq və s. - fiziki biliklər öz ixtisasını yaxşı öyrənməyə onlara həmişə kömək edəcək.

Fiziki hadisələr bildiyimiz kimi, iki üsulla öyrənilir: nəzəri və təcrübi. Nəzəri üsulda əvvəl məlum olan fiziki qanunlara əsaslanaraq riyazi aparat və cihazlarla yeni münasibətlər öyrənilir. Burada əsas alət kağız və qələmdir. Təcrübi fizikada isə fiziki ölçmələr vasitəsi ilə hadisələr arasındakı yeni əlaqələri öyrənirlər. Burada alətlər daha müxtəlifdir: çoxsaylı ölçü cihazları, sürətləndirici, köpük kameraları və s.

Təbii bir haldır ki, bu cür iki yanaşma müxtəlif qabiliyyət və əqli güc tələb edir, hansı ki, çox təsadüfi hallarda bir adamda cəmləşə bilir. Bundan başqa, fizika ilə təkcə bir elm kimi deyil, həm də fizika ilə təcrübəyə tətbiq üçün ilkin rüşeymlər yaradan bir sahə kimi məşğul olmaq olar. Bu yolla ingilis alimi C.Maksvell elektromaqnit dalğalarını kəşf etmişdir və bunun nəticəsində elektrodinamikanın tənliklərini almışdır. Sonra alman fiziki Q.Herts onları açmış, rus alimi A.S.Popov və italyan mühəndisi Q.Markoni bu fiziki hadisənin praktikada tətbiqi mümkünlüyünü sübut etdilər. Bütün bunlar isə radioəlaqə və radiotexnikanın əsasını qoymuşdur.

Fizikanın hər hansı bir sahəsi ilə məşğul olmaq istəyərkən əvvəlcə, ümumiyyətlə, fizikanı yaxşı öyrənmək lazımdır, çünki onun bütün bölmə və sahələri bir-biri ilə sıx əlaqədardır və həm də çox vaxt bir sahədən başqa sahəyə keçmək lazım gəlir.

Fizikanı öyrənənlər, birinci növbədə, fiziki vahid və fiziki sabitləri yaxşı bilməlidirlər ki, hesablamalar zamanı səhv etməsinlər, bütün bunları bir-biri ilə əlaqələndirməyi bacarsınlar. Məsələn: 1.Aya qədər olan məsafəni təyin edin. (Ağırlıq qüvvəsi təcili və Ayın fırlanma periodunu bilənlər üçün bu çox asandır) 2. Kosmik şüalar şəklində Yerə hansı enerji verilir? və s. Bunları bilsəniz, siz bu və ya başqa bir ideyanın ağıllı olub olmadığını qiymətləndirə bilərsiniz.

Hər hansı bir elm sahəsi ilə məşğul olmaq üçün təkcə çox bilmək və çox bacarmaq azdır, bunun üçün həm də güclü xarakterə malik olmaq lazımdır. Elmi işlə məşğul olanlara aşağıdakı məsləhətləri bilmək vacibdir:

- Elmi məqalələri çox oxumaq, buradakı məsələlərin həllini oxumadan həll etməyə çalışmaq.

- Məsələləri həll edərkən tələsməmək, yalnız möhkəm zəhmət bahasına, tədricən məsələnin məğzinə varmaq.

- Ağlınıza ilk gələn ideyanı rədd etməyi bacarmaq və vicdanlı, obyektiv fikir və ideyalar tapmağa çalışmaq.

- Şöhrət üçün tələsik kəşflər etməkdənsə, işə doğan maraq uğrunda çalışmaq.

- Yorulmadan, vicdanla hadisələrin araşdırılması zamanı hər kiçik addım sizə uğur gətirər və yalnız bu yolla ixtira və kəşflər etmək olar.

- Heç vaxt kiçik bir uğursuzluqdan ruhdan düşərək yolunuzdan dönməyin.

Minlərlə fədakar alim və mühəndislər dəfələrlə uğursuzluğa düçar olmalarına baxmayaraq, öz yollarından dönməmiş, öz gözəl ömürlərini sərf edərək müxtəlif elmləri, o cümlədən fizika elmini inkişaf etdirərək bugünkü səviyyəyə qaldırmışlar. Fizika elminə minlərlə cild əsərlər yazılmışdır, bu ideya və fikirləri bir kitaba sığışdırmaq olmaz. Fizikanı özünə ixtisas seçənlərə bu yolda müvəffəqiyyətlər arzulayır və onların cəmiyyətə böyük xeyir verəcəklərinə ümid edirəm.

 

Ağamirzə ATAKİŞİYEV,

İmişli rayonu Rəsullu kənd orta məktəbinin direktoru