· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Beynəlxalq Miqrasiya Təşkilatı Təhsil Nazirliyində seminar keçirdi

Beynəlxalq Miqrasiya Təşkilatı İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə ölkəmizin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərini əhatə edən "Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta məktəb təhsili" adlı layihə həyata keçirir. Fevralın 6-da Təhsil Nazirliyində layihə çərçivəsində birgünlük seminar keçirilmişdir.

Təhsil Nazirliyi və digər qurumlar üçün nəzərdə tutulmuş maarifləndirmə seminarında adıçəkilən beynəlxalq qurumlardan, Təhsil, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsindən, bir sıra qeyri-hökumət təşkilatlarından nümayəndələr iştirak edirdilər.

Seminarı giriş sözü ilə açan Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov layihə haqqında seminar iştirakçılarına qısa məlumat verərək bildirdi ki, o, insan alverinin qarşısının alınmasına kömək məqsədi ilə ölkəmizin ümumtəhsil məktəblərində təhsil alan 15-17 yaşlı şagirdlər, onların valideynləri, müəllimlər arasında maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur. Layihə çərçivəsində müxtəlif maarifləndirmə tədbirlərinin, o cümlədən seminarların təşkili, müəllimlər üçün vəsaitlərin hazırlanması planlaşdırılıb. Layihənin bir məqsədi də insan alverinə qarşı mübarizə ilə bağlı mövzuların orta məktəblərin milli tədris proqramlarına və kurikulumlara daxil edilməsidir.

İkiillik dövrü əhatə edən layihənin icrasına artıq başlandığını deyən İ.Pirməmmədov bununla əlaqədar milli idaretmə komitəsinin yaradıldığını, Təhsil Nazirliyinin 4 əməkdaşının həmin komitəyə üzv seçildiyini, yanvar ayında milli idarəetmə komitəsinin ilk iclasının keçirildiyini, iştirak etdikləri seminarda isə layihənin icrası ilə bağlı müzakirələr aparılacağını diqqətə çatdırdı.

Beynəlxalq Miqrasiya Təşkilatının missiya rəhbəri Vasiliy Yujanin çıxışında seminar iştirakçılarına dəvətlərini qəbul edib gəldiklərinə görə təşəkkür etdi, göstərdiyi maliyyə dəstəyinə görə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinə, birgə əməkdaşlığa görə Təhsil Nazirliyinə minnətdarlığını bildirdi.

Quldarlığın müasir forması hesab olunan insan alveri insan haqlarının pozulması ilə nəticələndiyi, hər bir ölkənin milli təhlükəsizliyinə zərbə vurduğu, mütəşəkkil cinayətkarlığa rəvac verdiyi üçün ona qarşı mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini deyən V.Yujanin, bir sıra beynəlxalq təşkilatlar, dövlətlər kimi ölkəmizin də insan alverinə qarşı mübarizədə fəal iştirak etdiyini vurğuladı.

Sonra missiya rəhbəri təmsil etdiyi qurumun bu yöndə gördüyü işlər, insan alverinə qarşı aparılan mübarizənin formaları, bu işdə əhalinin müxtəlif təbəqələrinin, o cümlədən məktəblilərin maarifləndirilməsinin əhəmiyyəti, bununla bağlı həyata keçirdikləri layihə barədə seminar iştirakçılarına məlumat verdi.

Layihənin maliyyə təminatçısı İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin milli proqram rəhbəri Oqtay Gülmalıyev də seminar iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini qeyd etdi. Azərbaycan üzrə nümayəndəsi olduğu agentlik haqqında danışan O.Gülmalıyev onun müxtəlif proqram və layihələrdə  yaxından iştirak etdiyini söylədi, seminarın işinə uğurlar arzuladı.

Sonra Beynəlxalq Miqrasiya Təşkilatının proqram koordinatoru Səltənət Məmmədova layihə ilə bağlı təqdimatla çıxış etdi. Təqdimatda regional layihənin məqsədi, keçirilmə müddəti, əhatə dairəsi metodologiyası, layihə çərçivəsində həyata keçiriləcək tədbirlər, digər aidiyyəti məsələlər haqqında ətraflı məlumat verildi.

Seminarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan alverinə qarşı mübarizə idarəsinin rəis müavini İmran Nəcəfov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparıcı məsləhətçisi Nəzakət Xudiyeva  təqdimatlar edərək hər iki nazirlikdə insan alverinə qarşı mübarizə istiqamətində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışdılar, təqdim olunan layihə haqqında müsbət fikirdə olduqlarını bildirdilər.

Seminarda mövzu ətrafında geniş müzakirə açıldı, diskussiya aparıldı.

 

Yusif ƏLİYEV