· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Yeni İKT avadanlıqları təqdim olundu

Fevralın 7-də akademik Zərifə Əliyeva adına məktəbə İKT avadanlıqları təqdim olundu. Bu münasibətlə keçirilən təqdimat mərasimində təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, paytaxtın bir sıra məktəblərinin direktorları, KİV nümayəndələri iştirak edirdilər.

ölkə başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamına əsasən təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq məktəbə 4 noutbuk, 4 proyektor dəsti və 5 elektron lövhə verilmişdir.

Təhsil ocağının sinif otaqlarında quraşdırılmış İKT avadanlıq dəstləri vasitəsilə keçilən dərslərdə iştirak edən nazir Misir Mərdanov şagird və müəllimlərin hazırlıq səviyyəsi, bu avadanlıqlardan necə istifadə etmələri ilə yaxından tanış oldu.  Nazir  qeyd etdi ki, son illər müasir cəmiyyətdə təhsilin vacib komponentlərinə çevrilmiş İKT ilə təhsil müəssisələrinin təmin olunması sahəsində xeyli işlər görülüb. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində daha bir sıra mühüm işlərin reallaşdırılması nəzərdə tutulur. Proqram təhsil sisteminin bütün pillələrini əhatə edir. Həyata keçirilən layihələrdən biri də "Elektron məktəb" layihəsidir. Artıq Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə layihənin icrasına başlanılmışdır. Akademik Zərifə Əliyeva adına məktəb də seçilmiş qabaqcıl məktəblər sırasındadır.

Nazir Misir Mərdanov bildirdi ki, təhsil ocağında quraşdırılmış İKT avadanlıqlarından müəllim və şagirdlərin səmərəli istifadə etmələri üçün texniki baxımdan hər cür şərait yaradılıb. Hazırda bu məktəbdə İKT avadanlıqları ilə təminatla bərabər yüksək sürətli İnternet, İnternet bağlantısı vasitəsilə videogörüntünü təmin edən fibro-optik kabel çəkilməkdədir. Bu işlər "Elektron məktəb" layihəsində iştirak edən digər məktəblərdə də həyata keçiriləcək. Həmin məktəblər həm Təhsil Nazirliyi, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə videobağlantılar yaratmaq  imkanı əldə edə biləcəklər.

Nazir onu da xüsusi vurğuladı ki, məktəblərdə kompüterlərdən səmərəli istifadə olunması məsələsi   hazırda diqqət mərkəzində saxlanılır. İKT avadanlıqları ilə təchiz olunan bu məktəbdə həmin işə çox ciddi yanaşılmasından məmnunluq duyduğunu söyləyən nazir Misir Mərdanov  təhsil müəssisəsinin Azərbaycanda nümunəvi bir məktəb kimi tanınacağına ümidvar olduğunu bildirdi.

Sonra məktəbin direktoru Məhəbbət Vəliyeva nazir Misir Mərdanova təhsil ocağında aparılan işlər barədə məlumat verdi.

Akademik Zərifə Əliyeva adına məktəbdə müəllim və şagirdlər üçün yaradılan şəraitlə ətraflı tanış olan təhsil naziri sonda hamıya gələcək işlərində uğurlar arzuladı.

 

Samirə KƏRİMOVA