|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Məktəb liderliyinin inkişafı" mövzusunda seminar keçirildi Akademik Zərifə Əliyeva adına
məktəbdə "Məktəb liderliyinin inkişafı"
mövzusunda Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzinin birgə
keçirdikləri ikigünlük seminar fevralın 6-da öz işinə
başladı. Seminarı
Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə
açaraq məktəb liderliyinin inkişafı ilə bağlı
öz fikir və mülahizələrini iştirakçılarla bölüşdü,
məktəb direktorlarının üzərinə düşən
vəzifələrə toxundu. Qeyd etdi ki, rəhbərlik etdiyi qurumun Açıq
Cəmiyyət İnstitutunun maliyyə dəstəyi
ilə həyata keçirdiyi "Məktəb liderliyi"
layihəsi məktəb direktorlarının liderlik
keyfiyyətlərinin artırılması, məktəb
liderliyini inkişaf etdirməklə təhsildə hesabatlılığın
və şəffaflığın inkişaf etdirilməsi
məqsədini daşıyır. Sonra çıxış üçün söz alan ABŞ-ın
Cənubi Konnektikut Universitetinin professoru Ketrin Maqno
məktəb liderliyinin inkişafından, bu sahədə
dünya təcrübəsindən söz açdı. Seminarda "liderlik nədir",
"liderlik və idarəetmə", "liderliyin növü",
"liderlik və dəyişiklik" anlayışları
ətrafında iştirakçılar tərəfindən geniş
müzakirələr və fikir mübadiləsi aparıldı.
T.İsmayılov adına "İntellekt"
məktəb-liseyin direktoru Ceyran Kuliyeva, Sumqayıt şəhərindəki
11 nömrəli məktəbin direktoru Ofelya Babayeva, Bakıdakı
220 nömrəli məktəbin direktoru Almaz Əsgərova
rəhbərlik etdikləri təhsil müəssisələrində
görülmüş işlərlə bağlı təqdimatla çıxış
etdilər. Təqdimatlardan sonra seminar iştirakçıları
tərəfindən liderlik yanaşmaları mövzusunda müzakirələr
davam etdirildi. Seminarın fevralın 7-də keçirilən
ikinci iş günündə iştirak edən təhsil naziri
Misir Mərdanov mövzunun
aktuallığına toxunaraq burada söylənilənlərin
məktəb direktorları üçün mühüm
əhəmiyyət kəsb etdiyini bildirdi. Təhsil naziri
"Məktəb liderliyinin inkişafı" mövzusunda məruzə-təqdimatla çıxış etdi.
Cəmiyyətin inkişafında təhsilin rolundan söz açan
nazir müasir dünyada
hər bir ölkənin uğurlu
gələcəyinin həmin
ölkədə təhsilin səviyyəsi ilə müəyyən
olunduğunu söylədi. Təhsil naziri qeyd etdi ki, təbii
sərvətlərin bolluğu dövlətin inkişafının
əsas göstəricisi deyil,başlıcası bu sərvətlərin cəmiyyətin
hərəkətverici qüvvəsi olan insan kapitalına
çevrilməsini təmin etməkdir.Təsadüfi deyil ki, ABŞ,
Yaponiya, Cənubi Koreya, Finlandiya və digər inkişaf
etmiş ölkələr malik olduqları maddi resurslardan daha
çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük
gəlirlər əldə etmişlər. Bu ölkələrdə
inkişafa təsir göstərən amillər içərisində
təhsilin çəkisi hiss olunacaq dərəcədə yüksəkdir
və təxminən 70 faiz təşkil edir. Təhsil naziri son illərdə Azərbaycanda da insan kapitalının formalaşdırılması
və davamlı inkişafın dövlətin əsas
prioritetlərindən biri elan olunmaqla, təhsil sektoruna
vəsait qoyuluşunun xeyli artdığını bildirdi.
ölkə başçısı cənab İlham Əliyev
tərəfindən təhsilə xüsusi diqqət və
qayğı göstərildiyini qeyd edən nazir respublikamızda
bu sahədə görülən işlərdən danışdı.
Təhsilə ayrılan büdcə vəsaitinin, onun inkişafına
yonəldilmiş investisiya xərclərinin
ilbəil artdığını dedi. Ekranda təhsilin
maliyyəşdirilməsinin inkişaf dinamikasını göstərən
cədvəllər, statistik rəqəmlər nümayiş
olundu. ölkədə təhsillə bağlı 14
inkişafyönümlü Dövlət Proqramının
həyata keçirildiyini söyləyən nazir bununla bağlı
görülən işlər, həyata keçirilən
tədbirlər, əldə olunan nailiyyətlər,
perspektivlər haqqında ətraflı məlumat verdi. Təhsil müəssisələrimizdə
əlverişli təlim mühitinin yarandığını
söyləyən nazir Misir Mərdanov
təhsil işçilərinin üzərinə düşən
vəzifələrə toxundu. Təhsilin
keyfiyyətindən danışan
nazir bildirdi ki,
təhsilə yönəldilən maliyyə
resurslarının ildən-ilə artması,
təhsil infrastrukturunun müasir standartlara uyğunlaşdırılması,
məzmun və qiymətləndirmə islahatları,
dərsliklərlə, İKT ilə təminat
sahəsində əhəmiyyətli nailiyyətlər, çoxsaylı
proqram və layihələrin həyata keçirilməsi son
nəticədə keyfiyyət göstəricilərinin də
adekvat olaraq yuksəlməsinə
gətirib çıxarmalıdır. Hazırda təhsilin
keyfiyyətinə təsir edən əsas amillərin
və onların təsir imkanlarının düzgün müəyyənləşdirilməsi
vacib məsələlərdəndir. Nazir təhsilin
keyfiyyətinə təsir edən əsas amilləri qeyd
edərək onların hər biri haqqında ətraflı
danışdı. Məruzə-təqdimatda məktəb
direktorları ilə bağlı problemlər, onların
təyinatı sahəsindəki yeniliklər diqqətə çatdırıldı, həmçinin
bu vəzifədə işləyənlərə
verilən tələblər də sadalandı.
"Təhsil Sektorunun İnkişafı üzrə II
Layihə (2009-2014)" cərçivəsində
bununla əlaqədar nəzərdə tutulan
tədbirlər haqqında danışıldı, qarşıda
duran perspektivlər qeyd olundu. Təhsil müəssisələrinə
rəhbərlik edənlərin öz işlərinə daha
məsuliyyətlə yanaşmalarının, yüksək
biliyə, idarəçilik və hərtərəfli dünyagörüşünə
malik olmalarının vacibliyinə toxunan nazir bununla bağlı
seminar iştirakçılarına bir sıra tövsiyələr
verdi, mövzu ilə əlaqədar digər mühüm
məsələlərdən də geniş söz açaraq
öz fikir və mülahizələrini söylədi. Məruzə-təqdimat başa çatdıqdan
sonra nazir Misir Mərdanov seminar iştirakçılarını
maraqlandıran sualları cavablandırdı. Seminarda qeyri-hökumət
təşkilatları ilə əməkdaşlıqdan,
əldə olunan təcrübədən söz açıldı.
İştirakçılara Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzinin monitorinq araşdırmaları
barədə məlumatları çatdırıldı. Sonda məktəb direktorları və direktor müavinlərindən
ibarət işçi qrupu yaradıldı, növbəti
seminar üçün mövzular müəyyənləşdirildi və
məktəb idarəetməsi ilə bağlı kitabın hazırlanması
qərara alındı. Samirə HüSEYNQIZI
|