· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Fəal təlimdə interaktiv üsullardan istifadə

 

Təhsil sistemində aparılan islahatlar yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etməyi, təhsilin keyfiyyətini yüksəltməyi qarşıya başlıca vəzifə kimi qoyur. Bu vəzifələri yerinə yetirmək üçün hər bir müəllim öz fəaliyyətində fəal təlimə geniş yer verməli, dərslərində müasir dərsə verilən tələblərə əməl etməlidir. Bu gün şagirdlərin hazırlıq səviyyəsi, təlimin qarşısında duran məqsədlərə nail olunması müəllimin nəzəri və praktik hazırlığından, düzgün fəaliyyət üslubundan asılıdır. Əgər ənənəvi dərsdə biliklər əsasən müəllim tərəfindən aşılanırsa, fəal təlimdə üstünlük şagirdlərin fəaliyyətinə verilir. Şagirdlər daim axtarışda olur, fikirlərini aydın şəkildə şərh edir, əldə etdikləri bilikləri tətbiq etmək bacarığına yiyələnirlər.

Dərslərdə fəal təlimin qruplarla, cütlərlə iş, beyin həmləsi, venn diaqramı, bibo cədvəli və s. kimi metodlarından istifadə şagirdlərdə fəallıq yaradır, onlara əməkdaşlıq, kollektivçilik, bir-birinin fikirlərinə hörmətlə yanaşmaq, etiraz və təkliflərini, müstəqil yaradıcı fikirlərini söyləmək imkanlarını artırır, onların təfəkkürünü daha da inkişaf etdirir, uşaqlarda bir-birinə hörmət və özlərinə inam hissi daha da güclənir.

Fəal təlim metodları, eyni zamanda dərsdə fənlərarası əlaqələrin yaradılmasına, şagirdlərdə digər fənlərə marağın güclənməsinə səbəb olur.

Fəal təlimdə motivasiyanın düzgün qurulması, tədqiqat sualının qoyulması xüsusilə vacib məqamdır. Bu, şagirdlərdə düşündükləri problemin həllini tapmaq, qarşıya qoyulmuş məqsədə çatmaq, istədiyinə nail olmaq kimi yüksək bacarıqlar formalaşdırmaq üçün şərait yaradır. Qurulan motivasiya, hər bir tədqiqat sualı şagirdlərin başa düşə biləcəyi səviyyədə olmalı, öz düşüncə tərzlərini nümayiş etdirmələrinə imkan yaratmalıdır.

Tədris etdiyi fəndən asılı olmayaraq, hər bir müəllim proqram mövzularını keçərkən qarşıya aydın məqsəd qoymalı, onu şagirdlərin başa düşəcəkləri səviyyədə izah etməlidir. Keçdiyi bu mövzuda şagirdə nəyi çatdıracağı müəllimə aydın olmalı, şagird isə, öz növbəsində, bu mövzunu niyə görə öyrəndiyini dərk etməlidir.

Tələbyönümlülük və şagirdyönümlülük prinsipləri əsasında qurulan dərslər öz keyfiyyəti ilə digərlərindən fərqlənir. Bu cür prinsiplərlə keçilən dərslər təlimi keyfiyyətsiz, yorucu, şagirdlərin hafizəsini korlayan materiallardan azad edir. Şagirdlərin maraqları əsasında qurulan dərslər onları axtarışda olmağa, yeni-yeni biliklər əldə etməyə, qarşıya qoyulmuş problemin həllini axtarmağa sövq edir.

Fənn kurikulumlarında mühüm yerlərdən birini təlimin strategiyaları tutur. Orada didaktik və metodik prinsiplərin, təlimin təşkili formaları və üsullarının, planlaşdırmaya aid təklif və tövsiyələrin verilməsinə xüsusi yer ayrılır.

Fəal təlim mövqeyində müəllim-şagird, şagird-şagird münasibətlərinə geniş yer verilmişdir. Mən dərslərimi məhz bütün bunları nəzərə almaqla qurmağa çalışıram.

Ana dilinin tədrisində məqsəd şagirdlərə ədəbi dili, orfoqrafiyanı öyrətmək, dilimizin qrammatikasının sistemi haqqında aydın təsəvvür yaratmaqdan ibarətdir. Ana dili təliminin məzmunu nəticəyönümlü standartlar əsasında təşkil edilmişdir. Hər hansı bir mövzunun tədrisi zamanı nəticənin əvvəlcədən müəyyən olunması şagirdlərə yönəlmiş fəaliyyətlərin inkişafını izləmək imkanını yaradır. Ana dilinin öyrənilməsi digər fənləri daha dərindən və mükəmməl öyrənmək üçün də vacibdir. Bu dili mükəmməl bilmək şagirdlərin ünsiyyət imkanlarını genişləndirir, onların nitq mədəniyyətinin formalaşmasına kömək edir. Ana dili dərsləri şagirdlərə yüksək əxlaqi keyfiyyətlər aşılamaq baxımından da mühüm əhəmiyyətə malikdir. Məhz buna görə də mən ibtidai siniflərdə ana dilinin tədrisinə daha məsuliyyətlə yanaşıram.

Hər bir müəllim fəal dərsi qurarkən onun mərhələlərindən düzgün istifadə etməlidir. Dərsin məqsədinə, tədqiqat sualına uyğun iş üsulları müəyyən edilməlidir. Tədqiqat sualını cavablandırmaq üçün məqsədyönlü iş aparılmalıdır. Sonrakı mərhələlərdə informasiya mübadiləsi, informasiyanın müzakirəsi və təşkili üzrə iş aparılır. Müzakirə prosesində şagirdlərin fikirlərinə daha böyük üstünlük verilir.

Müəllim öz fikirlərini şagirdlərə zorla qəbul etdirə bilməz. Bu mərhələdə hər bir şagirdin fikri diqqətlə dinlənilməli, ona hörmətlə yanaşılmalıdır. Şagirdlər əldə etdikləri bilikləri həyatın hansı məqamında istifadə edəcəklərini bilməlidirlər. Yersiz və faydası olmayan biliklə şagirdləri yükləmək yolverilməzdir. Şagirdlərin fikirləri dinlənildikdən sonra ortaq məxrəcə gələrək əldə edilmiş biliklər ümumiləşdirilir.

Yaradıcı tətbiqetmə mərhələsində şagirdlərə praktik tapşırıqlar verilir. Bu tapşırıqların icrası şagirdlərin biliyini daha da möhkəmləndirir. Ev tapşırıqlarının verilməsi şagirdlərin sərbəst işləmək vərdişlərini, dərs zamanı əldə olunmuş bilik və bacarıqlarını daha da artırır. Eyni zamanda ev tapşırıqlarının icrası zamanı şagirdlər axtarışda olur, hər bir mövzunu müasir dövrlə əlaqələndirir və nəticə çıxarırlar.

Hər bir şagird təlimdəki nailiyyətlərinin qiymətləndirilməsini gözləyir. Odur ki, müəllim qiymətləndirməyə obyektiv yanaşmalı, onu konkret meyarlar üzrə aparmalı, əvvəlcədən şagirdləri bu meyarlarla tanış etməlidir.

Müasir dövrdə hər sahədə inamla addımlayan Azərbaycanımızın xoş sabahı, gələcəyi üçün elmli, savadlı, dünyagörüşlü şagirdlər lazımdır. Millətini, xalqını, doğma obasını sevən, onun xoş sədalarını eşitmək istəyən hər bir müəllim öz işinə inamla, vicdanla yanaşmalı, təhsilimizin daha da güclənməsi yolunda əlindən gələn bilik və bacarıqları əsirgəməməlidir.

 

Rəhilə ƏLİYEVA,

Mingəçevir şəhərindəki

3 nömrəli orta məktəbin

ibtidai sinif müəllimi