· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Görkəmli alimin yubileyi qeyd edildi

Mayın 12-də Təhsil Nazirliyində respublikanın görkəmli alimi, tanınmış pedaqoq, əməkdar müəllim, "Şöhrət" ordenli, professor Yəhya Şəfi oğlu Kərimovun anadan olmasının 82 illiyi münasibətilə tədbir keçirildi.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq respublikanın görkəmli pedaqoq alimi Yəhya Kərimovun Azərbaycan təhsilində özünəməxsus rolu və yerindən danışdı. Nazir qeyd etdi ki, Azərbaycanda ibtidai təlimin elmi əsaslar üzrə qurulması və inkişafı Y.Kərimovun adı ilə bağlıdır. Görkəmli alimin çoxcəhətli elmi fəaliyyətində bu amil xüsusi əhəmiyyət kəsb edir. O, bu gün Azərbaycanın görkəmli alimləri sırasındadır. Pedaqoq alimin qələmindən çıxan "Əlifba" dərsliyi 45 il ərzində Azərbaycan xalqının balalarına xidmət etmişdir. Yəhya Kərimov təkcə dərsliklər tərtib etməklə kifayətlənməmiş, onlara metodik göstərişlərin yazılmasını da zəruri hesab etmişdir. Nazir qeyd etdi ki, ağır və zəhmətli illərin bəhrəsi professor Yəhya Kərimovu Azərbaycan pedaqogikasının parlaq simalarından birinə çevirmişdir. Yəhya müəllim həyatının çox hissəsini kiçikyaşlı uşaqlara, məktəbəqədər tərbiyə və ibtidai təhsilə həsr edib. Bilik və bacarığını yalnız pedaqoji fəaliyyətlə məhdudlaşdırmayan görkəmli alim çoxlu sayda yüksək ixtisaslı elmi kadrların yetişməsinə bilavasitə rəhbərlik etmiş, onlarca gəncin alim kimi formalaşmasına istiqamət vermişdir. çıxışında daha sonra nazir tanınmış pedaqoqun yüksək insani keyfiyyətlərindən söz açdı. Professor Yəhya Kərimovun daim axtarışda olan bir alim olduğunu qeyd edən təhsil naziri onun apardığı elmi-tədqiqat işlərindən danışdı. Alimin zəngin elmi yaradıcılıq fəaliyyətindən ətraflı söz açan nazir onun əməyinin dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirildiyini söylədi.

ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışan təhsil naziri mütəmadi olaraq təhsil işçilərinin fəxri ad, medal və fərdi təqaüdlərə layiq görülməsinin buna bir daha bariz nümunə olduğunu bildirdi. Nazir qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə tanınmış alim Yəhya Kərimov Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Respublika Prezidentinin 13 aprel 2009-cu il tarixli sərəncamına müvafiq olaraq alimə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazir Misir Mərdanov Yəhya Kərimovu bu münasibətlə, həmçinin anadan olmasının 82 illiyi ilə bağlı öz adından, rəhbərlik etdiyi Təhsil Nazirliyinin əməkdaşları, bütövlükdə Azərbaycanın təhsil işçiləri adından təbrik edərək ona möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzuladı və alimə son illər təhsillə bağlı nəşr olunmuş kitablar, həmçinin xüsusi hədiyyə təqdim etdi.

Sonra Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov Yəhya Kərimovun keçdiyi mənalı ömür yolu, zəngin, çoxşaxəli elmi fəaliyyəti ilə bağlı geniş məruzə etdi.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, akademik Hüseyn Əhmədov, AMEA-nın akademiki, Azərbaycan Ağsaqqallar Şurasının sədri Budaq Budaqov, Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Nurəddin Kazımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Əbdül Əlizadə, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev və başqaları çıxış edərək görkəmli alimin zəngin elmi fəaliyyətinin ayrı-ayrı məqamlarından, onun Azərbaycan təhsilinin inkişafına verdiyi əvəzsiz töhfələrdən söz açdılar.

Tədbirin sonunda Yəhya Kərimov ünvanına deyilən xoş sözlər üçün həmkarlarına, dostlarına təşəkkür edərək, sevincli gününü onlarla paylaşmasından məmnunluq hissi keçirdiyini bildirdi. Görkəmli alim  82 illiyi ilə əlaqədar belə yüksək səviyyədə tədbir təşkil etdiklərinə görə təhsil naziri Misir Mərdanova və Təhsil Nazirliyinin bütün əməkdaşlarına minnətdarlıq etdi.

 

Samirə KƏRİMOVA