· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Birincilər kompüterdə müstəqil işləyirlər

 

Bakıdakı 308 nömrəli orta məktəbdə İKT-dən istifadə imkanları genişləndiyindən şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları və kompüterdən istifadə  vərdişləri  artır.

Şagirdlər ilk gündən informatika fənni üzrə kompüter biliklərinə dərindən yiyələnirlər. Məktəbin direktoru Təranə Məmmədova bildirdi ki, ilk dəfə məktəbə ayaq açan I sinif şagirdləri ixtisasca informatika müəllimi olan Natəvan Dəmirovanın zəhməti sayəsində artıq kompüterdə informasiyaları qavrayır, təsvir edir və informasiya daşıyıcıları ilə  müstəqil işləyirlər.

İxtisasını ürəkdən sevən N.Dəmirova ilk gündən informatika  dərslərində böyük nailiyyətlər əldə etmək üçün  birincilərin fəallığını təmin edə bilən müxtəlif  metodlar haqqında düşünür və   axtarışlar aparır.

 

Şakir CƏFƏROV

 

 

 

Cəfər Cabbarlının 110 illiyi qeyd olundu

 

Mayın 22-də Bakıdakı  62 nömrəli orta ümumtəhsil məktəbində görkəmli dramaturq  Cəfər Cabbarlının anadan olmasının 110 illiyi ilə bağlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Mətanət Cabbarlı açaraq böyük dramaturqun həyat yolundan danışdı. Şagirdlər C.Cabbarlının "Solğun çiçəklər", "Sevil", "Almaz", "1905-ci ildə" əsərlərindən  ədəbi-bədii kompozisiya  göstərərək  yazıçıya olan sevgilərini bildirdilər.

C.Cabbarlının "Ana" şeiri bütövlükdə şagirdlər tərəfindən söylənildi  və tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.

Sonda dramaturqun  qızı Gülarə Cabbarlı tədbirin yüksək səviyyədə keçirilməsinə görə təhsil ocağının bütün kollektivinə, əməyi  olan hər kəsə öz minnətdarlığını bildirdi.

Rəşad ZİYADOV

 

 

 

 

 

310 nömrəli məktəbin qızları birinci oldu

 

Mayın 19-dan etibarən AFFA-nın təşkilatçılığı ilə 12-15 yaşlı qızlar arasında keçirilən mini-futbol yarışı başa çatıb. Turnirdə Bakı şəhərinin Xətai, Nizami, Sabunçu və Yasamal rayonlarında yerləşən orta ümumtəhsil məktəblərini təmsil edən komandalar iştirak edib. Ənənəvi olaraq AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) tərəfindən keçirilən yarış bu dəfə də gərgin mübarizə ilə yadda qalıb. AFFA-nın Futbol akademiyasında keçirilən birinciliyin yarımfinalı xeyli maraqlı alınıb. 310 nömrəli orta məktəbin yeniyetmə qızları 148 nömrəli məktəbin komandasını 2:1 hesabı ilə məğlub edib. Yasamal rayonunun həvəskarlar komandası isə 165 nömrəli məktəbin təmsilçilərinə qalib gəlib - 3:0.

Mayın 23-də birinciliyə yekun vurulub. Final qarşılaşması daha gərgin və maraqlı alınıb. Oyun ərzində nə həvəskarlar, nə də 310 nömrəli məktəbin qızlardan ibarət komandası qol vura bilməyib. Beləliklə də qalibi penalti zərbələri ilə müəyyən etmək zərurəti yaranıb. Burada isə 310 nömrəli məktəbin komandasının üzvləri zərbələri dəqiq yerinə yetirib. Turnirin qalibi olan komandaya AFFA-nın qiymətli hədiyyələri təqdim olunub. Yeniyetmələrin belə yarışlara cəlb olunması məktəb nümayəndələri və valideynlər tərəfindən müsbət qarşılanıb.

Nizam RZAYEV,

BDU-nun jurnalistika

fakültəsinin IV kurs tələbəsi