· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

   

ötən məqalələrdə ölkəmizdə ali təhsil sahəsində mövcud olan problemlərlə bağlı bəzi fikirlərimi bildirmişdim, bu məqalədə də qalan problemlər barədə mülahizələrimi yekunlaşdırmaq istəyirəm. Ali məktəblərimizdə dərs yükünün optimal müəyyənləşdirilməməsi, azsaylı qrup və birləşmələrin yaradılması, dərs yükünün minimal hədlə müəyyən edilməsi tələbə-müəllim nisbətinin dünyadakı göstəricilərə uyğunlaşdırılmasına imkan vermir. Belə ki, ikinci məqalədə qeyd etdiyim kimi, ali təhsil müəssisələrində bir müəllimə düşən tələbələrin sayı hələ də aşağı səviyyədə qalmaqdadır (7,4 nəfər). Bəzi ali məktəblərdə isə həmin göstərici daha aşağıdır. Belə ki, bu nisbət BSU-da 4,3, ADU-da 5,2, GDU-da 5,7, ADİA-da 6,8, ADAU-da 4,9, ADA-da 6,2 təşkil edir.

Cədvəldən göründüyü kimi, ali məktəblərdə professor-müəllim heyəti və digər işçilərin ümumi sayı 24133 nəfərdir ki, bu da işçi-tələbə nisbətinin müəllim-tələbə nisbətindən iki dəfə aşağı enməsinə gətirib çıxarmışdır. Bu barədə də düşünməyə dəyər.

Bununla yanaşı, ali məktəblərdə elmlər doktorlarının sayı az olduğundan (müəllimlərin ümumi sayının 9,6%) onların hər birinə düşən tələbələrin sayı 76,4 nəfər təşkil edir ki, bu da beynəlxalq göstəricilərə uyğun deyildir (cədvəl 1).

Başqa bir ciddi problem də ali məktəblərin kadr istehlakçıları ilə əlaqələrinin zəif olmasıdır. Bazar iqtisadiyyatı şəraitində ali məktəb məzunlarının işlə təmin olunması məsələsi uzun illər tərkibində olduğumuz sovet təhsil sistemindən xeyli fərqlidir. Sovet dövründə həm ali məktəblərə tələbə qəbulu, həm də onların işlə təmin olunması məsələsi əvvəlcədən planlaşdırılırdı. Bu baxımdan həmin dövrdə ali məktəblər öz məzunlarının harada işləməsində o qədər də maraqlı deyildilər. İndi isə zaman dəyişib, məzunlarının işlə təmin olunması ali məktəbin nüfuzuna birbaşa təsir göstərən amillərdəndir. Dünya səviyyəli universitetlərin reytinqi müəyyənləşdirilərkən məzunların hansı müəssisələrdə işləməsi, onların əmək-haqqı və işəgötürənlərin məzunların bilik və bacarığı haqqında rəyi əsas amil kimi nəzərə alınır. ölkəmizdə isə təəssüf ki, müəllim, həkim hazırlayan və xüsusi təyinatlı ali məktəblər istisna olmaqla, digər ali məktəblərimiz məzunlarının işlə təmin olunması ilə az maraqlanırlar, əslində, məzunların harada işləməsi barədə onların heç bir dəqiq məlumatı da olmur.

Təcrübə göstərir ki, ali məktəblərin istehlakçılardan təcrid olunmuş formada fəaliyyəti nəticə etibarilə yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edə bilməz. Bu, ilk növbədə, ali məktəblərə ona görə lazımdır ki, onlar məzunlarının rəqabətqabiliyyətliliyini təhlil etməli və mütəxəssis hazırlığında olan çatışmazlıqları aradan qaldırmaq üçün təhsilin məzmununda müvafiq dəyişikliklər aparmalıdırlar. Əslində isə ali məktəb rəhbərləri, fakültə dekanları, kafedra müdirləri bu vacib məsələ ilə tələbənin təhsil aldığı bütün müddət ərzində ciddi məşğul olmalı, gələcək məzunların potensial iş yerləri ilə birbaşa əlaqə saxlamalı, onların arzu, istək, rəy və təkliflərini nəzərə almalıdırlar. Elə bu səbəblərdən də apardığımız təhlil göstərir ki, 2008-ci ildə ali məktəbləri bitirən 16203 nəfər məzundan cəmi 4396 nəfəri (27%) iş yerlərinə göndəriş almışdır. Əslində, onların da iş yerinə çatıb-çatmaması barədə dəqiq məlumatlar yoxdur (cədvəl 2).

Pedaqoji profilli ali məktəblərin məzunlarının işlə təmin olunmasını izləmək müəyyən mənada mümkündürsə, digər ali məktəblərimizdə bu məsələyə, ümumiyyətlə, diqqət yetirilmir. Bu gün ADNA, AzTU, AMİU, BMA, ADMİU, ATexU, MPİ, AMK, ADRA, ADİA, ATİ, ADAU məzunlarının işlə təmin olunub-olunmaması barədə nəinki ictimaiyyətdə, heç həmin ali məktəblərin özlərində belə məlumatlar yoxdur. Əlbəttə, mümkünsüzdür ki, ADNA, AzTU, AMİU və cədvəldə göstərilən digər universitetlərin məzunları işlə təmin olunmurlar. Düşünürəm ki, bu sahədə problemləri aradan qaldırmaq üçün beynəlxalq təcrübədən istifadə edərək ali məktəblərdə karyera mərkəzlərinin yaradılması vaxtı çatmışdır.

Ali təhsil müəssisələrinə qəbul və buraxılışın təhlili göstərir ki, bu sahədə də narahatlıq doğuran problemlər çoxdur. Yaxın keçmişdə, mənim ali təhsil aldığım dövrdə, ali məktəblərdə semestr və dövlət imtahanlarına çox ciddi yanaşılırdı. Yaxşı xatırlayıram, o zamankı Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə 75 nəfər qəbul olunmuşduq. Birinci semestrdən başlayaraq ilbəil müxtəlif fənlərdən müsbət qiymət ala bilməyən tələbələr olurdu, onların bəzilərini kursda saxlayır, digərlərini axşam şöbələrinə keçirirdilər. Bundan əlavə, həmin dövrdə ali məktəblərin əyani şöbəsində təhsil alan tələbələri ordu sıralarına çağırırdılar və hərbi xidmətini başa çatdıranlar müvafiq kursa bərpa olunurdular. Qeyd edim ki, universitetin əyani şöbəsinə qəbul olunan 75 nəfərdən cəmi 60 nəfəri əyani şöbəni bitirə bildi. Başqa fakültələrdə də vəziyyət təxminən belə idi.

Təhlillər göstərir ki, dünyanın ən nüfuzlu ali məktəblərində belə qəbul olunanların ən yaxşı halda 70 faizi ali təhsil haqqında sənəd alır. Məni düşündürən və təəssüfləndirən bir də odur ki, ölkəmizdə 70-ci illərdə qüvvədə olmuş qaydalarda elə bir ciddi dəyişiklik olmadığı halda, bu gün az qala ali təhsilimiz də icbariləşib, ali məktəbə daxil olanların hamısı, bir qayda olaraq, "müvəffəqiyyətlə" məzun olurlar. Keçmişdə bizdə və indi dünyada yalnız o şəxslərə ali təhsil haqqında sənəd verilir ki, nəzərdə tutulmuş proqramı müvəffəqiyyətlə yerinə yetirsin. Təbii olaraq belə bir sual meydana çıxır, vəziyyəti dəyişmək üçün nə etmək lazımdır? Hesab edirəm ki, Təhsil Nazirliyinin bu sahəyə cavabdeh olan əməkdaşları, ali məktəblərin rəhbərləri, fakültələrin dekanları, kafedra müdirləri, hər bir ali məktəb müəllimi və əlbəttə, dövlət imtahan komissiyalarının sədrləri və üzvləri bu vacib məsələyə daha məsuliyyətlə yanaşmalı, dünya təcrübəsində uğurla tətbiq olunan attestasiya mexanizmlərinin tətbiqi üzrə tədbirlər görməlidirlər.

Məni düşündürən daha bir problem barədə. ölkəmizin ali məktəblərinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, beynəlxalq layihə və proqramlarda iştirakı, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi xarici dilləri bilən müəllim və tələbələrin sayı ilə birbaşa bağlıdır. Xarici dil dedikdə, ilk növbədə, ingilis, rus, alman, fransız, ərəb və başqa dilləri başa düşmək olar. Açığını deyim ki, bu sahədə yaxın və uzaq qonşularımızla müqayisədə xeyli geridə qalmışıq. Rus dili yaxın keçmişdə bizim ikinci ana dilimiz idi və ölkədə rusdillilərin sayı kifayət qədərdir. Hazırda təlim rus dilində aparılan məktəblərdə təhsil alanların sayı şagirdlərin ümumi sayının 7 faizini təşkil edir. Bu sahədə bu gün problemimiz ondan ibarətdir ki, rus dilinin xarici dil statusunda olmasını ictimaiyyət və bu dili vaxtilə ikinci ana dili kimi tədris edən müəllimlər qəbul edə bilmirlər. Fikrimcə, əsrlərlə qonşu olduğumuz böyük rus xalqı ilə əlaqələrimiz, postsovet ölkələrinə çıxış və dünya mədəniyyəti ilə əlaqələrin davam etdirilməsi üçün bu dili bilmək çox vacibdir.

Bununla yanaşı, o da həqiqətdir ki, ingilis dili bu gün dünyanın hər yerində beynəlxalq ünsiyyət vasitəsi kimi qəbul olunur və bu dilin öyrənilməsi inkişaf üçün zəruri şərtlərdən biridir. Təəssüflə qeyd etmək istərdim ki, sovet dövründəki təlim ənənəsinə uyğun olaraq müstəqillik illərində də xarici dillərin tədrisi şagirdlərdə nitq bacarıqlarının formalaşdırılmasından çox qrammatik qaydaların mənimsədilməsinə xidmət etmişdir. Bu səbəbdən də şagirdlər xarici dili məktəbdə yox, daha çox həmin dilin daşıyıcıları olan insanlarla ünsiyyətdə öyrənirlər.

Təhlil göstərir ki, ölkəmizin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi sahəsində mövcud olan problemlər, əsasən, proqram və dərsliklərin, tədris metodikasının müasir tələbləri ödəməməsi və sagirdyönümlü olmaması, bir çox müəllimlərin peşəkarlıq səviyyəsinin, mövcud ixtisasartırma sisteminin müasir tələblərə cavab verməməsi ilə bağlıdır. Mövcud problemlərin aradan qaldırılması üçün xarici dillər intensiv tədris edilməli, bunun üçün ünsiyyət əsaslı (kommunikativ) yanaşma metodikasına üstünlük verilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması sahəsində müasir və effektiv ixtisasartırma/təkmilləşdirmə sistemi tətbiq edilməlidir. Bu istiqamətdə Britaniya Şurası ilə ingilis dilinin intensiv tədrisi üzrə birgə layihə artıq Bakı şəhərinin 7 məktəbində həyata keçirilməkdədir.

Təsadüfi deyil ki, 2008-ci ilin mayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində 30 ölkənin 200-dək təhsil ekspertinin iştirak etdiyi "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransı keçirildi. Bu konfrans təhsil tariximizdə mühüm hadisə olmaqla bərabər, müasir dövrdə savadlılıq anlayışına yeni yanaşmalarla yadda qaldı. Belə ki, bu mötəbər tədbirdə iştirak edən dünya səviyyəli ekspertlər qeyd etdilər ki, hazırda savadlılıq dedikdə ana dili ilə yanaşı, minimum bir xarici dildə danışa bilmək bacarığı nəzərdə tutulur. Hazırda o kurikulum uğurlu hesab olunur ki, digər əsas kompetensiyalarla yanaşı, insanda ana dili və xarici dildə kommunikasiya bacarıqlarını da formalaşdırır.

Bizim ali məktəblərimizdə isə xarici dilin öyrənilməsinə 4 il ərzində 150-160 saat vaxt ayrılır. Onu da qeyd etmək lazımdır ki, ali məktəbdə həftədə 2 saat tədris olunmaqla xarici dili öyrənmək mümkün deyildir və bu, yanlış ideyadır. Xarici dil vərdişlərinə orta məktəbdə yiyələnmək lazımdır. Bu məsələ indi daha da aktuallaşmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya birliyinə inteqrasiya meyillərinin artması, beynəlxalq əməkdaşlığın genişlənməsi xarici dillər sahəsində müvafiq kompetensiyalara malik gənc nəslin formalaşdırılmasını daha da zəruri etdi. Bu amil isə xarici dillərin tədrisinin təkmilləşdirilməsini, beynəlxalq təcrübədə uğurla istifadə olunan metodikaların ölkəmizdə də tətbiqini xeyli aktuallaşdırdı. İndiki zamanda bir və ya bir neçə xarici dil bilmək artıq həyati tələbat hesab olunur.

Ali təhsil sahəsində mövcud olan ən ciddi problemlərdən biri də istehsalat təcrübəsinin təşkilidir. Hazırda ixtisasını mükəmməl bilən, bazar iqtisadiyyatının tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssis hazırlığı ali təhsil müəssisələri qarşısında təxirəsalınmaz bir vəzifə kimi qoyulmuşdur. Bununla əlaqədar ölkəmizin kadr hazırlığını təmin edən ali təhsil müəssisələrinin əsas məqsədi və vəzifəsi yüksək peşəkarlığa malik, müstəqil əmək fəaliyyətinə hazır olan mütəxəssis yetişdirməkdir. Bu isə təhsilalanlara həm nəzəri biliklərin, həm də praktik vərdişlərin aşılanması vasitəsilə həyata keçirilir. Sirr deyil ki, qazanılan nəzəri biliklər praktik vərdişlərlə möhkəmləndirilməsə, yüksək səviyyəli mütəxəssis hazırlamaq mümkün olmaz. İlkin praktik vərdişlər isə təlim dövründə istehsalat təcrübəsi zamanı aşılanır. İxtisas üzrə təcrübə tələbələri mütəxəssis kimi formalaşdırır, innovasiyaların incəliklərinə yiyələndirir, istehsalatda tətbiq olunan yeni texnologiyalar və çevik əməliyyatlarla tanış edir. Lakin təəssüflər olsun ki, ali təhsil müəssisələrimiz tərəfindən mütəxəssis hazırlığında müstəsna rolu olan təcrübələrin əhəmiyyəti kifayət qədər nəzərə alınmır, onun təşkilində bir sıra nöqsanlara yol verilir, ciddi problemlər müşahidə olunur.

Həmin problemlərdən bəziləri barədə fikirlərimi bildirmək istərdim. Bazar iqtisadiyyatı şəraitində dövlət və özəl sektor arasında mütənasibliyin dəyişməsi, təhsil və istehsalat müəssisələrinin bağladıqları ikitərəfli müqavilələrin hüquqi cəhətdən yetkin olmaması, təcrübəni keçirmək üçün təkmil maliyyələşdirmə mexanizminin yaradılmaması, dövlət müəssisələrində təcrübəni təşkil edən müvafiq struktur bölmələrin fəaliyyətinin demək olar ki, dayandırılması, özəl strukturlarda belə bölmələrin ümumiyyətlə olmaması, təcrübəyə ayrılan müddətin azlığı və sair bu kimi problemlərin mövcudluğu şəraitində, təbii ki, rəqabətqabiliyyətli, yüksək səviyyəli mütəxəssis hazırlığından söhbət gedə bilməz.

İstehsalat təcrübəsi ilə əlaqədar mövcud vəziyyəti təhlil etmək, problemləri və onları doğuran səbəbləri aşkar etmək, həlli yollarını müəyyənləşdirmək, bu sahədə normativ-hüquqi bazanı təkmilləşdirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən son iki dərs ilində ali məktəblərin bu sahədə fəaliyyətinin monitorinqi aparılmışdır.

Monitorinqin nəticələri göstərmişdir ki, mütəxəssis hazırlığında istehsalat təcrübəsinin təşkili və keçirilməsinə bir sıra ali təhsil müəssisələrində kifayət qədər diqqət yetirilmir. Belə ki, tədris müəssisələri tərəfindən pedaqoji təcrübənin təşkili, müəssisə, idarə və təşkilatlarla müqavilələrin bağlanması və onların həyata keçirilməsi məsələləri tələb olunan səviyyədə qurulmur, bağlanan müqavilələrdə təcrübə keçənlərin ümumi sayı qeyd olunmur, müəssisənin nə qədər təcrübəçi qəbul edə bilmə imkanları haqqında məlumat verilmir, tərəflərin öhdəlikləri ətraflı şərh edilmir, təcrübə zamanı təcrübəçilərin işə götürülmə, vakant yerlərin tələbələrə iş yeri kimi müəyyən edilməsi barədə heç bir məlumat göstərilmir. Bu da onu göstərir ki, bir çox hallarda təcrübənin təşkili və keçirilməsi formal xarakter daşıyır.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən "Təhsil siyasəti forumu" layihəsi çərçivəsində keçirilən sorğunun nəticələri də bu sahədə ciddi problemlərin olduğunu aşkar etmişdir. Ali məktəblərdə sorğu aparılan 548 respondentdən 20,8%-i təcrübədə hərdənbir iştirak etdiyini, 38,9%-i isə heç iştirak etmədiyini qeyd etmişlər. 9 ali təhsil və 11 ümumtəhsil məktəblərində 900 tələbə və 10 ilə qədər iş stajına malik olan 245 ümumtəhsil məktəb müəllimləri arasında nazirlik tərəfindən aparılan sorğunun nəticələri göstərmişdir ki, respondentlərin 18,6%-i təcrübədə hərdənbir iştirak etmiş, 16,1%-i təcrübə keçmədən müsbət qiymət almışdır.

Pedaqoji təcrübə pedaqoji kadr hazırlığı aparılan ali təhsil məktəbləri məzunlarının müəllim kimi formalaşmasında və metodik ustalıqlarının qazanılmasında başlıca təlim vasitəsidir. Pedaqoji təcrübənin təşkili, keçirilməsi və qarşıya çıxan problemlərin həlli pedaqoji kadr hazırlayan təhsil müəssisəsi ilə yanaşı, həm də orta məktəblərin məsuliyyəti və cavabdehliyi əsasında yerinə yetirilməlidir. Həmin təhsil müəssisələrinin Təhsil Nazirliyi tabeliyində olmalarına baxmayaraq, bu sahədə də müəyyən nöqsanlar mövcuddur. Belə ki, ali təhsil müəssisələri üçün baza ümumtəhsil məktəbləri müəyyənləşdirilmədiyindən bir ümumtəhsil məktəbinə, eyni zamanda bir neçə ali (orta ixtisas) təhsil müəssisəsindən təcrübə keçmək üçün çoxlu sayda tələbələr göndərilir. Təbiidir ki, belə bir şərait müvafiq müzakirələrin keçirilməsinə, siniflərdə nəzəri biliklərin təcrübəyə tətbiq edilməsinə, təcrübə keçənlərə lazımi metodiki yardım göstərməyə imkan vermir və son nəticədə təcrübənin formal keçirilməsinə səbəb olur.

Qeyd etmək lazımdır ki, ali təhsil müəssisələrində bütün növ təcrübələrin keçirilməsində problemlərin yaranması səbəblərindən biri də mövcud normativ-hüquqi sənədlərin müasir dövrün tələbləri ilə uzlaşmaması idi. Bunu nəzərə alaraq, "Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübələrinin keçirilməsi haqqında Əsasnamə" hazırlandı və Nazirlər Kabinetinin 19.09.2008-ci il tarixli, 221 nömrəli qərarı ilə təsdiq olundu. Əsasnamədə təcrübə ilə bağlı tərəflərin məsuliyyət və öhdəlikləri, təcrübə keçən tələbələrin və ona rəhbərlik edən müəllimlərin vəzifələri, təcrübənin keçirilməsi üçün maliyyə mexanizminin müəyyənləşdirilməsi, pedaqoji təcrübəyə ayrılan saatların həcmi və sair bu kimi müddəalar öz əksini tapmışdır.

Bir məqamı da qeyd etmək istərdim ki, hər bir təcrübənin təşkili və keçirilməsinin ixtisasdan asılı olaraq özünəməxsus xüsusiyyətləri mövcuddur. Bu mənada hər bir ali məktəb mütəxəssis hazırlığı aparılan ixtisasların xüsusiyyətləri və bu sahədə beynəlxalq təcrübəni nəzərə almaqla öz qaydalarını hazırlamalıdır.

Yeri gəlmişkən, ixtisas üzrə təcrübələrin təşkili və keçirilməsi sahəsində beynəlxalq təcrübə haqqında bəzi məlumatları diqqətinizə çatdırmaq istərdim. Avropanın əksər ali məktəblərində texniki ixtisaslar üzrə təcrübəyə ayrılan saatlar ümumi saatların 18-20%-ni, pedaqoji ixtisaslar üzrə isə 1/3 hissəsini təşkil edir. Müqayisə üçün qeyd edim ki, respublikamızda həmin göstəricilər texniki profilli ixtisaslar üzrə 8-10%, pedaqoji ixtisaslar üzrə isə 15%-dir.

ABŞ-ın əksər ali məktəblərində pedaqoji təcrübə əsasən sonuncu kurslarda ilboyu iki formada həyata keçirilir. Bir sıra ali məktəblərdə təcrübə keçən tələbələr müəllimlər üçün nəzərdə tutulan maaşın 1/3 hissəsini almaqla ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə cəlb olunurlar, bəzi ali məktəblərdə isə tələbələrin təcrübəsinin təşkili demək olar ki, bizim qaydalarda nəzərdə tutulan formada həyata keçirilir.

Türkiyənin bir çox ali məktəblərində pedaqoji ixtisaslar üzrə təcrübə əsasən III kursun II semestrində başlayır və təcrübəyə ayrılan saatların miqdarı orta hesabla həftədə 7 saat müəyyənləşdirilir. Kanadada ali məktəb tələbələri pedaqoji təcrübəni bütün təlim boyu keçirlər. Lakin tədqiqatçıların özləri də etiraf edirlər ki, belə bir qaydanın müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də vardır. Burada mənfi cəhət ondan ibarətdir ki, tələbələr lazımi nəzəri bilikləri tam almadan təcrübə keçməli olurlar. Avstraliyanın əksər universitetlərində pedaqoji təcrübə buraxılış kurslarda ilboyu həftədə iki gün ərzində həyata keçirilir. İsveçrədə isə belə bir maraqlı təcrübə vardır ki, pedaqoji təcrübəyə rəhbərlik edən müəllimlər xüsusi proqramlar üzrə mütəmadi olaraq ixtisasartırma kurslarından keçirlər.

Təcrübələrin təşkilindəki mövcud problemlərin aradan qaldırılması istiqamətində aşağıdakıları təklif edirik:

* hər bir ali təhsil müəssisəsi tərəfindən təsdiq olunmuş Əsasnaməyə və təhsil müəssisəsinin profilinə uyğun təcrübələrin keçirilməsinə dair qaydaların hazırlanması;

* müvafiq istiqamətlər (ixtisaslar) üzrə mütəxəssis hazırlığını təmin edən dövlət təhsil standartlarında beynəlxalq təcrübə baxımından ixtisas təcrübələrinə ayrılan saatların artırılması;

* bir çox istehsal sahələrinin regionlarda yerləşdiyini nəzərə alaraq və hazırlanan mütəxəssislərin həmin istehsal sahələrinə istiqamətləndirilməsi məqsədilə təcrübənin bu regionlarda keçirilməsi və onun maliyyə dəstəyini yaradan mexanizmin hazırlanması;

* orta ümumtəhsil məktəblərində tələbələrin təcrübə keçmələrini tənzimləmək məqsədilə pedaqoji kadr hazırlayan hər bir ali təhsil müəssisələri üçün yerləşdiyi əraziyə yaxın baza ümumtəhsil məktəbinin müəyyənləşdirilməsi;

* tələbələrin təcrübə keçdikləri müəssisə və təşkilatlarda vakant iş yerlərinə müvəqqəti işə götürülməsi və onlara əməkhaqqının verilməsi imkanlarının nəzərdən keçirilməsi.

Hazırda narahatlıq doğuran problemlərdən biri də ali məktəb tələbələrinin yataqxana təminatı məsələsidir. Göründüyü kimi, bir neçə ali məktəb (ADU, ADDA) istisna olmaqla, ali məktəblərin əksəriyyətinin yataqxanalarında məcburi köçkünlər yerləşmişlər. Məsələn, AMİU-nun 6 yataqxana binasının 5-də, BSU-nun 4 yataqxana binasından 3-də, ADİU-nun bütün yataqxanalarında vəziyyət belədir.

Belə vəziyyətin mövcudluğu təhsilin keyfiyyətinə mənfi təsir göstərməyə bilməz. çünki tələbələrin bir şəhərcikdə yaşamaları onların dərsdən sonra da birgə ünsiyyətinə, təhsillə bağlı birgə fikir mübadiləsi və müzakirələrin aparılmasına, asudə vaxtın səmərəli keçirilməsinə, mövcud tədris vəsaitlərindən birgə istifadəyə, mədəni-kütləvi tədbirlərin təşkilinə imkan verir. Digər tərəfdən, ali məktəblərin yataqxana şəraitinin olması daha çox əcnəbi tələbənin və beləliklə də daha çox maliyyə vəsaitinin cəlb olunmasına imkan yaradır. Bununla əlaqədar ali məktəblər üçün yataqxana imkanlarının genişləndirilməsi, tələbə şəhərciklərinin yaradılması sahəsində dövlət proqramının hazırlanıb həyata keçirilməsi məqsədəmüvafiqdir.

Bütün deyilənləri müqayisəli təhlil edərək bu qənaətə gəlmək olar ki, sadalanan çatışmazlıqların çoxu yalnız bizim ölkəmizin ali təhsil sisteminə xas olmayıb, həm də bir çox Avropa ölkələrinin və xüsusilə postsovet məkanındakı ölkələrin də problemləridir. Buna görə də ali təhsil sisteminin qarşılıqlı inteqrasiyasının təmin edilməsi üçün bu sahənin islahatının davam etdirilməsi aktual olaraq qalır və daha sistemli yanaşma tələb edir.

  

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor