· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Yeni kurikulumlarla təlimin təşkili məsələləri müzakirə olundu

 

Mayın 22-də Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa rayon Malıbəyli kənd orta məktəbində "Müasir kurikulumlar və təlimin təşkili məsələləri" mövzusunda tədbir keçirildi. Tədbirdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov, Dərslik və nəşriyyat şöbəsinin  müdiri Faiq Şahbazlı, Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov,  institutun direktor müavini, Kurikulum Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov, Zəngilan və Qubadlı rayonları təhsil şöbələrinin müdirləri, paytaxtın bir sıra tanınmış məktəblərinin direktorları, KİV nümayəndələri  iştirak edirdilər.

Tədbir  iştirakçıları öncə  təhsil ocağının foyesində ulu öndər Heydər Əliyev və ölkə başçısı cənab İlham Əliyevin uğurlu fəaliyyətlərinin bəzi məqamlarını  əks etdirən fotolara, Malıbəyli kənd orta məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə tamaşa etdilər. Sonra ölkə başçısı cənab İlham Əliyevin Ramanada tikilmiş Malıbəyli kənd orta məktəbinin açılışında iştirakı ilə bağlı film nümayiş olundu.

Təhsil nazirinin müavini İsgəndər İsgəndərov çıxış edərək  nazir Misir Mərdanovun səmimi istəklərini və xoş arzularını tədbir iştirakçılarına çatdırdı. Nazir müavini son illər Azərbaycan təhsilinin uğurlu inkişafından, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışdı. Qeyd olundu ki, bu gün paytaxt məktəbləri ilə yanaşı, respublikanın müxtəlif bölgələrindəki, eləcə də məcburi köçkün rayonlarının təhsil müəssisələrində də əsaslı dəyişikliklər baş verir, bir sıra yeniliklər uğurla tətbiq olunur.

Taleyinə köçkünlük həyatı yaşamaq nəsib olmuş 100-dən artıq yaşı olan Şuşa rayon Malıbəyli kənd orta məktəbinin özünəməxsus təhsil ənənələrinə malik olmasından söz açan nazir müavini buranı bitirən məzunların içərisində çoxlu sayda alimlərin, tanınmış təhsil işçilərinin olduğunu söyləməklə yanaşı, həmçinin Malıbəyli kəndinin məşhur generalları haqqında da məlumat verdi. Qeyd etdi ki,  məktəb ənənələrini bu gün də yaşadır.

İ.İsgəndərov son illər ümumi təhsilin yeniləşdirilməsinə xidmət edən məzmun dəyişikliklərinin kurikulum islahatları adı altında aparıldığını bildirərək  qeyd etdi ki, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)"sənədi 30 oktyabr 2006-cı ildə Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş və 2007-2008-ci ildən kurikulumla bağlı sistemli kurslar keçirilmişdir.

2008-2009-cu dərs ilindən etibarən I siniflərdə yeni kurikulumlarla tədrisə başlanmışdır. Nazir müavini  iştirakçısı olduqları  tədbirin də əsas məqsədinin məhz məcburi köçkün məktəbində bu işlərin ilboyu necə həyata keçirildiyini,  yeni fənn kurikulumlarının tətbiqi vəziyyətini öyrənmək, müəllimlərin nə kimi nəticələr əldə etmələri ilə yaxından tanışlıq olduğunu dedi. İ.İsgəndərov paytaxt məktəbləri ilə yanaşı, məcburi köçkün məktəblərində də bu işlərin uğurla həyata keçirildiyinə və müəyyən təcrübə əldə edildiyinə ümidvar olduğunu bildirdi. Nazir müavini çıxışının sonunda torpaqlarımızın tezliklə işğaldan azad olunmasını və belə bir tədbirin məhz Azərbaycanın qədim, tarixi şəhəri olan Şuşanın Malıbəyli kəndinin özündə  təşkil olunmasını arzu etdi.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevə onlara göstərdiyi  hərtərəfli diqqət və qayğıya görə şuşalılar adından təşəkkür etdi.  İcra başçısı bütün qonaqları burada görməyindən məmnunluq hissi keçirdiyini deyərək, tədbirin işinə uğurlar arzuladı.

 Sonra  söz Malıbəyli kənd orta məktəbinin şagirdlərinə verildi. Onların   ifa etdikləri şeir və mahnılar  qonaqlar tərəfindən alqışlarla qarşılandı. Məktəbin idman zalına baş çəkən tədbir iştirakçıları yuxarı sinif şagirdlərinin hazırladıqları nümunəvi idman nömrələrinə maraqla tamaşa etdilər.

Qonaqlar sonra  məktəbin ibtidai sinif müəllimləri Mehriban Mədətovanın, Minarə Eyvazovanın, Məlakət Zeynalovanın və Süsənbər İbrahimovanın "açıq dərs"lərində  iştirak etdilər. Dərslərin dinlənilməsi başa çatdıqdan sonra tədbir iştirakçılarının və "açıq dərs"lər keçirən müəllimlərin iştirakı ilə "dəyirmi masa" oldu.

Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov "dəyirmi masa"nı açaraq "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədindən, kurikulum islahatını zəruri edən səbəblərdən, bu istiqamətdə Təhsil Nazirliyinin apardığı məqsədyönlü işlərdən, əldə olunan bir sıra müsbət nəticələrdən geniş danışdı. 2008-2009-cu ildən ölkənin I siniflərində kurikulumla tədrisə başlanıldığını deyən şöbə müdiri  sevindirici hal kimi onu da qeyd etdi ki, istər paytaxt, istərsə də respublikanın müxtəlif bölgələrinin məktəblərində yeni fənn kurikulumlarının tədrisi ilə bağlı təhsil işçiləri artıq müəyyən təcrübəyə malikdirlər. Belə ki, təhsil müəssisələrində müasir təlim strategiyalarını praktik cəhətdən mənimsəyən, məzmun və qiymətləndirmə standartlarının mahiyyətini dərk edən, yeni dərsliklərlə səmərəli işləməyi bacaran  müəllimlərin sayı artmaqdadır. Bunu müsbət qiymətləndirən A.Əhmədov Şuşa rayon Malıbəyli kənd orta məktəbində keçirilən tədbiri dediklərinə əyani  misal olduğunu söylədi. Qeyd olundu ki, bu, həm də ilboyu məktəbdə aparılan işlərin, bir növ, yekunu, hesabatıdır. Belə tədbirlərin davamlı olaraq digər məcburi köçkün rayonlarının məktəblərində də keçirilməsinin vacibliyini vurğulayan çıxışçı bütün bunların həmin sahədə daha çox təcrübənin, müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracağını, son nəticədə isə yeniləşməkdə olan Azərbaycan təhsilinin inkişafına xidmət etdiyini bildirdi.

"Dəyirmi masa"da dərsləri dinlənilən Mehriban Mədətova, Minarə Eyvazova, Məlakət Zeynalova  və Süsənbər İbrahimova keçdikləri mövzular üzrə şagirdərlə aparılan işlərlə bağlı təqdimatlar etdilər, özlərinin dərs prosesindəki fəaliyyətlərini qiymətləndirdilər.

Sonra "açıq dərs"lərin müzakirələri başlandı. çıxış üçün söz alan Kurikulum Mərkəzinin aparıcı elmi işçisi, psixologiya elmləri namizədi İlhamə Sultanova ,Tofiq İsmayılov adına "İntellekt" liseyinin  direktoru Ceyran Kuliyeva, akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru Məhəbbət Vəliyeva, İlyas Əfəndiyev adına "Elitar" gimnaziyanın direktoru Sevda Quliyeva, professor Rəfiqə Mustafayeva, Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri Zakir İbrahimov, Bakı  Avropa  Liseyinin direktor müavini Aygün Məcidova, Qubadlı Rayon Təhsl Şöbəsinin müdiri Afət Allahverdiyeva və başqaları  dərslərində müşahidə apardıqları müəllimlərin tədris etdikləri mövzularla  bağlı müasir təhsilin qarşısında qoyulan tələblərdən biri kimi tədris prosesində uşaqların fəal iştirakına nail olduqlarını dedilər. Qeyd olundu ki, müəllimlər işlərinə yaradıcı münasibətləri ilə fərqlənməklə yanaşı, eyni zamanda dərs prosesində qarşıya qoyduqları məqsədə çatdılar. Həmçinin tədris prosesində istifadə olunan əyani vəsaitlər, şagirdlərlə qruplar üzrə işləmək, onlarda məntiqi və yaradıcı təfəkkürün formalaşdırılması  və digər məsələlər müəllimlər tərəfindən öz  uğurlu həllini tapdı. çıxışlarda dərslərin yüksək səviyyədə keçildiyi, eləcə də müəllim-şagird münasibətlərinin düzgün qurulduğu  müsbət  hal kimi qiymətləndirildi və sonda müəllimlərin gələcək fəaliyyətlərində bir sıra məsələlərin nəzərə alınması ilə bağlı təkliflər də səsləndi.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı son illər dərsliklərin məzmununda ciddi dəyişikliklərin aparıldığını deyərək, təhsil tariximizdə ilk dəfə olaraq yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik, müəllimlər üçün vəsait və şagirdlər üçün isə iş dəftərindən ibarət dərslik komplektlərinin tətbiqi ilə bağlı öz fikir və mülahizələrini söylədi.

Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov, institutun direktor müavini, Kurikulum Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov I siniflərdə kurikulumla tədrisə başlanması sahəsində əldə olunan təcrübədən, müəllimlərin bununla bağlı artıq kifayət qədər məlumatlı olmalarından, onlarda tədqiqatçılığa, eyni zamanda yaradıcılığa meyilin artmasından və digər məsələlərdən söz açdılar. Qeyd olundu ki, yeni fənn kurikulumlarının  tətbiqi ilə bağlı bu məktəbin müəllimlərinin topladıqları təcrübə bir daha onu deməyə imkan verir ki, gözlənilən nəticələr artıq əldə olunmaqdadır. Müəllimlərimiz kurikulumun mahiyyətini, əsas pedaqoji anlayışları, fənn kurikulumlarının strukturu və məzmununu, orada əhatə olunan məsələləri dərindən dərk edirlər. öz dərslərini fəal təlim metodlarından düzgün istifadə edərək qururlar.

çıxış üçün söz alan Təvəkkül Əliyev tədbir iştirakçılarına rəhbərlik etdiyi Şuşa Rayon Təhsil Şöbəsində yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar görülmüş işlər barədə geniş məlumat verdi. Verilən məlumatdan aydın oldu  ki, Şuşa Rayon Təhsil Şöbəsində  2008-2009-cu dərs  ilində yeni fənn kurikulumlarının tətbiqi məsələlərinə həsr olunan mütəmadi müzakirələr təşkil edilmiş, bu istiqamətdə görüləcək məqsədyönlü  işlər müəyyənləşdirilmişdir. Belə ki, yeni fənn kurikulumlarının tətbiqi sahəsində şöbənin fəaliyyət planı hazırlanaraq təsdiq olunub. Milli Kurikulumda ehtiva olunan əsas müddəaların rayon müəllimləri tərəfindən öyrənilməsi üçün təhsilyanı şura iclaslarında ardıcıl olaraq müzakirələr aparılıb, həmçinin ayrı-ayrı məktəblərdə treninqlər, seminarlar və praktik işlər həyata keçirilib.

2008-2009-cu dərs ilində I siniflərdə dərs deyəcək müəllimlərin seçilib müəyyənləşdirilməsi, beşgünlük təlim kurslarına göndərilməsi, mühazirə və seminarlarda iştirak etmələri təhsil işçilərinin hazırlıq səviyyəsinə müsbət təsir göstərib, təlim kurslarına cəlb olunan müəllimlərdən 27 nəfərinə sertifikatlar verilib və hazırda onlar I siniflərdə dərs deyirlər. Hər həftənin VI günü Milli Kurikulum günü elan olunub və həmin gün ayrı-ayrı sinif müəllimlərinin hesabatı dinlənilir. Bildirildi ki, 2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin II siniflərində tədrisin yeni fənn kurikulumları əsasında aparılacağını  nəzərə alaraq  Şuşa Rayon Təhsil Şöbəsi tərəfindən bu işə ciddi hazırlıq  görülməkdədir. T.Əliyev sonda  tədbirdə iştiraklarına və Şuşa rayonunun təhsil işçilərinin ünvanına söylədikləri  xoş sözlər  üçün qonaqlara öz təşəkkürünü bildirdi.

Tədbiri Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov yekunlaşdıraraq geniş müzakirə və diskussiya şəraitində keçən "dəyirmi masa" iştirakçılarına, xüsusilə bu işi yüksək səviyyədə təşkil etdiklərinə görə Şuşa Rayon Təhsil Şöbəsinin müdirinə, məktəbin direktoru və pedaqoji kollektivinə minnətdarlıq edərək onlara işlərində uğurlar arzuladı.

 

Samirə KƏRİMOVA,

foto Fazil İDRİSOĞLUNUNDUR