· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Kredit üzrə saziş imzalandı

Sentyabrın 24-də Təhsil Nazirliyində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycan Respublikasına ayırdığı kredit üzrə sazişin imzalanma mərasimi keçirildi.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Dünya Bankının Azərbaycan üzrə meneceri cənab Qreqori Yedjeyçak, təhsil nazirinin müavinləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, ümumi təhsil sahəsində Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihənin komponent və alt-komponent koordinatorları, layihənin əlaqələndirmə qrupunun əməkdaşları və KİV nümayəndələri iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayaraq bugünkü tədbiri Azərbaycan təhsilində tarixi hadisələrdən biri kimi qiymətləndirdi. Nazir ümumi təhsil sahəsində Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələr barədə geniş məlumat verdi. 10 ilə yaxın bir müddətdə Təhsil Nazirliyinin Dünya Bankı ilə səmərəli əməkdaşlıq etdiyini deyən nazir Misir Mərdanov 1999-cu ildə Təhsil İslahatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə  Azərbaycan hökuməti və Dünya Bankı arasında təhsil sahəsində sayca birinci Kredit sazişin imzalandığını bildirdi. Məlumatdan aydın oldu ki, həmin layihə 3 istiqaməti əhatə edib. 1. Tədris planı və proqramları, tədris-metodik təminat; 2. Müəllimlərin ixtisasartırması; 3. Layihənin monitorinqi və qiymətləndirilməsi.

Təhsil İslahatı  Layihəsi 31 mart 2004-cü ildə başa çatmışdır. Layihənin nəticələri Dünya Bankının cəlb etdiyi müstəqil ekspert tərəfindən qənaətbəxş qiymətləndirilib. 2003-cü ildə qrant hesabına seçilmiş beynəlxalq və milli məsləhətçilərin köməyi ilə Dünya Bankı ilə birgə həyata keçirilməsi nəzərdə tutulan 3 mərhələdən ibarət 10 illik Təhsil İslahatı Proqramı hazırlanmışdır. Birinci mərhələ 2003-2007-ci illəri; ikinci mərhələ 2007-2010-cu illəri; üçüncü mərhələ isə 2010-2013-cu illəri əhatə edir. Birinci mərhələnin maliyyələşdirilməsi məqsədilə 2003-cü il sentyabrın 8-də Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında ikinci Kredit sazişi imzalandı.  Layihələrin həyata keçirilməsi üçün ayrılan maddi vəsaitin məbləğini də açıqlayan nazir daha sonra Təhsil Sektorunun İnkişafı Layihəsinin komponent və alt-komponentlərindən danışdı. Təhsil naziri layihədə nəzərdə tutulan bütün şərtlərin yerinə yetirildiyini və Dünya Bankının ekspertləri tərəfindən görülən işlərin müsbət qiymətləndirildiyini bildirdi. Nazir həyata keçirilən tədbirlərin hər biri barədə ətraflı danışdı. 10 illik proqramın ikinci və üçüncü mərhələlərinin həyata keçirilməsi üçün Təhsil Sektorunun İnkişafı üzrə artıq ikinci layihənin hazırlandığını söyləyən təhsil naziri Misir Mərdanov  adıçəkilən layihənin  çoxillik, çoxmərhələli proqramın ikinci  mərhələsi olduğunu bildirdi. Bu layihənin maliyyələşdirilməsi məqsədilə bu gün sayca üçüncü Kredit sazişinin imzalanması nəzərdə tutulur. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin həyata keçirilməsi üçün 45,4 milyon ABŞ dolları məbləğində vəsait nəzərdə tutulub. Həmin vəsaitin 25 milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti təşkil edir, 20,4 milyonu isə Azərbaycan hökumətinin iştirak payı kimi müəyyənləşdirilmişdir.  

İmzalanacaq sazişdə ümumi təhsil sistemində Dünya Bankı ilə əvvəlki layihədə başlanılmış kurrikulum, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllim hazırlığı, təhsilin idarəedilməsi  və iqtisadiyyatı sahəsində islahatların davam etdirilməsi ilə yanaşı, bu layihədə məktəbəhazırlıq və peşə təhsili sahəsində də islahatlar nəzərdə tutulub.

Nazir həyata keçirilən və qarşıda görülməsi vacib olan digər məsələləri də mərasim iştirakçılarının diqqətinə çatdıraraq bütün bunların uğurla nəticələnməsində Təhsil  Nazirliyi ilə Dünya Bankı arasındakı səmərəli əməkdaşlığı yüksək qiymətləndirdi. Dünya Bankının Azərbaycan üzrə meneceri cənab Qreqori Yedjeyçaka öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu birgə fəaliyyətin əsas məqsədi Azərbaycan təhsil sisteminin keyfiyyət və səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

Dünya Bankının Azərbaycan üzrə meneceri cənab Qreqori Yedjeyçak son illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrildiyini deyərək, respublikamızda gedən dəyişiklikləri müsbət dəyərləndirdi. Azərbaycan təhsilinin bu gün artıq inkişaf etdiyini, onun getdikcə təkmilləşdiyini və  yeniləşdiyini söylədi. Cənab Qreqori Yedjeyçak uzunmüddətli əməkdaşlıq  ərzində Dünya Bankı ilə Təhsil Nazirliyi arasında olduqca işgüzar və səmimi münasibətlərin  mövcud olduğunu qeyd etdi. Bu münasibətdən irəli gələn dostluğu yüksək qiymətləndirən Q.Yedjeyçak təhsil naziri Misir Mərdanova minnətdarlıq etdi. Birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə və Azərbaycan təhsilinin inkişafında uğurlu nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirdi.

Sonra Azərbaycan hökuməti adından təhsil naziri Misir Mərdanov, Beynəlxalq İnkişaf Assosiasiyası  adından  Dünya Bankının Azərbaycan üzrə meneceri cənab Qreqori Yedjeyçak Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycan Respublikasına ayırdığı kredit üzrə sazişi imzaladılar.

Sənəd imzalandıqdan sonra təhsil naziri Misir Mərdanov KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırdı. 

 

Samirə KƏRİMOVA

 

 

 

Təhsil Nazirliyində görüş

2008-ci ildə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"na əsasən görüləcək ən mühüm işlərdən biri də Avropa Komissiyasının "Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi" layihəsi çərçivəsində İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin yaradılmasıdır.

Qeyd edək ki, adıçəkilən layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın qeyri-neft sektorlarının rəqabət qabiliyyətinin və peşə təhsili sistemi məzunlarının iş tapmaq imkanlarının artırılmasına yardım etmək, eləcə də peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsi üçün siyasət hazırlama potensialını, strategiya və fəaliyyət proqramını təkmilləşdirmək, səriştə əsaslı peşə təhsili və təliminin tətbiqi ilə əlaqədar nümunəvi tərəfdaşlıq modeli işləyib hazırlamaqdan ibarətdir.

Layihə çərçivəsində İsmayıllıda Turizm və Otelçilik üzrə Peşə Məktəbinin yaradılmasına texniki yardımın göstərilməsi, avadanlıqlarla təchiz edilməsi, rəhbər və mühəndis-pedaqoji heyətin,  kurrikulum və dərs materiallarının hazırlanması və s. nəzərdə tutulur. Məktəb tədris binası, laboratoriya, emalatxana, yeməkxana, yataqxana, kompüter otaqları, kitabxana, konfrans zalı və oteldən ibarət olacaq. Şagirdlər nəzəri biliklərlə yanaşı, praktik biliklərə də kompleksi tərk etmədən yiyələnə biləcəklər.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov sentyabrın 24-də bununla bağlı ölkəmizdə işgüzar səfərdə olan texniki peşə təhsili islahatı layihəsinin qrup rəhbəri Nils Kristensen, müvafiq layihə üzrə ekspertlər Devid Hardi və Noel Hiberti qəbul etdi.

Misir Mərdanov qonaqları salamlayaraq onları Təhsil Nazirliyində görməsindən məmnun olduğunu dedi. İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin yaradılması istiqamətində Avropa Komissiyası ilə uzun müddət iş aparıldığını söyləyən təhsil naziri bu görüşdən sonra məsələnin istənilən səviyyədə həll olunacağına ümid etdiyini bildirdi.  Nazir xarici qonaqlara rayona gedib yerli şəraitlə yaxından tanış olmağı məsləhət gördü və işə mümkün qədər tez-iqlim kəskinləşmədən başlamağın məqsədəuyğun olduğunu dedi. "Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi" layihəsinin ölkəmizdə texniki peşə təhsilinin inkişafında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edən Misir Mərdanov buna görə qonaqlara təşəkkür etdi.

Nümayəndə heyətinin rəhbəri Nils Kristensen artıq layihəni həyata keçirməyə hazır olduqlarını qeyd edərək bu qarşılıqlı əməkdaşlıq əlaqələrinin davamlı olacağına ümid etdiyini dedi. O, göstərilən dəstəyə görə Təhsil Nazirliyinə minnətdarlığını bildirdi.

Daha sonra texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov və qonaqlar İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin yaradılması ilə bağlı həyata keçiriləcək tədbirləri geniş müzakirə etdilər.

Hicran ƏKBƏROVA

 

 

 

"CİSCO Systems" şirkəti ilə əlaqələr genişləndiriləcək

Sentyabrın 24-də təhsil naziri Misir Mərdanov "CİSCO Systems" şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Kaan Terzioğlu, şirkətin Mərkəzi Asiya üzrə baş  meneceri Ali Kuralkan və şirkətin  Bakıdakı nümayəndəliyinin satışlar üzrə regional meneceri Kamilla Şahbazova ilə görüşdü.

Nazir qonaqları səmimi salamlayaraq onları Azərbaycanda, xüsusilə Təhsil Nazirliyində görməyindən məmnunluq duyduğunu qeyd etdi.

"CİSCO Systems"in dünyada informasiya texnologiyaları üzrə aparıcı şirkətlərdən biri olduğunu deyən təhsil naziri onlarla qurulan əməkdaşlığı yüksək qiymətləndirdi. Son illər ölkəmizdə təhsil sahəsində çox mühüm işlərin görülməsi, bir sıra yeniliklərin tətbiq edilməsi barədə qonaqlara ətraflı məlumat verən nazir Misir Mərdanov xüsusilə İKT sahəsində əldə olunan nəticələrdən söz açdı. Bildirdi ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları  ilə təminatı Proqramı (2005-2007-ci illər)" çərçivəsində respublikamızın təhsil sistemində əhəmiyyətli işlər görülüb, bir sıra layihələrin həyata keçirilməsi reallaşdırılıb. Nazir proqramı ümumi təhsilin inkişafında tarixi nailiyyət kimi qiymətləndirərək, qonaqları İKT-nin təhsilə tətbiqi ilə bağlı məktəblərimizdə aparılan işlərlə tanış etdi. Təhsil naziri dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)"nın isə görülən işlərin davamlı olaraq həyata keçirilməsinə imkan və şərait yaratdığını söylədi. Proqrama əsasən bu il Bakı və Sumqayıt şəhərlərinin 200 məktəbinin  genişzolaqlı sürətli İnternetlə təmin olunması, DATA mərkəzin yaradılması, elektron tədris resursları bazasının və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulub. Yeni yaradılacaq DATA mərkəzinin əhəmiyyətindən söz açan təhsil naziri Misir Mərdanov bu  istiqamətdə mühüm işlərin görüldüyünü dedi.   Onu da qeyd etdi ki, məktəblərimiz DATA mərkəzdə yerləşdiriləcək İKT resurslarından istifadə edərək İnternetə bu mərkəz vasitəsilə qoşulacaq. Həmin mərkəzin texniki imkanları  isə şagirdlərin mənəviyyatına zərər vura bilən istənilən məlumat və təsvirlərdən istifadə etməyin qarşısını alacaq, daha dəqiq desək, onu mümkünsüz edəcək. Təhsil naziri bunun olduqca əhəmiyyətli olduğunu xüsusi vurğuladı.

Daha sonra ölkəmizdə müəllimlərin İKT sahəsində bilik və bacarıqlarının artırılması vəziyyətinə, ümumiyyətlə, hər bir kəsin kompüterin imkanlarından lazımınca və eyni zamanda səmərəli istifadə etməsinin  vacibliyinə toxunan təhsil naziri qarşıda həyata keçirilməsi zəruri sayılan tədbirlərin sayının kifayət qədər olduğunu dedi.

Təhsil naziri Misir Mərdanov görülən işlərdə dünyanın aparıcı ölkələrinin, xüsusilə  dost və qardaş  respublika sayılan Türkiyənin bu sahədə əldə etdiyi təcrübənin öyrənilməsinin, ondan yararlanmağın olduqca  vacib olduğunu söylədi. Nazir çıxışının sonunda ölkəmizdə İKT-nin təhsilə tətbiqi vəziyyəti ilə əyani tanışlıq, bu sahədə müəyyən təsəvvürə malik olmaq məqsədilə qonaqları onunla birlikdə paytaxtın bir neçə təhsil müəssisəsində olmağa dəvət etdi.

"CİSCO Systems" şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Kaan Terzioğlu onları belə səmimi qarşıladığına görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirdi.

Türkiyədə "CİSCO Systems" şirkətinin adıçəkilən ölkənin Təhsil Nazirliyi ilə birgə mühüm bir layihəni həyata keçirdiyini deyən cənab Kaan Terzioğlu əldə olunan nəticələrdən danışdı. Qonaq Türkiyədə İKT-nin təhsilə tətbiqi vəziyyətindən, bu sahədə görülən işlərdən, şirkətin İKT ilə bağlı təlim proqramlarından, təşkil etdiyi kurslar barəsində məlumat verdi. Şirkətin Mərkəzi Asiya üzrə  baş meneceri Ali Kuralkan da çıxış edərək, Azərbaycanda İKT-nin inkişafına yardım göstərməyə hazır olduqlarını söylədi.

çıxışlar zamanı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi xüsusi qeyd olundu.Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə təhsil müəssisələrində İKT-nin tətbiqi vəziyyəti ilə yaxından tanış olmaq və bu sahədə qazanılan təcrübədən faydalanmaq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 Samirə HüSEYNQIZI