|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil naziri uşaq hüquqlarını müdafiə edən QHT nümayəndələri ilə görüşüb Görüşdə de-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icra mexanizmini təşkil edən uşaq müdafiəsi sisteminin yaradılması məsələsi müzakirə olunub Avqustun
29-da Təhsil Nazirliyində uşaq hüquqlarının müdafiəsi
sahəsində fəaliyyət göstərən bir sıra
yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının
nümayəndələri ilə təhsil naziri Misir
Mərdanovun növbəti görüşü keçirildi. "Azərbaycan Respublikasında dövlət
uşaq müəssisələrindən uşaqların
ailələrə verilməsi (de-institutlaşdırma)
və alternativ qayğı Dövlət Proqramı
(2006-2015-ci illər)"nin icra mexanizmini özündə
birləşdirən uşaq müdafiə sisteminin yaradılması
məsələsinin müzakirəsinə həsr olunmuş
görüşdə proqramın idarəolunması üzrə
İşçi Qrupun rəhbəri Məlahət Hacıyeva,
İşçi Qrupun üzvü
Həbib Kərimov, YUNİSEF-in milli məsləhətçisi
Sevil Əsədova, "Azərbaycan QHT-Alyans"ının
sədri Nabil Seyidov, "SOS - uşaq kəndləri
assosiasiyası"nın region üzrə direktoru Uğur
Zeynallı, "UAFA" təşkilatının direktoru
Qvendollin Börçell, həmin təşkilatın
"Qeyt-kipinq layihə"si üzrə meneceri Gülnarə
Pənahova, "Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzi"nin icraçı direktoru ülviyyə Mikayılova,
"Save the Children" təşkilatının
Azərbaycan üzrə direktoru Cef Cakomini, "Əqli sağlamlıq
təşəbbüsü təşkilatı"nın
"Hər kəs üçün icma təşəbbüsü"
pilot layihəsinin əlaqələndiricisi Nigar Əliyeva
iştirak edirdilər. QHT nümayəndələrini salamlayan nazir görüşün
əhəmiyyətini, müzakirə olunan
məsələnin vacibliyini və aktuallığını
qeyd etdi. De-institutlaşdırma və alternativ qayğı
Dövlət Proqramının qəbul olunduğu vaxtdan ötən
müddət ərzində onun icrası istiqamətində
bir sıra işlərin görüldüyünü, onlarca uşağın
bioloji ailələrinə qaytarıldığını,
digər alternativ qayğıların göstərildiyini söyləyən
nazir bununla belə proqramın icra vəziyyətinin onu
qane etmədiyini, bu sahədə işlərin ləng
getdiyini, proqramın yerinə yetirilməsi üçün işlək
bir mexanizmin yaradılmasına ehtiyac duyulduğunu, son
vaxtlar uşaq hüquqlarının qorunması ilə məşğul
olan QHT-lərlə görüşlərin də məhz bu
məqsədlə keçirildiyini vurğuladı. Sonra görüş
iştirakçıları çıxış edərək öz
fikir və mülahizələrini bildirdilər,
təkliflər irəli sürdülər. İlk söz alan "Azərbaycan QHT-
Alyans"ının sədri Nabil Seyidov rəhbərlik
etdiyi qurumda birləşmiş QHT-lərin fikirlərini
ifadə edərək bildirdi ki, uşaqların hüquqlarını
etibarlı şəkildə qorumaq, onların
problemlərini kompleks həll etmək, eləcə də
de-institutlaşdırma proqramını uğurla həyata
keçirmək üçün ölkədə mükəmməl uşaq müdafiəsi
sistemi olmalıdır. Aparılan təhlillər isə göstərir
ki, Azərbaycanda uşaq müdafiə sisteminin mövcud durumu uşaqların
müdafiəsinin tam şəkildə həyata keçirilməsinə
imkan vermir. Uşaq müdafiəsi ilə məşğul
olan yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının
müdafiəsi üzrə komissiya, psixoloji-tibbi-pedaqoji komissiya,
qəyyumluq və himayəçilik orqanı kimi dövlət
qurumlarının fəaliyyəti müasir
tələblərə və beynəlxalq standartlara cavab
vermir. Onlar uşaqların problemlərinin həllinə
kompleks şəkildə deyil, birtərəfli yanaşır,
çox vaxt öz vəzifələrini uşağın üzləşdiyi
konkret çətinliyin aradan qaldırılmasına kömək
göstərməklə bitmiş hesab edirlər. Bu qurumlar
arasında əlaqə zəifdir. Onlar bir-birlərini
təkrarlayaraq uşaq problemlərinin həllində
pərakəndəlik yaradırlar. Təkmil müdafiə
sisteminin olmaması üzündən dövlətin qəbul etdiyi
proqramların, milli fəaliyyət planlarının icrası
ləngiyir. Uşaq problemlərinin çox olduğunu, lakin
onları kompleks şəkildə həll edə bilən
bir qurumun olmadığını deyən N.Seyidov bütün
bunları, habelə dünyanın inkişaf etmiş ölkələrinin
bu sahədəki təcrübələrini nəzərə
alaraq sözügedən Dövlət Proqramından irəli
gələn vəzifələri uğurla yerinə
yetirəcək mükəmməl uşaq müdafiə sistemi üzrə
yeni model təklif etdiklərini bildirdi və şərti
olaraq "Uşaq müdafiəsi departamenti" adlandırdıqları
həmin qurum haqqında ətraflı açıqlama verdi.
Məlum oldu ki, əsas məqsədi uşağın yaşamaq,
səhiyyə və təhsil hüququna təsir edən
problemləri həll etmək olan və hər bir icmada
mərkəz, məntəqə rolunu oynayacaq yeni
qurumun bütün bölgələrdə mövcud olan yetkinlik yaşına
çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə
komissiyalar, qəyyumluq və himayəçilik orqanları
və psixoloji-tibbi-pedaqoji komissiyaların bazasında, onların
struktur və funksional baxımdan birləşdirilməsi
əsasında vahid mərkəz kimi yaradılması
nəzərdə tutulur. Yaradılacaq departamentin
vəzifələri haqqında da danışan N.Seyidov
buraya müraciət edən uşaqların ehtiyaclarının
öyrənilməsi və qiymətləndirilməsi, uşaq
müdafiəsi üçün fərdi plan hazırlamaq, uşağa
qayğı göstərilməsi üçün ailələrə
dəstək vermək, böhranlı ailələrlə iş
və s. daxil olduğunu söylədi. N.Seyidovun fikrincə, öz uşaqlarını
internat məktəblərə qoymaq istəyən böhranlı
ailələr mütləq bu qurumlara müraciət etməli, bu
qurumlar isə vəziyyəti araşdıraraq mümkün
qədər uşağın internatlara qoyulmasının
qarşısını almalıdır. Təklif gerçəkləşərsə,
Azərbaycanda güclü uşaq müdafiəsi sisteminin qurulacağına
əmin olduğunu söyləyən Alyans rəhbəri
həmin qurumların hansı orqana tabeçiliyi
məsələsinə də aydınlıq gətirdi. O,
bunun üçün uşaqlarla işləyən dövlət qurumlarından
Təhsil Nazirliyinin daha münasib sayıldığını
bildirdi. N.Seyidov bunu Təhsil Nazirliyinin de-institutlaşdırma
və alternativ qayğı Dövlət Proqramının
əsas icraedici orqanı olması, ölkənin demək olar
ki, hər yerində bu quruma tabe təhsil müəssisələrinin
fəaliyyət göstərməsi və bu baxımdan
nazirliyin bütün uşaqlarla, onların valideynləri ilə
sıx əlaqə saxlamaq imkanlarının mövcudluğu,
habelə uşaq müdafiə departamentinin əsasını
təşkil etməli olan üç qurumdan ikisinin -
psixoloji-tibbi-pedaqoji komissiya ilə qəyyumluq və
himayəçilik orqanının Təhsil Nazirliyi
tərkibində fəaliyyət göstərməsi, yetkinlik
yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi
üzrə komissiyalarda isə nazirliyin nümayəndələrinin
təmsil olunması ilə əlaqələndirdi. Görüşdə çıxış edən
"UAFA" təşkilatının direktoru Qvendollin Börçell,
"SOS-uşaq kəndləri assosiasiyası"nın
region üzrə direktoru Uğur Zeynallı, "Müasir
Təhsil və Tədrisə Yardım
Mərkəzi"nin icraçı direktoru ülviyyə Mikayılova,
"Əqli sağlamlıq təşəbbüsü təşkilatı"nın
"Hər kəs üçün icma təşəbbüsü"
pilot layihəsinin əlaqələndiricisi Nigar Əliyeva,
"UAFA" "Qeyt-kipinq layihə"si üzrə meneceri
Gülnarə Pənahova və başqaları təklifi müdafiə
edib yaradılacaq qurumun üstünlüklərindən, onun
həll etməli olduğu məsələlərdən
geniş söz açdılar. Proqramın uğurlu icrası
üçün yerlərdə uşaq müdafiə agentliklərinin
yaradılması, uşaqlara və onların
ailələrinə xidmətlər göstərilməsi
və əhalinin maarifləndirilməsi sahəsində
geniş iş aparılmasının vacibliyi qeyd olundu.
Ekspertlər uşaq müdafiəsi sisteminin yaradılması
və fəaliyyəti ilə bağlı bir sıra tövsiyələr
də verdilər. Təklif olunan modelin ölkənin bir sıra
rayon və şəhərlərində
sınaqdan keçirilməsi, mövcud resurslardan
səmərəli istifadə olunması, uşaqlara
xidmətlər göstərən mərkəzlərin
fəaliyyətinin dövlət büdcəsi
tərəfindən dəstəklənməsi, ümumtəhsil
məktəblərində tərbiyə işləri üzrə
direktor müavini və psixoloqlarla yanaşı uşaq müdafiəsi
üzrə də ştat yaradılması, bu mümkün olmasa,
həmin səlahiyyətlərin müəllimlərdən
birinə və ya sinif rəhbərinə həvalə
edilməsi tövsiyə olundu. Təhsil naziri Misir Mərdanov
deyilənlərə münasibət bildirərək uşaq
müdafiəsi sisteminin yaradılması barədə
təklifin maraqlı olduğunu, həqiqətən də
ölkədə bu sahədə vahid mərkəzə ehtiyac
duyulduğunu, təklifin reallaşmasına Təhsil
Nazirliyi tərəfindən dəstək
veriləcəyini söylədi. Uşaq müdafiəsi sisteminin
yeni qurumu formalaşdırılarkən bu sahədə dünya
təcrübəsinin nəzərə alınmasının
vacibliyini vurğulayan nazir həmin istiqamətdə işlərin
dayanmadan aparılmasını, görülən işlər
barədə ölkə ictimaiyyətinə geniş
məlumat verilməsini, əhali arasında
maarifləndirmə işlərinin gücləndirilməsini
vacib saydı. Görüşdə yeni modelin tətbiqinə hökumətdən
razılıq alınması üçün ətraflı
əsaslandırılmış məktub hazırlanması,
bu sahədə məsləhətləşmələrin
davam etdirilməsi qərara alındı.
Yusif ƏLİYEV
|