· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Olimpiya oyunlarında medal qazanmış idmançılar Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə layiq görülüblər

Müstəqillik illərində olimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançıları Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülmüşlər.

Fəaliyyətində ictimai həyatın digər sahələri kimi, idmana da daim diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək tikilən 237 məktəbin əksəriyyətində idman meydançaları, lazımi avadanlıqla təchiz olunmuş idman salonları yaradılmışdır. Uşaqlar və gənclər arasında idmanın təbliğini diqqətdə saxlayan Fond Azərbaycanda keçirilmiş bir çox yarışlara hamilik etmişdir. 2007-ci və 2008-ci illərdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku beynəlxalq şahmat festivalı da Fondun dəstəyi ilə keçirilmişdir.

Müxtəlif vaxtlarda keçirilmiş Barselona, Atlanta, Sidney, Afina, Pekin Yay Olimpiya oyunlarında medal qazanmış idmançılar sentyabrın 2-də Heydər Əliyev Fondunda olmuşlar.

İdmançılara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.

Olimpiyaçılar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən idmançılara məlumat verildi ki, ümummilli liderimiz idmanın inkişafına hər zaman böyük diqqət yetirmişdir.

***

Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva olimpiyaçılarla görüşdü.

MEHRİBAN ƏLİYEVA idmançılara müraciətlə dedi:

-Hörmətli idmançılar!

Mən, ilk növbədə, sizi Heydər Əliyev Fondunda salamlayıram. Sizin hər birinizi burada görməyə çox şadam və Pekin Yay Olimpiya oyunlarında çox uğurlu çıxışınız münasibətilə, medallar əldə etməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Demək olar ki, bu olimpiya oyunları ölkəmiz üçün çox uğurlu oldu. Yığma komandamız çox gözəl nəticələr göstərdi. Himnimiz səsləndi, bayrağımız ucaldı, idmançılarımız fəxri kürsüyə qalxdılar. Mən heç şübhə etmirəm ki, bu anlarda hər bir azərbaycanlı çox böyük qürur, sevinc hissi keçirirdi. Heç kim üçün sirr deyil ki, olimpiya oyunlarında zəif idmançı iştirak etmir. Dünyanın ən güclü idmançıları bu yarışlarda iştirak edir və əlbəttə, belə olan halda, bütün yarışlar çox ciddi rəqabət şəraitində keçir. Belə şəraitdə qələbə qazanmaq üçün çox yaxşı fiziki hazırlıq və bacarıq lazımdır. Bununla yanaşı, böyük mənəvi qüvvə də lazımdır.

Mən çox şadam ki, Azərbaycan idmançıları bütün dünyaya həm fiziki, həm mənəvi qüvvələrini nümayiş etdirdilər və ölkəmizi çox ləyaqətlə təmsil etdilər. Buna görə bir daha mən sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, qarşıda sizin hələ çox-çox qələbələriniz olacaqdır.

Siz yəqin yaxşı bilirsiniz ki, son on ildə dövlət ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərir. Dövlət başçısı şəxsən bu sahəyə çox böyük diqqət yetirir və demək olar ki, idmanın inkişafı Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, biz Pekində olarkən bir çox yarışları seyr edirdik. Orada dünyanın müxtəlif ölkələrinin idman ictimaiyyətinin nümayəndələri bizimlə ünsiyyətdə olurdu və demək olar ki, hər biri Azərbaycanda idmana göstərilən diqqətdən danışırdı. Onlar həm də Azərbaycanda idmanın inkişafından danışır və deyirdilər ki, bu gün Azərbaycan dünyanın bir çox ölkəsi üçün nümunə olmalıdır. Bu, əlbəttə, bizi çox şad edirdi. çünki bunu həm ərazisi, həm də əhalisi Azərbaycandan qat-qat çox olan ölkələrin nümayəndələri də vurğulayırdılar.

Ona görə də bugünkü nəticələr belə yüksəkdir. Biz əgər baxsaq, Sidney olimpiadasından başlayaraq, hər Yay Olimpiya oyunlarında bizim uğurlarımız daha yüksəkdir, medallarımız daha çoxdur. ümidvaram ki, gələcəkdə bundan da böyük nailiyyətlər əldə edəcəyik.

Artıq bir həftədən çoxdur ki, olimpiya oyunları sona çatıbdır. Amma yəqin siz də, biz də - hamımız hələ də o hisslərlə yaşayırıq, o anları yadımıza salırıq. Bir daha demək istəyirəm, çox şadıq ki, Azərbaycanın belə idmançıları var.

Siz qələbələrinizə, medal qazanmağınıza görə həm dövlət tərəfindən, həm də Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırılmısınız. Yəqin ki, bir sıra özəl şirkətlər, təşkilatlar, sponsorlar da sizə öz mükafatlarını çatdıracaqlar.

Biz Heydər Əliyev Fondu olaraq belə qərara almışıq ki, olimpiya oyunlarında iştirak edib medal qazanan hər bir idmançıya Heydər Əliyev Fondunun təqaüdçüsü adını verək və hər ay pulla mükafatlandıraq. Bu, təkcə Pekin Yay Olimpiya Oyunlarında medal qazanan idmançılara aid deyildir. ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütün olimpiya oyunlarında iştirak edən və medal qazanan idmançılar Heydər Əliyev Fondunun təqaüdçüsü elan olunur. Mən sizi bu münasibətlə də ürəkdən təbrik edirəm.

Yəqin ki, Heydər Əliyev Fondu haqqında sizin kifayət qədər bilginiz var. Bizim Fond 2004-cü ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan xalqının ən layiqli və ən böyük övladlarından biri olan Heydər Əliyevin irsini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Biz fəaliyyətimizə başladığımız ilk gündən konkret layihələr həyata keçiririk, konkret işlər görürük. Fondun fəaliyyəti çoxşaxəlidir:  mədəniyyət, təhsil, elm, ətraf mühitin qorunması, sosial problemlərin həlli və sair. Yəqin bilirsiniz ki, bu son 2-3 il ərzində Fondun dəstəyi ilə ölkəmizdə 200-dən çox yeni məktəb tikilib, müasir avadanlıqla təchiz edilmişdir. Otuzdan çox uşaq evləri və internat məktəbləri əsaslı təmir olunubdur. Bir sıra mədəni və tarixi abidələr bərpa olunur və sair.

Əlbəttə, bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri də istedadlı gəncləri dəstəkləməkdir. Bu baxımdan da biz belə bir qərar qəbul etmişik ki, bu gündən etibarən siz hamınız Heydər Əliyev Fondunun təqaüdçüsü elan olunursunuz. Mən bir daha sizi təbrik etmək istəyirəm və sizə gələcəkdə çoxlu uğurlar arzu edirəm.

***

Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Mehtahətdinova və Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli idmanın inkişafına göstərdikləri diqqətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya olimpiyaçılar adından minnətdarlıq etdilər. Qeyd olundu ki, son illərdə dövlət səviyyəsində göstərilən qayğının sayəsində Azərbaycanda idman sürətlə inkişaf edir. İdmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda qazandıqları qələbələr bunun nəticəsidir.

Olimpiya oyunlarında medal qazanmış idmançıların uşaqlar və gənclər üçün nümunə olduğunu vurğulayan Mehriban xanım Əliyeva olimpiyaçılarımızın uşaq evləri və internat məktəblərində məskunlaşmış uşaqlarla görüşlərinin təşkilinə dair təklif irəli sürdü. Fondun prezidenti bildirdi ki, bu cür görüşlər uşaqların idmana olan marağını artıracaqdır.

Sonda olimpiyaçılar Mehriban xanım Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

 

AzərTAc