|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsilimiz yaradıcı şəxsiyyətlərin gözü ilə ("Dəyirmi masa"dan qeydlər) Sentyabrın
2-də Bakıdakı "Hyatt Recency" otelində
"XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin
gözündə" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil
olunmuş və yeni dərs ili ərəfəsində
təhsil sahəsində əldə edilmiş uğurlarla
yaradıcı şəxsiyyətləri tanış
etmək, mövcud problemləri və onların həlli
yollarını birlikdə müzakirə etmək
məqsədi daşıyan tədbirdə Prezidentin İcra
Aparatından, Nazirlər Kabinetindən, digər dövlət
qurumlarından rəsmi şəxslər, ölkənin yaradıcılıq
təşkilatlarının rəhbərləri, millət
vəkilləri, ali məktəblərin rektorları, tanınmış
ziyalılar və KİV işçiləri iştirak
edirdilər. "Dəyirmi masa"nı giriş sözü
ilə açan Prezidentin İcra Aparatının Humanitar
siyasət məsələləri şöbəsinin müdiri
Fatma Abdullazadə tədbir iştirakçılarını
salamlayıb, yaradıcı ziyalılarla belə bir görüşün
təşəbbüsçüsü olduğuna görə təhsil
naziri Misir Mərdanova minnətdarlıq etdi. Belə
tədbirin keçirilməsinə çoxdan ehtiyac duyulduğunu söyləyən
F.Abdullazadə, nəhayət, onun baş tutduğunu
və Azərbaycan təhsilində kifayət qədər
aktual olan bəzi problemləri müzakirə etmək imkanı
yarandığını söylədi. Giriş sözündə təhsil sistemində
əldə olunmuş bəzi uğurlardan qısa şəkildə
bəhs edən Fatma xanım cəmiyyətin həyatında
mühüm rol oynayan təhsilin inkişafı
istiqamətində son illər ölkəmizdə bir sıra
addımlar atıldığını, Azərbaycanın
Boloniya prosesinə qoşulduğunu, ümumdünya və ümumavropa
təhsil məkanına inteqrasiya etdiyini, Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsil aldığını,
Azərbaycanda təhsil almaq istəyənlərin sayının
ildən-ilə artdığını diqqətə çatdırdı. Dünyada baş verən qloballaşma
prosesinin təhsilə də təsir göstərdiyini
deyən F.Abdullazadə son illər təhsildə standartlaşma
tendensiyasının müşahidə olunduğunu söylədi.
Qeyd etdi ki, bunun yaxşı və ya pis
olmasına dünyada münasibət müxtəlifdir.
Təhsildə bizim əsas məqsədimiz yüksək
ixtisaslı iqtisadçı, mühasib, mühəndis və s. hazırlamaq
olsaydı, yəqin ki, bu standartlaşmanı hamımız
alqışlayardıq. Hər bir xalqı dünyada tanıdan,
yaşadan onun mədəniyyəti, mədəni irsidir.
Təhsildə isə bizim məqsədimiz həm də bu
mədəniyyəti qoruyub saxlamaq və inkişaf
etdirməkdir. Bu baxımdan standartlaşma müəyyən
mənada yaradıcı amilə mənfi təsir göstərir.
çıxışının sonunda
F.Abdullazadə bütün bunlarla yanaşı, dillə bağlı,
ciddi musiqini dinləmək istəyənlərlə bağlı
problemlərin də olduğunu və "dəyirmi
masa"da onlara toxunulmasını istədiyini
bildirərək sözü Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanova verdi. Təhsil naziri Misir
Mərdanov çıxış edərək son illərdə
təhsil sahəsində əldə edilmiş uğurlar,
mövcud problemlər və qarşıda duran
vəzifələr haqqında "dəyirmi masa" iştirakçılarına
ətraflı məlumat verdi. Əldə olunmuş uğurlarla tədbir
iştirakçılarının əyani tanış olması
üçün ekranda bu uğurları əks etdirən slaydlar nümayiş
olundu (Misir Mərdanovun çıxışı qəzetimizin
bu nömrəsində dərc olunur). Sonra mövzu ilə bağlı çıxışlar
oldu. Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar "dəyirmi
masa" iştirakçılarını salamlayaraq,
tədbirin əhəmiyyətini qeyd etdi. çıxışında
öncə təhsilin cəmiyyətin inkişafındakı
həlledici rolundan söz açan xalq yazıçısı İkinci
Dünya müharibəsində məğlub olmuş, müharibədən
sonra isə məhz təhsilin inkişafı hesabına qısa
dövr ərzində tərəqqi taparaq dünyanın ən
inkişaf etmiş ölkələrindən birinə çevrilmiş
Yaponiyanı buna misal göstərdi. Anar müəllim bu gün
Azərbaycanda da təhsilə lazımınca diqqət
yetirildiyini, yeni məktəblərin tikildiyini, mövcud
təhsil ocaqlarının təmir olunduğunu və
İKT ilə təchiz edildiyini, müəllimlərin maaşlarının
bir neçə dəfə artırıldığını
qeyd etdi və ölkəmizin imkanları artdıqca müəllimlərin
rifahının daha da yaxşılaşacağını
vurğuladı. Xalq yazıçısı çıxışında
müasir gənclərin ingilis dilini öyrənməsini müsbət
hal kimi dəyərləndirsə də, təəssüf
hissi ilə qeyd etdi ki, onların çoxu bu dili Şekspiri,
digər klassikləri orijinaldan oxumaq üçün deyil, məhz
xarici şirkətlərdə iş tapmaq üçün öyrənirlər. Yazıçı orta məktəblərdə
tədris olunan bütün fənlərin əhəmiyyətli
olduğunu qeyd etməklə bərabər, milli şüurun
formalaşmasında mühüm rol oynayan Azərbaycan dili,
ədəbiyyat, tarix fənlərinə tədris planlarında
ayrılan saatların daha da artırılmasını
məqsədəuyğun saydı. Yazıçılar Birliyinin sədri çıxışında
ədəbiyyat dərsliklərinə də toxundu. Onlar
haqqında ümumi təəssüratının çox yaxşı
olduğunu, indiki dərsliklərin sovet dövründəkinə
nisbətən müsbət mənada xeyli dəyişdiyini,
dərsliklərin məzmun və poliqrafik baxımdan yüksək
səviyyədə hazırlandığını, burada
milli dəyərlər haqqında verilən materialların
ürəkaçan olduğunu, dərsliklərin tərtibində
asandan çətinə prinsipinin gözlənildiyini söylədi. Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti Mahmud Kərimov çıxışında
təhsillə elmin əlaqəsindən, elmi işçilərin
təhsil sahəsində həyata keçirilən bir sıra
proqram və layihələrdə, dərsliklərin hazırlanmasında,
müsabiqə və olimpiadalara münsiflik edilməsində iştirakından
söz açdı. Təhsil sistemi ilə uğurlu əməkdaşlıq
əlaqələrinin vacib istiqaməti kimi
məktəblilər arasında müxtəlif fənn
olimpiadaları keçirilməsini qeyd etdi. Məlumat verdi ki,
1997-ci ildə alimlərin köməyi ilə kimya üzrə
beynəlxalq olimpiadalara hazırlıq mərkəzi yaradıldıqdan
sonra şagirdlərimiz olimpiadalardan diplomlarla qayıtmağa
başlamışlar. 1998-2008-ci il illərdə
məktəblilər beynəlxalq yarışlarda
50-dən çox qızıl, gümüş və bürünc medal
qazanmışlar. Həmin dövr ərzində 18
nəfər olimpiada qalibi kimi dünyanın ən nüfuzlu
universitetlərindən olan MDU-nun
kimya fakültəsinə imtahansız qəbul olunmuşdur. Natiq akademiyanın digər elm
sahələrində çalışan alimlərinin də
belə əməkdaşlıq əlaqələri
yaratmalarını vacib hesab etdiyini vurğuladı. M.Kərimov elmlə təhsilin inteqrasiyasından
danışıb, bu məsələyə öz münasibətini
bildirdi və bəzi təkliflərini səsləndirdi. Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə çıxış
edərək klassik və peşəkar musiqi təhsili
haqqında danışmaq, musiqi təhsili tarixindən
bəzi faktları diqqətə çatdırmaq istədiyini
bildirdi. Qeyd etdi ki, XX əsrin başlanğıcında
dahi bəstəkarımız üzeyir Hacıbəyov musiqi
təhsilinin təməl daşlarını qoymuşdur.
Musiqi texnikumu, musiqi məktəbləri təşkil edilmişdir. F.Əlizadə bu gün də Azərbaycan
musiqi təhsili sisteminin çox gözəl qurulduğunu, bu
sahə ilə bağlı əhəmiyyətli
dərsliklərin hazırlandığını dedi. Lakin
o, son illər musiqi aləmində baş alıb gedən
şoular böyüməkdə olan nəslin musiqi-estetik
tərbiyəsinə, zövqünün formalaşmasına
mənfi təsir göstərdiyindən bu dərsliklərin
orta məktəblərdə istənilən
səmərəni verəcəyinə şübhə
etdiyini bildirdi. Firəngiz xanımın fikrincə, estetik
oriyentasiya, estetik zövq bağçadan tərbiyə
edilməlidir. Bu baxımdan həmin estetik zövqü təhsil
müəssisələrində formalaşdırmalı olan mütəxəssis
kadrların hazırlanmasına xüsusi diqqət
yetirilməlidir. Bu gün uşağı tərbiyə
edən amillər içərisində ailə, mühit və
məktəbin aparıcı rol oynadığını
qeyd edən natiq mühitin tərkib hissəsi olan informasiya
vasitələrinin bu prosesə ziyanlı təsir göstərdiyini
təəssüf hissi ilə qeyd etdi, bunun qarşısını
almaq üçün televiziyalarda bədii şuraların yaradılmasını
məqsədəuyğun saydı. Azərbaycan Rəssamlar İttifaqının
sədri, xalq rəssamı Fərhad Xəlilov çıxışına
"dəyirmi masa"nın təşkilini yüksək
qiymətləndirməklə başladı və belə
görüşlərin davamlı olmasını arzuladı.
Təhsil sahəsində həqiqətən insanı
heyran edən işlərin görüldüyünü
deyən F.Xəlilov bütün bunların təhsilimizin
inkişafına bir təkan verəcəyini bildirdi. ARİ-nin
sədri məktəbdə çalışan təsviri
sənət müəllimlərinin səviyyəsi
məsələsinə də toxundu və bu gün onun
qaneedici olmadığını, təsviri sənət müəllimlərinin
peşəkarlıq səviyyəsinin artırılması
üçün tədbirlər görülməsinin vacibliyini vurğuladı.
Xalq rəssamı, eyni zamanda məktəbdə
sənətkarlarla görüşlərin keçirilməsini, böyüməkdə
olan nəslə müasir sənət haqqında, rəssamlıq
sahəsində dünyada baş verən yeniliklər haqqında
məlumatların verilməsini də zəruri saydı. Azərbaycan Teatr Xadimləri İttifaqının
sədri Azərpaşa Nemətov çıxışında
şagird və tələbələrin teatr sənəti
ilə dərindən tanış edilməsi
məsələlərindən söz açaraq dünyanın inkişaf
etmiş ölkələrində bu prosesin necə həll
olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki,
Avropa ölkələrində hər bir əlamətdar
hadisə və bayramlar uşaq bağçasından tutmuş
mötəbər universitetlərə qədər mütləq
uşaqların, şagird və tələbələrin gücü
ilə qeyd olunur. Natiq qeyd etdi ki, Boloniya prosesinin şərtləri
sırasında tələbələrin bədii-estetik
inkişafına aid olan tələblər də özünə
yer alıb. Bu tələbləri yerinə yetirmək
üçün teatr-tamaşa üslubunda müvafiq prinsiplər yardımçı
ola bilər. A.Nemətov çıxışının
sonunda bir sıra təkliflər irəli sürdü. "Dəyirmi masa"da əsas çıxışlar
başa çatdıqdan sonra millət vəkilləri, Atatürk
Araşdırmalar Mərkəzinin rəhbəri professor
Nizami Cəfərov, AMEA Tarix İnstitutunun direktoru,
professor Yaqub Mahmudov söz alaraq mövzu ilə bağlı
səslənən fikirlərə öz münasibətlərini
bildirdilər. Y.ƏLİYEV H.ƏKBƏROVA
|