· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil naziri Misir Mərdanovun "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda keçirilmiş "dəyirmi masa"da çıxışı

Hörmətli "dəyirmi masa" iştirakçıları!

Sizi "XXI əsrdə təhsil  yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda keçirilən "dəyirmi masa"da salamlayır, dəvətimizi qəbul edib bu tədbirdə iştirak etdiyinizə görə Təşkilat Komitəsi adından hər birinizə təşəkkür edirəm. "Dəyirmi masa"nın əsas məqsədi yeni dərs ili ərəfəsində son illərdə təhsil sahəsində əldə edilmiş uğurları qeyd etmək, mövcud problemləri və onların həlli yollarını sizinlə birlikdə müzakirə edib müəyyənləşdirməkdən ibarətdir.

Məlumdur ki, yüksək intellektə malik insan kapitalının formalaşması və davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu əvəzsizdir. Eyni zamanda hər bir dövlətin inkişafı onun təbii sərvətlərinin bolluğu ilə deyil, bu sərvətlərin hansı dərəcədə insan kapitalına çevrilməsi ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan deyil, təhsil sisteminin yetişdirdiyi insan kapitalından daha çox gəlir əldə edirlər.

Son illərdə dövlət başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə siyasi stabilliyin bərqərar olması və iqtisadiyyatın yüksək inkişaf templəri təhsilin inkişafı üçün əlverişli şərait yaratmışdır.

Göstərilən dövr Azərbaycan təhsili üçün bir sıra yaddaqalan hadisə və göstəricilərlə əlamətdar olmuşdur. Belə ki, təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manat təşkil etmiş, investisiya qoyuluşları isə 5,8 milyondan 220 milyon manata çatmışdır. Təhsil tariximizdə ilk dəfə olaraq 14 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş, dövlət səviyyəsində "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri keçirilmişdir.

Hörmətli "dəyirmi masa" iştirakçıları!

İndi isə son illərdə ölkəmizdə təhsil sahəsində görülmüş işlər, qazanılmış uğurlar və problemlər barədə sizə qısa məlumat vermək istərdim.

Əvvəlcə təhsilimizin ilk pilləsi olan məktəbəqədər təhsil haqqında. Hazırda respublikamızda 103.900 nəfər uşağın cəlb olunduğu 1.658 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin müasir dünya təcrübəsinə uyğunlaşdırılması sahəsində bir sıra işlər görülmüş, beynəlxalq təşkilatlarla birlikdə yeni təhsil texnologiyalarının tətbiqi üzrə zəruri tədbirlər həyata keçirilmişdir. Son 5 ildə elmi-metodik hazırlıqlarının yüksəldilməsi məqsədilə 3 min rəhbər və pedaqoji işçi öyrədici treninqlərdən keçirilmişdir. Son 20 ildə ilk dəfə olaraq Bakı şəhərində 11 yeni uşaq bağçası tikilib istifadəyə verilmişdir. Cari ilin sonunadək 21 uşaq bağçasının əsaslı təmiri başa çatdırılacaq, onlar müasir avadanlıqla təmin ediləcəkdir.

Bütün bunlarla yanaşı, etiraf etmək lazımdır ki, təhsil sisteminin bu vacib pilləsini müasir tələblərə, mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmaq üçün uzun müddətdən bəri xeyli cəhdlər göstərsək də, məktəbəqədər təhsillə əhatə səviyyəsi 16 faizdən yuxarı qalxmır. Halbuki həmin göstərici Finlandiyada 99, Almaniyada 90, bir sıra MDB ölkələrində isə 50-85 faiz təşkil edir.

ölkə üzrə yaşayış məntəqələrinin 30 faizində məktəbəqədər təhsil müəssisələrinin olmaması, kənd rayonlarında əksər uşaq bağçalarının heç bir təlim-tərbiyə şəraiti olmayan uyğunlaşdırılmış binalarda yerləşməsi, uşaq bağçalarının 70 faizinin təmirsiz qalması, mövcud avadanlıqların fiziki və mənəvi cəhətdən yararsız hala düşməsi, müəssisələrin 32 faizində məcburi köçkünlərin yerləşməsi, tədris-əyani vəsaitlərin olmaması və digər bu kimi problemlər bu vacib sahənin inkişafı üçün Dövlət Proqramının qəbul olunmasını zəruri etmişdir. Bu zərurət nəzərə alınaraq ölkə Prezidentinin 12 aprel 2007-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" təsdiq edilmişdir.

Proqramda məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, təşkilati, hüquqi və iqtisadi mexanizmlərin bu müəssisələrin səmərəli fəaliyyətinə yönəldilməsi, məktəbəqədər təhsil xidmətlərinin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatan olması, kadr təminatının yaxşılaşdırılması, bütövlükdə məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi əsas vəzifələr kimi qarşıya qoyulmuşdur.

Hörmətli "dəyirmi masa" iştirakçıları!

Hamıya bəllidir ki, şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində ümumu orta təhsil müstəsna əhəmiyyət daşıyır.

Bu gün ölkənin 4545 ümumtəhsil məktəbində 1.483.311 şagird təhsil alır. Bundan əlavə, ölkənin ümumtəhsil sistemində 6.450 uşağın cəlb edildiyi sağlamlıq imkanları məhdud uşaqlar üçün 19 xüsusi məktəb və internat məktəb vardır.

Yeri gəlmişkən, ümumtəhsil məktəblərinin Bazis tədris planını diqqətinizə çatdırmaq istərdim.

Gördüyünüz kimi, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə həftəlik dərs yükü 78, riyaziyyat və informatika fənləri üzrə 58, ictimai fənlər üzrə 28, xarici dil fənni üzrə 23, təbiət fənləri üzrə 43, musiqi üzrə 8, təsviri incəsənət üzrə 7, əmək hazırlığı və texnologiya üzrə 14, fiziki tərbiyə üzrə 22, rəsmxət üzrə 2 və gənclərin çağırışaqədərki hazırlığı üzrə 4 saat təşkil edir. Bundan başqa, dərsdənkənar və fakültativ məşğələlər üçün həftədə 29 saat nəzərdə tutulmuşdur.

Şübhəsiz, ümumi təhsil sahəsində son illərin ən uğurlu və əhəmiyyətli nəticəsi ölkədə məktəb tikintisi ilə bağlıdır. Son 5 ildə ölkə başçısının diqqət və qayğısı nəticəsində yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötmüş, ümumilikdə 700.000-dən çox şagird müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə etmişdir. Bu dövrdə yeni tikilən və əsaslı təmir olunan məktəblərdən əlavə, daha 475 məktəb müasir avadanlıqlarla təmin olunmuş, 500-dən çox məktəbin istilik sistemi bərpa edilmişdir.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun, şəxsən onun Prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri xüsusi qeyd edilməlidir. Məhz Fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəbləri" Proqramları çərçivəsində 226 yeni məktəb tikilmiş, 39 məktəb əsaslı təmir olunub müasir avadanlıqlarla təmin edilmiş, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil müəssisələri öz simasını tanınmaz dərəcədə dəyişmişdir.

Bu sahədə əldə olunmuş nailiyyətlərlə yanaşı, daha 450 məktəb üçün yeni binanın inşası, 600-dən çox məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri, məktəblərin kimya, fizika, biologiya fənləri üzrə tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması, beləliklə, bütün orta məktəblərdə birnövbəli və beşgünlük tədris həftəsinə keçilməsi, ölkənin bütün şagirdləri üçün əlverişli təlim şəraitinin yaradılması yaxın gələcək üçün əsas hədəflərimizdir.

Digər vacib bir məsələ haqqında. ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı ümumi təhsilin inkişafında tarixi nailiyyət kimi qiymətləndirilməlidir. Bu proqramın yerinə yetirilməsi nəticəsində artıq məktəblərimizin V-XI siniflərində hər 29 şagirdə 1 kompüter nisbəti təmin olunmuş, 1103 məktəb noutbuk və proyektorlarla təmin edilmişdir. Halbuki proqramaqədərki dövrdə bu göstərici 1000 şagirdə 1 kompüter nisbətində idi.

Eyni zamanda Proqrama uyğun olaraq dünyanın İKT sahəsində tanınmış Maykrosoft, "İntel", "Cisco Systems", HP şirkətləri ilə birgə layihələr üzrə səmərəli əməkdaşlıq davam edir, 20 minə yaxın müəllim və məktəb rəhbərləri treninqlərdən keçərək müvafiq bacarıqlara yiyələnmişdir. İndi ən mühüm məsələ şagirdlərin, eləcə də müəllimlərin kompüterlərdən səmərəli istifadə etməsinə nail olmaqdır.

Müasir dövrdə kütləvi İKT savadlılığının təmin olunması təhsil sistemi qarşısında duran ən vacib məsələlərdən biridir. Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər) məhz bu məqsədə xidmət edir. Məsələnin aktuallığı nəzərə alınaraq Proqramın səmərəli idarə edilməsi məqsədilə hökumətin qərarı ilə Təhsil Nazirliyində yeni idarə yaradılmışdır. Cari ildə 200 məktəbin genişzolaqlı sürətli İnternetlə təmin olunması, DATA mərkəzin, elektron tədris resursları bazasının, vahid təhsil portalının yaradılması və digər məsələlər nəzərdə tutulmuşdur.

Məlumdur ki, təhsilin keyfiyyəti onun məzmununun nə dərəcədə dəqiq, tələbata uyğun müəyyənləşdirilməsindən birbaşa asılıdır. Məzmun - bilavasitə təhsilin özü deməkdir. Əgər məzmun optimal müəyyən edilməzsə, təlim prosesinin səmərə və keyfiyyətindən, uğurlu nəticələrdən danışmağa dəyməz.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ümumi təhsilin məzmunu müəyyən olunarkən zəruri biliklərlə yanaşı, təhsilalanlarda həyati bacarıq və vərdişlərin formalaşmasına xüsusi diqqət yetirilməlidir. Son illərdə həyata keçirilən islahatyönümlü tədbirlərin böyük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlmişdir. Əsas məqsədimiz şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"indən "təfəkkür məktəbi"nə, "düşüncə məktəbi"nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir.

Fikrimizcə, şagirdə məhz o biliklər aşılanmalıdır ki, gələcək həyatında ona lazım olsun. Əgər verilən biliklərin təcrübi və tətbiqi əhəmiyyəti yoxdursa, onun səmərəsindən danışmağa dəyməz. Təlimin məzmunu təriflərin, düsturların, tarixi gün və hadisələrin əzbərlənməsinə deyil, şagirdlərdə müstəqil düşünmə, qərarqəbuletmə, təşəbbüskarlıq, yaradıcılıq və tədqiqatçılıq qabiliyyətinin, iradi keyfiyyətlərin formalaşmasına yönəlməlidir.

ölkəmizdə 2004-cü ildən başlayaraq yuxarıda qeyd olunan tələbləri özündə əks etdirən ümumi təhsilin konsepsiyası (Milli Kurrikulum) sənədi hazırlanmış və 2006-cı ildə hökumət tərəfindən təsdiq olunmuşdur. Bu konseptual sənəddə ümumi təhsil üzrə təlim nəticələri və məzmun standartları, ümumi təhsilin hər bir pilləsində tədris olunan fənlər, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər kompleks şəkildə öz əksini tapmışdır.

Bu sənədə əsasən yeni dərs ilindən fənnyönümlü, yaddaşa əsaslanan təhsil sistemindən şəxsiyyətyönümlü, nəticəyönümlü, tələbyönümlü təhsil sisteminə keçidə başlanacaqdır. ötən müddət ərzində I siniflərdə dərs deyəcək 9000-dək müəllim müvafiq təlim kursları və treninqlərdən keçmiş, təhsil tariximizdə ilk dəfə olaraq adıçəkilən sənəd əsasında şagirdlər üçün dərslik, müəllimlər üçün dərs vəsaiti, şagirdlər üçün iş dəftərindən ibarət dərslik komplekti hazırlanmış, yeni dərs ili başlanana qədər məktəblərə və müəllimlərə çatdırılacaqdır.

Son illərdə ən böyük uğurlarımızdan biri də dərslik sahəsində olmuşdur. 2003-2007-ci illərdə Azərbaycan və rus dillərində ümumilikdə 25 milyon nüsxə dərslik çap edilmişdir. Cari ildə isə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllim üçün vəsait artıq məktəblərə çatdırılmışdır. Bildiyiniz kimi, 2005-ci ildən etibarən ümumtəhsil məktəblərinin bütün şagirdləri dərsliklərlə pulsuz təmin olunurlar. Bu sahədə Azərbaycan MDB məkanında yeganə ölkədir.

Bunlarla yanaşı, Gürcüstandakı Azərbaycan məktəblərinə, Dağıstandakı azərbaycandilli məktəblərə, MDB ölkələrində, habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya, ABŞ-dakı təlim Azərbaycan dilində olan Bazar günü məktəblərinə də dərsliklər göndərilmişdir.

Uzun illərdən bəri problem kimi qalmış bir məsələ də artıq öz həllini tapmışdır. Belə ki, son iki ildə 19 adda 351.595 nüsxə xəritənin çap olunub məktəblərə çatdırılması təmin edilmiş, Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda 1.400.000 nüsxədə tədris-əyani vəsaitlər hazırlanaraq yeni dərs ili ərəfəsində məktəblərə verilmişdir. 

Dərslik təminatı ilə yanaşı, bu dövrdə məktəb kitabxanalarının latın qrafikası ilə 18 adda uşaq ensiklopediyaları, 50 adda Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə zənginləşdirilməsi şagirdlərin mütaliə imkanlarının, məlumat dairəsinin genişləndirilməsində mühüm rol oynamışdır.

2006-cı ildə Azərbaycan hökuməti ilə razılaşdırılaraq qəbul olunmuş "Dərslik siyasəti" sənədi özünün məzmunu və mahiyyəti ilə müasir yanaşmaları əks etdirməsi baxımından dərslik yaradıcılığı sahəsində islahatlara böyük təkan vermişdir. Bu sənədin tələblərinə müvafiq olaraq dərsliklərin hazırlanması proseduru dünya təcrübəsinə uyğunlaşdırılmış, indiyədək formal fəaliyyət göstərmiş elmi-metodik şuraların əvəzinə müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurası yaradılmışdır. Bu dərs ilində I siniflər üçün hazırlanmış dərslik komplektləri təhsil tariximizə məhz yeni dərslik siyasətinin ilk nümunələri kimi daxil olmuşdur.

ölkənin təhsil tarixində ilk dəfə olaraq dövlət səviyyəsində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi, qalib adını qazanmış 50 məktəbin, 100 müəllimin yüksək məbləğdə pul mükafatı ilə mükafatlandırılması cəmiyyətdə çox böyük və əlamətdar hadisə kimi qiymətləndirilmiş, məktəblər və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyətə istiqamətlənmiş yaradıcılıq və təşəbbüskarlıq meyillərini gücləndirməklə nəticə etibailə təhsilin keyfiyyətinin yüksəlməsinə müstəsna dərəcədə müsbət təsir göstərmişdir.

Hörmətli "dəyirmi masa" iştirakçıları!

Əgər 5 il əvvəlki dövrə nəzər salsaq, kənd yerlərində 7 min nəfərədək pedaqoji kadra ehtiyac yaranması ciddi narahatlıq doğururdusa, Azərbaycan Hökumətinin 2004-cü ilin noyabrında təsdiq etdiyi ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı çərçivəsində 2005-ci ildən indiyədək ucqar kənd məktəblərinə güzəştli şərtlərlə 4788 müəllim göndərilmişdir.

Bu gün cəmiyyətdə təhsillə bağlı daha çox müzakirəyə səbəb olan məsələ bilavasitə təhsilin keyfiyyəti ilə əlaqədardır. Problemə obyektiv yanaşsaq, təhsilin keyfiyyəti sahəsində arzuolunan nəticələr əldə olunmasa da, təhsil infrastrukturunun müasir standartlara uyğun yenidən qurulması, məzmun, qiymətləndirmə və müəllim hazırlığı üzrə islahatların aparılması, kadr təminatı istiqamətində təsirli tədbirlərin görülməsi, beynəlxalq təcrübənin öyrənilib tətbiq olunması nəticə etibarı ilə təhsilin keyfiyyətcə yüksəlməsinə səbəb olmuşdur.

Təhlil göstərir ki, son 5 ildə ümumi orta təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsində cari ildə ali məktəblərə qəbul imtahanlarında məzunların göstəriciləri ötən ilə nisbətən xeyli yüksəlmişdir. 2008-ci ildə 600-dən çox bal toplayanların sayı 2004-cü ilə nisbətən 2 dəfədən çox artaraq 766-dan 1582 nəfərə yüksəlmişdir. Cari ildə 6 nəfər şagirdimiz 700 bal toplamışdır. İmtahan iştirakçıları arasında 300-dən yuxarı bal toplayanlar 2004-cü ildəki 22,84 faizdən 2008-ci ildə 30 faizədək artmışdır. 2004-cü il ilə müqayisədə 2008-ci ilin qəbul kampaniyasında TQDK tərəfindən I, II və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak balının 200-dən 250-yə, III ixtisas qrupu üzrə isə 200-dən 300-ə qaldırıldığını nəzərə alsaq, orta məktəb məzunlarının qəbul imtahanlarında keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə artdığı qənaətinə gələ bilərik.

2006-cı ilin martında ölkə Prezidentinin sərəncamına müvafiq olaraq Bakı şəhərinin rayon təhsil şöbələrinin ləğv olunması və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan vahid idarəetmə orqanının - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasının nəticəsidir ki, şəhərin məktəblərinin keyfiyyət göstəriciləri xeyli yüksəlmişdir. 2008-ci ildə ali məktəblərə qəbul faizi 2006-cı ildəki 34,79 faizdən 39,22 faizə, 300-dən çox bal toplayanlar 32,40 faizdən 40,12 faizə, əlaçı məzunlardan 500-700 bal toplayanlar 41,70 faizdən 72,0 faizə, 600-dən yuxarı bal toplayanların sayı isə 432-dən 702-yə yüksəlmişdir.

Son illərdə dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında məktəblilərimizin 13 qızıl, 18 gümüş, 50 bürünc medal qazanması da ölkədə təhsilin keyfiyyət göstəricilərinin artmasını göstərir.

ümumi təhsilin dövlət və cəmiyyət qarşısında ən mühüm vəzifələrindən biri də ayrı-ayrı sahələr üzrə istedadlı, xüsusi qabiliyyəti ilə fərqlənən şagirdlərin vaxtında aşkara çıxarılması və onların davamlı inkişafı üçün lazımi şəraitin yaradılmasıdır. ölkə başçısının 2006-cı ildə təsdiq etdiyi "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" məhz bu sahəyə yönəlmişdir.

Proqramda istedadlı uşaqlar barədə məlumat bankının, İnternet portalının yaradılmasından, bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilib tətbiqindən tutmuş, yeni tipli təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, lisey və gimnaziyaların maddi-tədris bazasının möhkəmləndirilməsi və istedadın stimullaşdırılmasınadək bütün zəruri məsələlər öz əksini tapmışdır. Proqram çərçivəsində 14 ümumtəhsil məktəbində lisey sinifləri açılmış, 4 internat məktəb lisey və gimnaziyaya çevrilmiş, bir neçə mərhələli seçim aparılaraq ölkə üzrə "İstedad" bankı yaradılmış, müəllimlər üçün vəsaitlər hazırlanmış və nəşr edilmiş, ən istedadlı uşaqlar üçün Bakı şəhərində yay düşərgəsi təşkil edilmişdir.

Hörmətli "dəyirmi masa" iştirakçıları!

ölkəmizdə fəaliyyət göstərən 107 texniki peşə təhsili müəssisəsində 24.455 şagird təhsil alır. Hər il ölkəmizin ümumtəhsil məktəblərinin XI siniflərini təxminən 120 min şagird bitirir. Onlardan əsas təhsil bazası da daxil olmaqla cəmi 14 mini texniki peşə məktəblərinə qəbul olunur. Halbuki Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya kimi inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müxtəlif fəaliyyət sahələri üçün yeni texnologiyalara yiyələnən kadrların hazırlanması ölkənin dinamik inkişafında həlledici amillərdən biridir. Həmin ölkələrdə orta məktəb məzunlarının 40-60 faizi texniki peşə təhsili ilə əhatə olunursa, bizdə bu rəqəm cəmi 10-11 faiz təşkil edir.

Bu günün reallığı ondan ibarətdir ki, texniki peşə təhsili müəssisələrimizin bina şəraiti, maddi-tədris və texniki bazası müasir səviyyəli sənətkar kadrlarının hazırlanması baxımından beynəlxalq tələblərə cavab vermir. Texnoloji yeniliklərin ilbəil dəyişdiyi bir şəraitdə inkişaf etmiş ölkələrdə yüksək modifikasiyalı avadanlıq və vasitələr tətbiq olunduğu halda, bizim müəssisələrimizə müvafiq qurğu, dəzgah, texnika, alət və digər bu kimi vasitələrin sonuncu dəfə verilməsi ötən əsrin 70-ci illərinə təsadüf edir.

İlbəil inkişaf edən ölkə iqtisadiyyatının müasir texnologiyalara yiyələnmiş işçi qüvvəsinə tələbatı artsa da, indiki vəziyyətində peşə təhsili sistemi həmin vəzifənin öhdəsindən gəlmək iqtidarında deyildir. Bu problemi həll etmək üçün təsirli tədbirlərin görülməsinə ciddi ehtiyac var idi. Düşünürəm ki, ölkə Prezidenti tərəfindən 2007-ci ilin iyul ayında təsdiq edilmiş "Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın icrası bu vacib sahədə ciddi dönüş yaradılmasını təmin edəcəkdir.

Texniki peşə təhsili sistemində maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmənin və kadr hazırlığı işinin təkmilləşdirilməsi, peşə təhsilinin ictimai statusunun yüksəldilməsi və onun məzmununun müasir tələblər səviyyəsində yeniləşdirilməsi Proqramın başlıca istiqamətlərini təşkil edir.

Diqqətinizə onu da çatdırım ki, bu istiqamətdə artıq əhəmiyyətli addımlar atılmağa başlanmış, Proqram çərçivəsində Avropa Təhsil Fondu ilə İsmayıllı turizm və otelçilik üzrə peşə məktəbinin yenidən qurulması, Böyük Britaniya şirkəti ilə Bakı şəhərində avtomobil sənayesi üzrə ixtisaslaşmış peşə təhsili müəssisəsi bazasında təlim mərkəzinin yaradılması, Avstriya təşkilatı ilə Biləsuvar rayonunda kənd təsərrüfatı sahəsi üzrə peşə məktəbinin yaradılması, Cənubi Koreyanın "Daewoo" şirkəti ilə Bakı şəhərində müasir standartlara cavab verəcək ali texniki peşə təhsili kompleksinin inşası, YUNESKO ilə peşə təhsilinin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, dövlət vəsaiti hesabına cari ildə 8 peşə məktəbinin əsaslı təmiri başa çatdırılacaq. Qəbələdə turizm və otelçilik üzrə yeni peşə tədris mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Hörmətli "dəyirmi masa" iştirakçıları!

Hər bir ölkənin inkişafını təmin edə biləcək insan kapitalının formalaşmasında ali təhsil xüsusi əhəmiyyətə malikdir.

ölkəmizin 49 (35+14) ali təhsil müəssisəsində 130497 (108.238+22.259) tələbə təhsil alır. ümumiyyətlə respublikada çalışan 29980 elmi-pedaqoji kadrdan 1800-ü elmlər doktoru, 8725-i isə elmlər namizədidir. Elmlər doktorlarından 832 (46,2%), elmlər namizədlərindən isə 4248 (48,7%) nəfəri Təhsil Nazirliyi sistemində çalışır.

Son 5 ildə ölkədə aparılan genişmiqyaslı islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, ali təhsilin inkişafına da əlverişli şərait yaradılmış, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Tibb Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Memarlıq və İnşaat Universitetində, Texniki Universitetdə, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Rəssamlıq Akademiyasında, Naxçıvan Dövlət Universitetində, Gəncə Dövlət Universitetində mövcud binalar əsaslı təmir olunmuş, yeni tədris korpusları inşa edilmiş, ali məktəblərimizin müasir avadanlıqlarla təmini üzrə xeyli işlər görülmüşdür. Hazırda Azərbaycan Milli Konservatoriyası üçün yeni tədris korpusu inşa edilir.

Ali təhsil sahəsində ən mühüm hadisə  2005-ci ildə Azərbaycanın Boloniya prosesinə qoşulması olmuşdur. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiya proseslərini sürətləndirmək məqsədilə dövlət başçısının 31 yanvar 2008-ci il tarixli sərəncamına əsasən ali təhsil  sistemində islahatlar üzrə Dövlət Proqramının layihəsi və ali təhsilin bakalavr pilləsində ixtisasların yeni siyahısı hazırlanaraq hökumətə təqdim edilmişdir.

Ali təhsil sistemində bizi düşündürən ciddi problemlərdən biri də müəllim hazırlığı ilə bağlıdır. Bunu nəzərə alaraq nazirlik Təhsil İslahatı Layihəsi çərçivəsində "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası"nı hazırlamış, həmin sənəd hökumət tərəfindən təsdiq olunmuşdur.

Bununla yanaşı, gələcək müəllimlərin praktik hazırlığını, pedaqoji ünsiyyət və idarəetmə bacarığını təmin etmək məqsədilə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığında pedaqogika, psixologiya, metodikanın, ən başlıcası isə fəal-interaktiv təlim texnologiyası üzrə bacarıqların aşılanmasını özündə birləşdirən yeni təhsilin əsasları fənninin tədrisi nəzərdə tutulur.

Eyni zamanda layihə çərçivəsində ibtidai sinif müəllimi hazırlığını təmin edən məzmunca tamamilə yeni kurrikulum da hazırlanıb təsdiq edilmişdir. Həmin kurrikulumun 2008-2009-cu tədris ilindən 3 pilot ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti) tətbiqi nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd edilən sənədlərin öyrənilməsi məqsədilə ali məktəblərin professor-müəllim heyəti üçün treninqlər keçirilmişdir.

Hörmətli "dəyirmi masa" iştirakçıları!

Bir neçə kəlmə də beynəlxalq əlaqələr barədə. Hazırda dünyanın 50-dən çox ölkəsi ilə müxtəlif səviyyələrdə əlaqələrimiz mövcuddur.

ölkəmizdən kənarda ali təhsil alanların sayı ilbəil artaraq 3000 nəfərə çatmışdır və onlardan 900 nəfəri dövlət hesabına təhsil alanlardır.

Azərbaycanın ali məktəblərində isə 6000-dən çox əcnəbi təhsil alır ki, bu da 5 il əvvəlki rəqəmdən bir neçə dəfə çoxdur.

ölkə Prezidentinin təsdiq etdiyi 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramına əsasən bu il 100 nəfərdən çox azərbaycanlı gənc ABŞ, Rusiya, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, Hollandiya, İspaniya, Türkiyə və digər ölkələrin nüfuzlu universitetlərində ali təhsilin müxtəlif pillələrində təhsil almağa göndərilmişdir.

Hörmətli "dəyirmi masa" iştirakçıları!

Biz, təhsil işçiləri bu "dəyirmi masa"dan nə gözləyirik? Hesab edirəm ki, belə "dəyirmi masa"ları il ərzində bir neçə dəfə keçirmək daha yaxşı olardı. Bu görüşlər və müzakirələr bir tərəfdən ölkənin yaradıcı ziyalılarının millətin gələcəyi üçün çox vacib olan təhsil sistemi ilə yaxınlığına səbəb olacaq, mövcud problemlərin müəyyən olunması ilə nəticələnəcək, ölkənin tanınmış yaradıcı ziyalılarının, alimlərinin təhsil müəssisələri, təhsilalanlar və müəllimlərlə təmaslarına şərait yaradacaq, təhsilalanların və müəllimlərin isə milli mədəniyyət abidələrimiz olan muzeylərə, teatrlara və digər incəsənət ocaqlarına gedişinə və orada baş verən hadisələrlə yaxından tanışlığına stimul olacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.