· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

"British Council" ölkəmizdə bir sıra layihələr həyata keçirib

İyunun 18-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın "British Council" təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb.

Qonağı səmimi salamladıqdan sonra Misir Mərdanov "British Council" təşkilatı ilə Təhsil Nazirliyi arasındakı sıx əməkdaşlıqdan söz açıb. Nazir bildirib ki, bu təşkilat ölkəmizdə ingilis dili müəllimlərinin təkmilləşdirilməsi, bu dili öyrənənlərə yardım göstərilməsi və digər mühüm layihələr istiqamətində əhəmiyyətli işlər həyata keçirib. Nazir həmçinin təşkilatın ölkəmizdəki 15 illik fəaliyyyəti dövründə təhsil sahəsinə göstərdiyi dəstəkdən razılığını ifadə edib və aparılan işi daha səmərəli şəkildə davam etdirməyin labüdlüyünü vurğulayıb.

Yeni dərs ilindən ölkəmizin 7 orta məktəbində pilot layihə reallaşdırılmasının nəzərdə tutulduğunu açıqlayan nazir bu layihənin məqsədindən danışaraq bildirib ki, həmin məktəblər üçün xüsusi tədris planı təsdiq ediləcək, ingilis dilinin tədrisinə ayrılan vaxt artırılacaq və burada müvafiq fənni tədris edən müəllimlər treninqlərə cəlb olunacaqlar. Nazir, layihə uğurlu olduğu təqdirdə bu işin davamlı olacağını da diqqətə çatdırıb.

Misir Mərdanov ölkəmizin orta ümumtəhsil məktəblərində ingilis dilinin tədrisi vəziyyətindəki mövcud problemləri sadalayaraq qeyd edib ki, hazırda onların həlli istiqamətində məqsədyönlü iş aparılır.

Sonra nazir müvafiq layihəyə, eləcə də ingilis dili dərsliklərinin və dərs komplektlərinin hazırlanması işinə "British Council" təşkilatı tərəfindən dəstək verilməsinin məqsədəuyğunluğunu bildirib, qarşılıqlı səfərlərin təşkilinin aparılan işə yardım edəcəyini qeyd edib. Eyni zamanda nazir bu təşkilatın təbiət fənlərinin tədrisi üzrə yaxın günlərdə keçiriləcək seminarın əhəmiyyətindən də söz açıb, bu işi dəstəklədiyini açıqlayıb.

Xanım Nikol lə Os de Lalüvye səmimi qəbula və görülən işləri yüksək qiymətləndirdiyinə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib. Qonaq ölkəmizdə ingilis dilinin tədrisi və təkmilləşdirilməsi üzrə aparılan layihələrə lazımi kömək göstərməyə hazır olduqlarını qeyd edib.

Cari ilin payızında texniki peşə təhsili sahəsi ilə bağlı mütəxəssislərin Bakıya səfərinin nəzərdə tutulduğunu diqqətə çatdıran xanım Lalüvye peşə təhsili müəssisələrində görüşlər keçirməsinin əhəmiyyətindən danışıb.

Görüşdə azərbaycanlı gənclərin Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsil almalarına dair layihənin hazırlanması və təsdiqi, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi işinə yardım göstərilməsi, bu dilin tədrisi üzrə monitorinq keçirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

 

 

 

Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında saziş imzalandı

İyunun 16-da Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti arasında Azərbaycan tələbələrinin təhsili üzrə təqaüd proqramı ilə bağlı saziş imzalandı. Təhsil Nazirliyində bu münasibətlə keçirilən mərasimdə Azərbaycan tərəfindən təhsil naziri Misir Mərdanov, nazir müavini Elmar Qasımov, nazirliyin bir sıra şöbə və bölmələrinin rəhbərləri və əməkdaşları, Almaniya tərəfindən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) vitse-prezidenti Maks G. Huber, qurumun iki eksperti və Azərbaycan təmsilçiliyinin rəhbəri, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Kristofer Stankina iştirak edirdilər.

Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Azərbaycanda görmələrindən məmnun qaldığını bildirdi. Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti arasındakı mövcud əlaqələrdən danışan nazir hər iki tərəf üçün faydalı əməkdaşlığın son illər xeyli inkişaf etdiyini, azərbaycanlı tələbələr arasında Almaniya universitetlərində təhsil almağa marağın artdığını, hər il təxminən 60-70 nəfərin DAAD-ın təklif etdiyi müxtəlif təhsil proqramlarında iştirak etdiyini bildirdi. Azərbaycan Respublikasında gənclərin xaricdə təhsil almalarına dövlət səviyyəsində böyük  önəm verildiyini, bu məqsədlə ölkə Prezidentinin sərəncamı ilə 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramının təsdiq edildiyini deyən Misir Mərdanov imzalanan sazişin məhz həmin proqramın tərkib hissəsi olduğunu diqqətə çatdırdı. Nazir qeyd etdi ki, Azərbaycan Prezidenti azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsilin müxtəlif pillələri üzrə oxumalarında maraqlıdır. Bunu xaricdə təhsillə bağlı hökumətin təsdiq etdiyi siyahıda Almaniya universitetlərinin adının digər ölkələrin ali məktəblərinə nisbətən çox olmasından da görmək mümkündür.

Hazırda Azərbaycanda yüksək ixtisaslı həkimlərə, kənd təsərrüfatı mütəxəssislərinə, mühəndislərə böyük ehtiyac olduğunu vurğulayan Misir Mərdanov yaxın gələcəkdə ölkəmizin səhiyyə, kənd təsərrüfatı müəssisələrində işləyənlər arasında Almaniya universitetlərinin məzunları olacaq həmyerlilərimizi görmək istədiklərini bildirdi, bu sahələrdə Almaniya universitetləri ilə əlaqələri inkişaf etdirməyi zəruri saydı.

Təhsil naziri Almaniya tərəfinin təklif etdiyi hər iki istiqamətdə - həm humanitar, həm də texniki təhsildə əməkdaşlığa hazır olduqlarını, bu istiqamətlərdə aparılan işlərin şəffaflığı üçün Azərbaycan tərəfindən nə asılıdırsa, onu edəcəklərini də xarici qonaqların diqqətinə çatdırdı. çıxışının sonunda qonaqlara bir daha xoşgəldin deyən nazir ertəsi gündən işə başlayacaq ekspertlərə uğurlar arzuladı.

Cavab nitqində Alman Akademik Mübadilə Xidmətinin vitse-prezidenti cənab Maks G. Huber təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün  minnətdarlığını bildirdi. Belə bir müqaviləni imzalamaq üçün Azərbaycana gəlmələrindən çox şad olduqlarını deyən hörmətli qonaq  sazişin bayram günündə imzalanmasını xoş təsadüf və əlamətdar hadisə adlandırdı. M. G.Huber təmsil etdiyi təşkilatla Azərbaycan arasında 17 ilə yaxın dövr ərzində davam edən əlaqələri yüksək dəyərləndirdi.  İndiyədək sıx olan əməkdaşlığın gələcəkdə bu qaydada davam edəcəyinə inandığını söylədi. Qeyd olundu ki,  bu müddət ərzində DAAD 1000-dən artıq tələbəyə və alimə təhsil təqaüdü ayırıb.

İmzalanan sazişi Azərbaycan üçün böyük ərməğan adlandıran DAAD-ın vitse-prezidenti onun ölkələrimiz arasında əməkdaşlığın inkişafına yeni təkan verəcəyini söylədi. Qonaq dedi ki, Almaniya Kansleri bu yaxınlarda söylədiyi nitqində Almaniyanı federal ölkə kimi deyil, təhsil ölkəsi kimi təqdim edib. Doğrudan da, onun ölkəsində təhsilə böyük diqqət yetirilir və onlar Şərqi Avropa, Mərkəzi Asiya ölkələri, o cümlədən də Azərbaycanla bu sahədə əlaqələrin inkişafında maraqlıdırlar. Qonağın bildirdiyinə görə, elə sahələr var ki, onlar birlikdə işlənsə, daha səmərəli  nəticə əldə etmək olar. Maks G.Huber Azərbaycanın da, Almaniyanın da çoxlu sayda problemlərlə üzləşdikləri səhiyyəni, ekologiyanı, ətraf mühitin tədqiqatını və s. buna misal kimi göstərdi və bu sahələrdə əməkdaşlığı zəruri saydı.

Əməkdaşlığın inkişafında şəxsi münasibətlərin də böyük rol oynadığını deyən DAAD-ın vitse-prezidenti Almaniyaya təhsil almağa gedən azərbaycanlı gənclərlə maarifləndirmə istiqamətində iş aparılmasının, onların alman müəssisələrinin iş prinsipləri ilə tanış edilməsinin də vacib işlərdən olduğunu vurğuladı. Qonaq çıxışının sonunda təhsil sahəsində əməkdaşlığın inkişafı üçün görülən işlərə və səmimi qəbula görə bir daha təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib, özü ilə gətirdiyi xatirə hədiyyəsini - Bethovenin büstünü nazirə təqdim etdi, onun iki ölkə arasında əməkdaşlığa təravət gətirəcəyini söylədi.

Mərasimdə Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Per Kristofer Stankina da çıxış edib, Azərbaycan Prezidentinin sərəncamı ilə gənclərin xarici ölkələrin ali məktəblərinə təhsil almağa göndərilməsini ölkəmizdə ali təhsil sahəsində atılmış çox mühüm addım adlandırdı və bu addımın inkişafa təkan verəcəyini söylədi.  Cənab səfir imzalanan sazişi Almaniya tərəfi üçün faydasından danışaraq bildirdi ki, belə əlaqələr sayəsində gənclər bir-biri ilə görüşür, təmas qurur, gələcək üçün bir sıra birgə işlərin bünövrəsi qoyulur. Nə qədər çox azərbaycanlı gənc Almaniyada təhsil alsa, onlar bizim iş prinsiplərimizi daha yaxşı öyrənər ki, bu da onların gələcəkdə işlədikləri strukturları müasirləşdirməyə təkan verər.

Sonra Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti arasında Azərbaycan tələbələrinin təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişin imzalanma mərasimi oldu. Sazişi Azərbaycan Respublikasının təhsil naziri cənab Misir Mərdanov  və DAAD-ın vitse-prezidenti cənab Maks G. Huber imzaladılar.

İmzalanma mərasimindən sonra nazir və vitse-prezident jurnalistlərin onlara ünvanlanmış suallarını cavablandırdılar.

 

Yusif ƏLİYEV

 

 

 

Təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalandı

İyunun 19-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi keçirildi. Tədbirdə Amerika Birləşmiş Ştatları Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri, ABŞ-ın ölkəmizdəki səfiri Ənn Dersi və digər qonaqlar iştirak edirdilər.

 

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri və onunla gələn qonaqları Təhsil Nazirliyində qarşılamağından məmnunluq hissi keçirdiyini söylədi. Azərbaycanla Amerika arasında bütün sahələr üzrə çox geniş əlaqələrin olduğunu diqqətə çatdıran nazir, xüsusilə son illər təhsillə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyini dedi. Təhsil naziri qeyd etdi ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra hazırkı vaxta qədər 4 mindən çox azərbaycanlı gənc müxtəlif proqramlar üzrə Amerikada təhsilini başa vurub. Hazırda həmin iş uğurla davam etdirilməkdədir.

Nazir bu gün iki ölkə arasında imzalanacaq sənədin əhəmiyyətinə toxunaraq bildirdi ki, sazişə əsasən mövcud dostluq əlaqələrinin inkişafı, qarşılıqlı maraqlara əsaslanaraq təhsil sahəsindəki əməkdaşlığın davam etdirilməsi, azərbaycanlı gənclərin ABŞ universitetlərində təhsili, texniki peşə təhsili müəssisələri və kolleclər arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur. Həmin sənəddə həmçinin təbiət elmləri, mühəndislik, informasiya texnologiyaları, sosial, humanitar elmlər, incəsənət, kommunikasiya, biznesin idarə edilməsi, digər zəruri sahələr üzrə tələbə, alim və tədqiqatçıların daha geniş fikir mübadiləsi, Fulbrayt proqramının genişləndirilməsi də öz əksini tapıb.

Sənədin çox qısa bir vaxtda hazırlanmasını müsbət qiymətləndirən təhsil naziri bu işdə əməyi olanlara təşəkkürünü bildirdi.

Nazir ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" haqqında qonaqlara geniş məlumat verərək bildirdi ki, həmin proqram bir çox istedadlı, yüksək biliyə malik olan gənclərimizin xaricdə təhsil almalarına geniş imkan və şərait yaradır.

Bu gün bizim kifayət qədər gəncimiz dünyanın inkişaf etmiş ölkələrinin ən nüfuzlu universitetlərində uğurla təhsil alır və ya təhsillərini davam etdirirlər. Hazırda xaricdə təhsil almaq istəyənlərin sayı artmaqdadır. Nazir bunu təqdirəlayiq hesab edərək təhsil sahəsində imzalanacaq sazişin də belə məqsədyönlü tədbirlərin həyata keçirilməsində mühüm rol oynayacağına ümidvar olduğunu bildirdi.

çıxış üçün söz alan ABŞ Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri Azərbaycana gəlməsindən sevinc hissi keçirdiyini deyərək, hər iki dövlət üçün xüsusi əhəmiyyətə malik belə bir sazişi imzalamasının onun üçün böyük bir şərəf olduğunu dedi. Xanım Qoli Ameri təhsil sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasında ABŞ-ın Azərbaycandakı səfiri xanım Ənn Dersinin fəaliyyətini və digərlərinin çəkdiyi zəhməti yüksək dəyərləndirdi. O, Amerika ilə Azərbaycan arasında işgüzar əməkdaşlığın mövcudluğundan danışaraq, ölkəmizdə təhsillə bağlı həyata keçirilən müxtəlif proqramlardan söz açdı. Həmin proqramlar içərisində Fulbraytın adını xüsusi qeyd edən xanım Qoli Ameri onun üstünlüklərindən bəhs etdi.

Məlumat üçün bildirdi ki, adıçəkilən proqram 35 ildir həyata keçirilir və dünyanın 155 ölkəsində mövcuddur, ondan istifadə edənlərin sayı isə olduqca çoxdur. Bu haqda daha ətraflı danışan qonaq imzalanacaq sazişin bilavasitə dövlətlərimiz arasında olan təhsil əlaqələrinin genişlənməsinə və gələcəkdə uğurla inkişaf etməsinə öz töhfələrini verəcəyinə ümidvar olduğunu dedi.

Xanım Qoli Ameri onlara göstərilən səmimi münasibətə görə təhsil naziri Misir Mərdanova dərin təşəkkürünü bildirdi.

Sonra Azərbaycan Respublikasının Hökuməti adından təhsil naziri Misir Mərdanov, Amerika Birləşmiş Ştatlarının Hökuməti adından isə ABŞ Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri təhsil sahəsində əməkdaşlıq haqqında sazişi imzaladılar.

Saziş imzalandıqdan sonra təhsil naziri Misir Mərdanov və xanım Qoli Ameri tədbirdə iştirak edən KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırdılar.

 

Samirə KƏRİMOVA